Endokrinoloji xəstəliklər

Endokrinoloji xəstəliklər

Endokrinologiya – daxili sekresiya (endokrin) vəzilərinin quruluş və fəaliyyəti, onların ifraz etdikləri bioloji aktiv maddələrin – hormonların orqanizmə təsiri, bu vəzilərin fəaliyyətinin pozulması nəticəsində yaranan xəstəliklərlə məşğul olur. Endokrinologiya tibbin demək olar ki, bütün sahələri ilə sıx əlaqədədir. Çünki hormonlar orqanizmdə gedən bütün vacib prosesləri: böyümə, yetişmə, reproduksiya, maddələr mübadiləsi, orqan və sistemlərin düzgün fəaliyyətini tənzimləyir.    

Endokrinologiya 2 sahəyə bölünür: neyro və ginekoloji. Neyroendokrinologiya orqanizmin sinir və endokrin tənzimi arasındakı asılılığı öyrənir. Ginekoloji endokrinologiyanın öhdəliklərinə isə qadın orqanizmində baş verən hormonal pozğunluqların korreksiyası daxildir.  

Endokrin sistem anatomik cəhətdən bir-birilə əlaqəli olmayan daxili sekresiya vəzilərini: epifiz, hipofiz, qalxanabənzər, qalxanabənzər ətraf, çəngələbənzər, mədəaltı, böyrəküstü, cinsiyyət vəzilərini birləşdirir. Əksər endokrinoloji xəstəliklər vaxtında müalicə olunmadıqda həyati vacib funksiyaların ağır pozğunluqlarına və ölümə gətirib çıxarır.

Müasir endokrinologiyanın ən aktual problemləri

Bura qalxanabənzər vəzinin patologiyaları (kista, diffuz toksiki zob, tireoidit, hipotireoz), şəkərli diabet, hipotalamo-hipofizar sistemin (akromeqaliya, gigantizm, hipotalamik sindrom, şəkərsiz diabet, laktasiya problemləri, prolaktinoma), böyrəküstü vəzilərin xəstəlikləri (böyrəküstü vəzilərin çatışmazlığı, şişləri), cinsiyyət vəzilərinin funksional pozğunluqları (endokrin mənşəli sonsuzluq) daxildir. 

Ekoloji şəraitin pisləşməsi, stresslər, qeyri-düzgün qidalanma, irsi meyllik kimi amillər daxili sekresiya vəzilərinin fəaliyyətini pozmaqla, müxtəlif endokrinoloji xəstəliklərə səbəb olur. Endokrin sistemin xəstəlikləri adətən uzunmüddətli və ağır gedişə malikdir. Bununla əlaqədar onların qarşısını almaq və ya erkən mərhələlrədə aşkara çıxarmaq çox vacibdir.  

Hansı hallarda həkim-endokrinoloqa müraciət olunmalıdır?  

  • yaxın qohumlarda hər hansı bir endokrinoloji patologiya: şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri və s. olduqda;  
  • artıq çəkidən əziyyət çəkildikdə; 
  • ürəkdöyünmə, tərləmə, qıcıqlanma, yorğunluq, susuzluq, tez-tez sidiyə getmə, dəridə quruluq müşahidə edildikdə;  
  • aybaşı sikli pozulduqda; 
  • uşaqda əqli, fiziki və cinsi inkişaf ləngidikdə.

Endokrinoloji xəstəliklərin diaqnostikasında kompleks müayinələr: anamnestik məlumatlar, hormonal analiz, vəzilərin USM, maqnit-rezonans tomoqrafiya tətbiq edilir. Müayinələrin nəticələrinə əsaslanaraq, konservativ və ya cərrahi müalicə aparılır.  

Endokrin xəstəliklərin müalicəsi hormonal pozğunluqların korreksiyasına, dayanıqlı remissiyanın əldə olunmasına və pasiyentin normal həyat keyfiyyətinin bərpasına yönəldilir.  

Med-portal.az saytının «Endokrinoloji xəstəliklər» bölməsini oxumaqla, daxili sekresiya vəzilərinin xəstəliklərinin xarakterik xüsusiyyətləri və müalicə üsulları ilə tanış olacaqsınız.