Aktinik xeylit
Aktinik xeylit – ultrabənövşəyi şüaların təsirinə qarşı patoloji həssaslıq (sensibilizasiya) nəticəsində yaranan dodaqların xroniki iltihabi xəstəliyidir. Yanğı hissi, qaşınma, ödem, davamlı hiperemiya, dodaqların qırmızı haşiyəsi deskvamasiyası ilə xarakterizə olunur. Aktinik xeylit anamnez, obyektiv müayinə zamanı aşkarlanmış simptomlar və biopsiyanın nəticəsinə əsasən diaqnostika olunur. Xəstəliyin müalicəsi vitaminoterapiya, kortikosteroid preparatların və dərman bitkilərinin dəmləmələrinin yerli təyinindən ibarətdir. Pasientə günəş şüaları altında qalmanı məhdudlaşdırmaq və şüaların qıcıqlandırıcı təsirindən müdafiə olunmaq üçün vasitələrdən istifadə etmək tövsiyə olunur.
- Aktinik xeylitin səbəbləri və təsnifatı
- Aktinik xeylitin simptomları
- Aktinik xeylitin diaqnostikası və müalicəsi
- Aktinik xeylitin proqnozu və profilaktikası
Aktinik xeylit barədə ümumi məlumat
Aktinik xeylit – dodaq toxumasının ultrabənövşəyi şüaların təsirinə qarşı allergik reaksiya nəticəsində yaranan iltihabıdır. Xəstəlik xroniki, residivləşən xarakter daşıyır; fəsadlaşma dövrləri, adətən, ilin isti aylarında, günəşlə sıx əlaqədar olaraq baş verir. Payız-qış aylarında patologiyanın simptomları, adətən, müstəqil şəkildə sönür. Aktinik xeylit 30-60 yaşlı, açıq dərili kişilərdə nisbətən çox rastlanır; lakin uşaqlar uzun müddət günəş şüaları altında olduqda onlarda da yarana bilər. Xəstəlik dəri örtüklərinin yüksək fotohəssaslığının başqa formalarını, məsələn, günəş dermatitini tez-tez müşayiət edir. Əlavə risk faktorları (siqaret çəkmə və s.) olduqda dodağın zədələnmiş nahiyələrinin bədxassəli transformasiyaları (maliqnizasiyası) mümkündür.
Aktinik xeylitin səbəbləri və təsnifatı
Aktinik xeylit yaranma səbəbi ultrabənövşəyi şüaların təsirinə qarşı patoloji həssaslığın səbəb olduğu ləng tipli allergik reaksiyadır. Sensibilizasiya tez-tez qaraciyər, öd kisəsi və mədə-bağırsaq traktının başqa orqanlarının patologiyaları (hepatit, xroniki xolesistit, pankreatit, qastrit, onikibarmaq bağırsağın xora xəstəliyi) fonunda əmələ gəlir. Stomatologiyada xəstəliyin iki – eksudativ və quru forması ayırd edilir.
Aktinik xeylitin eksudativ forması dodaqların ödemi və hiperemiyası, həmçinin onların üzərində eritema və kiçik qovuqcuqların əmələ gəlməsi ilə özünü göstərir. Pasiyent qaşınma, yanma hissi, bəzən ağrı duyur. Qısa müddətdən sonra qovuqcuqlar partlayır, onların yerində kiçik eroziyalar qalır və bu ocaqlar sonralar qabıqcıqlarla örtülür. Xəstəliyin uzunmüddətli xroniki gedişində zədələnmiş dəri bəzən sərtləşir və qismən buynuzlaşır, onun üzərində xoralar və çatlar əmələ gəlir.
Aktinik xeylitin quru forması dodaqların qızarması, quruması və deskvamasiyası ilə özünü göstərir. Onların səthində kiçik pulcuqlar meydana çıxır; bəzən xoralar və çatlarla müşayiət olunan lokal buynuzlaşma yarana bilər.
Aktinik xeylitin simptomları
Aktinik xeylit, demək olar ki, həmişə günəş şüalarına daha çox məruz qalan alt dodaqda inkişaf edir; üst dodaq patoloji prosesə çox nadir hallarda cəlb olunur. Patologiyanın eksudativ forması üçün kəskin allergik kontakt dermatitin klinik simptomları xarakterikdir. Bu zaman dodağın haşiyəsi bir qədər şişkinləşir, onun üzərində qızartı sahələri (eritema) və kiçik qovuqcuqlar yaranır. Onlar qısa zaman ərzində partlayır və yerində yaşaran eroziyalar qoyur. Sonralar eroziv defektin üzərində qabıqcıqlar əmələ gəlir; daha sonra öz-özünə keçib gedir.
Uzunmüddətli gedişində xəstəliyin bu forması toxumalarda remisiya dövründə itməyən dəyişikliklərə səbəb olur. Qırmızı haşiyənin dərisi sərtləşir, lokal buynuzlaşma müşahidə oluna bilər. Daha sonra kifayət qədər aydın nəzərə çarpan xoralar və ya çatlar əmələ gəlir.
Aktinik xeylitin quru forması dodaq haşiyəsinin açıq-qırmızı çaları və onun səthində kiçik, quru, gümüşü rəngli pulcuqların əmələ gəlməsi ilə özünü göstərir. Lokal buynuzlaşma və ocaqlı verrukoz proliferasiya müşahidə oluna bilər. Digər faktorların (siqaretçəkmə, tozlu yerlədə olmaq və s.) təsirindən xəstəliyin bu forması maliqnizasiyaya meyillidir və tez-tez xərçəngönü patologiyaya – abraziv prekanseroz Manqanotti xeyliti, məhdud hiperkeratoza və s. keçir.
İstənilən formalı aktinik xeylit onkoloji prosesin yaranması üçün əlverişli fon ola bilər; buna görə də zədələnmiş nahiyədə uzun müddət mövcud olan bütün törəmələrin histoloji müayinəsi mütləqdir. Xroniki gedişli aktinik xeylit nəticəsində karsinomanın inkişaf ehtimalı yüksək olduğundan pasientlər müntəzəm şəkildə həkim nəzarətində olmalıdırlar.
Aktinik xeylitin diaqnostikası və müalicəsi
Aktinik xeylit stomatoloq tərəfindən ətraflı anamnez və klinik simptomatikaya əsasən diaqnostika olunur. Patoloji prosesin mövsümiliyini müəyyənləşdirmək çox vacibdir; bu, xəstəliyi atopik və eksfoliativ xeylitdən, həmçinin qırmızı qurdeşənəyindən differensiasiya etməyə kömək edir.
Patologiyanın əlamətləri 10-14 gün ərzində aparılan rasional terapiyanın gedişində davamlı olaraq saxlanarsa, həmçinin zədə nahiyəsində uzun müddət eroziyalar, çatlar və başqa törəmələr olduqda xəstəliyin onkoloji xarakterini inkar etmək məqsədilə biopsiyanın icra olunması mütləqdir.
Aktinik xeylitin müalicəsi ilk növbədə patoloji prosesin səbəbinin – ultrabənövşəyi şüaların uzunmüddətli təsirinin aradan qaldırılmasını nəzərdə tutur. Pasientlərə günəş şüaları altında mümkün qədər az olmaq və o, uzun müddət küçədə qalmaqla bağlı olan peşə sahibidirsə, sənətini dəyişmək tövsiyə olunur.
Dərman terapiyası vitaminoterapiya (xüsusən mühüm vitaminlər – B qrupu. A, E, P, C) azdozalı kortikosteroid preparatlar (məsələn, prednizalon) və antimalyariya preparatlarla (məsələn, xloroxin) kompleks şəkildə aparılır. Yerli tətbiqi zamanı kortikosteroid məlhəmlər (prednizolon və ya hidrokortizon) yaxşı effekt verir. Bundan başqa, yağda A və E vitaminləri, metilurasil məlhəmi ilə aplikasiya, həmçinin dental adheziv məcun təyin olunur.
Aktinik xeylitin müalicəsində dərman bitkilərinin dəmləmələri (məsələn, dazıotu, gülümbahar çiçəkləri və s.) ilə ağız boşluğunun yaxalanması və soyuq kompres müsbət nəticə verə bilər. Bu müalicə tədbirlərini tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək mütləqdir.
Aktinik xeylitin proqnozu və profilaktikası
Aktinik xeylitin müalicəsi, bir qayda olaraq, kifayət sürətlə vəziyyətin xeyli yaxşılaşmasına gətirib çıxarır və proqnoz adətən kafidir. Lakin pasiyentlər unutmamalıdır ki, patologiya bədxassəli transformasiyaya meyillidir. Müalicə effekt vermədikdə və ya patoloji vəziyyət pisləşdikdə vaxt itirmədən əlavə müayinələr aparılmalıdır.
Aktinik xeylitin profilaktikası məqsədilə ultrabənövşəyi şüaların qıcıqlandırıcı təsirindən qaçmaq lazımdır. Xüsusən ilin yaz-yay aylarında günəş şüaları altında mümkün qədər qısa müddət ərzində olmağa çalışmaq lazımdır; belə ki, məhz həmin dövrdə fəsadlaşmaların yaranma ehtimalı artır. Bununla yanaşı, fotoqoruyucu kremlərin istifadəsi göstərişdir; lakin onları ehtiyatlı şəkildə istifadə etmək lazımdır; belə ki, kosmetik vasitələr özləri allergik reaksiya törədə bilərlər. Günəşli günlərdə pasiyentlərə geniş şlyapalar geyinmək və ya çətir götürmək tövsiyə olunur; bu, üzü ultrabənövşəyi şüalardan qorumağa imkan verir.
Qaraciyər, öd kisəsi və mədə-bağırsaq traktının başqa orqanlarının xəstəliklərini vaxtında müalicə etmək vacibdir; belə ki, aktinik xeylit çox tez-tez bu xəstəlikləri müşayiət edir.