Allergik stomatit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1617

Allergik stomatit nədir?Allergik stomatit – immunopatoloji reaksiyanın (hiperhəssaslıq, hiperergiya) inkişafı ilə əlaqəli yaranan ağız boşluğunun selikli qişasının iltihabi dəyişiklikləridir. Patologiya ödem, hiperemiya, selikli qişanın qanaması, xoraları və eroziyaları, ağızda yanma hissi, qida qəbulu zamanı ağrılar, hipersalivasiya, bəzən ümumi vəziyyətin pisləşməsi ilə təzahür edir. Allergik stomatitli pasiyentin müayinəsi allerqoloji anamnezin toplanması, allergik reaksiyanın səbəblərinin aşkarlanması, ağız boşluğunun inspeksiyası, provokasion və eliminasion sınaqlar, dəri testlərinin aparılması, tüpürcəyin müayinəsindən və s. ibarətdir. Allergik stomatitin müalicəsi allergenlə kontaktın istisnası, antihistaminlərin qəbulu, selikli qişanın dərmanlarla işlənməsini təklif edir.

  • Allergik stomatitin səbəbləri
  • Allergik stomatitin təsnifatı
  • Allergik stomatitin simptomları
  • Allergik stomatitin diaqnostikası
  • Allergik stomatitin müalicəsi
  • Allergik stomatitin proqnozu və profilaktikası

Allergik stomatit barədə ümumi məlumat

Allergik stomatit – ağız boşluğunda kontakt, mikrob, dərman allergiyaları zamanı yaranan və ya infeksion, dəri, autoimmun və başqa xəstəliklərin yerli təzahürləri kimi çıxış edən patoloji simptomokompleksdir. Ağız boşluğunun allergik zədələnmələri stomatit, papillit, qlossit, gingivit, pareit, palatinit, xeylit formasında gedə bilər. Qeyd olunmuş klinik formalar arasında allergik stomatitə nisbətən çox rast gəlinir. Allergik stomatitlə əlaqəli problem stomatologiya, allerqologiya, immunologiya, dermatologiya, revmatologiya və başqa sahələrin mütəxəssisləri ilə iş birliyi tələb edir.

Allergik stomatitin səbəbləri

Allergik stomatitin yaranması allergenin orqanizmə və ya ağız boşluğunun selikli qişasından birbaşa kontaktla daxil olması ilə əlaqəli ola bilər. Patologiya ilk növbədə sistemli reaksiya (toza, dərmanlara, kif göbələkləri, qida məhsullarına və s. qarşı); ikincisi isə selikli qişa ilə birbaşa kontaktda olmuş qıcıqlandırıcı faktorlara (diş məcunu, diş protezləri, sorulma üçün dərman pastilləri, ağız boşluğu yaxalayıcıları və s.) qarşı yerli reaksiya ilə təzahür edir.

Kontakt allergik stomatitin inkişafı, adətən, stomatologiyada istifadə olunan materiallara (applikasion anesteziya üçün preparatlar, metallik plomblar, breketlər, ortodontik plastinlər, diş tacları, akril və ya metal diş protezləri) qarşı yüksək həssaslıqla əlaqəlidir. Akril protezlərdə allergik faktorlar kimi qalıq monomerlər, nadir hallarda boyayıcılar çıxış edir. Metal diş protezlərinin istifadəsi zamanı xrom, nikel, qızıl, palladium, platin və s. metallardan ibarət ərintilərə qarşı allergik reaksiya inkişaf edə bilər. Bundan başqa, allergik stomatitin patogenezində karies, xroniki tonzillit, həmçinin protezin yatağında toplanmış xəstəlik törədici mikroorqanizmlər və onların selikli qişanı qıcıqlandıran həyat fəaliyyəti məhsulları müəyyən rol oynayır.

Kontakt allergik stomatit daha çox MBT-nın xroniki xəstəlikləri (qastrit, xolesistit, pankreatit, kolit, disbakterioz, helmintoz və s.) və endokrin patologiyalardan (şəkərli diabet, hipertireoz, klimakterik pozulmalar və s.) əziyyət çəkən pasiyentlərdə müşahidə olunur. Bu onunla izah olunur ki, mövcud xəstəlik zamanı üzvi və funksional pozulmalar orqanizmin reaktivliyini dəyişir, kontakt allergenlərə qarşı sensibilizasiyaya səbəb olur.

Stomatitin ağır formalarının inkişafı başqa allergik xəstəliklərə (dərman xəstəliyi, qida allergiyası, rinitlər, övrə, ekzema, Kvinke ödemi, asmatik bronxit, bronxial astma və s.) rəvac verir. Allergik stomatit həmişə izoləolunmuş formada getmir, bəzən vaskulit, hemoragik diatez, çoxformalı eksudativ eritema, sistemli qırmızı qurdeşənəyi, sklerodermiya, Bexçet xəstəliyi, Layell sindromu, Stiven-Conson sindromu və s. bu kimi sistem xəstəliklərinin tərkibinə daxil olur.

Allergik stomatitin təsnifatı

Klinik təzahürlərin xarakterindən asılı olaraq kataral, kataral-hemoragik, bulyoz, eroziv, xoralı-nekrotik allergik stomatitlər ayırd edilir. Etiologiya və patogenezinə görə allergik stomatitlər dərman, kontakt (o cümlədən protez), toksiko-allergik, autoimmun dermatostomatitlər, xroniki residivləşən aftoz stomatit və başqa formalardan ibarətdir.

Simptomların inkişaf sürətindən asılı olaraq ləng və sürətli tip allergik reaksiyalar ayırd edilir: birinci halda allergik stomatit, bir qayda olaraq, angionevrotik Kvinke ödemi formasında gedir. Ləng tipli allergik reaksiya baş verdikdə patologiyanın simptomları, adətən, allergenin təsirindən bir neçə gün sonra təyin olunur. Bəzən diş protezlərinə qarşı allergik stomatit onların istifadəsindən 5-10 il sonra, daha doğrusu, uzunmüddətli simptomsuz sensibilizasiyadan sonra inkişaf edir.

Allergik stomatitin simptomları

Allergik stomatitin təzahürü xəstəliyin formasından asılıdır. Belə ki, kataral və kataral-hemoragik allergik stomatit üçün kserostomiya (ağızda quruluq), yanma hissi, qaşınma, dad duyğusunun (turş; metallik dad) pozulması, qida qəbulu zamanı diskomfort və ağrı xarakterikdir. İnspeksiyada hiperemiyalı və ödemli ağız boşluğu, “laklı” dil; kataral-hemoragik formada hiperemiya fonunda petexial qansızmalar görünür və selikli qişanın qanaması qeyd olunur.

Bulyoz allergik stomatit ağız boşluğunda şəffaf möhtəviyyatlı, müxtəlif ölçülü vezikulun əmələ gəlməsilə gedir. Adətən, qovuqcuqların partlamasından sonra allergik stomatit selikli qişada fibrinoz örtüklə örtülmüş eroziyaların yaranması ilə müşayiət olunan eroziv formaya keçir. Xoraların meydana çıxması lokal ağrıların, xüsusən danışıq və qida qəbulu zamanı kəskin güclənməsi ilə müşayiət olunur. Ayrı-ayrı defektlərin birləşməsi nəticəsində selikli qişada geniş eroziv səth formalaşır. Ümumi səhhətin pisləşməsi (iştahasızlıq, zəiflik, bədən temperaturunun yüksəlməsi) mümkündür.

Təzahürlərinə görə ən ağır forma xoralı-nekrotik allergik stomatitdir. Bu zaman selikli qişanın kəskin hiperemiyası, çirkli-boz rəngli fibrinoz ərplə örtülmüş çoxsaylı xoralar və nekroz ocaqları müəyyən olunur. Xoralı-nekrotik allergik stomatit qida qəbulu zamanı güclü ağrılar, hipersalivasiya, yüksək temperatur, baş ağrıları, çənəaltı limfadenit fonunda gedir.

Allergik stomatit zamanı ümumi simptomlar sinir sistemi tərəfindən funksional pozulmalardan (yuxusuzluq, oyanıqlıq, kanserofobiya, emosional labillik) ibarət ola bilər.

Allergik stomatitin diaqnostikası

Allergik stomatitli pasiyentin müayinəsi stomatoloq tərəfindən, ehtiyac olduqda digər sahələrin mütəxəssislərinin (allerqoloq-immunoloq, dermatoloq, revmatoloq, endokrinoloq, qastroenteroloq və s.) iştirakı ilə həyata keçirilir. Bu zaman allerqoloji anamnezin toplanması və analizi, potensial allergenin aşkarlanması mühüm əhəmiyyət kəsb edir.

Ağız boşluğunun inspeksiyasında həkim selikli qişanın nəmliyini, onun rəngini, defektlərin olub-olmamasını və xarakterini, tüpürcəyin tipini aşkarlayır. Stomatoloji inspeksiya prosesində ağız boşluğunda diş protezlərinin, plombların, ortodontik cihazların olub-olmaması; onların tərkibi və istifadə müddəti, metallik protezlərin rənginin dəyişməsinə və s. diqqət yetirilir.

Tüpürcəyin kimyəvi-spektral analizi və pH-ın müəyyənləşdirilməsi mikroelement tərkibinin keyfiyyəti və kəmiyyətinin qiymətləndirilməsinə və baş verən elektrokimyəvi proseslərin dəyərləndirilməsinə imkan verir. Allergik stomatit zamanı əlavə müayinələr fermentlərin aktivliyinin müəyyənləşdirilməsi ilə tüpürcəyin biokimyəvi analizi, selikli qişanın ağrıya həssaslığının təyini, protezlərin gigiyenik dəyərləndirilməsi, Candida albicans-ın təyini üçün selikli qişadan sıyrıntının götürülməsindən və s. ibarətdir.

Allerqoloji müayinə ekspozision (protezin müvəqqəti çıxarılması və orqanizmin reaksiyasının qiymətləndirilməsi), provokasion (həmin protezin yenidən qoyulması və orqanizmin reaksiyasının qiymətləndirilməsi) sınaqlar, dəri allergik testləri, immunoqrammanın analizini təklif edir.

Allergik stomatitin differensial diaqnostikası B və C hipovitaminozları, herpetik stomatit, kandidoz, selikli qişaların leykoz, QİÇS zamanı zədələnmələri ilə aparılmalıdır.

Allergik stomatitin müalicəsi

Allergik stomatit zamanı müalicə tədbirləri xəstəliyin inkişafına təsir göstərmiş səbəblərdən asılıdır. Allergik xəstəliyin müalicəsində başlıca prinsip allergenlə kontaktın kəsilməsidir; bundan başqa, pəhrizə nəzarət, dərman preparatının ləğvi, diş protezlərindən imtina, ağız yaxalayıcılarının və ya məcunlarının dəyişdirilməsi və s. icra olunmalıdır.

Allergik stomatitin dərman terapiyası, adətən, antihistamin preparatlar (loratadin, dimetidin maleat, xloropiramin və s.), PP, C, B qrupu vitaminləri, fol turşusunun təyinini nəzərdə tutur. Ağız boşluğunun selikli qişasının antiseptiklərlə, ağrıkəsici preparatlarla, fermentlərlə, kortikosteroidlərlə, yarasağaldıcı vasitələrlə (çaytikanı yağı və s.) işlənməsi həyata keçirilir.

Allergik stomatit stomatoloji müalicənin ağırlaşması kimi əmələ gəlmiş pasiyentlərdə sonralar stomatoloq-terapevt, stomatoloq-ortoped, ortodontla konsultasiya; plombun və ya tacların, breket sisteminin, əsas protezin dəyişdirilməsi və s. icra olunur.

Allergik stomatitin proqnozu və profilaktikası

Allergik stomatitin vaxtında diaqnostikası xəstəliyi erkən mərhələlərdə aradan qaldırmağa imkan verir; kataral və kataral-xoral stomatitin müalicəsi, adətən 2 həftədən artıq olmur. Daha ağır və gecikmiş klinik hallarda patologiyanın uzunmüddətli müalicəsi tələb oluna bilər.

Profilaktik tədbirlər ağız boşluğuna qənaətbəxş gigiyenik qulluq, kariesin və diş əti xəstəliklərinin vaxtında müalicəsindən ibarətdir. Diş daşlarının təmizlənməsi, protezlərin korreksiyası, onların vaxtında dəyişdirilməsi üçün müntəzəm şəkildə profilaktik stomatoloq müayinəsindən keçmək lazımdır. Allergik stomatitin profilaktikasında müalicəyə fərdi yanaşma, dişlərin protezlənməsi, hipoallergen materialların istifadəsi mühüm əhəmiyyət kəsb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: