Aralığın cırılması

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 4601

aralığın cırılması necə olur?Aralığın cırılması – doğuş prosesində arxa bitişmənin, çanaq dibi əzələlərinin, uşaqlıq yolu və düz bağırsağın divarlarının, eləcə də anal sfinkterin zədələnməsi ilə xarakterizə olunan  patoloji vəziyyyətdir. Aralığın cırılma təklükəsi klinik olaraq, anal dəlik və uşaqlıq yolu arasında qabarma, ödem, solğunluqla əvəz olunan sianoz, dəri örtüklərinin patoloji parlaqlığı, çatları ilə təzahür edir. Aralığın cırılması zamanı toxumaların tamlığının pozulması aşkarlanır. Diaqnostika doğuş prosesində aralığa baxış və cift doğulduqdan sonra doğuş kanalının reviziyasına əsaslanır. Müalicə cərrahi yolla aparılır: yara işlənilir, zədələnmiş strukturların anatomik tamlığı bərpa olunur.

  • Aralığın cırılmasının səbəbləri və təsnifatı
  • Aralığın cırılmasının əlamətləri
  • Aralığın cırılmasının diaqnostikası və müalicəsi
  • Aralığın cırılmasının proqnoz və profilaktikası

Aralığın cırılması barədə ümumi məlumat

Aralığın cırılmasının səbəbləriAralığın cırılması dölün gəliş hissəsinin uşaqlıq yoluna və qonşu anatomik strukturlara yüksək təzyiqi nəticəsində baş verən travmatik zədələnmədir. Patologiya doğan qadınların 12-16%-də müşahidə olunduğuna görə doğuşun ən geniş yayılmış fəsadı sayılır. Təkrar doğan qadınlarla müqayisədə ilk dəfə doğanlarda aralığın cırılma riski 1.5-3 dəfə çox olur. Bundan əlavə risk qrupuna anamnezində aralığın travmatik zədələnmələri, uşaqlıq və uşaqlıq yolunun residivləşən xəstəlikləri olan qadınlar daxildir. Bu patologiyanın aktuallığı potensial ağırlaşmaların – septik xəstəliklər, qanaxma, anal sfinkterin tonusunun itməsi, uşaqlıq yolu və uşaqlığın sallanması, rektovaginal fistulanın formalaşması, tikişlərin irinləməsi və aralanmasının yüksək tezliyi ilə bağlıdır.

Aralığın cırılmasının səbəbləri və təsnifatı

Aralığın elastikliyi hətta ən qənaətbəxş gedişli doğuşlarda da müəyyən bir həddə malik olur. Dölün gəliş hissəsinin doğuş yollarından keçməsi zamanı yaranan əlavə təzyiq müəyyən şərtlər daxilində aralığın cırılmasına səbəb olur. Patoloji vəziyyətin provokasiyaedici amillərinə sürətli doğuş, iri döl, mamalıq maşalarının qoyulması, qadının anatomik dar çanağı (xüsusən infantil və yasti raxitik) aiddir. Risk amillərinə isə aralıq toxumalarının tonusunun azalması (35 yaşdan yuxarı ilk dəfə doğan qadınlara xas olur), bu nahiyənin əzələlərinin ifadəli inkişafı, anamnezdə tez-tez təkrarlanan vaginitkolpitin olması, doğuşdan sonrakı çapıqları misal göstərmək olar. Aralığın cırılması həmçinin həkim-ginekoloqun qeyri-rasional, aqressiv taktikası ilə əlaqədar baş verə bilər.

Etiologiya və inkişaf mexanizmindən asılı olaraq, aralığın cırılmasının 2 forması mövcuddur:

  • Belə cırılmalar dölün anatomo-fizioloji xüsusiyyətləri ilə doğan qadınların doğuş yolları arasındakı uyğunsuzluq fonunda yaranır.
  • Aralığın travmatik zədələnməsi. Əməliyyatlar və ya doğuşun qeyri-adekvat aparılma taktikası nəticəsində inkişaf edir.

Aralığın cırılmalarının 4 ağırlıq dərəcəsi ayırd edilir:

  • I dərəcə – dəri örtükləri, arxa bitişmənin cırılması. Bu zaman çanaq dibi əzələləri zədələnmir.
  • II dərəcə – dəri, əzələ, uşaqlıq yolunun divarlarının zədələnməsi. Anal sfinkterin tamlığı pozulmur.
  • III dərəcə –II dərəcənin yuxarıda qeyd olunan əlamətlərinə anal sfinkterin cırılması əlavə olunur.
  • IV dərəcə – aralığın III dərəcəli cırılmasının düz bağırsağın ön divarının zədələnməsi ilə müştərəkliyi.

Aralığın mərkəzi cırılması ayrıca qeyd olunur. Belə hallarda intakt arxa bitişmə ilə anus arasında qüsur formalaşır. Eləcə də regional əzələlərin dəri örtüklərinin tamlığının saxlanılması ilə müşayiət olunan cırılmaları mümkündür. Bu variantlara çox az rast gəlinir.

Aralığın cırılmasının əlamətləri

Aralığın cırılmasının əlamətləriDemək olar ki, bütün hallarda aralığın cırılmasından əvvəl onun yaranma riski – patoloji vəziyyət qeydə alınır, bu da perineotomiya və ya epiziotomiyanın aparılmasına göstəriş sayılır. Onun patogenezində regionar qan və limfa damarlarının venoz və limfatik durğunluğa, işemiyaya gətirib çıxaran kompessiyası başlıca rol oynayır. Aralığın cırılma təklükəsi klinik olaraq, anal dəlik və uşaqlıq yolu arasında qabarma, artan ödem, solğunluqla əvəz olunan sianozla təzahür edir. Bir qədər sonra dəri örtüklərində parlaqlıq yaranır, çatlar formalaşır və nəticədə aralıq nahiyəsində cırılmalar baş verir. Aralığın cırılması dölün gəliş hissəsinin təsirindən yumşaq toxumaların tamlığının pozulması ilə xarakterizə olunur. Ağırlıq dərəcəsindən asılı olaraq, dəri örtükləri, əzələlər, uşaqlıq yolu və düz bağırsağın divarları, anal sfinktor zədələnə bilər.

Aralığın cırılmasının əsas ağırlaşması regionar qan damarlarında qanaxma hesab olunur. Bir qayda olaraq, I və II dərəcəli patologiyalarda qanitirmə minimaldır. III və IV dərəcə zamanı, eləcə də venaların varikoz genişlənməsi fonunda massiv qanaxmalar yarana bilər. Doğuş yollarının tamlığının pozulduğu bütün hallarda bakterial ağırlaşmaların inkişaf riski qeydə alınır.

Aralığın cırılmasının diaqnostikası və müalicəsi

Diaqnozun qoyulması heç bir çətinlik törətmir. Diaqnostika doğuş prosesində yumşaq toxumaların qüsurunun vizual təyininə əsaslanır. Doğuş kanalına baxış uşaqlıq boşluğunun reviziyasından dərhal sonra həyata keçirilir. Doğuş ərəfəsində ehtimal olunan ağırlaşmaların qarşısının alınması üçün mama-ginekoloq tərəfindən aralığın cırılmasının  yaranma riski qiymətləndirilir. Bu məqsədlə anamnez toplanılır, vizual baxış aparılır, müayinələrin (USM və s.) nəticələri təhlil edilir.

Aralığın cırılmasının müalicəsi yaraların cərrahi işlənməsi və yumşaq toxumaların tamlığının bərpasının ümumi prinsiplərinə müvafiq şəkildə icra olunur. Ağrısızlaşdırmanın növü zədələnmənin ağırlıq dərəcəsinə əsasən təyin edilir. I və II dərəcəli cırılmalarda infiltrasion və ya işiorektal anesteziya, az hallarda anestetikin damar daxilinə yeridilməsindən istifadə olunur. III  və IV dərəcələr zamanı cərrahi müdaxilə ümumi anesteziya altında aparılır. Əməliyyatın mahiyyəti xromlaşdırılmış ketqut, ipək, vikril vasitəsilə bütün zədələnmiş strukturların qatlarla tikilməsindən ibarətdir.  Zədələnmələrin xarakterindən asılı olmayaraq, müdaxilə uşaqlıq boşluğu və uşaqlıq yolunun reviziyasından və (ehtiyac olduqda) onların tamlığının bərpasından sonra tətbiq edilir.

Cərrahi müdaxilədən sonra qoyulmuş tikişlərə gündəlik nəzarət olunur. Defekasiya və sidik ifrazından sonra aralığın antiseptiklə quru işlənməsi göstərişdir. İrinli ağırlaşmalar olmadıqda 4-6-cı günlərdə tikişlər sökülür. Əməliyyatdan sonra 15-20 gün ərzində zahıların oturaq vəziyyət alması məsləhət görülmür. Aralığın III və IV dərəcəlli cırılmalarında cərrahi müalicə yalnız təcrübəli mama-ginekoloq tərəfindən bir neçə assistentin iştirakı ilə icra olunur, bu da əməliyyatın texniki çətinliyi və ağırlaşmaların (uşaqlıq yolu və uşaqlığın enməsi və ya sallanması, hematoma, anal sfinkterin tonusunun itməsi və qeyri-iradi defekasiya, tikişlərin irinləməsi və aralanması) yaranma riskinin yüksək olması ilə əlaqədardır.

Aralığın cırılmasının proqnoz və profilaktikası

Düzgün aparılmış cərrahi müalicə fonunda aralığın cırılmalarınnı proqnozu qənaətbəxş olur. Tikişlərin sökülməsi və zədələnmiş toxumaların sağalmasından sonra bütün çanaq funksiyaları bərpa olunur. Növbəti hamiləliklər üçün heç bir əks-göstərişlər yaranmır.

Bu patologiyanın birbaşa profilaktikası doğuş prosesində cırılma riski müşahidə edildikdə cərrahi kəsiklərin: orta – perineotomiya və yaxud yan – epiziotomiyanın aparılmasına əsaslanır.  Bu addım onunla izah olunur ki, düz kəsilmiş kənarların sağalması cırılmişlara nisbətən daha yaxşı gedir. Epiziotomiya və perineotomiyanın müalicəsi aralığın cırılmasının müalicəsi ilə eynidir.

Hamiləlik dövründə və aralığın cırılma riskinin yaranmasından əvvəl aparılan profilkatik tədbirlərə Kegel gimnastikası, aralığın massajı, doğuş yollarının infeksion və bakterioloji xəstəliklərinin erkən müalicəsi, düzgün tənəffüs, doğuş zamanı boşalma və gərginləşmə dövrlərinin növbələşməsi, müntəzəm ginekoloji müayinələr aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: