Adentiya
Adentiya – diş-çənə sisteminin inkişaf anomaliyaları və ya dişlərin itirilməsi nəticəsində onların tam və ya hissəvi olmamasıdır. Patologiya diş sırasının tamlığının, çeynəmə və danışıq funksiyalarının pozulması, kosmetik defekt; ağır hallarda üz skeletinin deformasiyası, gicgah-çənə oynağının xəstəlikləri, sonralar dişlərin itirilməsi ilə xarakterizə olunur. Adentiyanın diaqnostikası mütəxəssis-stomatoloq tərəfindən inspeksiya və palpasiya, hədəfli intraoral rentgenoqrafiya, ortopantoqrafiyaya əsasən aparılır. Xəstəliyin müalicəsi hissəvi və ya tam çıxarıla bilən protezlərin və ya dental implantasiyanın köməyilə rasional protezləmənin aparılmasından ibarətdir.
- Adentiyanın təsnifatı
- Adentiyanın səbəbləri
- Adentiyanın ilkin simptomları
- Adentiyanın ikincili simptomları
- Adentiyanın diaqnostikası
- Adentiyanın müalicəsi
- Adentiyanın profilaktikası
Adentiya barədə ümumi məlumat
Adentiya ağız boşluğunda ayrı-ayrı və ya bütün dişlərin olmaması ilə xarakterizə olunan diş sırasının birincili və ya ikincili defektidir. Patologiya stomatologiyada hiperodontiya (dişlərin norma ilə müqayisədə həddən artıq çox olması) və hipodontiya (dişlərin norma ilə müqayisədə az olması) ilə birlikdə dişlərin miqdar anomaliyalarının xüsusi bir halı kimi qiymətləndirilir. Tam anadangəlmə adentiyaya nadir hallarda rast gəlinir; uşaqlarda diş-çənə anomaliyaları arasında hissəvi adentiyanın yayılması təxminən 1% təşkil edir. 60 yaşdan yuxarı insanlarda hissəvi ikincili adentiya 45-75%, tam adentiya isə 25% hallarda aşkarlanır. Adentiya təkcə estetik defekt deyil; o, diş-çənə sisteminin, MBT-nın funksiyalarının pozulması, artikulyasiya və diksiyanın pisləşməsi, psixoloji dezadaptasiya, insanın sosial davranışlarının dəyişilməsi ilə müşayiət olunur.
Adentiyanın təsnifatı
Səbəbindən və yaranma vaxtından asılı olaraq birincili (anadangəlmə) və ikincili (qazanılma), həmçinin müvəqqəti və daimi adentiyalar ayırd edilir. Diş kökünün olmaması həqiqi anadangəlmə adentiyadan; qonşu dişlərin taclarının parlaması və ya dişçıxarmanın ləngiməsi (retensiya) yalançı adentiyadan xəbər verir.
Dişlərin miqdarının qeyri-kafiliyindən asılı olaraq adentiya hissəvi (bəzi dişlərin olmaması) və tam (bütün dişlərin olmaması) ola bilər. Hissəvi anadangəlmə adentiya dedikdə 10-a yaxın dişin (adətən, yan kəsici, ikinci kiçik azı, üçüncü böyük azı) olmaması nəzərdə tutulur; 10-dan artıq dişin olmaması çoxsaylı adentiya kimi təsnif olunur. Hissəvi ikincili adentiyanın kriteriyalarına çənədə 1-15 dişin olmaması aiddir.
Ortopedik stomatologiyada hissəvi ikincili adentiyanın Kennedi təsnifatından istifadə olunur. Təsnifata əsasən diş sırası defektlərinin 4 sinfi ayırd edilir:
- I – ikitərəfli terminal defektin (distal qeyri-məhdud defekt) olması;
- II – birtərəfli terminal defektin (distal qeyri-məhdud defekt) olması;
- III – birtərəfli bağlı defektin (distal məhdud defekt) olması;
- IV – frontal bağlı defektin olması (ön dişlərin olmaması).
Hissəvi ikincili adentiyanın hər bir sinfi öz növbəsində yarımsiniflərə bölünür; bundan başqa, müxtəlif siniflərin və yarımsiniflərin defektləri öz aralarında kombinasiya olunurlar. Simmetrik və asimmetrik adentiyalar da ayırd edilir.
Adentiyanın səbəbləri
Birincili adentiyanın əsasında diş kökünün məhvi və ya olmaması durur. Bununla yanaşı, birincili adentiya irsi ola və ya dölün diş lövhəsinin formalaşmasına zərərli faktorların təsiri nəticəsində inkişaf edə bilər. Belə ki, müvəqqəti dişlərin əsasının qoyulması bətndaxili inkişafın 7-10-cu həftələrində; daimi dişlərin isə 17-ci həftədə baş verir.
Tam anadangəlmə adentiya çox nadir haldır və irsi ektodermal displaziyalar arasında yer alıb. Bu halda adentiya ilə yanaşı, xəstələrdə, adətən, dəri, saçlar, dırnaqlar, tər və piy vəziləri, sinirlər, göz bülluru və s.-in inkişafdan qalması qeyd olunur. Anadangəlmə patologiyadan başqa birincili adentiya teratogen faktorların, endokrin pozulmaların, infeksion xəstəliklərin; bətndaxili dövrdə mineral mübadiləsinin pozulmasının və s. təsiri nəticəsində dişin əsasının sorulması ilə əlaqəli ola bilər. Məlumdur ki, dişin kökünün məhvi hipotireoz, ixtioz, hipofizar nanizm zamanı da baş verir.
İkincili adentiyanın səbəbi pasiyentin həyat prosesləri nəticəsində dişlərini itirməsidir. Dişlərin hissəvi olmaması, adətən, dərin karies, pulpit, parodontit, periodontit, dişlərin və/ və ya onların köklərinin ekstraksiyası, dişlərin travmaları, odontogen osteomielit, periostit, perikoronarit, abses və ya fleqmonaların və s. nəticəsidir. Bəzən ikincili adentiyanın səbəbi dişlərin terapevtik və ya cərrahi müalicəsinin (köklərinin zirvəsinin rezeksiyası (apikoektomiya), sistotomiya, sistektomiya) qeyri-düzgün aparılmasıdır. Hissəvi ikincili adentiyada vaxtında ortopedik kömək tətbiq olunmadıqda dişlərin itirilməsi prosesi proqressivləşir.
Adentiyanın ilkin simptomları
Tam birincili adentiya həm süd, həm də daimi dişlərdə rastlanır. Tam anadangəlmə adentiya zamanı dişlərin və diş köklərinin olmamasından başqa, bir qayda olaraq, üz skeletinin inkişafının pozulması (üzün aşağı hissəsinin ölçülərinin kiçilməsi, çənənin inkişafdan qalması, supramental qırışın kəskin ifadəliliyi, yastı damaq) da baş verir. Əmgəklərin, kəllə və üz-çənə sümüklərinin bitişməməsi qeyd oluna bilər. Anhidrotik ektodermal displaziya zamanı adentiya anhidroz və hipohidrozla kombinasiya olunur; bu zaman qaşlar və kirpiklər olmur, selikli qişaların solğunluğu və quruluğu, dərinin erkən qocalması təyin olunur.
Birincili tam formalı adentiyaya malik xəstələr dişləmək və çeynəmək imkanından məhrumdular, buna görə də onlar yalnız maye və yumşaq qidalar qəbul etmək məcburiyyətindədirlər. Burun keçidlərinin natamam inkişafının nəticəsi qarışıq ağız-burun tənəffüsüdür. Danışığın pozulması çoxsaylı tələffüz pozulması ilə özünü göstərir; bu zaman dil-diş səslərinin ([t], [d], [n], [s], [z]) artikulyasiyası da defektli olur.
Hissəvi birincili adentiyanın əsas əlaməti diş sırasında dişlərin sayının azalmasıdır. Diş defekti olan nahiyədə qonşu dişlər arasında boşluqlar əmələ gəlir, qonşu dişlərin diş defekti olan sahəyə daxil olması, çənənin inkişafdan qalması baş verir. Bu zaman antaqonist dişlər diş sırasından kənar yerləşə, bir-birinin üzərinə keçə və ya ağız boşluğuna çıxmamış ola bilər. Adentiya zamanı ön diş qruplarında dişlərin arasından tələffüz olunan səslər qeyd olunur. Dişlərarası boşluqlar və dişlərin qeyri-düzgün yerləşməsi xroniki lokalizasiyalı gingivitin inkişafına gətirib çıxara bilər.
Adentiyanın ikincili simptomları
Süd və ya daimi dişlərdə ikincili adentiya dişlərin tökülməsinin və ya ekstraksiyasının nəticəsidir. Bu halda diş sırası dişçıxarma formalaşdıqdan sonra pozulur.
Dişlər tamamilə olmadıqda çənə buruna doğru yerini dəyişir, ağızətrafı yumşaq toxumalar geri çəkilir, çoxsaylı qırışlar əmələ gəlir. Tam adentiya çənənin əhəmiyyətli dərəcədə reduksiyası – başlanğıcda alveolyar çıxıntının, sonra isə çənənin cisminin osteoporozu ilə müşayiət olunur. Tez-tez ağrısız çənə ekzostozları və ya diş dəliyinin kənarı ilə yaradılan ağrılı sümük törəmələri əmələ gəlir. Birincili tam adentiyada olduğu kimi qidalanma və danışıq pozulur.
İkincili hissəvi adentiyada saxlanmış dişlər tədricən yerini dəyişirlər və uzaqlaşırlar. Bununla bərabər, çeynəmə prosesində onların üzərinə böyük yük düşür; bu zaman adentiya hissələri nahiyəsinə təzyiq düşmür; beləliklə, sümük toxumasının destruksiyası ilə müşayiət olunur.
İkincili hissəvi adentiya dişlərin patoloji aşınması, hiperesteziya, dişləri bir-birinə toxundurduqda, hər hansı bir mexaniki və ya termiki təsirlərə məruz qaldıqda ağrılar; patoloji diş əti və sümük ciblərinin əmələ gəlməsi, anqulyar xeylitlə ağırlaşa bilər. Güclü hissəvi adentiya zamanı vərdiş olunmuş gicgah-çənə oynağının çıxıqları və ya yarımçıxıqları yarana bilər.
Adentiya zamanı kosmetik defektlər üz ovalının dəyişməsi, burun-dodaq şırımının dərinləşməsi, çənədə (alt dodağın altında) qırışlar, ağız küncünün düşməsi ilə xarakterizə olunur. Frontal dişlər olmadıqda dodaqlar içəriyə çəkilir; yan dişlər nahiyəsində defektlər olduqda isə yanaqlar batır.
Adentiyalı pasientlərdə tez-tez qastrit, mədənin xora xəstəliyi, kolitlər yaranır və onların müalicəsi təkcə stomatoloq deyil, həm də qastroenteroloqun köməyilə aparılır. Dişlərin itirilməsi insanın özünə inamının azalması, psixoloji və fiziki diskomfort, sosial davranışların dəyişilməsi ilə müşayiət olunur.
Adentiyanın diaqnostikası
Adentiyanın diaqnostikasında və aradan qaldırılmasında müxtəlif sahələr üzrə ixtisaslaşmış stomatoloqların – terapevt, cərrah, ortoped, ortodont, implantoloq, parodontoloq iştirakı tələb olunur.
Adentiyanın diaqnostikası anamnezin toplanması, kliniki müayinə, xronoloji yaşın dişlərlə müqayisəsi, palpator müayinədən ibarətdir. Dişçıxarma dövründə defekt yarandıqda diaqnozu dəqiqləşdirmək məqsədilə, adətən, hədəfli intraoral rentgenoqrafiya tətbiq olunur. Çoxsaylı və ya tam adontiya zamanı panoram rentgenoqrafiya və ya ortopantoqrafiya, ehtiyac olduqda gicgah-çənə oynağının rentgenoqrafiyası və ya KT-si aparılır. Rentgenoloji müayinə diş kökünün olmamasını təyin etməyə, diş əti ilə örtülmüş kökləri, ekzostozları, ağız boşluğunun şişlərini aşkarlamağa, alveolyar çıxıntının vəziyyətini, iltihab əlamətlərini və s. qiymətləndirməyə imkan verir.
Adentiyanın müalicəsinin planlanması mərhələsində çənənin izi götürülür, çənənin diaqnostik modellərinin hazırlanması və öyrənilməsi həyata keçirilir.
Adentiyanın müalicəsi
Adentiyanın aradan qaldırılmasının əsas metodları çıxarıla bilməyən (körpüşəkilli) ortopedik konstruksiyalar və çıxarıla bilən diş protezlərinin (qövsşəkilli, plastin) istifadəsi ilə protezləmədir. Adentiyanın müalicə metodunun seçimi stomatoloq-ortoped tərəfindən pasiyentin diş-çənə sisteminin anatomik, fizioloji, gigiyenik xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.
Tam adentiya zamanı çıxarıla bilməyən protezləmə dental implant dəstəyinin (mini-implant) qoyulmasını təklif edir; daha sonra protez bağlanır. Hissəvi adentiyada dayaq kimi intakt və ya yaxşı müalicə olunmuş diş istifadə olunur. İkincili hissəvi adentiyanın dəf edilməsi metodu taclar qoymaqla klassik dental implantasiyadır.
Anadangəlmə adentiyalı uşaqların müalicəsinə 3-4 yaşdan başlamaq olar. Tam birincili adentiya zamanı ortopedik tədbirlərə tam çıxarıla bilən plastin protezlərin hazırlanması aiddir. Bu protezlər hər 1,5-2 ildən bir yenilənir. Hissəvi çıxarıla bilən plastin protezlərlə protezləmə birincili hissəvi adentiyalarda da göstərişdir. Çıxarıla bilən protezin körpüşəkilli ilə əvəzlənməsi çənənin inkişafı tamamilə başa çatdıqdan sonra həyata keçirilir.
Çıxarıla bilən plastin protezlərin istifadəsi zamanı protez stomatiti, diş əti toxumasının yataq yaraları, protez materialının polimerlərinə və boyayıcılara qarşı allergiyanın inkişaf riski var. Hissəvi adentiyanın müalicəsinə başlamazdan əvvəl ağız boşluğunun tam peşəkar gigiyenasının aparılması, ehtiyac olduqda kariesin, pulpitin, periodontitin, parodontitin kompleks müalicəsi, dişlərin hiperesteziyasının dəf edilməsi, saxlanmayan dişlərin və köklərin ekstraksiyası tələb olunur.
Adentiyanın profilaktikası
Uşaqlarda anadangəlmə adentiyanın profilaktikası dölün bətndaxili inkişafı üçün əlverişli şəraitin təmini, potensial risk faktorlarının istisnasını tələb edir. Normal dişçıxarma müddəti ləngidikdə uşaq stomatoloquna müraciət etmək vacibdir.
İkincili adentiyanın qarşısının alınması müntəzəm profilaktik stomatoloq müayinəsi, gigiyenik tədbirlərin həyata keçirilməsi, ağız boşluğunda patoloji ocaqların vaxtında sanasiyasından ibarətdir. Dişlər itirildikdə adentiyanın proqressivləşməsindən yayınmaq üçün protezləmə mümkün qədər tez icra olunmalıdır.