Ayaq əyriliyi

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 16518

ayaq əyriliyinin korreksiyasıAyaq əyriliyi – sümüklərin «X»- və ya «O»-şəkilli deformasiyası və ya baldırın yumşaq toxumalarının qeyri-mütənasib paylanması nəticəsində ayaqların düzgün konturunun pozulması ilə xarakterizə olunur. Ayaq əyriliyi yalnız kosmetik qüsur hesab olunmur, bu patologiya bud və diz oynaqlarının bərabər şəkildə yüklənməsini pozaraq, osteoartroz və ya qonartrozun inkişafına gətirib çıxara bilər. Ayaqların əyilməsi əksər hallarda yastıpəncəliklə nəticələnir.

  • Ayaq əyriliyinin təsnifatı
  • Ayaq əyriliyinin səbəbləri
  • Ayaq əyriliyinin korreksiyası

Ayaq əyriliyi barədə ümumi məlumat

Qadınların 20%-dən çox hissəsi ayaqlarının formasından qeyri-məmnundur. Ayaq əyriliyi problemi qadınlarla yanaşı kişiləri də narahat edir. Düzgün ayaq forması üçün bud-çanaq oynağının başından çəkilən xəttin diz qapağının ortasından keçməklə I və II ayaq barmaqları arasında sona çatması xarakterikdir. Bu xətdən kənaraçıxmalar ətrafların normal biomexanikasını pozur. Ayaqların ideal forması aralıq, diz oynaqları və baldırın yuxarı 1/3 hissəsi, eləcə də topuq nahiyəsinin  daxili iyşəkilli konturları ilə səciyyələnir.

Ayaq əyriliyinin təsnifatı

Ayaq əyriliyi həqiqi və yalançı ola bilər.  Həqiqi ayaq əyriliyi qamış sümüyünün deformasiyası ilə bağlı aşağı ətrafların quruluş xüsusiyyəti sayılır, onun 2 variantı ayırd edilir: valqus  («X»-vari) və varus («О»-şəkilli).

Valqus əyriliyində ayaqlar «X» hərfini xatırladır. Baldırların xaricə doğru cüzi əyilməsi norma sayılır və kişilərdə 5 -7° , qadınlarda isə 10° təşkil edir. Ayaqların «X»-vari formasında əyriliyin xarici bucağı normadan artıq olur, diz oynaqlarının birləşdirilməsi zamanı topuqların həddindən artıq aralanması müşahidə edilir.

Varus əyriliyində ayaqlar «О» hərfinin konturlarını əmələ gətirir. Bu tip əyrilik topuqdan başlayaraq, aralığa qədər daxili konturun pozulması ilə özünü büruzə verir. Vaqus əyriliyinin 2 forması vardır: önə açılan bucaq və zirvə əyriliyinin arxaya yönəlməsi ilə rekurvasiya edən ayaqlar; arxaya açılan bucaq və zirvə əyriliyinin önə istiqamətlənməsi ilə kifozlaşan ayaqlar.

Ayaqların həqiqi əyriliyi yerimə funksiyası və pəncənin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Varus əyriliyi pəncənin valqus deformasiyası və ikincili yastıpəncəliyin inkişafına gətirib çıxarır. Ayaqların valqus əyriliyində yastipəncəliyə daha çox rast gəlinir.

Yalançı əyrilik sümük deformasiyası olmadan baldırın yumşaq toxumalarının qeyri-mütənasib paylanması nəticəsində formalaşır. Belə hallarda ayaqları cütləşdirib dayandıqda baldır nahiyəsində yumşaq toxumalar arasında məsafə izlənilir. Ayaqların yalançı əyriliyi sadəcə estetik qüsur sayılır və baldır əzələlərini məşq etdirməklə aradan qalxır. Ağır dərəcəli qüsurlarda yumşaq protezlərin implantasiyası məqsədəuyğundur.

Ayaq əyriliyinın səbəbləri

Ayaq əyriliyi anadangəlmə və ya qazanılmış olur. İkinci halda qüsur uşaqlıq dövründə ağır formalı raxit, sümüklərin iltihabi xəstəlikləri, maddələr mübadiləsinin pozğunluqları ilə əlaqədar formalaşır. Anadangəlmə ayaq əyriliyinin inkişafına irsi fon, dölün hipoksiyası və vaxtından əvvəl doğulması, hamilə qadının xəstəlikləri səbəb olur. Mineral və maddələr mübadiləsinin digər növlərinə təsir edən xəstəliklər dayaq-hərəkət aparatının sümük, qığırdaq və əzələ toxumalarının anadangəlmə deformasiyalarını daha da dərinləşdirərək, ayaqların əyilmə dərəcəsini artırır. Bu səbəbdən uşaqlar erkən dövrlərdən ortopedin nəzarəti altında olmalıdır.

Yeniyetmə dövründə qidada kalsium və D vitamini çatışmazlığı, təmiz hava və günəş şüalarının kifayət qədər qəbul edilməməsi, pəncənin qeyri-adekvat yüklənmələri baldır sümüklərinin əyilməsinə gətirib çıxarır.

Böyüklərdə ayaqların əyilməsinin ən çox rast gəlinən səbəblərinə travma, bud-çanaq və diz oynaqlarında patoloji proseslər aiddir.

Ayaq əyriliyinin korreksiyası

Baldırın əyriliyini yalnız idman hərəkətləri ilə bərpa etmək demək olar ki, mümkün deyil. Baldırların kontur plastikası bu nahiyənin əzələlərinin natamam inkişafı, deformasiya və asimmetriyası zamanı tətbiq edilir. Bu prosedurdan həm də baldırın ifadəli relyefini əldə etmək məqsədilə kulturistlər istifadə edir.

Ayaqların yalançı əyriliyi baldır əzələləri protezlərinin implantasiyası yolu ilə korreksiya olunur.  Müasir silikon implantatlar elastiklik və zədələnmələrə qarşı yüksək dözümlülüyə malikdir, lakin baldırların plastikasından sonra idman məşqlərinə müəyyən məhdudiyyətlər qoyulur. Silikon implantatlarla möhtəşəm estetik nəticə əldə olunur – arıq ayaqlar həcmlənir, əyri baldırlar isə düzgün kontura malik olur.

Ayaq əyriliyini kontur plastika və ya implantasiya ilə korreksiya etmək mümkün olmadıqda ortopedik əməliyyatlar icra edilir.

Cərrahi müalicə korreksiyaedici osteotomiya – sümüyün kəsilməsi və İlizarov üsulu ilə kompression-distraksion osteosintezlə həyata keçirilir. Bu üsulla əyriliyi korreksiya etməklə yanaşı həm də boyun uzanması, ətrafların disproporsionallığının aradan qalxmasına nail olunur.

Osteotomiya prosesində sümük pazvari kəsilir, sonra düzgün yerləşdirilir və sıxıcı və ya vintlərlə fiksə olunur. Varus və ya O-şəkilli əyrilik zamanı qamış sümüyü, valqus və ya X-vari əyrilikdə isə büd sümüyü yonulur. Diz oynağının stabilliyini artırmaq məqsədilə osteotomiya əksər hallarda rekonstruktiv xondroplastika ilə birgə aparılır. Osteotomiya İlizarov üsulu ilə stabil-funksional osteosintezlə tamamlanır. Ayaqların əyrilik dərəcəsindən asılı olaraq aparat 4-8 ay gəzdirilir.

Rekonstriktiv əməliyyatlar sümük toxuması və orqanizmin böyüməsi başa çatdıqdan sonra  (18 yaşdan sonra) aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: