Ağız boşluğunun absesi

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 4298

Ağız boşluğunun absesi nədir?Аğız boşluğunun absesi – irinin ağız boşluğu toxumalarında ocaqlı toplanması ilə xarakterizə olunan kəskin iltihabi xəstəlikdir.  Ümumi vəziyyətin pisləşməsi və bədən temperaturunun yüksəlməsi fonunda selikli qişanın məhdud bərkiməsi və şişkinliyi, toxunma zamanı ağrı müşahidə olunur. Ağız boşluğunun absesinin diaqnostikası həkim-stomatoloq tərəfindən toxumaların vəziyyətinin dəyərləndirilməsinə əsasən aparılır. Müalicə cərrahi müdaxilə (irinliyin yarılması) və iltihab əleyhinə dərman terapiyasının aparılmasından ibarətdir.

  • Ağız boşluğunun absesinin səbəbləri
  • Absesin təsnifatı
  • Ağız boşluğunun absesinin simptomları
  • Diaqnostika
  • Ağız boşluğunun absesinin müalicəsi
  • Proqnoz və profilaktika

Ağız boşluğunun absesi barədə ümumi məlumat

Ağız boşluğunun absesi diş əti, dil, damaq və ya yanaqların lokal irinli iltihabıdır. Patologiya cərrahi-stomotologiyada ən geniş yayılmış problemlərdən biridir; pasientin yaşından və cinsindən asılı olmayaraq təzahür edir. Xəstəlik, adətən, diş-çənə patologiyasının ağırlaşması nəticəsində yaranır, lakin onun inkişafı həmçinin selikli qişanın tamlığının pozulması və ya ümumi infeksion xəstəliklər zamanı mümkündür. Müalicə vaxtında və adekvat şəkildə aparılmadıqda ağız boşluğunun absesi xroniki formaya keçə, həmçinin fleqmona və sepsis kimi ciddi ağırlaşmalar törədə bilər. Buna görə də ağız boşluğunun absesi zamanı özünü müalicə ilə məşğul olmaq qadağandır. Fəsadların qarşısını almaq məqsədilə xəstəliyin ilkin əlamətləri müşahidə olunarkən dərhal mütəxəssisə müraciət olunmalıdır.

Ağız boşluğunun absesinin səbəbləri

Аğız boşluğunun absesi əsasən stomatoloji patologiyanın, məsələn, parodontit və ya gecikmiş parodontozun ağırlaşması kimi yaranır. Bu xəstəliklər diş-diş əti birləşməsinin dağılması və parodontal ciblərin əmələ gəlməsi ilə xarakterizə edilir,  həmin ciblərdə patogen mikroorqanizmlər intensiv şəkildə çoxalmaqla iltihabi prosesə səbəb olur.

Аğız boşluğunun absesi selikli qişanın tamlığının pozulması (məsələn, anesteziya edərkən şprisin ucluğu ilə zədələmə və ya mexaniki travmalar) zamanı infeksiyalaşma ilə əlaqədar formalaşa bilər. Patologiyanın provokasiya edici amillərinə üz nahiyəsində furunkullar, streptokokk və stafilokokk anginaları aiddir. Müəyyən olunmuşdur ki, ağız boşluğunun absesləri immuniteti zəiflədən qrip və ya digər ümumi  infeksion xəstəliklər fonunda yaranır.

Əksər hallarda ağız boşluğu absesi – nə 3-5 və daha artıq mikroorqanizm tərəfindən törədilən infeksiyalar səbəb olur. Daha çox rastlanan etioloji agent kimi stafilokokklar, streptokokklar və qram-mənfi anaerob mikroflora (Eikenella corrodens, Porphyromonas gingivalis, Enterobacteriaceae spp. və s.) çıxış edir.

Ağız boşluğunun absesinin təsnifatı

Lokalizasiyasından asılı olaraq ağız boşluğu abseslərinin bir neçə növü ayırd edilir:

  • Diş ətinin absesi müvafiq dişin yanında meydana çıxır. Bu, absesin nisbətən daha çox yayılmış formasıdır. Düzgün müalicə olunmadıqda diffuz iltihaba və ya xroniki formaya keçə bilər. Xroniki forma periodik fəsadlaşmalar, irinin əmələ gəlmiş fistuldan axması, ağız boşluğundan xoşagəlməz qoxu və orqanizmin intoksikasiyası ilə xarakterizə olunur.
  • Ağız boşluğu dibinin absesi dilin altında yerləşir; danışıq və qida qəbulu zamanı güclü ağrıya səbəb olur. Öz-özünə açılması zamanı irinin axması nəticəsində udlaq və boyun nahiyəsində ikincili iltihab ocağının yaranmasına səbəb olur.
  • Damaq absesi, adətən, üst çənə dişlərinin periodontitinin nəticəsidir. İnfeksiyanın damağın qonşu toxumalarına, peritonzilyar sahəyə yayılması, həmçinin damaq lövhəciyinin osteomielitinin inkişafı təhlükəsi var.
  • Yanaqların absesi zədələnmənin dərinliyindən asılı olaraq həm daxildə – selikli qişa tərəfdə, həm də yanağın xarici səthində lokalizasiya oluna bilər. Belə lokalizasiyalı abseslər üzün yaxınlıqda yerləşən toxumalarına yayılmasının mümkünlüyünə görə təhlükəlidir.
  • Dilin absesi dilin şişkinləşməsi, qida qəbulunun, danışığın və hətta tənəffüsün çətinləşməsi ilə xarakterizə olunur. Absesin bu növü ən təhlükəli hesab olunur; buna görə də ilk simptomlar inkişaf etdikdə xəstə dərhal hospitalizasiya olunmalıdır.

Ağız boşluğunun absesinin simptomları

Ağız boşluğunun absesi – nin inkişafı, bir qayda olaraq, sürətlə baş verir. Başlanğıc mərhələdə periodontit simptomlarını xatırladan (konkret bir diş nahiyəsində lokalizasiya olunan və dişləmə zamanı güclənən) ağrılar təzahür edə bilər. Bundan sonra patoloji prosesin inkişaf etdiyi nahiyədə palpasiyada bərk və ağrılı şişkinlik əmələ gəlir. O, xaricən diş ətində olan dairəvi, bir sıra hallarda qoz böyüklüyündə törəmədir.

Dil absesi sürətlə inkişaf edir – orqanda sürətlə artan, əhatəsini sürətlə genişləndirən ağrılar meydana çıxır; çeynəmə və udma proseslərində çətinləşmə, ağır hallarda isə boğulma əmələ gəlir. İltihabın ağız boşluğunun yumşaq toxumalarının selikli qişasında, həmçinin dəri səthinə yaxın (üz və ya çənəaltı) lokalizasiyası zamanı inspeksiyada infeksiya ocağı nahiyəsində hiperemiya və şişkinlik müşahidə oluna bilər. Bundan başqa, ağız boşluğunun istənilən absesi, bir qayda olaraq, ümumi səhhətin pisləşməsi, bədən temperaturunun yüksəlməsi, iştahanın və yuxunun pozulması fonunda gedir.

Patologiyanın proqressivləşməsi irinliyin yarılmasına gətirib çıxara bilər. İrinin xaric olması pasientə xeyli yüngülləşmə bəxş edir; belə ki, ağrılar zəifləyir, şişkinlik azalır, temperatur düşür, səhhət yaxşılaşır; lakin bu, rahatlığa əsas vermir. Təhlükə ondan ibarətdir ki, iltihabi proses davam edə, xroniki formaya keçə və yaxınlıqdakı toxumalara yayıla bilər. Ağız boşluğunun absesi çoxsaylı ağır nəticələrlə, məs., bir və ya bir neçə dişin itirilməsi, fleqmona və sepsisin inkişafı ilə sonlana bilər. Ağırlaşmalardan yayınmaq üçün düzgün müalicə təyin edən həkimə mümkün qədər tez müraciət etmək lazımdır.

Ağız boşluğunun absesinin diaqnostikası

Ağız boşluğunun absesi mütəxəssis tərəfindən stomatoloji müayinə zamanı selikli qişanın vizual dəyərləndirilməsinə əsasən diaqnostika olunur. Absesin öz-özünə açılmasını gözləmək və ya öz başına antibakterial preparatlar qəbul etmək yolverilməzdir. Həkimə müraciət edənə qədər simptomların yüngülləşməsi məqsədilə ağrıkəsici preparatlar istifadə etmək və ağız boşluğunu ilıq antiseptik məhlullarla yaxalamaq tövsiyə olunur.

Ağız boşluğunun absesinin müalicəsi

Ağız boşluğu absesi yalnız cərrahi yolla müalicə olunur. İnfeksiya ocağının aradan qaldırılması və iltihabi prosesin yayılmasının qarşısının alınması məqsədilə cərrah-stomatoloq tərəfindən irinliyin yarılması, ağız boşluğunun drenajı və antiseptiklərlə işlənməsi həyata keçirilir. Belə cərrahi müdaxilədən sonra yaranın ölçüsünün böyük olmaması səbəbindən tikişlərin qoyulması tələb olunmur. İrin ləğv olunduqdan sonra, bir qayda olaraq, pasientin səhhəti yaxşılaşır, ağrıları sönür, şişkinlik kiçilir, üzün normal cizgiləri bərpa olunur; lakin ağız boşluğunun absesi geniş yayılmış olarsa, tam sağalma bir qədər uzana bilər.

Postoperativ dövrdə antibiotiklər, antihistaminlər, immunstimulyatorlar və vitamin-mineral kompleksləri təyin olunur. Bir sıra hallarda sağalmanı sürətləndirmək məqsədilə fizioterapevtik prosedurlar, məs., fluktuorizasiya və ya UYT terapiya tətbiq olunur. Bundan başqa, cərrahi əməliyyatdan sonra sərt qidalardan qaçmaq və tamdəyərli qidalanmaq tövsiyə olunur.

Ağız boşluğunun absesinin proqnoz və profilaktikası

Ümumilikdə ağız boşluğu abseslərinin müalicəsinin uğuru vaxtında həkimə müraciət və pasientin orqanizminin ümumi vəziyyətindən asılıdır. Müalicə tədbirlərini mümkün qədər tez başlamaq çox vacibdir. Belə olan halda proqnoz, bir qayda olaraq, kafi olur. Cərrahi əməliyyat vaxtında aparıldıqda və ağırlaşmalar müşayiət olunmadıqda ağız boşluğu absesi 1-2 həftə ərzində tamamilə sağalır.

Absesin profilaktikası üçün gigiyena qaydalarına riayət etmək, selikli qişanın travmalarından qaçmaq, həmçinin parodontun xəstəlikləri olduqda onları vaxtında müalicə etmək mühümdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: