Burun əyriliyi

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 5253

burun əyriliyinin korreksiyasıBurun əyriliyi – burnun bel və ya çəpər hissəsinin deformasiyası nəticəsində onun proporsiya və ya simmetriyasının pozulmasıdır. Burun çəpərinin deformasiyası xarici burnun formasının dəyişməsinə gətirib çıxarır, onun əyilməsi sərbəst burun tənəffüsünün pozulması, burun qanaxmaları, vazomotor rinit, baş ağrıları, xorultu ilə müşayiət oluna bilər. Anatomik və funksional pozğunluqların diaqnostik alqoritminə rinoskopiya, burun sümüklərinin rentgenoqrafiyası, otolarinqoloqun konsultasiyası daxildir. Burun əyriliyi cərrahi yolla – rinoseptoplastikanın müxtəlif növlərinin köməyilə korreksiya olunur.

  • Burun əyriliyinin variantları
  • Burun əyriliyinin korreksiyasına göstərişlər
  • Burun əyriliyinin cərrahi korreksiyası
  • Burun əyriliyinin cərrahi korreksiyasının fəsadlarının profilaktikası

Burun əyriliyi barədə ümumi məlumat

Burun əyriliyi nəsildən-nəsilə ötürülən irsi xüsusiyyət ola bilər. Lakin əksər hallarda bu estetik qüsur qazanılmış xarakter daşıyaraq, travma, uşaqlıqda keçirlən raxit, kəllə sümüklərinin qeyri-bərabər böyüməsi nəticəsində formalaşır. Burun formasının dəyişməsi adətən çəpər əyriliyi və ya burun donqarı səbəb olur.

Burnun anatomik strukturları arasında burun çəpəri deformasiyaya daha çox məruz qalır. O, sümük və qığırdaqdan təşkil olunmuşdur. Çəpərin sümük hissəsi xəlbir sümüyünün lövhəsi və xış sümüyündən ibarətdir. Xəlbir sümüyünün lövhəsi ön və yuxarı hissədə alın sümüyü və burun sümüklərinin daxili səthinə, arxa və aşağı hissədə isə xış sümüyünün yuxarı kənarına birləşir. Xış sümüyü ilə perpendikulyar lövhə arasında dördkünc qığırdaq yerləşir, onun yuxarı kənarı burun belinin ön hissəsini təşkil edir. Dördkünc qığırdağa hər iki tərəfdən burun qanadı qığırdaqlarının medial ayaqcıqları bitişir. Sümük hissədən fərqli olaraq, ön dəri-qığırdaq şöbəsi hərəkətlidir. Bu hissə mexaniki təsirlərdən asanlıqla deformasiyalaşır.

Burun çəpəri burun boşluğunu vertikal istiqamətdə 2 asimmetrik hissəyə bölür. Burun çəpəri əyildikdə boşluqların ölçü və konfiqurasiyası daha çox fərqlənir, burun tənəffüsü çətinləşir, baş ağrıları meydana çıxır. Bu fonda adətən otit, sinusit inkişaf edir, burun qanaxmaları baş verir.

Burun əyriliyinin variantları

Deformasiyalaşan toxumadan asılı olaraq, burun əyriliyinin 2 tipi ayırd edilir: sümük və qığırdaq. Burnun simmetriyası əksər hallarda bel və ya çəpər hissədə pozulur.

Burun çəpəri əyriliyinin bir neçə növü qeyd olunur: C-vari, S-şəkilli, burun çəpərinin üst çənənin sümük darağına nəzərən əyilməsi, eləcə də burun çəpəri ilə üst çənənin sümük darağının birgə əyilməsi. Burun əyriliyinin plastikasının aparılmasında bu sistemləşdirmə mühüm əhəmiyyət kəsb edir.

Burun əyriliyinin korreksiyasına göstərişlər 

Burun əyriliyinin korreksiyası estetik və müalicəvi səbəblərdən aparıla bilər. Estetik səbəblərdən cərraha nəinki ictimai insanlar (aktyor, siyasətçi və s.), həmçinin burun formasından narazı olan adi insanlar da müraciət edir.

Burun tənəffüsü çətinləşmiş, eləcə də vazomotor rinit, burun qanaxmaları, kəskin və xroniki sinusit, xorultudan əziyyət çəkən insanlarda burun əyriliyi tibbi göstərişlər üzrə korreksiya olunur.

Burun formasının bərpası (rinoplastika) adətən septoplastika (burun çəpərinin düzləndirilməsi) ilə birgə icra olunur, belə hallarda plastik cərrahla otolarinqoloqun əməkdaşlığı tələb olunur. Burun əyriliyi əməliyyatı xarici görünüşün yaxşılaşdırılması ilə bərabər, burun tənəffüsünün də bərpasına yönəldilməlidir.

Burun əyriliyinin cərrahi müalicəsi 18 yaşdan, yəni burun sümüklərinin böyümə və formalaşma proseslərinin sona çatmasından sonra aparılır. İfadəli pozğunluqlar və ağırlaşmaların olduğu təqdirdə cərrahi korreksiya erkən vaxtlarda icra oluna bilər.

Burun plastikası çoxlu miqdarda qanitirmə ilə müşayiət olunduğundan qadınlarda əməliyyat aybaşıdan 10-14 gün keçdikdən sonra yerinə yetirilməlidir. Burun boşluğunda iltihabi proseslərin (rinit, sinusit, haymorit) kəskinləşdiyi hallarda əvvəlcə onlar müalicə olunur, tam sağalmadan 2 həftə sonra burun plastikası həyata keçirilir.

Burun əyriliyinin cərrahi korreksiyası 

Burun çəpərinin əyriliyi septoplastika ilə aradan qaldırılır. Əməliyyat yerli (infiltrasion və ya applikasion) anesteziya, bəzən isə ümumi narkoz altında icra olunur.

Burun çəpərinin dəri hissəsində kəsik aparmaqla çəpərin hər iki tərəfində selikli qişa aralanır, burun çəpərinin deformasiyalaşan qığırdaq və sümük strukturları xaric edilir. Sonra yara sahəsinə tikiş qoyulur, qanaxmanı dayandırmaq üçün burun boşluğu 24-48 saat müddətinə tamponada edilir. Burnun xarici hissəsinə xüsusi sarğı qoyulur.

Tamponlar çıxarılana qədər burunla nəfəs almaq mümkün olmur. Əməliyyatdan sonra bir neçə gün ərzində duru və isti olmayan qidalar məsləhət görülür. Postoperasion dövrdə antibakterial və ağrıkəsici preparatlar təyin edilir. Tamponlar xaric edildikdən sonra burun boşluğu qan laxtalarından təmizlənilir və yağlanılır. Sərbəst burun tənəffüsü bir neçə həftəyə bərpa olur. Seproplastikadan 1-2 həftə sonra pasiyent iş fəaliyyətinə davam edə bilər, bir ay ərzində fiziki yüklənmələr qadağan olunur.

Burun əyriliyinin digər formalarında osteotomiya (yan sümüklərin yaxınlaşdırılması), rinoplastika (burun donqarının aradan qaldırılması) və s. üsullar aparıla bilər.

Burun əyriliyinin cərrahi korreksiyasının fəsadlarının profilaktikası  

Burun plastikası zamanı ağırlaşmaların sayı az olur. Nadir rast gəlinən erkən fəsadlara burun qanaxmaları, burnun selikli qişasının səhifələri arasında qanın toplanması ilə əlaqədar hematomaların yaranması aiddir. Bu tip ağırlaşmaların qarşısını almaq üçün burun boşluğu tamponada edilir və drenajlanır.

Çox az hallarda postoperasion dövrdə burun çəpərinin perforasiyası müşahidə edilir, bu proses burnun selikli qişasının iti alətlərlə zədələnməsi nəticəsində yaranır. Belə halların baş verməməsi üçün əməliyyat böyük ehtiyatla aparılmalı, alətləri burun boşluğuna yeridərkən onların vəziyyətinə nəzarət edilməlidir.

Burun plastikası bəzən burun çəpərinin absesi ilə ağırlaşa bilər. Absesləşməyə burun dəhlizində irinli qartmaqların quruması, irinli sinusitin inkişafı, burun boşluğunun səhifələri arasında qığırdaq hissəcikləri və qan laxtalarının yığılması səbəb ola bilər. İrinli ağırlaşmaların profilaktikası yara sahəsinin düzgün işlənməsindən, irinli ocaqların predoperasion sanasiyasından, postoperasion dövrdə antibiotikoterapiyadan ibarətdir.

Burun əyriliyinin cərrahi korreksiyasının uzaq fəsadlarına dördkünc qığırdağın hündür rezeksiyası və pasiyentin fərdi xüsusiyyətləri ilə əlaqədar xarici burnun deformasiyalaşması aiddir.

Bu tip əməliyyatların aparılması üzrə həkimlər kifayət qədər təcrübə qazandığından burun plastikasından sonra ağırlaşmaların inkişaf riski minimal olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: