Aktinik dermatit

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4369

aktinik dermatit nədir?Aktinik dermatit — şüaların təsiri nəticəsində yaranan dəri iltihabıdır. Patologiyaya günəş şüaları, süni UB-şüalanma və ionlaşdırıcı radiasiya səbəb ola bilər. Dermatitin klinik mənzərəsi şüaların intensivliyi və təsir müddətindən asılıdır. Xroniki aktinik dermatit fermerlərdə, qaynaqçılarda, ərimə və tökmə sexlərinin işçilərində, rentgenoloqlarda inkişaf edə bilər. Aktinik dermatitin müalicəsi bərpaedici kremlər və yanıq dərmaları, profilaktikası isə infeksiyalara yoluxma və ağrı sindromu ilə mübarizədən ibarətdir. Dərinin böyük hissələrinin nekrotik dəyişiklikləri zamanı defektin plastik üsulla bağlanması tələb oluna bilər.

  • Aktinik dermatitin simptomları
  • Aktinik dermatitin müalicəsi

Аktinik dermatitin simptomları 

Kəskin aktinik dermatitin ilk əlamətlərinin təzahürü gizli dövrdən sonra meydana çıxır. Günəş dermatiti üçün bu dövr bir neçə saat, şüa (radiasion) üçün isə 1 gündən 2 ayadək zaman kəsiyini əhatə edir.

Günəş mənşəli kəskin aktinik dermatit dərinin qızarması, ödemi, yanma hissi, qaşınma və ağrı ilə xarakterizə olunur. Xəstəlik bəzən bədən temperaturunun yüksəlməsi, ürəkbulanma, zəiflik və ümumi intoksikasiya əlamətləri ilə gedir. Günəş dermatiti, bir qayda olaraq, dərinin geniş, lövhəcikli pilinqinə gətirib çıxarır. Ayrı-ayrı kliniki hallarda dəridə seroz qovuqlar yarana bilər; bu qovuqların açılmasından sonra yerində eroziya əmələ gəlir. Xroniki günəş dermatitində dərinin açıq nahiyələri bürünc rəngli, quru və qalınlaşmış olur, onun üzərində qırmızı ərp inkişaf edir.

Kəskin şüa dermatiti 3 mərhələyə ayrılır: qızarma, bulyoz və nekroz mərhələləri. Qızarma (eritematoz) mərhələsində dərinin zədələnmiş hissələri ödemli, qızarmış və ağrılı olur. Nöqtəvi qanamanın təzahürü dərin və bədxassəli patologiyadan xəbər verir. Şüa aktinik dermatitinin bulyoz mərhələsi ödemin güclənməsi, ağrıların artması və qalın örtüklü böyük (toyuq yumurtası böyüklüyünədək) qovuqların yaranması ilə xarakterizə olunur. Qovuqlar açıldıqdan sonra yerində sulanan eroziyalar qalır, onlar çapıqla sağalır. Nekroz mərhələsi bulyoz fonda və ya həmin fon olmadan inkişaf edir. O, pasientin ağır vəziyyəti, yüksək temperatur, yuxusuzluq, güclü ağrılarla müşayiət olunur. Dəridə bir neçə ay ərzində sağalan xoralar əmələ gəlir. Xoralar sağalanda çapıqlar formalaşır; istənilən səthi travma təkrari nekroza və trofik xoraların yaranmasına gətirib çıxarır.

İonlaşdırıcı şüalanma nəticəsində inkişaf etmiş xroniki aktinik dermatit dərinin atrofik prosesləri ilə müşayiət olunur. Dəri nazikləşir, elastikliyini itirir, quru və həssas olur, üzərində çatlar yaranır. Sonra güclənmiş buynuzlaşma (hiperkeratoz) və ziyilli törəmələr yaranmağa başlayır. Süni UB-şüalanma nəticəsində inkişaf etmiş dəri zədələnmələri günəş dermatitlərinə oxşayır; lakin tez-tez intoksikasiyalar, keratit və konyunktivitlə müşayiət olunur.

Xroniki günəş dermatitində qırmızı ərp, xroniki radiasion dermatitdə hiperkeratoz nahiyələri və dərinin patoloji inkişafı dəri xərçənginin yaranmasına səbəb ola bilər.

Аktinik dermatitin müalicəsi 

Günəş və ya süni UB-şüalarının səbəb olduğu kəskin aktinik dermatitin müalicəsi soyuducu losionlar, bərpaedici kremlər və yanıq dərmanlarının tətbiqindən ibarətdir. Qovuqlar yarandıqda onların deşilməsi həyata keçirilir.

Radiasion aktinik dermatitin müalicəsinin ilk mərhələsində kortikosteroidlər, linetol, linol yerli olaraq təyin olunur. Qovuqlar əmələ gəldikdə onların mayesi çəkilir və təzyiqedici sarğı (bandaj) qoyulur. İrinləmə olduqda qovuq açılır, dezinfeksiyaedici məlhəm qoyulur; pasientə antibiotiklər təyin olunur. Nekroz mərhələsində müalicə infeksiyalara yoluxmanın profilaktikası, ağrıların dəf edilməsi, immunitetin gücləndirilməsi, bərpa prosesinin stimulyasiyasına yönəlir. Əgər nekrotik nahiyə məhduddursa, onun cərrahi eksiziyası (kəsilib kənarlaşdırılması) həyata keçirilir. Böyük, sağalmayan nekrotik ocaqlar zamanı plastik cərrahiyyə, həddən artıq ağır hallarda isə ətrafın amputasiyası tələb oluna bilər.

 

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: