Akne

Oxuma vaxtı: 24 dəq Oxunma sayı: 4742

akne nədir?Akne (acne) və ya sızanaq xəstəliyi – tük follikullarının tıxanması və iltihabı ilə xarakterizə olunan piy vəzilərinin xəstəliyidir. Aknenin rəngarəng inkişaf səbəbləri və kliniki mənzərəsi, istənilən yaş dövründə rastlanması, kosmetik problemlərə səbəb olması bu xəstəliyi bir çox tibb mütəxəssisləri üçün aktual edir. Akne zamanı əsas element pustulyoz və papulyoz sızanaqlar, komedonlar, düyünlü törəmələr və kistalardır. Aknenin effektli müalicəsində fərdi və kompleks yanaşma böyük rol oynayır.

  • Aknenin əlamətləri
  • Aknenin inkişaf mexanizmi
  • Aknenin endogen səbəbləri
  • Aknenin ekzogen səbəbləri
  • Aknenin inkişaf mərhələləri
  • Aknenin müalicəsi

Akne barədə ümumi məlumat

“Sızanaq xəstəliyi” haqda anlayış dəri təzahürlərinin orqanizmin ümumi vəziyyətindən səbəb-təsir əlaqəsi ilə asılılığını əks etdirir. Aknelərin inkişafında infeksiyalar, genetik, endokrin və immun  defektlər, həzm və neyro-psixi pozulmalar böyük rol oynayır.

Sızanaq səpkiləri, demək olar ki, istənilən yaş həddində – yenidoğulmuşdan qocalığadək bütün dövrlərdə rastlanır. Əvvəllər akne tamamilə yeniyetməlik problemi hesab olunurdu; lakin son onilliklərdə 25-35 yaşlı pasientlərdə akne halları tez-tez rastlanmağa başladı.  Aknenin daha tez-tez rastlanan forması yeniyetməlik sızanaqlarıdır; bu patologiya 12-24 yaşlı pasientlərdə, akneyə məxsus klinik halların 90%-ində müşahidə olunur. Sızanaq səpkiləri istənilən cinsə və yaş həddinə mənsub insanlarda xarici görünüşlə bağlı heç də az narahatlıq yaratmır.

Aknenin əlamətləri

Akne zamanı səpkilər bağlı və açıq komedonlar, papulyoz və pustulyoz sızanaqlar, düyünlü və kistoz törəmələrdən ibarətdir. Bağlı komedonlar qeyri-iltihabi, düyünlü, ağ rəngli, dəri səthinə çıxışı olmayan törəmələrdir. Məsamələrdə piy vəzilərinin sekretinin, epitel hüceyrələrinin, piqmentin və tozların sonrakı toplanması qara, dəri səthinə açılan  açıq komedonların inkişafına gətirib çıxarır. Komedonların lokalizasiyası üçün tipik yerlər alın və çənədir.

Mənfəzi artıq tutulmuş saç follikullarına iltihabi prosesin qoşulması papulo-pustulyoz sızanaqların inkişafına, ağır hallarda isə kistalar, fleqmonoz və nekrotik sızanaqlara gətirib çıxarır. Papulyoz sızanaqlar (lat. “papula” – sızanaq) dəri səthi səviyyəsindən noxud ölçüsünə qədər yüksəlməsinə, qırmızımtıl – göyümtül rəngli bərk qabarcıqların yaranmasıdır. Çoxsaylı papulalar dəriyə nahamar görüntü verir. Papulalar geriyə inkişaf edə və ya pustulaya çevrilə bilər. Pustulyoz sızanaqlar (lat. “pustula” – irinlik) – irinli möhtəviyyatlı, ağrılı qovuqcuqlar konsistensiyasına görə papula ilə müqayisə daha yumşaqdır. Diametri 5 mm-ə qədər olan pustulalar, adətən, iz qoymadan sağalır; böyük pustulalardan sonra isə tez-tez çapıq defekti qalır.

Aknenin sonrakı iltihabi elementləri düyünlərin və kistaların yaranmasına gətirib çıxara bilər. Düyünlər dermada və dərialtı piy qatında yerləşən böyük (diametri 5 mm-dən çox) infiltratlardır. Geriyə inkişaf zamanı düyünlər açılır, xoralaşır və çapıqla sonlanır. Kistalar – bənövşəyi-sianotik rəngli, irinli möhtəviyyatlı, boşluqlu törəmələrdir; onlar da çapığın əmələ gəlməsi ilə sağalır.

Aknenin inkişaf mexanizmi

Aknenin yaranma mexanizmi 4 faktorun qarşılıqlı əlaqəsi ilə bağlıdır:

  1. Piy vəzilərinin sekresiyasının həddən artıq yüksəlməsi. Dəri piyinin hipersekresiyası onun bakteriasid xüsusiyyətlərinin zəifləməsinə və konsistensiyasının dəyişilməsinə gətirib çıxarır. Piy vəzilərinin sekreti qatı olub axarlarda tıxaclar əmələ gətirir və onların mənfəzini bağlayır.
  2. Follikulyar hiperkeratoz. Follikulyar hiperkeratozun inkişafının əsasında saç follikulu hüceyrələrinin davamlı yenilənmə prosesinin pozulması durur. Saç follikullarının səthi buynuz qatının qalınlaşması və dəri piyi ilə tıxaclar əmələ gətirməsi piy vəzilərinin sekretinin xaric olmasının qarşısını alır.
  3. Propionibacterium acnes-in çoxalması. Sağlam insanların dərisində mövcud olan külli miqdarda mikroorqanizmlər müəyyən şəraitdə kəskin iltihabi proseslərin inkişafına səbəb olur. Saç follikullarının piy-buynuz tıxacları vasitəsilə tutulması onların çoxalması və aktiv həyat fəaliyyəti üçün əlverişli mühitdir. Aknenin yaranmasında aparıcı rol Propionibacterium acne-ə məxsusdur.
  4. İltihab. Propionibacterium acne bakteriyalarının aktiv çoxalması toxumaların cavab reaksiyalarına və iltihabın inkişafına gətirib çıxarır.

Aknenin endogen səbəbləri

Sızanaqların yaranmasının əsasında piy vəzilərinin funksiyalarının pozulması, yəni dəri piyinin hipersekresiyası durur. Bu, sızanaqların inkişafına əlverişli şərait yaradan daxili və xarici amillərin təsiri altında baş verir.

  1. Теstosteron və akne.

Sızanaqların geniş yayılmış səbəblərindən biri yeniyetməlik dövründə orqanizmin hormonal balansının yenidən qurulmasıdır. Steroid hormonların, xüsusən də kişi cinsi hormonlarının – androgenlərin həm oğlanlarda, həm qızlarda aktiv ifrazı piy vəzilərinin sekresiyasının artmasına səbəb olur. Dəri piyi öz xüsusiyyətlərini dəyişir, maye halından qatı və yapışqan formaya keçir.

Hormonal fon və dəri reaksiyalarının xüsusiyyətləri irsən ötürülə bilər. Buna görə də valideynləri aknedən əziyyət çəkimiş cavanlarda yeniyetməlik sızanaqlarının əmələgəlmə ehtimalı irsi meyilliyi olmayan yaşıdları ilə müqayisədə xeyli yüksəkdir.

  1. Predmenstrual akne.

Qadınlarda aybaşı siklində steroid hormonların səviyyəsi dəyişkən olur və onun son fazasında yüksəlir. 70% qadında mensturasiyadan təxm. bir həftə əvvəl sızanaqların yaranması bununla əlaqədardır. Hətta aknedən əziyyət çəkməyən qadınlarda belə mezis ərəfəsində çənədə tək-tük sızanaqlar qeyd olunur.

  1. “Hormonal” sızanaqlar.

Yeniyetməlik dövründə sızanaqların əmələ gəlməsi fizioloji haldır. Lakin sızanaqlar böyük yaşlarda da saxlanırsa, bu sağlamlıq haqda düşünmək üçün ciddi siqnaldır. Adətən, belə patologiyalar cinsi hormonların fəaliyyətinin pozulmasından xəbər verir.

Qadınlarda, hormonal sızanaqlar yumurtalıqların polikistozu, hamiləlik və ya abortla, həmçinin hormonal fonun kəskin dəyişiklikləri ilə əlaqəli vəziyyətlərlə bağlıdır.

Böyrəküstü vəzin və ya hipofizin endokrin pozulmaları da aknenin inkişafına təsir edir. Belə ki, hiperandrogeniya (kişi cinsi hormonunun – androgenin izafi sintezi) tez-tez aknenin inkişafı ilə müşayiət olunur. Buna görə də sızanaq xəstəliyindən əziyyət çəkən böyüklər nəinki kosmetoloq və dermatoloqa müraciət etməli, hətta bir sıra laborator analizlər verməli, endokrinoloq və ginekoloq (qadınlar) konsultasiyasında olmalıdərlar.

  1. Hiperkeratoz – dərinin səthi buynuz qatının qalınlaşması bir sıra faktorların təsiri altında inkişaf edə bilər. Bu faktorlara hormonal fon, vitamin A defisiti, zərərli kimyəvi maddələrin (məs., yağlama üçün yağlar) və ya mexaniki faktorların (qaşıma, sıxma) dəriyə təsiri aiddir. Dəri piyinin dəyişiklikləri ilə yanaşı buynuz pulcuqlarının qalınlaşması məsamələri tutur və mikroblu prosesin inkişafı üçün əlverişli mühit yaradır.
  2. Mədə-bağırsaq traktının xəstəlikləri. Bir çox tədqiqatçılar aknenin yaranması ilə qidalanmanın xarakteri və mədə-bağırsaq traktının vəziyyəti arasında birbaşa əlaqənin olduğunu qeyd edirlər. Həqiqətən də, qida rasionunda karbohidratların çoxluğu, əvəz olunmaz amin turşular və faydalı yağların defisiti piy vəzilərinin hiperfunksiyasına gətirib çıxarır. Bəzi hallarda qidalanmanın korreksiyası piy vəzilərinin sekresiyasını normallaşdırmağa və aknedən azad olmağa imkan verir.

Tibbi statistikaya görə akne pasientlərin 50%-dən çoxunda mövcud qastrit və disbakterioz, 30%-ində isə bağırsaqların patoloji vəziyyətləri fonunda yaranır. Səpkilərin lokalizasiyası həzm traktının bu və ya digər şöbəsinin zədələnməsindən asılıdır. Burun körpüsü, yanaqlar, ağız bucaqlarında əmələ gələn səpkilər mədəaltı vəzin, gicgah nahiyəsində öd kisəsinin, üst dodaqda yoğun bağırsaq, alında isə nazik bağırsaq dəyişikliklərindən xəbər verə bilər. Buna görə həzm traktının vəziyyəti dəri sağlamlığının dəstəklənməsində mühüm rol yonayır. İnsan immunitetinin 70%-ni təmin edən normal bağırsaq mikroflorası yeni sızanaqların əmələ gəlməsinin qarşısını alır və mövcud olanların isə sağalmasını təmin edir.

  1. Dərinin fərdi mikroflorası. Sağlam insanın dərisində və piy vəzilərinin axarlarının ağzında Propionibacterium acne, P. granulosum, epidermal stafilokoklar, gənələr, göbələklər və s. yaşayır. Normal şəraitdə onlar heç bir problem yaratmır, lakin orqanizmin tarazlığının pozulması (hiperandrogen, sızanaqlar) onların aktiv çoxalmasına və dəridə iltihabi proseslərinə gətirib çıxarır.
  2. Stress özü sızanaqların yaranmasına birbaşa təsir göstərmir. Lakin onun orqanizmin hormonal və immun statusuna təsiri sızanaqların inkişafını dərinləşdirə bilər, müdafiə mexanizmlərini zəiflətməklə yeni səpkilərin yaranmasına səbəb ola bilər.
  3. İmmun sisteminin zəifləməsi stress, həzm sistemi xəstəlikləri və s. nəticəsində baş verə bilər, o, həmişə orqanizmin müxtəlif zərərli maddələrin təsirlərinə qarşı müqavimətinin zəifləməsinə səbəb olur. Dərinin müdafiə mexanizmlərinin zəifləməsi fonunda hətta adi “neytral” mikroorqanizmlər də heç də az zərərli olmur.

Aknenin ekzogen səbəbləri

  1. Kosmetika (komedogen kosmetik vasitələr sızanaqların əmələgəlmə səbəbi kimi). Aknenin inkişafında “provokator” komedogen kosmetikanın – kremlər, kirşan, losionlar, allıq və sairin də rolu var. Bu vasitələr dəri məsamələrinin tutulmasına və sızanaqların inkişafına səbəb olur. Komedogen maddələrə yağlar (qarğıdalı, kokos, mineral, şaftalı, badam, soya), lanolin, vazelin, olein turşusu, kükürd, skvalen, sorbitanoleat, natrium lauril sulfat, miristillaktat və s. aiddir. Kosmetikanın köməyilə sızanaqların maskalanması xəstəliyi daha da dərinləşdirir. Buna görə də özünə qulluq vasitələri və dekorativ kosmetika aldıqda “komedogen deyil” (non comedogenic) yazılı məhsulları seçmək lazımdır.
  2. İsti və rütubətli iqlimdə akne fəsadlaşa və ya meydana çıxa bilər. Səpkilər tərlə daha çox qıcıqlanan nahiyələrdə, yəni daha çox döş qəfəsində, boyunda, kürəkdə lokalizasiya olunur.
  3. Günəş və ultrabənövşəyi şüalanma. Mülayim dozalı ultrabənövşəyi şüalanma sızanaqları qurudur və dezinfeksiya edir; günəş şüaları altında qaralma isə dəri rəngini bərabərləşdirir, sızanaqları maskalayır. Lakin izafi ultrabənövşəyi şüalanma tamamilə əks effekt göstərir. Dəri piyinin sekresiyasının güclənməsi və əlavə olaraq buynuz qatın quruması aknenin fəsadlaşmasına və sayının artmasına səbəb olur. Bu mexanizm həm açıq çimərlikdə, həm də solyaridə qaralma zamanı da keçərlidir.
  4. Toksiki maddələrlə peşə kontaktı. Bir çox insanların peşə fəaliyyəti məişət və kimya sənayesi məhsulları ilə (məs., neft məhsulları, yağlama üçün yağlar, xlor və s.) birbaşa kontaktla əlaqəlidir. Belə vəziyyətlər dərinin və saç follikullarının hiperkeratozunun inkişafı nəticəsində aknenin yaranmasına səbəb olur. 
  5. Sızanaqların sıxılması. Sızanaqları sıxmaqla onlardan həkimə müraciət etmədən sərbəst şəkildə azad olma cəhdləri əks nəticəyə gətirib çıxara bilər. Sızanağı sıxdıqda infeksiya dərinin daha dərin qatlarına siraət edir, qeyri-iltihabi elementlərə yoluxur, onların infeksiyalaşmasına və irinləməsinə gətirib çıxarır. Burun-dodaq üçbucağında yerləşən sızanaqların sıxılması xüsusən təhlükəlidir; belə ki, bu zaman infeksiya qan cərəyanı ilə beyin qişalarına nəql olunur. Dərinin iltihabi səpkilər dövründə üzün skrabla təmizlənməsi istisna olunmalıdır. Aknenin effektiv və təhlükəsiz müalicəsini yalnız dermatokosmetoloq həyata keçirə bilər.
  6. Daimi qaşınma və dəriyə mexaniki təzyiq (baş örtüklərinin, dar yaxalıqlı və s. paltarların daim istifadəsi) bu zonalarda akneninn yaranmasına səbəb olur.
  7. Dərman aknesi. Bu gün daxili orqanların çoxsaylı xəstəliklərinin müalicəsində steroid hormonlar tətbiq olunur, bu isə dərman aknesinin yaranmasına səbəb olur. Aknenin belə forması kortikosteroid qəbulunun başlanmasının səpkilərin qəflətən meydana çıxması ilə üst-üstə düşməsinə görə fərqlənir. Aknenin belə təzahürləri kontraseptiv həblərin qəbulunu dayandırmış qadınlarda da müşahidə olunur.
  8. Həddən artıq təmizkarlıq paradoksal olaraq sızanaqların yaranmasına səbəb ola bilər. Tez-tez yuyunma üz dərisini qurudur, onun müdafiə xüsusiyyətləri zəiflədir və aknenin inkişafı ilə fəsadlaşır. Bununla yanaşı, əllər müntəzəm yuyulmalıdır ki, bütün dəri səthlərində infeksiyaların müxtəlifliyi istisna olunsun.

Aknenin inkişaf mərhələləri

Aknenin inkişafının əsasında piy vəzilərinin fəaliyyətinin pozulması dayanır; bu, piy-buynuz tıxacının formalaşması və vəzilərin axarının tutulmasına gətirib çıxarır. Tıxacın (komedonların) səthində patogen bakteriyalar aktiv çaxalmağa başlayır, nəticədə ətraf toxumaların qıcıqlanmasına və irinli iltihabına səbəb olur. Sızanaqlar, əsasən, çənə, burun, alın, kürək və sinədə, bir sözlə, piy vəzilərinin daha çox yerləşdiyi nahiyələrdə lokalizasiya olunur.  Onlar qeyri-iltihabi (komedonlar) və ya iltihabi (papulalar, pustulalar) xarakterli ola bilər.

Aknenin gedişinin ağırlıq dərəcəsindən asılı olaraq prosesin 4 mərhələsi ayırd edilir:

  • Birinci mərhələ – aknenin yüngül təzahürü. İltihab əlamətləri olmayan bağlı və ya açıq komedonlar, tək-tük papulalarla xarakterizə olunur. Aknenin bu mərhələdə müalicəsi çətinlik yaratmır.
  • İkinci mərhələ – aknenin mülayim təzahürüdür. Dəri elementləri çoxsaylı bağlı və açıq komedonlar, iltihab əlamətli sızanaqlarla (10-20 papula) özünü göstərir. Bu mərhələdə proqnozu – sağalma prosesi uzundur (6-8 həftə), lakin kafidir.
  • Üçüncü mərhələ – aknenin ağır təzahürüdür. İkinci mərhələnin əlamətləri bu mərhələdə də qeyd olunur. Lakin dərinin iltihabi elementləri 20-40 ədədə qədər yüksəlir. İxtisaslaşdırılmış müalicə tələb olunur.
  • Dördüncü mərhələ – aknenin həddən artıq ağır təzahürüdür. Çoxsaylı papula, pustula, düyünlərlə (40-dan artıq element) xarakterizə olunur. Ciddi, ixtisaslaşdırılmış müalicə tələb edir .

Aknenin müalicəsi

Əsas tapşırıqlar

  • Yeni komedonların əmələ gəlməsinin profilaktikası dəri problemlərinə düzgün qulluq və orqanizmin ümumi sağlamlaşdırıcı tədbirlərindən ibarətdir.
  • Mövcud komedonların kənarlaşdırılması – ev şəraitində və ya kosmetik salonlarda komedolitik preparatlar və komedo-ekstraktorların köməyilə aparılır.
  • Dərinin piy ifrazının azalması – sekresiyanın ≥30% azalması zamanı nəzərə çarpacaq kliniki effektə nail olunur. Hormonlar – estrogen, androgen; retinoid qrupu preparatlar qəbul olunur.
  • İltihabi prosesin ləğvi və onun yayılmasına izn verilməməsinə xaricə və daxilə antibakterial preparatların təyini ilə nail olunur.
  • Çapıqlaşmanın kosmetik defektlərinin azaldılması – dermabraziya, lazeroterapiya, krioterapiya metodları ilə həyata keçirilir.

Kompleks terapiya

  • Prosedurlar kursunun kosmetik salonda həyata keçirilməsi və tövsiyə olunmuş preparatlarla ev şəraitində aktiv qulluq.
  • Sistemli təsirə malik (bütün orqanizmə təsir edən), xaricə istifadə üçün nəzərdə tutulmuş preparatlarla kombinə olunmuş müalicə.
  • Aknenin bütün inkişaf zəncirinə (dəri piyinin hipersekresiyası, tük folikullarının güclənmiş buynuzlaşma prosesi, mikrobların çoxalması, iltihab) təsir edən preparatların qəbulu.
  • Orqanizmdə xroniki proseslərin (ginekoloji, endokrin, mədə-bağırsaq xəstəlikləri, xroniki infeksiya ocaqları) olması aknenin müalicəsinə manə ola və müalicənin effektivliyini azalda bilər. Buna görə də aknenin müalicəsi ilə paralel olaraq yanaşı gedən patologiyanın müalicəsi də aparılır.

Hazırda aknenin müalicəsində xaricə istifadə üçün çoxsaylı preparatlar tətbiq olunur.

Aknenin müalicəsində xaricə istifadə olunan preparatlar

Benzoilperoksid güclü keratolitik və ağardıcı təsirə malikdir. Buna görə də dermatologiyada 20 yaşdan sonra ixtiozun və dəri piqmentasiyasının müalicəsində istifadə olunur. Onun buynuz toxumanı “əritmək” və antibakterial xüsusiyyətləri benzoilperoksidi yüngül və orta dərəcəli aknenin müalicəsində tətbiq etməyə imkan verir. Preparatın antibiotiklərlə, azol birləşmələrilə, kükürdlü kombinəolunmuş preparatlarla birgə təyini onun effektivliyini xeyli yüksəldir.

Аzelain turşusu güclü antikomedon, antibakterial və iltihabəleyhinə təsirə malikdir. Lakin dəri piyi istehsalına heç bir şəkildə təsir göstərmir.

Тretinoin vitamin A-nın analoqu olub sintetik retinoiddir. Aknenin müalicəsində benzoilperoksid effektli olmadıqda və ya preparata individual dözümsüzlük zamanı xaricə təyin olunur. Mövcud komedonları azaldır, epitelin buynuzlaşma prosesinin normallaşdırılması və piy vəzilərinin sekresiyasının azaldılması hesabına yeni komedonların əmələ gəlməsinin qarşısı alır.

Benzoilperoksid, azelain turşusu və tretionin aknenin müalicəsində ilk seçim preparatlarıdır. Onlar uzunmüddətli qəbul olunduqda (≥3 ay) effektli olur. Bu preparatların istifadəsi bəzən dəri qıcıqlanmaları törədir. Belə hallarda, bir qayda olaraq, preparatın dəriyə vurulan miqdarı və ya konsentrasiyası azaldılır. Aknenin müalicəsi zamanı eyni zamanda iki və daha artıq dərman preparatının istifadəsi, həmçinin temperaturun azalması və aktiv insolyasiya yolverilməzdir.

Xaricə istifadə üçün antibiotiklərə aknenin müalicəsində birinci sıra preparatları ilə müalicənin effekti olmadıqda və ya xəstəliyin fəsadlaşmış formalarında kombinəolunmuş müalicə zamanı müraciət olunur. Aknenin antibiotiklərlə müalicəsi kifayət etmədikdə  öyrəşmənin inkişafı və propion bakteriyalarına qarşı həssaslığın olmaması haqda düşünmək lazımdır.

Eritromisin aknenin müalicəsində ən effektli antibiotiklərdən biri hesab olunur. Preparatın antibakterial və iltihab əleyhinə yüksək aktivliyi onu sinklə kombinasiya etdikdə daha çox təzahür edir. Sink isə öz növbəsində piy vəzilərinin sekresiyasını azaldır və məsamələri genişləndirməklə eritromisinin yerli təsirini asanlaşdırır.

Klindamisin dəri mikroflorasının öyrəşməsinə səbəb olmur; propionibakteriyalara və stafillokoklara qarşı yüksək aktivliyə malikdir.

Sistemli antibiotiklər aknenin mülayim gedişində həm daxilə, həm də yerli terapiya kimi qəbul olunur. Tetrasiklin qrupu antibiotiklərdən minosiklin və ya doksisiklin daha çox təyin olunur. Bu preparatlar yüksək antimikrob aktivlik, sürətli sorulma və piy vəzilərində intensiv toplanma xüsusiyyətlərinə malikdirlər. Nadir hallarda aknenin müalicəsində klindamisin, eritromisin və sulfanilamid qrupu preparatlar istifadə olunur. 

Aknenin sistemli antibiotiklərlə müalicəsi həmin preparatların uzunmüddətli (bir aydan az olmayaraq) qəbulunu təklif edir. Bu dövr ərzində bağırsağın və vaginanın disbiozu, dəri mikroflorasının davamlı öyrəşməsi inkişaf edə bilər. Antibiotiklərin qəbulu nəticəsində inkişaf etmiş başqa ağırlaşmalara qida borusu və mədə xorası, dırnaq lövhəciklərinin yumşalması (onixolizis), dəridə və dırnaqlarda hiperpiqmentasiya və s. aiddir.

Antibiotiklərlə digər preparatların qarşılıqlı təsiri nəzərə alınmalıdır ki, onlar bir-birinin effektini azaltmasın. Antibiotik müalicəsi zamanı effekt nəzərə çarpmadıqda və ya uzun müddət olmadıqda preparatlar əvəz edilməli və ya retinoid preparatlar təyin olunmalıdır.

Аntiandrogenlər. Qadınlarda aknenin müalicəsi antiandrogen və ya estrogen profilli hormonal kontraseptivlərin qəbulu və xaricə tətbiqi ilə kombinasiya oluna bilər. Aknenin ağır formaları kombinə olunmuş (xaricə və ümumi) müalicə tələb edir.

3 ay ərzində həyata keçirilmiş müalicədən kliniki effekt alınmaması izotretinoin (sintetik vitamin A) təyininə göstərişlərdən biridir. Preparatın üstün cəhəti onun aknenin bütün yaranma mexanizmlərinə (dəri piyinin sekresiyasının yüksəlməsi, follikulyar hiperkeratoz, mikroorqanizmlərin çoxalması, iltihab) təsiridir. İzotretinoinlə müalicə 4 aydan bir ilə qədər aparılır.

Aknenin aparatlarla müalicə metodları əlavə metodlar olub yalnız komedonların müalicəsində tətbiq olunur. Onlara üzün təmizlənməsi və massajı, səthi krioterapiya, lazeroterapiya, darsonvalizasiya və s. aiddir.

Cərrahi manipulyasiya – aknenin müalicəsində geniş istifadə olunmur; belə ki, o, kobud çapıqların əmələ gəlməsinə gətirib çıxarır. Aknenin absesləşən formalarının müalicəsində irinli ocaqlara kortikosteroid preparatlarla inyeksiya mümkündür.

Aknenin kompleks müalicəsinin təcrübələri

Təcrübənin də göstərdiyi kimi aknenin müalicəsində kompleks yanaşma daha yaxşı nəticə verir. Belə ki, əvvəl də qeyd edildiyi kimi akne problemi tibbin müxtəlif sahələrinin həkim-mütəxəssisləri ilə müştərək həll olunmalıdır. Sızanaqlı pasientlər dermatoloq, qastroenteroloq, endokrinoloq, ginekoloqun kompleks müayinəsindən keçməlidirlər.  Metodun seçilməsi və müalicənin davametmə müddəti fərdi xüsusiyyətlər nəzərə alınmaqla aknenin gedişinin ifadəlilik və ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir.

Müalicə kursu orta hesabla 7-8 ay təşkil edir. İlk mərhələ azelain turşusu və metronidazol tərkibli gellə xarici müalicə, həmçinin doksisiklin qəbulundan ibarətdir. Əlavə olaraq kriomassaj və darsonvalizasiya təyin olundu. Bir ay sonra tədricən artan dozada meyvə turşuları ilə kimyəvi pilinq aparıldı. Paralel olaraq endokrin, cinsiyyət, həzm sistemlərinin aşkarlanmış patologiyalarının korreksiyası həyata keçirildi. Bir ay sonra aknenin müalicəsinin effektivliyinin aralıq dəyərləndirilməsi stabil yaxşılaşmanı göstrədi: pustulyoz səpkilərin itməsi 89%, komedonların miqdarının azalması 71,2% pasientdə qeyd olundu, piy ifrazı prosesi azaldı. Sonralar davamlı remissiya müşahidə olundu.

Aknenin müalicəsinin proqnozu

Aknenin ayrı-ayrı nəticələrinin proqnozlaşdırılması zamanı aşağıda qeyd olunmuş məqamlar nəzərə alınmalıdır:

  • Akne xroniki, müalicəyə çətin tabe olan xəstəlikdir; irsi meyillik və ya provokatorların təsirindən yeni fəsadlaşmalara səbəb ola bilər, hətta xəstəlik bir neçə il təkrarlanmasa belə. Lakin sızanaq səpməsinin yeni dalğasını provokasiya edən səbəblər məlum olduqda akneni dəqiq müəyyənləşdirmək və tez aradan qaldırmaq, dəridə kobud çapıqların (postakne) yaranmasına və davamlı kosmetoloji defektlərin formalaşmasına izn verməmək mümkündür.
  • Əgər xəstəlik artıq meydana çıxıbsa, onda dəridəki dəyişikliklər geridönməz xarakter alır və onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil.
  • Aknenin müalicəsi tam kursla aparılmalıdır. Bu, 4 ay və daha uzun davam edən prosesdir.
  • Aknenin müalicəsi, xüsusən də xəstəliyin inkişaf mexanizmlərinin təzyiqi olan ilk aylarda fəsadlaşmalarla gedə bilər.
  • Aknenin tam kursla müalicəsi hətta nəzərə çarpacaq yaxşılaşma varsa, belə fasiləsiz aparılmalıdır. Müalicə olunmamış akne istənilən anda yeni fəsadlaşma törədə bilər.

Baxmayaraq ki, böyüklərin aknesi sizi bütün ömür boyu müşayiət edəcək xəstəliklərlə birgə yaranacaq, ümidinizi itirməyin. Müasir metodlar, xaricə və ümumi tətbiq olunan preparatlar aknenin gedişini xeyli yüngülləşdirməyə, onun fəsadlarının vaxtında profilaktikasına, ciddi ağırlaşmalar və dərinin destruktiv dəyişikliklərindən qaçmağa imkan verir. Bu gün aknenin müalicəsi xəstəliyin bütün inkişaf mərhələlərində aparılır, arzuolunan kosmetik nəticələrə və uzunmüddətli remissiyalara nail olmağa imkan verir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: