Andrologiya – kişilərdə reproduktiv sağlamlığın qorunması, eləcə də cinsiyyət sistemi xəstəliklərinin profilaktika, diaqnostika və müalicəsi ilə məşğul olur. Bu sahə urologiyanın bir hissəsini təşkil edir.
Son illərdə androloji xəstəliklər daha geniş yayılmışdır. Gündəlik stresslər, çirkli ekologiya, zərərli vərdişlər, qeyri-düzgün qidalanma və cinsi infeksiyaların çoxluğu androloji problemləri artıraraq, kişilərin sağlamlığına mənfi təsir göstərir. Statistik məlumatlara əsasən cütlüklərdə rast gəlinən sonsuzluq hallarının 50%-i kişilərlə əlaqəli olur.
Andrologiya tibbin bir çox sahələri – urologiya, endokrinologiya, venerologiya, seksopatologiya, psixoterapiya ilə sıx bağlıdır.
Əksər hallarda androloji xəstəliklərin əsası uşaqlıq dövründə qoyulur. Belə ki, oğlan uşaqlarının keçirdiyi epidemik parotit gələcəkdə ciddi fəsad törədərək, kişi sonsuzluğuna gətirib çıxarır. Bu səbəbdən andrologiya yenidoğulmuş dövrdən başlamış ahıl yaşa qədər bütün kişilərin sağlamlığını qorumağa çalışır.
Kişi cinsiyyət sistemi penis, xayalıq, xayalar və onların artımları, prostat vəzi, toxum ciyəsi və toxumçıxarıcı axacaqdan təşkil olunmuşdur. Bu orqanlar cinsi funksiyanın tənzimlənməsində: cinsi hormonların sintezi, spermanın yaranması və ifrazı, cinsi aktın həyata keçirilməsində iştirak edirlər.
Kişi cinsiyyət sisteminin xəstəlikləri
Bu qrupa cinsi orqanların inkişaf qüsurları (hermafroditizm, xayaların anomaliyaları, penisin əyriliyi), iltihabi xəstəliklər (balanopostit, uretrit, prostatit, orxit, epididimit), şiş xəstəlikləri (prostat vəzinin patologiyaları, xayanın xərçəngi), travmalar aiddir. Androloji xəstəliklər seksual disfunksiya, sidik ifrazının pozulmasına səbəb olur. Yüngül hallarda androgen defisiti, ağır vəziyyətlərdə isə kişi sonsuzluğu və cinsi həyatın mümkünsüzlüyü ilə nəticələnirlər.
Andrologiyanın fəaliyyət sahəsinə həm də kişilərdə seksual disfunksiyanın: impotensiya, erkən boşalma və zəifləmiş libidonun müalicəsi daxildir. Andrologiyanın nisbətən yeni istiqamətlərinə cinsiyyət orqanlarının kosmetik qüsurlarını aradan qaldıran plastik genital cərrahiyyə aiddir.
İntim həyatın uğursuzluğu hər bir kişi üçün ciddi problemə çevrilir. Belə hallar bir çox ailələrin dağılması, kişilərin kompleks qazanması ilə sonlanır.
Bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün hər 6 aydan bir kişilərin «2-ci ürəyi» sayılan prostat vəzini müayinə etmək və cinsi infeksiyalara görə analiz vermək tələb olunur. Çünki prostat vəzinin xəstəlikləri və cinsi infeksiyalar uzun müddət gizli gedişə malik olduğundan onları yalnız mütəmadi şəkildə diaqnostikadan keçməklə üzə çıxarmaq mümkündür.
Müasir dövrdə andrologiyanın imkanları genişdir. Hazırda bütün androloji problemlər müvəffəqiyyətlə korreksiya edilir. Bu da o deməkdir ki, hər bir kişi yaş dövrünə baxmadan aktiv və sağlam ola bilər.
Med-portal.az saytının «Androloji xəstəliklər» bölməsini oxumaqla, müxtəlif növ kişi problemləri haqqında geniş məlumat əldə edə bilərsiniz.