Аktinomikoz

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2088

aktinomikoz nədir?Аktinomikoz — şüalanan göbələklər (aktinomisetlər) tərəfindən törədilən infeksion xəstəlikdir. Xəstəlik bərk qranuloma, fistul və absesin inkişafı ilə birincili-xroniki  gedişə malikdir. Aktinomikoz nəinki dərini, həm də daxili orqanları zədələyə bilər. Xəstəliyin diaqnostikası ifrazatda xarakterik göbələk miselinin aşkarlanması və qidalı mühitə əkilmə zamanı spesifik koloniyaların inkişafının təyininə əsaslanır. Aktinomikozun müalicəsində antibiotikoterapiya ilə yanaşı aktinolizat yeridilir, dərinin UBŞ-si, yod elektroforezi tətbiq olunur. Göstərişlərə əsasən absesin yarılması, fistulların operativ müalicəsi, abdominal və plevral boşluğun drenajı həyata keçirilir.

  • Aktinomikozun səbəbləri
  • Aktinomikozun təsnifatı
  • Aktinomikozun simptomları
  • Aktinomikozun diaqnostikası
  • Aktinomikozun müalicəsi
  • Aktinomikozun proqnoz və profilaktikası

Аktinomikozun səbəbləri

Aktinomikozların törədicilərinə – Actinomyces  cinsinə mənsub olan göbələklərə təbiətdə tez-tez rastlanır. Onlar su hövzələrində, bitkilərdə və ya samanda yerləşirlər. Aktinomisetlər insan orqanizminə zədələnmiş dəri vasitəsilə, nəfəs və qida ilə daxil olur.   Onlar əksər hallarda xəstəliyə səbəb olmur, saprofit flora kimi ağız boşluğunun və gözlərin selikli qişasında yaşayırlar. Ağzın, mədə-bağırsaq traktının və ya tənəffüs orqanlarının iltihabi prosesləri aktinomisetləri parazit vəziyyətə gətirə və aktinomikozun inkişafına şərait yarada bilər. Aktinomikoz həmçinin kənd təsərrüfatı heyvanlarında da rastlana bilər. Lakin insanın heyvandan və ya xəstə insandan yoluxması baş vermir.

Dəri aktinomikozu aktinomisetlərin yaralardan və dərinin müxtəlif zədələrindən keçməsi nəticəsində birincili yarana bilər. Dərinin ikincili zədələnməsi daxildən, altda yerləşən toxumalar (badamcıqlar, dişlər, limfatik düyünlər, əzələlər, süd vəziləri) və daxili orqanlardan keçməsi nəticəsində inkişaf edə bilər.

Аktinomikozun təsnifatı

Patoloji prosesin lokalizasiyasından asılı olaraq aktinomikozların aşağıdakı formaları ayırd edilir:

  • boyun-çənə-üz;
  • torakal;
  • abdominal;
  • dəri;
  • urogenital;
  • oynaq və sümüklərin aktinomikozu;
  • MSS aktinomikozu;
  • pəncənin aktinomikozu (misetoma, madur pəncəsi)

Аktinomikozun simptomları

Aktinomikozlar zamanı inkubasion dövrün davametmə müddəti dəqiq məlum deyil. Xəstəlik uzun və proqressivləşən gedişə malikdir, bəzən 10-20 il davam edə bilər. Başlanğıc dövrdə pasientin normal səhhəti saxlanır, lakin daxili orqanların zədələnmələrində vəziyyət ağırlaşa, kaxeksiya yarana bilər.

Dəri aktinomikozu daha çox çənəaltı, sakral (oma) və qalça nahiyələrini zədələyir. O, dərialtı toxumanın qalınlaşması və üzərini göyümtül-bənövşəyi rəngli dərinin örtməsi ilə təzahür edir. Qalınlaşmalar şarabənzər və, demək olar ki, ağrısız olur. Başlanğıcda onlar sərt olur, sonra yumşalır və çətin sağalan fistulların yaranması ilə açılır. Fistulun irinli ifrazatında qan da ola bilər. Bəzən onun tərkibində sarı dənəciklər – aktinomiset druzları mövcud olur.

Dəri aktinomikozunun 4 növü var. Ateromatoz forma daha çox uşaqlarda rastlanır. Bu formada infiltrat ateromanı xatırladır. Qabarcıq-pustulyoz aktinomikoz dəridə dərin pustulalara keçən qabarcıqlar, sonralar isə fistullar əmələ gəlməsi ilə başlayır. Qummoz-düyünlü forma üçün qığırdaq sıxlıqlı düyünlər xarakterikdir. Xoralı aktinomikoz, bir qayda olaraq, zəifləmiş pasientlərdə inkişaf edir. Bu zaman infiltratın irinləməsi mərhələsi toxumaların nekrozu və xoranın əmələ gəlməsilə sonlanır.

Boyun-çənə-üz aktinomikozu başqaları ilə müqayisədə daha çox yayılıb və bir neçə – əzələ (əzələ forması), dərialtı toxuma və dərinin zədələnməsi formasında rastlanır. Proses üzə, boyuna, dodaqlara, dilə, qırtlağa, traxeyaya və göz yuvasına yayıla bilər. Əzələ formasında xarakterik infiltrat daha çox çeynəmə əzələlərində əmələ gəlir, trizmə və üzün asimmetriyasına gətirib çıxarır.

Torakal aktinomikoz soyuqdəymə simptomları – ümumi zəiflik, subfebril temperatur, quru öskürək ilə başlayır. Sonralar yaş öskürək meydana çıxır, mis dadlı və torpaq qoxulu selikli-irinli bəlğəm xaric olunur. Aktinomikotik infiltrat tədricən mərkəzdən döş qəfəsinin divarlarına yayılır və dəriyə keçərək bronxlara açılan fistullar formalaşdırır. Belə fistullar nəinki döş qəfəsinə, həm də lumbar nahiyəyə və hətta budlara da açıla bilər.

Abdominal aktinomikoz tez-tez kəskin cərrahi patologiyanı (bağırsaq keçməzliyi, appendisit və s.) imitasiya edir. O, bağırsağa, qaraciyərə, böyrəklərə, onurğaya yayıla və qarnın on divarına qədər çatıb dəriyə bağırsaq fistulları şəklində açıla bilər. Düz bağırsağın aktinomikozu paraproktitin klinik mənzərəsi ilə gedir. Urogenital (sidik-cinsiyyət orqanlarının) aktinomikoz nadir xəstəlik olub tez-tez qarın boşluğu infeksiyasının keçməsi nəticəsində ikincili olaraq inkişaf edir.

Oynaqların və sümüklərin aktinomikozu, adətən, prosesin başqa orqanlardan yayılması nəticəsində əmələ gəlir. Oynaqların zədələnməsi onların kəskin funksional pozulmaları ilə müşayiət olunmur; sümüklərin aktinomikozu isə osteomielit tipi üzrə gedir. İnfiltratın dərinin səthinədək yayılması fistulların yaranmasına gətirib çıxarır. Misetoma ayaqaltında bir neçə bərk, dərisi tədricən göyümtül-bənövşəyi rəng alan “noxudcuqlar” təzahür edir.  Qalınlaşmaların miqdarı artır, pəncənin forması dəyişir və irinli fistul əmələ gəlir. Prosesə vətərlər, əzələlər və pəncənin sümükləri də qoşula bilər.

Аktinomikozun diaqnostikası

Aktinomikozun xarakterik klinik mənzərəsinin inkişafı zamanı diaqnostika çətinlik törətmir. Lakin xəstəliyin erkən mərhələsində düzgün diaqnozun qoyulması vacibdir. Bəlğəmdə, burundan və ya tağdan götürülmüş yaxmada aktinomisetlərin aşkarlanması diaqnostik əhəmiyyət daşımır; çünki bu, sağlam insanlarda da müşahidə oluna bilər. Buna görə də fistulun ifrazatı götürülür və ya zədələnmiş orqan dəridən keçməklə punksiya olunur. Müayinə olunan materialın adi mikroskopiyası aktinomikoz diaqnozunu qoymağa  imkan verən aktinomisetləri druzları aşkarlaya bilər. Sonrakı spesifik antigenlə immunoflurossent reaksiyası (İFR) aktinomisetlərin növünü müəyyənləşdirməyə yönəlmişdir.

Aktinomikozlarda müayinə olunan materialda druzların olmaması diaqnostikada çətinlik yaradır. Bu, xəstəliyin klinik hallarının 75%-ində müşahidə olunur. Belə hallarda diaqnostikanın yeganə etibarlı üsulu irinin və ya biopsiya materialının Sabura mühitində əkilməsidir. Əkilmiş materialda aktinomikozun tam və etibarlı müayinəsi 2 həftədən artıq vaxt ala bilər. Lakin artıq 2-3 gün sonra mikroskopiyada aktinomikoz üçün xarakterik koloniyalar aşkar olunur. Yaxmanın müayinəsi zamanı yanaşı mikrofloranın inkişafı və onun onun antibiotiklərə həssaslığı mütləq nəzərə alınmalıdır.

Aktinomikozun seroloji diaqnostikası təəssüf ki, kifayət qədər spesifik deyil. PZR-müayinəsi isə hələ ki, işlənir.

Аktinomikozun müalicəsi

Aktinomikozun müalicəsi aktinolizatın əzələdaxili və dərialtı yeridilməsi ilə aparılır. Bununla bərabər, yanaşı gedən floranı basqılayan və ikincili infeksiyaların qarşısını alan anbiotikoterapiya həyata keçirilir. Hər bir xroniki infeksiya kimi aktinomikoz da əlavə olaraq dezintoksikasion və ümumi möhkəmləndirici terapiya tələb edir.

Aktinomikoz zamanı tətbiq olunan fizioterapevtik müalicəyə zədələnmiş dərinin UBŞ-si, aktinolizat və yodla yerli elektroforez aiddir. Abses yarandıqda onun yarılması mütləqdir.  Həmçinin fistulların cərrahi müalicəsi, qarın boşluğu və ya plevral boşluğun drenajı tələb oluna bilər. Ağciyərlərin geniş miqyaslı zədələnmələi zamanı lobektomiya aparıla bilər.

Аktinomikozun proqnozu və profilaktikası

Daxili orqanların aktinomikozu spesifik müalicə olunmadıqda letal sonluğa gətirib çıxara bilər. Daha yüngül forma boyun-çənə-üz aktinomikozu hesab olunur. Pasientlərin sağalmasından sonra residivlərin inkişafı mümkündür.

Aktinomikozların spesifik profilaktikası yoxdur. Qeyri-spesifik profilaktika isə gigiyena qaydalarına riayət, dəri travmalarının qarşısının alınması, dişlərin, ağız boşluğu, badamcıqlar, tənəffüs və mədə-bağırsaq traktı orqanlarının iltihabi proseslərinin  vaxtında müalicəsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: