Dar çanaq

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 5474

dar çanaq nədir?Dar çanaq – çanağın ən azı bir ölçüsünün norma ilə müqayisədə kiçilməsi (anatomik daralma) və ya dölün doğuş yollarının sümük əsasından keçməsini çətinləşdirən funksional daralma – çanaq və dölün ölçülərinin uyğunsuzluğu ilə xarakterizə olunur. Dar çanaq doğuşlarda çox zaman dölyanı mayenin vaxtından qabaq itirilməsinə, ciftin vaxtından əvvəl ayrılmasına, anomal doğuş fəaliyyətinə, qanaxmalara, ana və dölün doğuş travmalarına, doğuşdan sonrakı infeksiyalara səbəb olur. Dar çanağın diaqnozu xarici baxış, çanaq və dölün ölçülərinin təyini, vaginal müayinə, USM, rentgenopelviometriyanın köməyilə qoyulur. Dar çanağı olan qadınlarda doğuşun aparılmasının özünəməxsus xüsusiyyətləri vardır, əksər hallarda cərrahi taktikanın tətbiqi tələb olunur.

  • Dar çanağın formalaşma səbəbləri
  • Dar çanağın təsnifatı
  • Dar çanağın diaqnostikası
  • Dar çanağın qeydə alındığı qadınlarda hamiləlik və doğuş ağırlaşmaları
  • Dar çanağın qeydə alındığı qadınlarda doğuş taktikası
  • Dar çanağın və onunla bağlı ağırlaşmaların formalaşmasının profilaktikası

Dar çanaq barədə ümumi məlumat

Mamalıq və ginekologiyada anatomik və funksional (kliniki) dar çanaqlar ayırd edilir. Anatomik dar çanaq çanağın bütün və ya əsas ölçülərindən birinin (çıxıntılararası, burmalararası, qalça daraqlarının distal nöqtələri arasındakı məsafənin) 1,5-2sm və daha çox azalması ilə səciyyələnir. Funksional dar çanaq dedikdə ananın çanaq ölçülərinin dölün baş hissəsinə uyğun gəlməməsi nəzərdə tutulur, bu da doğuş prosesində ciddi maneələr törədir. Beləliklə anatomik ölçüləri normal olan çanaq funksional dar (hidrosefaliya zamanı, dölün ölçülərinin iri olduqda) və ya əksinə  anatomik dar çanaq funksional cəhətdən normal ola bilər (dölün hipotrofiyası, vaxtından əvvəl doğulduğu hallarda). Anatomik dar çanaq  qadınların 1,0—7,7%-də; funksional dar çanaq isə hamilələrin  0,6—1,7%-də aşkarlanır.

Dar çanağın formalaşma səbəbləri

Dar çanağın səbəbləriQadınlarda anatomik dar çanaq müxtəlif səbəblərdən formalaşa bilər. Uşaqlıq dövründə buna anadangəlmə anomaliyalar, USİ (uşaq serebral iflici), pis qidalanma, raxit, poliomielitlə xəstələnmə halları gətirib çıxara bilər. Kişi (android) tipli çanağa virilizasiya əlamətləri ilə xarakterizə olunan adrenogenital sindromda  (böyrəküstü vəzilərin anadangəlmə hiperplaziyası) rast gəlinir. Osteomalyasiya, sümüklərin vərəmi və şişləri, çanaq sümüklərinin vərəmi, onurğa sütununun əyilməsi (skolioz, kifoz, büzdümün sınıqları), spondilolistez, bud-çanaq oynağının çıxığı çanağın deformasiyalaşmasına səbəb ola bilər.

Pubertat dövrdə estrogen və androgenlərin sekresiyası çanağın formalaşmasına mühüm təsir göstərir. Estrogenlər çanağın köndələn ölçüsünün çoxalmasına və onun sümükləşməsinə, androgenlər isə çanağın və skeletin uzunluğunun artmasına səbəb olur. Bununla əlaqədar cinsi yetişmə dövründə estrogen və androgenlərin nisbətini pozan istənilən hormonal dəyişikliklər (hipoestrogeniya, hiperandrogeniya) yeniyetmə qızlarda dar çanağın formalaşması ilə nəticələnə bilər.

Dar çanağın yaranması bədənin uzunluğunun sürətlə, köndələn ölçülərin isə zəif artmasına gətirib çıxaran yeniyetmə akselerasiyası ilə sıx bağlıdır. Qızlarda sümük skeletinin inkişafına psixoemosional yüklənmələr, stresslər, intensiv idman məşqləri, hormonların qəbulu təsir göstərir.

Dar çanağın təsnifatı

Ginekologiyada dar çanağın daralma dərəcəsi və forma üzrə təsnifatı mühüm əhəmiyyət kəsb edir. Həqiqi konyuqatanın ölçüsünə əsasən çanağın daralmasının 4 dərəcəsi ayırd edilir. I dərəcəli dar çanaq həqiqi konyuqatanın ölçülərinin  11- 9 sm; II dərəcə–8,9-7,5sm; III dərəcə –7,4 -6,5sm; IV dərəcə —6 sm-dən az olması ilə xarakterizə edilir.  Hazırda mamalıqda daha çox dar çanağın «silinmiş» formaları – I-II dərəcəli daralmalar qeydə alınır.

Anatomik dar çanağın ən çox rast gəlinən formalarına köndələn daralmış (45,2%), yastı (sadə – 13,6%, yastı raxitik – 6,5% və kiçik çanaq boşluğunun enli hissəsinin kiçilməsi nəticəsində daralmış – 21,8%), ümumi bərabər şəkildə daralmış (8,5%) çanaqlar aiddir. Dar çanağın nadir (4,4% qadınlarda) rast gəlinən formalarına osteomalyatik, qıfabənzər, çəp daralmış və çəp yerdəyişmiş çanaqlar, eləcə də ekzostozlar, sümük şişləri, sümüklərin yerdəyişməsi ilə gedən sınıqlar hesabına daralan formalar aiddir.

Kliniki ginekologiyada həmçinin rentgenopelviometriyanın nəticələrinə əsaslanan morforentgenoloji təsnifatdan istifadə olunur: ginekoid (normal qadın), android, antropoid, platipelloid formalar və çanağın qarışıq formalarının müxtəlif variantları. Ölçülərinə görə dar çanaqlar kiçik, orta və iri formalara bölünür.

Dar çanağın diaqnostikası

Dar çanağın diaqnostikasıDar çanağın diaqnostikasında hamilənin anamnezinə: uşaqlıq və pubertat dövründə inkişaf xüsusiyyətləri, keçirilmiş xəstəliklər və travmalara diqqət yetirilir. Dar çanağın diaqnozu xarici baxış, çanaq və dölün ölçülərinin təyini, ginekoloji müayinə, USM, rentgenopelviometriyanın nəticələrinə əsasən qoyulur.

Qadınlarda dar çanaqdan şübhələnməyə əsas verən dolayı əlamətlərə boyun 160sm-dən kiçik olması, əl və ayaq barmaqlarının qısalığı (ayaqqabının ölçüsü <36 (23); əlin uzunluğunun <16 см, I və III əl barmaqlarının 6 və 8 sm-dən kiçik olması), axsaqlıq, yerişin dəyişməsi, onurğa sütunu və ətrafların deformasiyası, hipertrixoz, aybaşı siklinin pozulması və s. aiddir. Xarici baxış zamanı dar çanaqlı ilk dəfə doğan qadınlarda  qarın adətən itiuclu formaya malik olur, təkrar doğan qadınlarda isə qarnın sallanması müşahidə edilir.

Pelviometriya vasitəsilə çanağın daralma dərəcəsini qiymətləndrilir. Bu zaman aşağıdakı ölçülər təyin edilməlidir:

  1. Köndələn parametrlər:
  • distantia spinarum (norma – 25-26 sm)
  • distantia cristarum (norma – 28-29 sm)
  • distantia trochanterica (norma 30-31 sm)
  1. Düz ölçü – conjugata externa (norma – 20-21 sm)
  2. Mixaelisin bel-oma rombunun ölçüləri (vertikal diaqonal – 11sm, horizontal – 10-11 sm)
  3. Qasıq bitişməsinin ölçüləri (norma 4 sm)

Eləcə də əlavə ölçülər – yan konyuqata, çanağın həcmi (dairəsi), çanağın əyilmə bucağı təyin edilə bilər. Əldə olunmuş ölçülərin köməyilə həqiqi konyuqata – dar çanağın olması barədə mülahizələrin əsas kriteriyası sayılan kiçik çanaq girəcəyinin düz ölçüsü hesablanılır.

Rentgenopelviometriya kiçik çanağın həqiqi ölçülərini 2 mm kənaraçıxmalarla dəqiqliklə müəyyən edir. USM vasitəsilə döl və çanaq ölçülərinin müvafiqliyi, dölün təxmini çəkisi aydınlaşdırılır. Vaginal müayinə yolu ilə çanağın həcmi dəqiqləşdirilir, deformasiyalar (ekzostok, şişlər) istisna edilir, diaqonal konquqatanın ölçüsü təyin olunur.

Dar çanağın qeydə alındığı qadınlarda hamiləlik və doğuş ağırlaşmaları

Dar çanaqlı qadınlarda hamiləliyin gedişi ağırlaşmamış ola və ya erkən düşük riski, hestoz və fetoplasentar çatışmazlığın inkişafı ilə müşayiət edilə bilər. Dölün başının orta ölçüləri, onun normal konfiqurasiya qabiliyyəti, aktiv doğuş fəaliyyətinin izlənildiyi hallarda dar çanaq doğuşun gedişini pozmaya bilər. Lakin dar çanaq fonunda gedən doğuşlar xarakterik ağırlaşmalarla səciyyələrnir.

Əksrə qadınlarda dar çanaq dölyanı mayenin vaxtından əvvəl və ya erkən axması ilə müşayiət olunur. Döl kisəsinin erkən deşilməsi və suyun axması çox zaman dölün ətraflarıın və göbək ciyəsi ilgəklərinin düşməsinə səbəb olur. Uşağın düşmüş  ayaq və ya əl hissəsi dölün qovulması üçün əlavə maneə yaradaraq, ana və yenidoğulmuşun doğuş travması riskini yüksəldir. Dölün baş hissəsinin göbək ciyəsinin düşmüş ilgəyini sıxması dölün kəskin hipoksiyası və ölümü ilə nəticələnə bilər.

Dar çanaq dölün anomal vəziyyəti (çəp, köndələn) və gəlişinə (çanaq, alın və ya üz) səbəb olur. Dar çanağı olan qadınlarda ciftin vaxtından əvvəl ayrılması, doğuş fəaliyyətinin zəifliyi və ya diskoordinasiyası, lənggedişli doğuşların ehtimalı yüksək olur. Uzunmüddətli doğuşlar və susuz dövr doğuşdan sonrakı endometrit, metrotromboflebit riskini artırır.

Dar çanaqlı hamilələrdə dölün başının uzun müddət bir müstəvidə dayanması kiçik çanaq orqanlarının sıxılması ilə əlaqədar toxumaların nekrozuna və uşaqlıq yolu fistulalarının yaranmasına gətirib çlxarır. Həddindən artıq güclü doğuş fəaliyyəti aralıq, vulva, uşaqlıq yolu, uşaqlığın yüksək cırılma ehtimalı ilə müşayiət olunur. Doğuşların biomexanizminin pozulması əksər hallarda doğuşdan sonra qanaxmalara  və uşaqlığın pis yığılması, loxiyaların ləngiməsi nəticəsində loxiometranın inkişafına səbəb olur.

Doğan qadında dar çanağın olması hər zaman  döl üçün təhlükə daşıyır: uşaq hipoksiya və ya asfiksiya vəziyyətində, beyin qan dövranının pozulması, kəllə beyin-spinal travmalarla doğula bilər, bu da gələcəkdə nevroloq və neyrocərrah müşahidəsini, reanimasion, müalicəvi tədbirlər və uzunmüddəli reabilitasiyanın aparılmasını tələb edir.

Dar çanağın qeydə alındığı qadınlarda doğuş taktikası

Dar çanaq fonunda hestasiya orta hesabla 39 həftə davam edir. Adətən qadın doğum şöbəsinə doğuşdan 2 həftə qabaq hospitalizasiya edilir. III-IV dərəcəli dar çanaq, kiçik çanaqda sümük şişləri, çanağın kəskin deformasıyası, keçmiş doğuşlarda çanaq travmalarının olması Qeysəriyyə əməliyyatına mütləq göstəriş hesab olunur. Həmçinin I dərəcəli dar çanağın iri döl, çanaq gəlişi, vaxtından keçmiş hamiləlik, uşaqlıqda çapıq, dölün xroniki hipoksiyası, ağırlaşmış mamalıq-ginekoloji anamnez ilə birgə rast gəlinməsi planlı Qeysəriyyə əməliyyatına göstəriş sayılır.

I-II dərəcəli anatomik dar çanaqlarda ağırlaşdırıcı amillərin olmadığı hallarda doğuşlar dinamikaya nəzarət, kardiotokoqrafiya, dölün fonokardioqrafiyasının monitorinqi, döl kisəsinin erkən deşilməsi və dölün hipoksiyasının profilaktikası ilə aparılır. Stimulyasiya ehtiyatla tətbiq edilir.

Dar çanağın və onunla bağlı ağırlaşmaların formalaşmasının profilaktikası

Anatomik dar çanağın formalaşmasının profilaktikası uşaq yaşlarda başlanır. Profilaktik tədbirlərə böyüyən qız uşaqlarının rasional qidalanması, adekvat istirahət və yüklənmə rejimi, mülayim fiziki aktivliyin təmini; travmaların və sümük skeletinin deformasiyasının qarşısının alınması aiddir. Çanağın inkişaflna təsir edən hormonal disbalans aşkarlandıqda mütləq korreksiyaedici terapiya aparılmalıdır.

Dar çanağı olan qadınlarda hamiləlik ana və döl üçün mümkün risklər nəzərə alınmaqla aparılmalıdır. Çanağın daralmasının dərəcə və formalarının dəqiqləşdirilməsi, optimal doğuş taktikasının seçilməsi məqsədilə qadının doğuşdan əvvəl hospitalizasiyası, eləcə də hamiləliyin vaxtında başa çatdırılması məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: