Diffuz eutireoid zob

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2758

diffuz eutiroid zob nədir?Diffuz eutireoid zob – qalxanabənzər vəzinin kompensator hipertrofiya və hiperplaziyasıdır. Bu zaman onun fəaliyyətində heç bir pozğunluq müşahidə edilmir. Diffuz eutireoid zob klinik təzahürlərə malik olmur; qalxanabənzər vəzinin kifayət qədər böyüdüyü hallarda boyun nahiyəsində təzyiq hissi və kosmetik qüsur yarana bilər. Diffuz eutireoid zobun diaqnostikası vəzinin palpasiyası, USM, sintiqrafiya, punksion biopsiyanın aparılması, TTH səviyyəsinin təyinindən ibarətdir. Patologiyanın ifadə dərəcəsindən asılı olaraq, yod preparatları, levotiroksinlə supressiv terapiya, radioaktiv yodla müalicə təyin edilir.

  • Diffuz eutireoid zobun yaranma səbəbləri
  • Diffuz eutireoid zobun təsnifatı
  • Diffuz eutireoid zobun əlamətləri
  • Diffuz eutireoid zobun diaqnostikası
  • Diffuz eutireoid zobun müalicəsi
  • Diffuz eutireoid zobun proqnoz və proqfilaktikası

Diffuz eutireoid zob barədə ümumi məlumat

Diffuz eutireoid zob – qalxanabənzər vəzinin funksional aktivliyinin dəyişilmədiyi halda onun həcminin artması (kişilərdə 25ml>, qadınlarda isə 18ml>) ilə xarakterizə olunan patologiyadır.  Diffuz eutireoid zob zamanı qalxanabənzər vəzinin böyüməsi kompensator xarakter daşıyaraq, orqanizmdə tireoid hormonların lazımi səviyyədə saxlanılmasına yönəlir. Patologiya qalxanabənzər vəzinin palpasiya olunan və/və ya gözlə görünən böyüməsi ilə səciyyələnir.

Diffuz eutireoid zobun yayılmasını müəyyən edən əsas amil bu və ya digər regionun əhalisinin yod istehlakının səviyyəsidir. ÜST məlumatlarına əsasən dunya əhalisinin 13%-də qalxanabənzər vəzinin yod defisitli xəstəlikləri qeydə alınır. Yod istehlakının kifayət qədər olduğu ərazilərdə diffuz eutireoid zob sporadik, yod çatışmazlığının müşahidə edildiyi bölgələrdə isə endemik xarakterli olur (populyasiyanın 5%-dən çox hissəsində). Diffuz eutireoid zoba adətən 20-30 yaşlı şəxslərdə rast gəlinir; bu vəziyyət kişilərlə müqayisədə qadınlarda 2-3 dəfə çox baş verir (xüsusən yoda tələbatın artdığı dövrlərdə – cinsi yetişkənlik, hamiləlik və laktasiya dövrü).

Diffuz eutireoid zobun yaranma səbəbləri

diffuz eutiroid zobun səbəbləri90-95% hallarda diffuz eutireoid zoba yod çatışmazlığı səbəb olur. Bu zaman qalxanabənzər vəzidə gedən hipertrofik və hiperplastik proseslər orqanizmin tireoid hormonlarla təmin edilməsinə istiqamətlənir. Adaptasiya mexanizmləri yodun qalxanabənzər vəzi tərəfindən aktiv şəkildə tutulması, triyodtironin (T3) sintezi, böyrəklərdə yodidin sekresiyasının azalması və tireoid hormonların biosintezi məqsədilə endogen yodun reutilizasiyasından ibarətdir. Bu yolla orqanizm yod defisitini kompensasiya edir, lakin belə hallarda tireositlər hipertrofiyalaşır. Hüceyrələrin böyüməsi ilə qalxanabənzər vəzinin funksiyası təmin olunur .

Diffuz eutireoid zobun patogenezində autokrin böyümə amilləri (1-ci tip insulinəbənzər böyümə amili, epidermal böyümə amili, fibroblastların böyümə amili) mühüm rol oynayır. Yod səviyyəsinin azalması zamanı bu amillər tireositlərə stimuləedici təsir göstərir. Müasir təsəvvürlərə əsasən yod çatışmazlığında tireotrop hormonun (TTH) qalxanabənzər vəziyə təsiri autokrin böyümə amilləri ilə bağlı olur.

Yod çatışmazlığından əlavə diffuz eutireoid zobun inkişafına siqaret çəkmə, emosional stresslər, xroniki infeksiyalar, bəzi medikamentlər, kalsiumun izafi miqdarı, mikroelementlərin (manqan, sink, selen, kobalt, mis, molibden) defisiti səbəb olur. Xəstəliyin etiologiyasında yaş, cins, irsi meyllik mühüm əhəmiyyət kəsb edir.

Sporadik zob halları tireoid hormonların sintezində iştirak edən ferment sistemlərinin anadangəlmə çatışmazlıqları ilə əlaqədar olur. Ümumilikdə diffuz eutireoid zob polietiloji xəstəlik sayılır, lakin onun yaranma səbəbləri sona qədər öyrənilməmişdir.

Diffuz eutireoid zobun təsnifatı

Endokrinologiyada eutireoid zobun 4 forması ayırd edilir: diffuz, düyünlü, çoxsaylı düyünlü və qarışıq (diffuz-düyünlü). ÜST tövsiyələrinə əsasən zobun ifadə dərəcəsi palpator olaraq aşağıdakı kriteriyalar üzrə qiymətləndirilir:

  • 0 dərəcə– zobun əlamətləri müşahidə edilmir; qalxanabənzər vəzinin hər bir payının ölçüsü xəstənin baş barmağının distal falanqasının ölçüsündən kiçikdir;
  • 1 dərəcə – zob palpasiyada üzə çıxır, lakin boynun adi vəziyyətində nəzərə çarpmır;
  • 2 dərəcə– zob həm palpasiyada, həm də boynun adi vəziyyətində müəyyən edilir.

Diffuz eutireoid zobun əlamətləri

diffuz eutiroid zobun əlamətləri Diffuz eutireoid zob zamanı qalxanabənzər vəzinin funksiyası pozulmadığından adətən klinik təzahürlər inkişaf etmir. Az hallarda xəstələr yorğunluq və halsızlıq, baş ağrılarından şikayət edir. Qalxanabənzər vəzinin həddindən artıq böyüməsi boyun nahiyəsində təzyiq hissi və kosmetik qüsurla müşayiət olunur.

Diffuz eutireoid və zobun digər formalarının ağırlaşmalarına qalxanabənzər vəzinin əhəmiyyətli dərəcədə hipertrofiyası zamanı təsadüf edilir. Patologiyanınn fəsadlarına traxeya, qida borusu, yaxınlıqda yerləşən sinir kötükləri və damarların sıxılması; aşağı boş vena sindromu; qalxanabənzər vəzi toxumasına qansızma; strumit (vəzinin klinik təzahürlərinə görə yarımkəskin tireoiditi xatırladan iltihabı) və s. aiddir. Uzaq dövrlərdə diffuz eutireoid zob fonunda düyünlü zob, eutireoid və ya toksiki zobun inkişafı mümkündür.

Diffuz eutireoid zobun diaqnostikası

Qalxanabənzər vəzinin ölçüləri barədə ilkin təsəvvürlər boyun nahiyəsinin palpasiyası zamanı əldə edilir. Vəzinin ölçü, həcm və quruluşu barədə dəqiq məlumat almaq üçün ultrasəs müayinəsi aparılır. Qalxanabənzər vəzinin  həcminin kişilərdə 25ml>, qadınlarda isə 18ml> olması diffuz eutireoid zobun diaqnozunu təsdiqləyir. Exoskopiya prosesində əlavə düyünlü törəmələr aşkar edildikdə qalxanabənzər vəzi xərçəngini inkar etmək məqsədilə nazik iynəli punksion biopsiya icra olunur. Vəzinin diffuz böyüməsi zamanı sintiqrafiyada izotopun bərabər şəkildə paylanması müşahidə edilir; düyünlü formada isə  «soyuq» və ya «isti» düyünlər müəyyən olunur.

Laborator məlumatlar arasında Т3, Т4, ТТH, tireoqlobulin göstəriciləri diaqnostik əhəmiyyət kəsb edir. Eutireoidli pasiyentlərdə T3 və T4 norma səviyyəsində olur. Bəzən T4-ün azalması və TTH-ın normal səviyyəsi fonunda T3-ün miqdarının bir qədər yüksəlməsi qeydə alınır. Yod çatışmazlığında tireoqlobulinin qanda konsentrasiyası artır. İmmunoqrammanın analizi zamanı immunoqlobulinlər,  T və B limfositlər, tireoqlobulinə və tireositlərin mikrosomal fraksiyasına qarşı anticisimlərin səviyyəsi təyin edilir. İri ölçülü zobun qida borusuna təzyiqinin klinik əlamətləri müşahidə edildikdə rentgenoqrafiya yerinə yetirilir.

Diffuz eutireoid zobun müalicəsi

Hazırda diffuz eutireoid zobun konservativ müalicəsində yod preparatları ilə monoterapiya, levotiroksinlə supressiv terapiya və yaxud yod və levotiroksinlə kombinəolunmuş terapiyadan istifadə olunur. Uşaqlar, yeniyetmələr və yaşı 40-dan az olan şəxslərdə müalicəyə yod preparatları (kalium-yodid) ilə başlanılır, bu da adətən 6 ay ərzində qalxanabənzər vəzinin həcminin fizioloji ölçülərə qədər azalmasına gətirib çıxarır. Yodla 6 aylıq monoterapiya müsbət nəticə vermədikdə levotiroksinlə (L-T4) supressiv monoterapiya və yaxud kalium yodid və levotiroksinlə kombinəolunmuş terapiya təyin edilir.

Həddindən artıq iri zob və ətraf toxumaların kompressiyası cərrahi müalicəyə göstəriş sayılır. Diffuz eutireoid zobun müalicəsinin alternativ üsulu radioaktiv yod-131-lə terapiyadır. İzotopun cəmi bir dəfə yeridilməsi ilə qalxanabənzər vəzinin həcminin 40-50% azalması əldə olunur.

Diffuz eutireoid zobun proqnoz və profilaktikası

Əksər hallarda etiotrop müalicənin köməyilə qalxanabənzər vəzinin ölçüsünü normallaşdırmaq mümkündür. Pasiyentlərin bir qismində diffuz eutireoid zob fonunda funksional avtonomiya ilə müşayiət olunan düyünlü törəmələr formalaşır. Yaşı 45-50-dən yuxarı olan pasiyentlər endokrinoloqun dinamik müşahidəsi altında olmalı, onlarda hər il qalxanabənzər vəzinin USM aparılmalı, qanda TTH səviyyəsi yoxlanılmalıdır.

Diffuz eutireoid zobun profilaktikası kütləvi və individual olur. Kütləvi profilaktika yodlaşdırılmış xörək duzu, yodla zəngin məhsulların (dəniz kələmi, dəniz balığı və digər dəniz məhsulları, qoz, xurma və s.) istifadəsindən ibarətdir.

İndividual profilaktika diffuz eutiroid zobun risk qrupuna daxil olan şəxslərdə: yodun çatışmadığı regionlarda yaşayan hamilə qadınlar, qalxanabənzər vəzi üzərində əməliyyatın aparıldığı xəstələrdə yod preparatlarının təyini ilə aparılır. Diffuz eutireoid zobun sporadik hallarının qarşısını almaq üçün strumogen amillərin təsirini məhdudlaşdırmaq və kənarlaşdırılmaq tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: