Breket

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 7735

Breket nədir?Breket sistemi – hər bir dişin üzərinə qoyulan kiçik qıfıldan (breket) və onları öz aralarında birləşdirən naqil qövsdən ibarətdir. Burada əsas prinsip qövsü dartmaqla, diş cərgəsinin qüsurlarını korreksiya etməkdir. Breket ilə müalicə dövründə xüsusi fırçalarla onu təmizləmək və eləcə də pəhriz tələb olunur. Breket sistemini taxdıqda ilk günlərdə diskomfort, ağrı, diksiya pozğunluğu və selikli qişada sürtünmələr müşahidə oluna bilər. Onun fəsadlarına allergik reaksiya, karies, diş minasının zədələnməsi, parodontit, gingivit, periodontit, müalicədən sonra dişlərin əvvəlki vəziyyətinə qayıtması aiddir. 

Breket sistemi haqqında ümumi məlumat

Breket müalicəsiBreket sistemi – ortodontiyada istifadə olunan çıxmayan konstruksiyalara aiddir.  Onun köməyilə diş sırasının funksional və kosmetik defektləri aradan qaldırılır. Breket sistemi qıfıl, ortodontik qövs, elastik zəncir, elastik və yaxud metal liqaturadan təşkil olunur.  

Breket hər bir diş üçün fərdi qaydada seçilir. Başlıca məqsəd ortodontik qövslə dişə təsir göstərərək, onu hər 3 müstəvidə düzləndirməkdən ibarətdir. Breketin konstruktiv hissələrinə onun əsası, qanadları və çıxıntısı aiddir. Stomatoloq kompozision stomatoloji materialdan (bond) istifadə etməklə, breketin əsas hissəsini dişin daxili və yaxud xarici səthinə yapışdırır. Müasir fiksasiya materialları flüor ifraz edərək, breketin altındakı diş minasını demineralizasiyadan qoruyur.  

Breketin çıxıntsına ortodontik qövs keçirilir. Gərilmiş qövsün müqaviməti nəticəsində əyilmiş diş sırası tədricən düzəlir. Breketin qanadları elastik və yaxud metal liqaturalarla qövsün çıxıntılarda fiksasiyasını təmin edir.  

6, 7 və yaxud 8-ci dişlərə taxılan ortodontik həlqələr və yaxud yanaq qıfılları qövs üçün dayaq rolunu oynayır. Qıfıllar breket kimi birbaşa dişə fiksasiya olunur və ya həlqələrə birləşdirilir. Qıfıllara köməkçi elementlər – aşağı çənə üçün diş bamperi və ya üst çənə üçün üz qövsü taxıla bilər.  

Naqil qövs – ortodontik qüvvə mənbəyidir. Ona əvvəlcədən diş qövsü üçün nəzərdə tutulan forma verilir. Qövsün breketlərə fiksasiyasından sonra ortodontik qüvvə dişlərə təsir etməklə, onları lazımı istiqamətə itələyir. Ortodontik müalicə müddətində qövs mütəmadi şəkildə korreksiya olunur.  

Qövs elastik və yaxud metallik liqaturalarla breketin çıxıntılarında fiksasiya olunur. Elastik həlqə breketlərin qövs boyunca yaxınlaşmasını təmin edir. Nəticədə dişləm anomaliyaları aradan qalxır. Breket sistemin elastik elementləri (liqatura, həlqə) zamanla korlandığından dəyişilməlidir.  

Breketin qiyməti istifadə olunan materiallardan və fiksasiya üsulundan asılıdır.  

Breket sistemin taxılmasına göstərişlər və əks-göstərişlər

Breketin növləriDiş sıralarının anomaliyalarını müşayiət edən funksional pozğunluqlarda breket sistemdən istifadə olunur. Düzgün olmayan dişləmin korreksiyası, dişlərin yerdəyişməsi, diastema və tremaların (dişarası boşluqlar) aradan qaldırılması üçün breket ən effektiv vasitədir. Diş sırası anomaliyalarının breket sistemlə müalicəsi diş əti, diş, parodont, gicgah-çənə oynağı, LOR-orqanları (xroniki otit, faringit, sinusit), mədə-bağırsaq traktı xəstəliklərinin (qastrit, xora xəstəliyi), mimik və nitq pozğunluqlarının qarşısını almağa kömək edir.  

Breket sistemi ilə müalicəyə daimi dişlər çıxdıqdan sonra (12-13 yaşda) başlanılır. Bu yaş dövründə ortodontik müalicənin nəticələri maksimum olur. Kiçik yaşlı uşaqlarda breket deyil, çıxan ortodontik aparatlar (plastinkalar)  məqsədəuyğundur. Yuxarı yaş dövrlərində dişləmin korreksiyası daha uzun zaman tələb edir. 

Psixi pozğunluqlar, ağır ürək-damar xəstəlikləri, şəkərli diabet, sümük sisteminin patologiyaları breket sistemin taxılmasına qadağa sayılır. Ağır formalı parodontoz, gicgah-çənə oynağının patologiyası, breketin hazırlandığı materiala qarşı allergik reaksiyalar nisbi əks-göstəriş hesab olunur.  

Breketlərin növləri

Breketlər materialına (plastik, metal, sapfir, keramik), dişləmin korreksiya texnikasına (liqaturalı, liqaturasız), fiksasiya üsuluna (dişin xarici səthinə – vestibulyar, daxili səthinə – linqval) görə fərqlənir. Ən ucuz və çox yayılmış forma metallik breket sistemidir. Möhkəmlik, kiçik ölçü və paslanmaması onun əsas üstünlüklərindəndir. Metal breketlərin funksional özəlliyi qövslə çıxıntı arasında sürtünmə gücünün minimal olmasıdır. Bu, ortodontik müalicənin müddətini xeyli qısaldır. Metal breketlər tibbi polad, nikel-titan, qızıl qarışıqlı ərintidən hazırlanır. Qızıl tərkibli breketlər bioinert olub, allergik insanlarda asanlıqla istifadə edilir. Metal breketin çatışmazlıqlarına aydın nəzərə çarpması və estetik keyfiyyətin aşağı olması aiddir. Ən məşhur metallik breket sistemlərinə Orthos, Roth (Ormco, ABŞ); Microarch (GAC, ABŞ); Victory, Miniature Twin (3M Unitek, ABŞ) misaldır.

Keramik breket möhkəm keramikadan düzəldilir. Onlar diş minasının rənginə uyğun gəldiyindən ağızda bir o qədər də gözə çarpmır. Fiziki və kimyəvi stabilliyi sayəsində keramika hipoallergendir, qida məhsullarının tərkibindəki boya maddəsinin təsirindən öz rəngini dəyişmir. Keramik breketin qiyməti metal forma ilə müqayisədə bahadır. Bundan əlavə, keramik breket iri olçülü olub, daha uzun müddət taxılır. Ortodontiyada əsasən Clarity MBT (3M Unitek, ABŞ), Mystique (GAC, ABŞ) markalı keramik breketlərə üstünlük verilir.

Sapfir breketin qiyməti yüksəkdir. Onun hazırlanmasında yüksək şəffaflığı, möhkəmlik və estetikliyi ilə seçilən monokristallik sapfirlərdən istifadə edilir. Sapfir breket rəngini dəyişmir, üzərində ərp toplanmır. Onu taxarkən diş minası zədələnmir, dişləmin korreksiya prosesi uzunmüddətli olsa da, daha yüngül və rahat keçir. Ortodontiyada Inspire ICE (Ormco, ABŞ), Damon Clear (Ormco, ABŞ) markalı sapfir breketlər daha məşhurdur.

Liqaturasız breket sistemi üçün breketlərin ortodontik qövsə hərəkətli fiksatorların köməyilə birləşməsi xaarkterikdir. Bu xüsusiyyət hesabına sürtünmə minimuma endirir, dişlərin yerdəyişməsi üçün daha fizioloji və zəif qüvvə tələb olunur. Liqaturasız breket sistemi ortodontik müalicə kursunun müddətini 25% azaldır. Bu breketlər diş sırasında az yer olduqda dişin çıxarılma ehtimalını azaldır; dişlərin təmizlənmə prosesini asanlaşdırır; ağrı, diskomfort və selikli qişanın zədələnməsi az baş verir; liqaturlar istifadə olunmadığından onların tez-tez dəyişilməsinə ehtiyac qalmır. Liqaturasız breket sistemlərinə Damon 3, Damon 3MX, Damon Q (Ormco, ABŞ), Clarity SL (3M Unitek, ABŞ), In-Ovation R, In-Ovation C (GAC, ABŞ) və digərləri aiddir.

Linqval breket sistemində breketlər dişin daxili səthinə (dil tərəfdən) yapışdırıldığından onlar kənar şəxslər üçün görünməz qalır. Vestibulyar breket sistemi ilə korreksiyaya tabe olmayan dişləm (məsələn, dərin dişləm) linqval breketlərlə aradan qaldırılır. Onlar adətən metaldan hazırlandığından dilə maneə törədə və danışığı çətinləşdirə bilərlər. Ortodontiyada tətbiq olunan linqval breket sistemlərə Incognito (Almaniya), STB (Ormco, ABŞ) misaldır. Linqval breketlərin qiyməti digərlərinə nisbətən çox yüksəkdir.  

Breket sisteminin taxılması

Ortodontun ilkin konsultasiyasında dişlərə baxış keçirilir, breketlərlə müalicə planı tərtib edilir. Breket növünün düzgün seçilməsi və ortodontik müalicənin nəticələrinin proqnozlaşdırılması üçün üz və ağız boşluğunun şəkli çəkilir, ortopantoqramma, telerentgenoqramma və yaxud üz-çənə nahiyəsinin KT aparılır. Bu üsullar dişlərin, paradont toxumasının vəziyyətini qiymətləndirməyə, diş sırasındakı dəyişiklikləri modelləşdirməyə imkan verir. Həmçinin diaqnostik mərhələdə ölçü götürülür, gipsdən model hazırlanılır. Bu, çənənin düzgün qapanmasını proqnozlaşdırmaq üçün çox vacibdir.   

Diaqnostik materiallar əsasında stomatoloq breketlərlə müalicə sxemini seçir. Korreksiyanın həcmindən və dəyişikliklərin dərəcəsindən asılı olaraq, müalicə 1,5-3 il davam edə bilər.  

Breket sisteminin qoyulmasından əvvəl ağız boşluğunun kompleks sanasıyası yerinə yetirilir. Bura karies, pulpit, periodontit, gingivit, parodontoz, parodontitin müalicəsi, dişlərin ultrasəslə təmizlənməsi, ərpin «Air-flow» aparatı ilə götürülməsi, ehtiyac olduqda dişlərin çıxarılması daxildir.

Breketin dişlərə düzülməsi ortodontik müalicənin ən əziyyətli və məsuliyyətli mərhələsi olub, zərgər dəqiqliyi tələb edir. Breketlər dişlərə minanı zədələməyən möhkəm kompozit materialla bərkidilir. Fiksasiya anında dişin üzəri quru olmalıdır. Sonra breketlərə liqatura ilə ortodontik qövs keçirilir. Bu proses ümumilikdə 1,5-2 saat çəkir. 

Breket qoyulduqdan sonra 8-12 ay ərzində dişlərin yerdəyişməsi baş verir. Bu dövrdə qövsü dəyişmək, lazım gəldikdə qopan breketləri yenidən yapışdırmaq üçün pasiyent mütəmadi şəkildə ortodontun müayinəsindən keçməlidir. Sonrakı mərhələdə dişləm elastik zəncirlər və çənəarası elastiklərlə korreksiya olunur. Buna 3-24 ay sərf olunur.  Yekun mərhələdə (3-6 ay) dişlərin qarşılıqlı vəziyyəti detallı şəkildə normaya salınır, yuxarı və aşağı dişlər arasında optimal təmas yaradılır. Arzuolunan nəticə əldə olunduqdan sonra əvvəlcə çıxmayan reteyner quraşdırılır, breketlər sökülür, sonra isə çıxan reteynerlə nəticələr stabilləşdirilir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: