Аktinik keratoz

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 2739

aktinik keratoz nədir?Аktinik keratoz – düz günəş şüalarının dərini təşviq etməsi nəticəsində yaranan, ləng, davamlı olaraq proqressivləşən geniş (xüsusən yaşlılar arasında) yayılmış xəstəlikdir. İlk element dərinin açıq nahiyələrində pilinq edən oval ləkənin əmələ gəlməsidir; bu element sürətlə keratoakantomaya – epidermisdə və dərinin yuxarı qatlarında yerləşən xoşxassəli törəməyə çevrilir. Pasientlərin səhhəti pozulmur. Xəstəliyin öz-özünə sönməsi, həmçinin xərçəngə keçməsi mümkündür. Diaqnoz biopsiyanın nəticələrinə əsasən qoyulur. Müalicə tibbi cihazla – kosmetik və ya radikal üsulla – cərrahi aparılır.

  • Аktinik keratozun səbəbləri
  • Аktinik keratozun təsnifatı
  • Аktinik keratozun simptomları
  • Аktinik keratozun diaqnostikası və müalicəsi
  • Аktinik keratozun profilaktikası

Аktinik keratoz barədə ümumi məlumat

Xəstəlik aktinik keratoz kimi tanınır. Statistikaya əsasən 45 yaşdan yuxarı insanların ¼-ində rastlanır və dermatoloqa müraciətlərin təxm. 14%-ini təşkil edir. Patologiya dermatologiyada həm də “günəş keratozu” və ya “senil akantoma” adlandırılır.  Xəstəliyin açıq-aşkar səbəbinə – uzunmüddətli hiperinsolyasiya (günvurma) baxmayaraq, xəstəlik mövsumi xarakter daşımır. Aktinik keratoz kumulyativ xarakterə malikdir: on illər ərzində günəş şüalarının daimi təsiri nəticəsində dəri onların mənfi təsirlərini “toplayır”. Yalnız yaş artdıqca immunitetin zəifləməsi fonunda xəstəliyin ilk simptomları meydana çıxır. Bu zaman insan qaralmasa, uzun müddət günəş şüaları ilə kontaktda olmasa belə ilk elementlər dərinin açıq nahiyələrində təzahür edir.

Bəzən səpkilərin ilk səbəbi dərinin sensibilizasiyasını yüksəldən antibiotiklərin qəbulu, dermanın bəzi nahiyələrinin sürtünməsinə səbəb olan dar paltarların geyinilməsi, orqanizmin hormonal disbalansı olur. Aktinik keratozun ilk elementləri təbiətinə görə epidermisin buynuz qatının qalınlaşmasıdır. Onların dəri xərçənginə çevrilmə imkanını bu xəstəliklə tanışlığın aktuallığı müəyyənləşdirir.

Аktinik keratozun səbəbləri

Aktinik keratozun əmələgəlmə səbəbi birdir – günəş spektrinin müəyyən dalğa uzunluqlu (280-320 nm) ultrabənövşəyi şüaları ilə daimi, uzunmüddətli hiperinsolyasiyadır. Lakin xəstəliyin yaranmasında və inkişafında iştirak edən faktorlar çoxdur. İlk növbədə iqlimdir. İl ərzində, demək olar ki, 365 günəşli gün, yayda >35°С temperatur olan ərazilərdə – dağlarda, ekvatorial, subekvatorial və tropik qurşaqda yaşayan insanların aktinik keratozla xəstələnmə indeksi ən yüksəkdir. Açıq havada iş patologiyanın yaranma riskini artırır.

İkinci mühüm amil yaş həddidir. Terminin özü –  “senil akantoma” göstərir ki, bu, yaşlı insanların xəstəliyidir. 50 yaşdan yuxarı hamı risk qrupundadır. Üçüncü risk faktoru açıq rəngli dəri, saçlar və gözlərdir. Hiperinsolyasiyadan müdafiə edən piqment hüceyrələri minimal miqdarda olan sarışınlar tünd rəngli dərisi, qara saçları və qəhvəyi gözləri olan insanlarla müqayisədə 3 dəfə çox xəstələnirlər. Cavanlarda qocalıqda aktinik keratozun əmələ gələcəyindən xəbər verən özünəməxsus əlamətlər çillərdir. Xəstəliyin yaranmasında günəş yanıqlarının rolu da var; belə ki, onlar hər dəfə təkrarlandıqca dərini xəstəliyin debütünə “hazırlaşdırır”. Bundan başqa, irsiyyət, stress, pasientləri hormonlar, immunodepressantlar, kimyaterapiya qəbul etməyə vadar edən ağır somatik xəstəliklər də risk faktorları siyahısındadır.

Aktinik keratoz 10 illər ərzində özünü heç bir əlamətlə göstərmir. Bu müddət ərzində dəri ultrabənövşəyi şüalar altında öz strukturunu dəyişmir, o, günəşin mənfi təsirlərini öz daxili qatlarında toplayır. Bu, xəstəliyin latent, gizli dövrü adlandırılır. Yaş artdıqca immunitetin zəifləməsi fonunda dərinin səthi qatları tədricən dəyişir. Epidermis hüceyrələrinin bir qismi differensasiya olunmur, onlardan preinvaziv xərçəng ocağı əmələ gəlir və o, epitelin əsasını dəlib keçmir, bazal qatda sürünür. Belə yayılma prosesində  atipik hüceyrələr normal epitel hüceyrələrini əvəz edir, epidermis müdafiə funksiyasını itirir və onun buynuzlaşma prosesləri sürətlənir. Tədricən “iks” vaxtı başlanır, bu zaman atipik hüceyrələr bazal membranın tamlığını pozur, dermaya keçir və orada yeni, bədxassəli şiş ocaqları əmələ gətirir. Epidermisin bazal qatının tamlığı pozulanadək xəstəlik qəflətən, öz-özünə sonlana bilər.

Аktinik keratozun təsnifatı

Aktinik keratozlar dəri qatlarının patomorfoloji dəyişikliklərinə görə təsnif olunur. Aktiv prosesin derma və epidermisdə lokalizasiyasından asılı olaraq xəstəliyin tipik variantları ayırd edilir:

  1. Hipertrofik aktinik keratoz – bu zaman epidermisdə açıq və tünd rəngli keratin sintez edən atipik, böyük nüvəli hüceyrələr yaranır. Məhz keratin qatlarının növbələşməsi aktinik keratitin diaqnostik əlamətləridir.
  2. Piqmentli aktinik keratoz – epidermisin bazal qatında lokalizasiya olunmuş ocağı tünd-qəhvəyi rəngə boyayan çoxlu miqdarda melanin hüceyrələri toplanır.
  3. Lixenoid aktinik keratoz dermanın yuxarı qatlarının və epidermisin bazal qatının sərhəddində aktiv proseslə xarakterizə olunur. Epidermisin bazal qatının “yeyilmiş” keratozu üzərində derma hüceyrələrindən limfositar infiltrat formalaşır.
  4. Proliferativ aktinik keratoz elastoz (dermanın dərin qatlarının kolloid distrofiyası) fonunda yaranır, epidermis hüceyrələrininin inkişafı və hiperkeratoz ocaqların yaranması ilə əlaqəlidir.
  5. Atrofik aktinik keratoz dermanın yuxarı qatlarında lokalizasiya olunur, spesifik “lakuna” və çatların əmələ gəlməsi ilə lokal nazikləşir və sonlanır.
  6. Akantolik aktinik keratozun fərqli xüsusiyyətləri dermanın dərin qatlarında, artıq mövcud olan “lakuna” və “çatlar”ın üzərində epitel-birləşdirici toxumadan əmələ gəlmiş ocaqlarla özünü göstərən elastozdur. Bu lokal, şişəbənzər törəmə dərinin səthində yaranır.
  7. Aktinik keratozun Bowenoid forması – xərçəngin başlanğıc mərhələsidir, həm epidermisdə, həm də dermanın yuxarı qatlarında toplanan displaziya olunmuş atipik hüceyrələrlə xarakterizə olunur. Atipik hüceyrələr “dinamik tarazlıqda” olur: nə qədər atipik hüceyrə yaranırsa, bir o qədər də məhv olur.

Qeyri-standart ilkin təzahürlərə görə aktinik keratozun atipik formaları ayırd edilir:

  • Bulyoz aktinik keratoz – bu formanın əsasında dermanın neytrofil infiltrasiyası durur, proses məməyəbənzər qatda mini-abseslərin əmələ gəlməsi ilə müşayiət olunur.
  • Pajetoid aktinik keratoz – bu zaman epidermisin səthi qatında atipik pajetoid (melaninönü) hüceyrələr meydana çıxır.

Аktinik keratozun simptomları

Xəstəlik gözlənilmədən, dərinin açıq nahiyələrində pilinq edən, ˂1 sm diametrli, aydın konturlu, infiltrativ, qırmızımtıl ləkələrlə büruzə verir. Tez-tez prosesə burnun üstünün dərisi də qoşulur; burada ləkələr fonunda teleangioektaziyalar da görmək olar. Bu, xəstəliyin eritematoz formasıdır. Əgər proses alın və yuxarı göz qapaqlarında lokalizasiya olunursa, ilk element qalın buynuz pulcuqlu (dərinin buynuzu) ərp olur. Bu, xəstəliyin hipertrofik və ya buynuz variantıdır. Belə ərplərin diametri 4 sm-ə qədər olur, onları təmizlədikdə yerində mini-qanaxma və ağrı, bəzən isə eroziv səth və ya atrofik adacıqlar meydana çıxır.

Təzahürlər aktinik keratozun formasından, ilk elementlərin epidermis və derma ilə əlaqəsindən asılıdır. Xəstəliyin pajetoid formasında səpkilər formasına və qəhvəyi rənginə görə seboreya ziyillərini xatırladır. Xəstəliyin piqmentli və ya papillomatoz formaları da belə təzahür edir. Aktinik keratoz tez-tez alt dodaqda lokalizasiya olunur; bu zaman eroziyalar və çatlar əmələ gəlir və bu patoloji vəziyyət aktinik xeylit adlanır. Səpkilər həm də boyun, çiyin, əllər, said, qulaqlar, yanaqlar, başın tüklü hissəsində meydana çıxır. Bəzən səpkilər kürəkdə və qarnın yuxarı üçdə birində – bədənin açıq nahiyələrində, daha çox qaralmaya məruz qalmış nahiyələrində lokalizasiya olunur.

Yüksəlmiş səpmə bir yerdə öz-özünə itə, lakin həmin vaxt başqa yerdə meydana çıxa, həmçinin tamamilə reqressivləşə bilər. Bu, pasientin immunitetindən və dəridə toplanmış “mənfi” günəş enerjisinin miqdarından asılıdır. Xəstəlik proqressivləşərsə, onda bu proses ləng gedər. Aktinik keratoz daimi diqqət tələb edir, çünki bir neçə il sonra xəstəlik bədxassəli formaya keçə bilər, bu zaman ərpin ətrafında iltihabi haşiyə, ağrı və qaşınma əmələ gəlir.

Аktinik keratozun diaqnostikası və müalicəsi

Aktinik keratoz kliniki əlamətlər və histoloji müayinənin nəticələrinə əsasən diaqnostika olunur. Differensial diaqnoz yalnız biopsiyanın köməyilə təsdiq olunur. Aktinik keratozu seboreya, xoşxassəli lixena, senil lentiqo, qırmızı qurdeşənəyi, verrukoz nevus, psoriaz, qırmızı yastı dəmrov, gövdənin dermatofitiyası, Bouen xəstəliyi, xondrodermatit, prokeratoz, keratoakantomalar, yastıhüceyrəli və bazalhüceyrəli dəri xərçəngi, bədxassəli melanoma və radiasion dermatitdən fərqləndirmək vacibdir.

Aktinik keratozlu hər bir pasientin müalicə üsulunu həkim-dermatoloq fərdi şəkildə, bütöv kliniki-laborator müayinələrə əsasən seçir. Xoşxassəli senil keratoz zamanı törəmələrin aparatlarla kəsilməsi metodları istifadə olunur. Lazer koaqulyasiya daha atravmatik, ağrısız və effektlidir; kriodestruksiya metodu isə daha məşhur və maddi baxımdan daha əlçatandır. Maliqnizasiya ehtimalı olduqda dermatoonkoloq konsultasiyası və cərrahi müdaxilə göstərişdir.

Аktinik keratozun profilaktikası

Aktinik keratozun yaranmasının qarşısını almaq çətindir. Biz hamımız günəşin övladlarıyıq. Bioloji olaraq ondan asılıyıq, qaralmağı, açıq havada gəzməyi, səyahət etməyi, idmanla məşğul olmağı sevirik. Lakin 40 yaşlarında maliqnizasiyaya meyilli problemli dəriyə sahib olmamaq üçün günəş şüaları ilə davranma qaydalarını bilməliyik: tövsiyə olunan vaxtlarda (1000 – 1400) qaralmaq; ultrabənövşəyi şüalardan qorunmaq üçün kremlərdən, əgər ehtiyac olarsa, qışda da istifadə etmək; günəş şüalarından qoruyan rahat paltarlar geyinmək və bütün ili süni qaralmaya çox tənqidi yanaşmaq. Doğuş ləkələri və ya hər hansı başqa bir “ərpin” ilk əlamətləri zamanı dərhal dermatoloq konsultasiyası lazımdır, çünki xəstəliyin sonrakı inkişafını proqnozlaşdırmaq, demək olar ki, mümkün deyil.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: