Stomatologiya – ağız boşluğu orqanlarının fizioloji və patoloji vəziyyətlərinin öyrənilməsi, habelə onların xəstəliklərinin müalicə-profilaktikası ilə məşğul olur. Stomatologiyanın maraq dairəsinə nəinki dişlər, həmçinin bütün diş-çənə sistemi və ağız boşluğunun selikli qişası daxildir. Müasir stomatologiya müalicə ilə yanaşı məsələnin estetik tərəfinə də diqqət yetirərək, hər bir pasiyentin “idela gülüşə” sahib olmasına çalışır. Həkim-stomatoloqlar diş xəstəliklərinin effektiv profilaktika üsul kimi ağız boşluğuna düzgün qulluq qaydalarına xüsusi əhəmiyyət verirlər.
Müalicə üsullarına əsaslanaraq, stomatologiyada aşağıdakı bölmələr ayırd edilir:
terapevtik stomatologiya (mina və diş kanalı xəstəliklərinin müalicəsi);
cərrahi stomatologiya (ağız boşluğu orqanlarının xəstəliklərinin cərrahi müalicəsi);
ortopedik stomatologiya (dişlərin protezlənməsi);
ortodontiya (dişləmin düzəldilməsi);
paradontologiya (diş əti və diş toxumalarını əhatə edən paradont xəstəliklərinin müalicəsi);
uşaq stomatologiyası (uşaqların anatomik-fizioloji xüsusiyyətlərini nəzərə almaqla stomatoloji xəstəliklərin müalicə üsullarının hazırlanması).
Son illərdə stomatologiyada yeni istiqamətlər: implantologiya və estetik stomatologiya geniş formada inkişaf etmişdir.
üz nahiyəsinin anadangəlmə inkişaf qüsurları (dodaq və damaq yarıqları – dovşandodaqlıq, qurdağızlıq);
dişlərin, çənə, dil və dodaqların travmatik zədələnmələri (dişin sınması və s.);
tüpürcək vəzilərinin xəstəlikləri və s.
Ağız boşluğunun infeksiyaları törədicilərin bütün orqanizmə yayılması üçün əlverişli ocaq sayılır. Ağız boşluğunun vəziyyətinə əsasən insanın sağlamlığı barədə fikir yürütmək mümkündür. Statistik məlumatlara əsasən dünya əhalisinin 87%-i ağız boşluğunun sanasiyasına ehtiyac duyur. Bura defektlərin plomblanması, diş ərpi və daşın təmizlənməsi, ortodontik və ortopedik müalicə aiddir.
Dişlərin vəziyyəti ağır boşluğu və bütünlükdə orqanizmin sağlamlıq göstəricisidir. Onların formalaşması hələ bətndaxili inkişaf dövrünə təsadüf edir. Süd dişləri təxminən körpə doğulduqdan 6 ay sonra, daimi dişlər isə 6-8 yaşlarda çıxır. Uşaqlıq dövründə çıxan daimi dişlər insanı ömür boyu müşayiət etdiyindən onlara həyatın bütün mərhələlərində qulluq edilməlidir.
Stomatologiyanın imkanları
Hazırda stomatologiyada ağrısız, təhlükəsiz və effektiv üsullardan, müasir materiallardan istifadə olunur. Dişlər yalnız bərpa və qorunma imkanının olmadığı təqdirdə çəkilir. Belə vəziyyətlərdə möhkəm və estetik materiallarla diş sırasının tamlığı bərpa olunur.
Günümüzdə sağlam dişlər və gözəl təbəssüm insanın sosial mühitdə uğur atributu hesab olunur. Mükəmməl və qüsursuz «Hollivud» gülüşünün yaradılması estetik stomatologiyanın öhdəliklərindəndir. Bu sahənin fəaliyyət dairəsinə dişlərin estetik baxımdan bərpası, onların ağardılması, forma və ölçülərinin yaxşılaşdırılması daxildir.
Hazırda stomatologiya tibbin ən dinamik inkişafa malik olan sahələrindəndir. Lakin ağız boşluğunun sağlamlığının qorunması təkcə həkim-stomatoloqdan deyil, həm də pasiyentin həyat tərzindən asılıdır. Şirniyyat qəbulunu məhdudlaşdırmaq, zərərli vərdişləri uzaqlaşdırmaq, diş və damaqlara düzgün qulluq etmək və mütəmadi şəkildə stomatoloqun müayinəsindən keçmək dişlərin uzun illər boyu sağlam qalmasına imkan verir.