Аllergik enteropatiya

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2539

allergik enteropatiya nədir?Аllergik enteropatiya – antigenlərin orqanizmə keçərək immun sistemin reaksiyasının yüksəlməsinə səbəb olması nəticəsində yaranan  nazik bağırsağın allergik xarakterli iltihabi xəstəliyidir. Xəstəlik erkən yaşlı uşaqlarda daha çox inkişaf edir. Allergik enteropatiya diareya, meteorizm (köp), bağırsaq kolikləri, requrqitasiya, çəkinin qeyri-kafi artımı ilə təzahür edir. Diaqnostika pediatr və allerqoloq-immunoloq həkimin kliniki inspeksiyası (baxış),  laborator analizlər, allerqoloji sınaqlar və bağırsağın müayinəsinə əsasən aparılır. Müalicə allergenlə kontaktın kəsilməsi, hipoallergen pəhriz və antihistaminlərin təyinindən ibarətdir.

  • Səbəbləri
  • Patogenez
  • Allergik enteropatiyanın simptomları
  • Diaqnostika
  • Allergik enteropatiyanın müalicəsi
  • Proqnoz və profilaktikası

Аllergik enteropatiya barədə ümumi məlumat

Allergik enteropatiya (qida allergiyasının qastrointestinal forması) – allergenlərin mədə-bağırsaq traktına düşməsi nəticəsində nazik bağırsağın selikli qişasının zədələnməsidir. Xəstəlik adətən erkən yaşlı uşaqlarda rastlanır; əlavə qidalanma və ana südü ilə qidalanmadan süni qidalanmaya keçdikdə inək südü, soya və digər məhsulların tərkibində olan zülallara qarşı həssaslığın artması ilə əlaqədardır.

Qida allergiyasının 3 yaşa qədər uşaqlar arasında yayılması təxminən 6-8%, 10-15 yaşlılarda isə 3-4%-dir. Bununla yanaşı, erkən yaşlı uşaqların 2-2,5%-də inək südü zülalına, 1-1,5%-də isə toyuq zülalına qarşı yüksək həssaslıq aşkar olunub. Bir qayda olaraq, allergik enteropatiyalı uşaqlarda digər orqan və sistemlərin (dəri, tənəffüs sistemi və s.) allergik zədələnmələri də qeyd olunur.

Аllergik enteropatiyanın səbəbləri

Hazırda mədə-bağırsaq traktına düşdükdə qida allergiyasının qastrointestinal formasını (allergik enteropatiya) törədə bilən 170-dən artıq məhsul növü məlumdur. Bu məhsulların allergik aktivliyi tərkibində olan heyvan və bitki zülalları, qlikoproteidlər, nadir hallarda polipeptidlərdən qaynaqlanır.

Bir yaşa qədər uşaqlarda allergik enteropatiya əksər hallarda inək südündəki zülallara qarşı yüksək həssaslıqla əlaqədardır. Belə ki, inək südündə ondan artıq antigen mövcuddur ki, bunlardan αS1-kazein və γ-kazein daha yüksək aktivliyə malikdir. Məktəb yaşlı uşaqlar və böyüklərdə bağırsağın zədələnməsi ilə müşayiət olunan allergik reaksiya toyuq, balıq və dəniz məhsullarının zülalları ilə qidalandıqda daha çox rastlanır. Bitki – buğda; çovdar; yulaf, qarabaşaq və düyü yarması, soya, həmçinin bəzi tərəvəzlər (kök, kərəviz, pomidor) və meyvələrin (banan, sitrus meyvələri) liflərinin orqanizmdə immun reaksiya yaratması da tez-tez müşahidə olunur.

Uşaq və böyüklərdə qida allergiyasının inkişafında, şübhəsiz ki, irsi meyilliyin də rolu var. Bunu qohumlarda allergik xəstəliklərin olması, pasientdə dəri, bronxopulmonal zədələnmələrlə müşayiət olunan ümumi allergik əlamətlərin rastlanması və qida məhsullarından başqa həm də bitki tozlarına, ev tozlarına, dərmanlara və digər allergenlərə qarşı yüksək həssaslığın olması təsdiq edir.

Allergik enteropatiyanın inkişafında mədə-bağırsaq traktının baryer funksiyasının zəifləməsi (fermentativ çatışmazlıq səbəbindən), İgA-nın sintezinin pozulması da rol oynayır. Qida allergeninin mədə-bağırsaq traktına düşməsi nəticəsində yaranan allergik reaksiya İgE ilə əlaqəli ola, İgE ilə əlaqəli olmaya, immunokompleks və hüceyrə ilə əlaqəli ola bilər. Bağırsağın allergik zədələnməsi İgE ilə əlaqəli olmayan (proktokolitdə) və hüceyrə ilə əlaqəli (allergik enteropatiyada) reaksiyalar üçün xarakterikdir.

Аllergik enteropatiyanın simptomları

Allergik enteropatiya həzm traktının yerli zədələnmələri (qusma, bağırsaq kolikləri, diareya) və bağırsaqdan kənar müxtəlif allergik əlamətlərlə (atopik dermatit, ekzema, bronxial astma) özünü  büruzə verir. Bu və ya digər kliniki simptomların təzahür dərəcəsi pasientin yaşından asılı olaraq müxtəlif olur.

Erkən yaşlı uşaqlarda bağırsağın allergik zədələnmələri qarında bağırsaq koliki tipli, tutmaşəkilli ağrılar, requrqitasiya və qusma, köp, sutkada 5-6 dəfə, mayeşəkilli stul (nəcis) ilə özünü büruzə verir.  Bəzən nəcisin rənginin dəyişməsi ilə müşayiət olunan bağırsaq qanaxmaları baş verə bilər.  Uşağın ümumi vəziyyəti pisləşir: narahatlıq, ümumi zəiflik, dərinin solğunluğu, yuxu və iştaha pozulması, hipotrofiya inkişaf edir. Bir çox hallarda bu yaş dövründə olan uşaqlarda allergik enteropatiya atopik dermatit tipli dəri zədələnməsi (quru, zədələnmiş dəri; polimorf səpkilər) ilə müşayiət olunur.

Allergenlərin qida rasionundan vaxtında çıxarılması 2-3 gün sonra simptomatikanın bitməsinə gətirib çıxarır. Əgər mədə-bağırsaq traktının allergik zədələnməsi inək südünün tərkibində olan kazeinə qarşı yüksək həssaslıqla əlaqəlidirsə, enteropatiya əlamətləri müntəzəm süd məhsulları ilə qidalanmağa baxmayaraq, adətən, 2-3 yaşında tamamilə itir.

Məktəb yaşlı uşaqlar, yeniyetmələr və böyüklərdə xəstəliyin mənzərəsi silinmiş olur və adətən, göbək nahiyəsində küt ağrılar, meteorizm, qeyri-stabil stul (qəbizlik və ya ishal), iştahanın azalması, ürəkbulanma ilə xarakterizə olunur. Bağırsaqdan kənar allergiyaya az rastlanır.  Bu yaş dövründə allergik enteropatiyaya səbəb olan allergenlərə yalnız qida məhsulları deyil, həm də dərman maddələri, bitki tozcuqları, məişət tozları və s də aid edilə bilər.

Аllergik enteropatiyanın diaqnostikası

Allergik enteropatiyanın təzahürü spesifik deyil və müxtəlif etiologiyalı (viral və bakterial təbiətli infeksion agentlər, helmintlər, ibtidailər, alimentar faktorlar, kimyəvi maddələrlə zəhərlənmə, yeyilməyən və zəhərli qidalar) qastroenterit və enterokolitlərdə də müşahidə olunur. Düzgün diaqnoz qoymaq üçün qastroenteroloq və allerqoloq-immunoloq həkim tərəfindən detallı allergik anamnez götürülməli, kliniki inspeksiya (baxış) aparılmalı (qastroenteroloq, allerqoloq-immunoloq konsultasiyası), mühüm laborator və instrumental müayinələr həyata keçirilməlidir.

Allerqoloji anamnezin analizi irsi meyilliyin olmasını (qohumlarda allergik xəstəlik) müəyyənləşdirməyə imkan verir. Bir qayda olaraq,  xəstə uşaqda əvvəllər və ya inspeksiya zamanı dəri və respirator allergik simptomlar müşahidə olunur. Allergik enteropatiyanın kliniki əlamətlərinin (qarında ağrılar, qusma, diareya) təzahürü qida allergenlərinin (inək südü, yumurta, balıq, yer fındığı və s.) orqanizmə daxil olması ilə əlaqəlidir. Törədici məhsul qida rasionundan çıxarıldıqdan sonra pasientin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.

Laborator diaqnostikada qanın ümumi analizində eozinofiliya (eozinofillərin miqdarının artması) aşkar olunur. Nəcisin analizi (koproqramma) nəcisdə eritrosit, eozinofil və neytrofillərin miqdarının çoxluğunu aşkarlamağa imkan verir.  Nazik bağırsağın selikli qişasından götürülmüş bioptatın histoloji müayinəsində iltihab əlamətləri (ödem və qanama), limfosit, tosqun və plazmatik hüceyrələrdən ibarət infiltirasiya təyin olunur. Bəzi kliniki hallarda xovların hissəvi atrofiyası aşkarlanır. Spesifik allerqoloji müayinələr zamanı ümumi İgE, həmçinin spesifik İgE və İgG-nin miqdarını müəyyənləşdirir, qida allergenləri ilə dəri allerqoprobları təyin edilir.

Allergik enteropatiya zamanı differensial diaqnostika ilk növbədə qlüten enteropatiyası ilə aparılır. Enteropatiyanın bu formasında allergik əlamətlər bağırsaqdan kənar təzahür edir, antiqliadin İgA-antiteli və transqlutaminazaya qarşı antitellər təyin olunur.

Аllergik enteropatiyanın müalicəsi

Allergik enteropatiyanın müalicəsi allergenlərin orqanizmdən kənarlaşdırılması (eliminasiyası); hipoallergen pəhriz, antihistamin və iltihabəleyhinə preparatların, enterosorbentlərin, ferment və membran stabilizatorlarının təyinindən və xəstəliyin ayrı-ayrı əlamətlərinə qarşı simptomatik müalicədən ibarətdir.

Əgər xəstə uşaqdırsa və ana südü ilə qidalanırsa, anaya potensial qida allergenləri və individual dözümsüzlüyü olan qidalar kənarlaşdırılmış ciddi hipoallergen pəhriz tərtib olunur. Süni qidada olan uşaqlar üçün isə plazma və kazein zülallarının hidrolizatlı xüsusi müalicəvi süni qidalar, həmçinin keçi südündən hazırlanmış süni qidalar təyin olunur.  Allergik enteropatiyalı uşaqlara əlavə qidalanma həyatının 5-6 ayınadək təxirə salınır. Əlavə qida kimi hipoallergen sıyıqlar (qarabaşaq, düyü, qarğıdalı), tərkibində bir növ bitki olan tərəvəz püresi,  ət (dana, at, donuz, dovşan, hindquşu) istifadə olunur. Həyatın ilk ilində inək südü, kəsmik, balıq və yumurtadan tamamilə imtina olunur, yer fındığı 3 yaşına qədər rasiondan çıxarılır. Böyük yaşlı uşaqlar və böyüklər azı altı ay ərzində individual təyin olunmuş hipoallergen pəhrizə riayət edirlər.

Uşaqlar bir yaşa qədər antihistaminlərdən dimetinden (damcı forması), xloropiramin (tablet forması), setirizin (damcı forması), həmçinin ketotifen tövsiyə olunur. Bir yaşından etibarən loratadin, 6 yaşından etibarən feksofenadin hidroxlorid və ebastin istifadə etmək olar. Enterosorbentlər, bir qayda olaraq, fəsadlaşmalar zamanı, 1-2 həftə ərzində qəbul olunur. Göstərişlərə əsasən fermentlər (pankreatin), bifido- və laktobakteriya tərkibli preparatlar, simptomatik preparatlar (qazqovucu, qusmaəleyhinə preparatlar) təyin olunur.

Allergik enteropatiyanın profilaktikası məqsədilə hamilə və laktasiyada olan qadınlarda hipoallergen pəhrizə riayət olunmalı, uşaqlar 4-6 ayına qədər ana südü ilə qidalanmalı, 4 ayından tez əlavə qidalanmaya keçirilməməli, böyük yaşlı uşaqlar və böyüklərdə qida rasionundan potensial allergenlər çıxarılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: