Allergik xəstəliklər

Allergik xəstəliklər

Allergik xəstəliklər – müəyyən yad maddələrə, yəni allergenlərə qarşı yüksək həssaslıq nəticəsində yaranaraq, immun sistemin reaksiyası (IgE sintezi) ilə  xarakterizə edilir. Allergiyanın baş verməsi üçün 3 şərt olmalıdır: yüksək spesifiklik (yalnız müəyyən qrup antigenlərə reaksiya), sensibilizasiya (bu allergenə hiperhəssaslıq) və allergenin orqanizmə təkrar təsiri.   

«Allergiya» sözü yunan dilindən tərcümədə «yad maddəyə cavab» mənasını daşıyır. Bu termini ilk dəfə 1906-cı ildə avstriyalı pediatr K. fon Pirke irəli sürmüşdür.

Uşaqlar və böyüklər arasında allergiyanın yayılması günbəgün artmaqdadır. Statistik məlumatlara əsasən Dünya əhalisinin 35%-də allergik xəstəliklər qeydə alınmışdır. Onlar arasında allergik rinit, bronxial astma, övrə, atopik dermatitə daha çox təsadüf olunur.  
Allergik xəstəliklərin növləri
Bu patologiyaların təsnifatında əsas meyar kimi onu törədən allergen götürülür. Həmin göstəriciyə əsasən allergiyalar qida, məişət, dərman, insekt (həşəratların dişləməsi) və infeksion formalara bölünür. Allergenlərin orqanizmə daxil olma yollarından asılı olaraq, onların aeroallergen, kontakt, peroral və inyeksion növləri vardır. Allergik reaksiyanın inkişaf etmə şəraitinə görə məişət, istehsalat və fəsillə bağlı allergiyalar ayırd edilir. Hansı orqanın daha çox zədələnməsinə nəzərən allergik xəstəliklər 4 qrupa ayrılır: allerqodermatozlar (atopik dermatit, ekzema, övrə və s.), bağırsaq allerqozları (allergik enterokolit), respirator (allergik rinit, bronxial astma), kəskin allergik reaksiyalar (Kvinke ödemi, anafilaktik şok).     
Allergik xəstəliklərin əlamətləri 
Patologiyanın simptomatikası ümumi patogenetik mexanizmə: qan və ya toxumalara bazofil və tosqun hüceyrələrin mediatorlarının ifraz olunmasına əsaslanır. Bu mediatorlar xarakterik reaksiyalar – ödem, hiperemiya, qaşınma, hipotoniya, tənəffüs çatışmazlığı törədir. Bununla belə allergiyanın konkret forması allergenin hansı orqan və ya toxumada hüceyrənin səthinə fiksasiya olunan IgE ilə kontakta girməsindən asılıdır.  Bu proses respirator traktda baş verdikdə allergik rinit və ya bronxial astma, gözün konyunktivasında – konyunktivit, dermanın üst qatlarında – övrə, dərialtı toxumada olduqda isə Kvinke ödemi yaranır. 

Bu xəstəliklər çox fərqli əlamətlərə malik olduqlarından allerqoloqlar çox zaman dermatoloq, pulmonoloq, otolarinqoloq, qastroenteroloq, oftalmoloq və digər mütəxəsisslərlə əməkdaşlıq edir.  
Allergik xəstəliklərin diaqnostika və müalicəsi 
Spesifik diaqnostika allerqoloji anamnezin toplanılması, xüsusi testlərin aparılması (sınaqlar və provakasion testlər), ümumi və xüsusi IgE-nin təyinindən ibarətdir.  Ehtiyac yarandıqda funksional müayinələr – pikfloumetriya, spirometriya icra olunur. Allergen aşkarlandıqdan sonra onun eliminasiyası üçün təcili tədbirlər görülməlidir. Başqa sözlə desək, allergiyanı törədən maddə ilə kontakt dayandırılmalıdır. Bu məqsədlə qida vərdişlərinin dəyişdirilməsi, yumşaq mebel və xalçaların evdən uzaqlaşdırılması, müəyyən dərman vasitələrinin qəbulunun kəsilməsi, peşə fəaliyyətinin dəyişdirilməsi və s. tələb oluna bilər.  

Allergiyanın müalicəsinin müasir prinsiplərinə orqanizmə allergenlərin tədricən artan dozalarda yeridilməsi ilə hiposensibilizasiya daxildir. Bu yolla 70-80% hallarda dayanıqlı remissiya əldə edilir.

Allergik xəstəliklərin qeyri-spesifik terapiyasında müxtəlif qrup preparatlardan: antihistamin, kortikosteroid, bronxolitik və s. istifadə edilir. Qeyri-medikamentoz müalicə üsullarından akapunktura, homeopatiya, fitoterapiya tətbiq edilir.  

Med-portal.az saytının «Allergik xəstəliklər» bölməsində immunoloji reaktivliyin ən geniş yayılmış pozğunluqları haqqında dolğun məlumatlar yerləşdirilmişdir. Onları oxuyun və xəstəliyinizə qarşı düzgün addım atın.