MODY-diabet
MODY – diabet – autosom-dominant yolla irsən ötürülən şəkərli diabetin klinik baxımdan oxşar formalarından ibarət qrupdur. Xəstəlik uşaqlıqda və gənclikdə təzahür edir. Əsas simptomlar sidik ifrazına tez-tez çağırışlar, sidiyin həcminin artması, susuzluq və iştahanın yüksəlməsi, arıqlama, dəri örtüklərinin qızarması, bədən temperaturunun yüksəlməsidir. Diaqnostika mürəkkəbdir; klinik müayinə, kompleks laborator testlər: aclıq zamanı və qidadan sonra qlükoza, qanın hormonal və genetik analizindən ibarətdir. Müalicə proqramı hipoqlikemik preparatların qəbulunu, qidalanmanın korreksiyasını və idmanla sistemli məşğul olmağı təklif edir.
- MODY-diabetin səbəbləri
- Patogenez
- Təsnifat
- MODY-diabetin simptomları
- Ağırlaşmalar
- Diaqnostika
- MODY-diabetin müalicəsi
- Proqnoz və profilaktika
MODY-diabet barədə ümumi məlumat
MODY-diabeti cavanlarda yetkin yaşda təzahür edən şəkərli diabeti adlandırırlar. Bu termin ilk dəfə 1974-75-ci illərdə istifadə olunmuşdur. Termin xəstəliyin uşaqlıqda və cavanlıqda aşkarlanan, lakin nisbətən yüngül, 45 yaşdan yuxarı insanlar üçün xarakterik olan 2-ci tip şəkərli diabetə bənzər gedişata malik formalarını ifadə edir. Patologiya zamanı insulinin təsirinə qarşı hüceyrələrin həssaslığı azalmır. Xəstəliyin yayılması müəyyənləşdirilməyib; lakin cavanlarda və uşaqlarda ŞD-in müxtəlif növləri arasında o, 2-5% hallarda rast gəlinir. Avropa və Şimali Amerika populyasiyasında epidemiologiya və simptomlar tam şəkildə təsvir olunmuşdur; Asiya ölkələri üçün isə bu xəstəliklə bağlı məlumatlar olduqca məhduddur.
MODY-diabetin səbəbləri
Endokrin patologiyanın bu forması mədəaltı vəzin (MV) adacıq hüceyrələrinin fəaliyyətinə cavabdeh olan genin mutasiyası ilə əlaqəlidir. Xromosom hissəciyinin struktur dəyişikliyinin səbəbi naməlum olaraq qalır; lakin patologiyanın epidemiologiyasının araşdırılması yüksək risk qrupunda olan pasiyentləri aşkarlamağa imkan verir. MODY-diabetin inkişafının aşağıdakı faktorlarla əlaqəli olması ehtimal olunur:
- Yaş həddi. Əksər xəstələnənlər uşaqlar, yeniyetmələr və 18-25 yaşlı cavanlardır. Xəstəliyin manifestasiyası baxımından bu yaş dövrləri təhlükəli hesab olunur.
- Hestasion diabet. MODY-diabet klinik hallarının təxminən yarısı hamilə qadınlarda diaqnostika olunur. Patologiya hestasion ŞD tipi üzrə gedir, lakin doğuşdan sonra saxlanır.
- Qohumlarda qlikemiya. Diaqnostik kriteriyalardan biri qanında qlükozanın konsentrasiyası yüksəlmiş yaxın qohumların olmasıdır. Ana, ata, baba və ya nənədə şəkərli diabet, keçirilmiş hestasion ŞD aşkarlanmışdır; aclıq zamanı və/ və ya qida qəbulundan 2 saat sonra hiperqlikemiya təyin olunur.
- Hamiləlikdə xəstəliklər. Dölün genetik mutasiyası ananın hamiləlik dövründə keçirdiyi xəstəliklərlə təşviq oluna bilər. Daha çox ehtimal olunan səbəblərə bronxial astma, ürəyin işemiyası, arterial hipertenziya aiddir.
MODY-diabetin patogenezi
Patologiya Langerhans adacıqlarının hüceyrələrinin fəaliyyətinə təsir göstərən genin mutasiyası nəticəsində formalaşır; autosom-dominant tip üzrə irsən ötürülür. Bu, xəstəliyin cinslə əlaqəli irsi ötürülməməsinə, bu və ya başqa formalı hiperqlikemiyadan əziyyət çəkən yaxın qohumların aşkarlanmasına səbəb olur. MODY-nin əsasında yalnız bir genin mutasiyası durur. Diabet MV hüceyrələrinin aktivliyinin azalması, insulin sintezinin yetərsizliyi ilə özünü göstərir. Nəticədə mədədən qana keçən qlükoza orqanizmin hüceyrələri tərəfindən mənimsənilmir. Hiperqlikemiya inkişaf edir. İzafi şəkər böyrəklər vasitəsilə xaric olunur, qlükozuriya (sidikdə qlükoza) və poliuriya (sidiyin həcminin artması) əmələ gəlir. Dehidratasiya səbəbindən susuzluq hissi güclənir. Toxumlar üçün enerji mənbəyi qlükoza əvəzinə keton cisimləri olur. Onların plazmada izafi miqdarı ketoasidoza, qanın pH-nın turş tərəfə dəyişməsilə metabolik pozulmalara gətirib çıxarır.
MODY-diabetin təsnifatı
MODY – diabet genetik, metabolik və klinik müxtəlifliyə malik bir neçə forma ilə təmsil olunur. Təsnifat genin hansı hissəsinin mutasiyaya uğramasından asılı olaraq xəstəliyin tiplərə ayrılmasına əsaslanır. Dəyişilməsi diabeti provokasiya edən 13 gen ayırd edilir:
- MODY-1. Mübadilənin kontrolunda və qlükozanın parçalanmasında iştirak edən faktor zədələnir. Patologiya yenidoğulmuşlara və erkən yaşlı uşaqlara xasdır.
- MODY-2. Vəzi hüceyrələrindən qlükoza ilə əlaqəli insulun ifrazını kontrol edən qlikolitik fermentin geninin mutasiyası müəyyən olunur. Xoşxassəli forma hesab olunur, ağırlaşma vermir.
- MODY-3. Gen mutasiyaları insulin sintez edən hüceyrələrin disfunksiyasının proqressivləşməsi ilə təzahür edir; bu, xəstəliyin cavanlıq dövründə meydana çıxmasına səbəb olur. Patologiyanın bu formasının gedişi proqressivdir; xəstələrin vəziyyəti tədricən pisləşir.
- MODY-4. MV-in normal inkişafını, insulinin normal sintezini təmin edən faktor dəyişir. Mutasiya endokrin orqanların inkişafdan qalması fonunda davamlı ŞD-ə və ya beta-hüceyrələrin disfunksiyasına gətirib çıxara bilər.
- MODY-5. Bu faktor embrional inkişafa, MV və bəzi başqa orqanların genlərinin kodlaşmasına təsir göstərir. Proqressivləşən qeyri-diabetik nefropatiya xarakterikdir.
- MODY-6. İnsulin sintez edən hüceyrələrin, beynin ayrı-ayrı bölmələrində sinir hüceyrələrinin differensiasiyası pozulur. Mutasiyalar uşaqlarda və böyüklərdə diabet, nevroloji patologiyalı neonatal diabetlə təzahür edir.
- MODY-7. Bu faktor MV formalaşmasını və aktivliyini tənzimləyir. Xəstəlik böyüklər üçün xarakterikdir; lakin erkən yaşlarda meydana çıxmasına dair 3 klinik hal aşkar olunub.
- MODY-8. Bu faktorun mutasiyası MV-in atrofiyası, fibrozu və lipomatozunun inkişafına səbəb olur. Hormonal çatışmazlıq və diabet formalaşır.
- MODY-9. Faktor insulin sintez edən hüceyrələrin differensiasiyasında iştirak edir. Xəstəliyin ketoasidozla yanaşı gedişi xarakterikdir.
- MODY-10. Bu faktorun genetik dəyişikliyi neonatal diabetin tez-tez rastlanan səbəblərindəndir. Proinsulinin sintezi pozulur, MV hüceyrələrinin proqramlaşmış ölümü mümkündür.
- MODY-11. Faktor insulin sintezi və sekresiyasına cavabdehdir. Piylənmə ilə müşayiət olunan diabet xarakterikdir. Xəstəliyin həddən artıq nadir formasıdır.
- MODY-12. Əsasında MV-nin kalium kanallarının və sulfanil sidik cövhəri reseptorlarının həssaslığının dəyişilməsi durur. Neonatal, uşaqlıq və yetkin yaşların diabeti kimi təzahür edir.
- MODY-13. K+ kanallarının reseptor həssaslığı azalır. Klinik mənzərə tədqiq olunmayıb.
MODY-diabetin simptomları
MODY – diabet – in bütün formaları arasında klinik halların 50-70%-ində MODY-3 baş verir. Yayılmasına görə ikinci yerdə MODY-2, üçüncü yerdə isə MODY-1 (1%) durur. Xəstəliyin başqa variantlarına nadir hallarda rast gəlinir; onlar kifayət qədər öyrənilməyib və klinik əhəmiyyət daşımır. Xəstəliyin ikinci tipi tez-tez uşaq yaşlarda meydana çıxır. Simptomsuz və ya zəif təzahürlərlə gedir; çox nadir hallarda ağırlaşmalarla müşayiət olunur. Buna görə də skrininq müayinələr və hamiləlik dövründə, diabetin hestasion forması inkişaf etdikdə diaqnostika olunur.
Üçüncü tip proqressiv gedişə malikdir, əksər pasiyentlərdə 20-40 yaşlarda başlayır. Təzahürləri klassik 1-ci tip şəkərli diabetin simptomları ilə oxşardır. Belə ki, sidiyin miqdarı artır, susuzluq güclənir, iştaha artır, bədən çəkisi azalır; gecələr yuxusuzluq, qıcolmalar, gündüzlər isə istibasmalar, oyanıqlıq, qan təzyiqinin və temperaturun yüksəlməsi baş verir. Müalicə aparılmadıqda simptomlar proqressiv şəkildə artır, mikro- və makrodamar ağırlaşmaları riski saxlanır. 3 il və daha artıq davam edən “bal ayı” xarakterikdir. Bu söz birləşməsi insulinoterapiya başlandıqdan sonrakı dövrü ifadə edir; bu zaman preparatın həkim tərəfindən təyin olunmuş ilk dozası qanda şəkərin miqdarını gözləniləndən artıq azaldır və insulindən tam imtinayadək müalicənin korreksiyasını tələb edir. Birinci tip MODY-diabet klinik mənzərəsinə görə üçüncü ilə oxşardır; lakin yenidoğulmuşlarda və erkən yaşlı uşaqlarda daha çox təzahür edir. Makrosomiya və dölün neonatal hipoqlikemiyası müəyyən olunur.
MODY-diabetin ağırlaşmaları
Üçüncü tip MODY – diabet zamanı simptomların tədricən proqressivləşməsi müşahidə olunur. İnsulin və hipoqlikemik preparatlarla müalicə müsbət nəticə verir; lakin pasiyentlərdə angiopatiya riski qalır. Gözün torlu qişasında kapilyar torun zədələnməsi diabetik retinopatiyaya (görmənin zəifləməsinə), böyrək yumaqcıqlarında nefropatiyaya (sidiyin filtrasiyasının pozulmasına) gətirib çıxarır. İri kalibrli damarların aterosklerozu neyropatiyalarla – paresteziyalar, ayaqlarda ağrılar, aşağı ətrafların qidalanmasının pozulması (“diabetik pəncə”), daxili orqanların fəaliyyətində kənaraçıxmalarla təzahür edir. Gələcək analarda birinci və ikinci tip xəstəlik dölün makrosomiyasına səbəb ola bilər.
MODY-diabetin diaqnostikası
Diabetin müxtəlif formalarının simptomlarının oxşarlığı və MODY-nin nadir olması səbəbindən diaqnostika kifayət qədər çətindir, geniş əhatəlidir və davamlıdır. Həkimə ilk müalicədən diaqnozun təsdiqlənməsinə qədər bir aydan az olmayaraq zaman keçir. Müayinəni həkim-endokrinoloq aparır; əlavə olaraq genetik, oftalmoloq və nevroloq konsultasiyası təyin olunur.
Əsas mərhələlər hiperqlikemiyanın aşkarlanması, MODY-diabetin adi 1-ci və 2-ci tip şəkərli diabetdən differensiasiyasıdır. Kompleks diaqnostik prosedurlar aşağıdakılardan ibarətdir:
- Klinik sorğu, obyektiv müayinə. MODY üçün erkən başlanğıc, piylənmənin olmaması xarakterikdir. Onu 1-ci tip şəkərli diabetdən irsən ötürülmə (təxm. 100%) xüsusiyyətinin yüksək olması fərqləndirir. Pasiyentin azı bir yaxın qohumu şəkərli diabetin istənilən bir formasından, prediabetdən, yüngül aclıq hiperqlikemiyasından əziyyət çəkir. Digər differensial əlamət ketoasidoz simptomlarının (qusma, qarında ağrılar, ağızdan aseton qoxusunun gəlməsi) olmamasıdır. Uzunmüddətli remissiya patologiya üçün xasdır.
- Standart laborator analizlər. Qlükoza, insulin, C-peptid, antitel (qan) səviyyəsi müəyyən olunur; qlükozaya tolerantlıq testi aparılır. MODY-2 zamanı uzunmüddətli, lakin yüngül və ya mülayim aclıq hiperqlikemiyası (orta hesabla 5,5-8,5 mmol/ l) aşkarlanır. 3 və 1-ci tip üçün aclıq şəkəri normaldır; lakin karbohidrat yüklənməsindən sonra 2 saatdan çox yüksək (>11,1 mmol/ l) olaraq qalır. MV-in hüceyrələrinə və insulinə qarşı antitellər, HLA-sisteminin korreliyasiyası olmur. C-peptidin səviyyəsi nisbətən normaldır.
- Genetik testlər. Xəstəliyin tipinin dəqiq diaqnostikası molekulyar-genetik müayinələrin köməyilə mümkündür. Bu müayinələr gen mutasiyalarını aşkarlamağa imkan verir. Proses uzun müddət davam edir; seçilmiş xromosomun bütün hissələri, lakin ilk növbədə 1, 2, 3-cü tip MODY-nin inkişafı ilə assosiasiya olunan dəyişikliklər araşdırılır.
MODY-diabetin müalicəsi
MODY – diabet zamanı müalicə prinsipləri xəstəliyin geniş yayılmış variantlarının müalicəsi kimidir. Bu müalicə hiperqlikemiyanın aradan qaldırılması, orqanizmdə gedən metabolik proseslərin normallaşdırılmasına yönəlir. Terapiya metodları xəstəliyin tipindən və hamiləliyin olub-olmamasından asılıdır; hamiləlik zamanı hiperqlikemiya nəinki qadına, həm də dölə mənfi təsir göstərə bilər. Buna görə də insulinoterapiya tətbiq olunur. Ümumi terapevtik sxem aşağıdakılardan ibarətdir:
- Dərman korreksiyası. Diabetin bu növləri hipoqlikemik tablet formalı preparatlara qarşı həssasdır. Bu preparatlar xəstələrin əksəriyyətinə təyin olunur; xəstəliyin ikinci tipində qidalanmanın dəyişdirilməsi kifayət edir. Hamilələrə, cinsi yetişkənlik dövründə olan yeniyetmələrə, həmçinin xəstəliyin uzun müddət davam edən üçüncü tipinə malik pasiyentlərdən ağırlaşmaların profilaktikası məqsədilə insulin qəbulu tələb oluna bilər.
- Pəhrizə riayət. Tərkibində karbohidratların miqdarı az olan qidalanma göstərişdir: rafinə olunmuş şəkər tərkibli qida məhsulları rasiondan çıxarılır; az miqdarda mürəkkəb karbohidrat mənbələri (taxıllar, yarmalar) istifadə oluna bilər. Qida rasionunun əsasını tərəvəzlər, süd və ət məhsulları, balıq, yumurta təşkil edir. Qidanın az-az qəbulu qlükozanın səviyyəsinin nəzərə çarpacaq dəyişikliklərindən qaçmağa imkan verir.
- Müntəzəm fiziki yüklənmələr. Əksər hallarda xəstəlik mülayim gedir; idman məşğuliyyəti pasiyentin özü tərəfindən müstəqil şəkildə təşkil oluna bilər. Aerob yüklənmələr – idman yerişi, qaçış, komanda oyunları, gimnastika tövsiyə olunur. Ağır atletika məşqləri arzu olunmazdır.
MODY-diabetin proqnoz və profilaktikası
MODY – diabet – in gedişi diabetin başqa formaları ilə müqayisədə daha xoşxassəlidir: simptomatika daha az təzahür edir, xəstəlik pəhriz, fiziki məşqlər və hipoqlikemik preparatların qəbulu vasitəsilə asanlıqla korreksiya olunur. Təyinata və həkimin tövsiyələrinə ciddi əməl olunduqda proqnoz kafidir. İnsulin sintezinin azalması genetik faktorlarla əlaqəli olduğundan profilaktika az effektlidir. Risk qrupunda olan pasiyentlər hiperqlikemiyanın erkən aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədilə periodik olaraq qan analizləri verməlidir.