Dəri-piy önlüyü

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 2108

dəri-piy önlüyünün korreksiyasıQarnın dəri-piy deformasiyası (dəri-piy önlüyü – «panniculus») qarnın ön artıq piy və dəri qatı, onların sallanan iri büküş şəklində ifadəli ptozu ilə xarakterizə olunur. Dəri-piy önlüyü qasıq və bud nahiyəsinə kimi sallanaraq, dəri büküşlərində bişməcə, qaşınma, qıcıqlanma, xoşagəlməz iyin yaranmasına səbəb ola bilər. Dəri-piy önlüyü ilə eybəcərləşən qarını gizlətmək mümkün olmur. Qarnın deformasiyası intim həyatı çətinləşdirir, özünə inamsızlıq və komplekslərin formalaşmasına gətirib çıxarır.

  • Qarnın dəri-piy deformasiyasının təsnifatı
  • Qarnın dəri-piy deformasiyasının plastik korreksiyası
  • Dəri-piy önlüyünün korreksiya üsulları
  • Qarnın deformasiyasının plastik korreksiyasının ağırlaşmaları

Dəri-piy önlüyü barədə ümumi məlumat

Qarnın dəri-piy deformasiyasına əsasən piylənmədən əziyyət çəkən və ya yaxın keçmişdə artıq kiloqramlardan azad olan şəxslərdə rast gəlinir. Qadınlarda dəri-piy önlüyü hamiləlik dövründə qarnın düz əzələlərinin ayrılması və ön divarın sallanması ilə əlaqədar formalaşa bilər. Qeysəriyyə kəsiyi əməliyyatından sonra tikişdən yuxarıda dəri-piy büküşünün sallanması müşahidə edilir.

Bədən çəkisinin tez-tez dəyişməsi və ya hamiləliklə bağlı qarın divarı əzələlərinin zəifləməsi dəri və dərialtı piy toxumasından ibarət dəri-piy önlüyünün yaranmasına gətirib çıxarır. Qarnın bu tip deformasiyasından pəhriz və ya idmanla azad olmaq mümkün deyil. Belə hallarda yalnız cərrahi korreksiya – abdominoplastika və onun müxtəlif variantları arzu olunan nəticəni əldə etməyə imkan verir.

Qarnın dəri-piy deformasiyasının təsnifatı

Qarnın dəri-piy deformasiyasının dərəcəsi plastik cərrah tərəfindən dəri-piy önlüyünün ölçüsünə əsasən qiymətləndirilir. Dəri-piy önlüyü nə qədər böyük olarsa, əməliyyat texniki cəhətdən bir o qədər mürəkkəb olur.

Qarnın I dərəcəli deformasiyasında dəri-piy önlüyünün büküşü qasıq nahiyəsinə, II dərəcəli deformasiyada isə cinsiyyət orqanlarına qədər sallanır. III dərəcə dəri-piy önlüyünün budun yuxarı 1/3 hissəsi, IV dərəcə budun ortasına qədər enməsi ilə xarakterizə olunur. V dərəcə üçün dəri-piy önlüyünün dizə çatması səciyyəvidir.

Dəri-piy önlüyünün plastik korreksiyası  

Abdominoplastika kimi mürəkkəb və travmatik əməliyyatın aparılmasından əvvəl onun mənfi və müsbət cəhətləri barədə pasiyenti xəbərdar etmək lazımdır. Ən başlıcası pasiyent bilməlidir ki, abdominoplastikadan sonra qarında uzun və aydın nəzərəçarpan çapıq qalır.

Qarnın dəri-piy deformasiyasının korreksiya üsulu cərrah tərəfindən seçilir. Dəri-piy önlüyünü aradan qaldırmaq üçün adətən pannikulektomiya (dermatolipektomiya) aparılır. Bu üsulun mahiyyəti artıq dəri və piy qatının xaric edilməsindən ibarətdir. Göstərişlərdən asılı olaraq, pannikulektomiya sərbəst  və ya abdominoplastika ilə müştərək şəkildə icra oluna bilər. Liposaksiya ancaq piy toxumasının xaric edilməsi, qarın plastikası artıq dəri və piy qatının aradan qaldırılması, eləcə də əzələlərin dartılması, pannikulektomiya isə qarnın aşağı hissəsindəki dəri-piy büküşünün kəsilməsi ilə xarakterizə edilir. Pannikulektomiya histerektomiya və ya hernioplastika ilə birgə tətbiq oluna bilər.

Qarın toxumalarının deformasiyasının plastik korreksiyasına olan göstərişlərə müxtəlif ağırlıq dərəcəsinə malik dəri-piy önlüyü aiddir. Əməliyyatdan əvvəl ən azı bir il ərzində pasiyentin çəkisi stabil səviyyədə saxlanılmalıdır. Bu məqsədlə dietoterapiya və xüsusi gimnastikanın yerinə yetirilməsi məsləhət görülür. Pasiyentin mədə kiçiltmə əməliyyatı keçirdiyi təqdirdə 1 il ərzində abdominoplastikanın aparılmasına icazə verilmir.

Dəri-piy önlüyünün korreksiya üsulları

Pannikulektomiya əməliyyatı stasionarda ümumi anesteziya altında icra olunur. Onun davametmə müddəti bir neçə saat təşkil edir. Əməliyyatdan sonra pasiyentin şöbədə orta hesabla 1 həftə qalması tələb olunur.

Pannikulektomiya zamanı 2 kəsik aparılır: vertikal – döş sümüyünün aşağı hissəsindən qasıq sümüyünə qədər və horizontal – qasıq nahiyəsində. Artıq dəri və piy qatı kəsildikdən sonra dəri loksutları tikilir, yara nahiyəsinə drenaj boru yerləşdirilir, postoperasion tikişlərin üzərinə aseptik sarğı qoyulur.

Əməliyyatdan sonrakı dövrdə sarğı müntəzəm qaydada dəyişdirilir, eytiyac olduqda ağrıkəsici preparatlar yeridilir. Pasiyentin 2 ay müddətində dəstəkləyici bandajdan istifadə etməsi və 4 kq-dan ağır yük qaldırmaması məsləhətdir.

Dəri-piy önlüyü olan pasiyentin qarın əzələlərinin dartılmasına ehtiyac yarandıqda abdominoplastika müstəqil şəkildə və ya bədən relyefini yaxşılaşdırmaq məqsədilə liposaksiya ilə birgə aparılır. Az miqdarda dərialtı-piy yığıntılarını miniabdominoplastika ilə korreksiya etmək mümkündür. Bu üsuldan sonra formalaşan çapığın ölçüsü daha kiçik olur. Bəzən qarnın həcmini azaltmaq üçün təkcə liposaksiya əməliyyatı kifayət edir.

Abdominoplastika ümumi narkozla həyata keçirilir. Bu üsul adətən 2-3 saat, miniabdominoplastika isə 1-2 saat davam edir.

Əməliyyat prosesində qarnın ön divarında dəri-piy loskutu formalaşdırılır, əzələlərin aralanması aradan qaldırılır, artıq dəri və dərialtı piy kəsilib xaric edilir. Əməliyyat sahəsini tikilməzdən əvvəl yaraya nazik (3-4mm) silikon drenajlar  yerləşdirilir. Yaraya fasiləsiz dəridaxili tikiş  qoyulur.

Əməliyyatdan sonra təxminən 2 ay ərzində kompression geyim və ya bandajdan istifadə olunmalıdır.   Tikişlər 2 həftədən sonra öz-özünə sorulur.

Abdominoplastikadan təxminən 6 ay sonra postoperasion çapıq solğunlaşır, yumşalır  və dəri ilə bərabərləşir. Əməliyyat tikişi qasıqdan yuxarıda qalça sümüklərinin daraqlarını birləşdirən xətt şəklində nəzərə çarpır. Miniabdominoplastikadan sonra tikiş yalnız qasıq nahiyəsinin üzərində olur. Abdominoplastikanın çapıqlarını alt paltarı və ya çimərlik geyiminin altında gizlətmək  mümkündür.

Dəri-piy önlüyünün plastik korreksiyasının ağırlaşmaları  

Dəri-piy deformasiyasının plastik korreksiyasının istənilən üsulu postopersion yaranın infeksiyalaşması, qanaxma, seromanın (yarada şəffaf mayenin toplanması) yaranması, qeyri-estetik çapığın formalaşması, kəsik nahiyəsində hissiyyatın müvəqqəti itirilməsi ilə ağırlaşa bilər.

Dəri-piy önlüyünün cərrahi üsulla korreksiyası yüksək nəticələr verir. Əksər hallarda balanslaşdırılmış pəhrizə riayət əməl edildikdə effekt uzunmüddətli olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: