Piylənmə
Piylənmə – dərialtı qatda, orqan və toxumalarda piy toxumasının həddindən artıq toplanması ilə xarakterizə olunur. Piy yığıntıları hesabına bədən kütləsi orta göstəricilərlə müqayisədə 20% və daha çox yüksəlir. Piylənmə psixo-fiziki diskomfort törədir, cinsi pozğunluqlara, onurğa və oynaq xəstəliklərinə səbəb olur. Ateroskleroz, ürəyin işemik xəstəliyi, hipertoniya, miokard infarktı, insult, şəkərli diabet, böyrək və qaraciyər zədələnmələrinin inkişaf riskini, eləcə də bu xəstəliklərdən əlillik və ölüm ehtimalını artırır. Piylənmənin müalicəsində pəhriz, fiziki yüklənmə və pasiyentin psixoloji vəziyyətinin korreksiyası müştərək formada aparıldıqda daha yüksək nəticələr əldə edilir.
- Yaranma səbəbləri
- Təsnifat
- Piylənmənin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Piylənmənin müalicəsi
- Proqnoz və profilaktika
Piylənmə barədə ümumi məlumat
Kişilərlə müqayisədə qadınlar piylənməyə 2 dəfə artıq məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümümdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, coğrafı, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal epidemiyadır.
Artıq çəkili insanlar normal bədən kütləsinə malik şəxslərə nisbətən hipertoniyadan 2-3, stenokardiya və ürəyin işemik xəstəliyindən isə 3-4 dəfə çox əziyyət çəkirlər. Belə pasiyentlərdə bütün xəstəliklər, hətta KRVİ, qrip və ağciyərlərin iltihabı daha ağır formada gedir, fəsadların yaranma riski yüksək olur.
Piylənmənin yaranma səbəbləri
Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı disbalans nəticəsində əmələ gəlir. Artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Piy ehtiyatlarının artması bədən kütləsinin yüksəlməsinə və bir çox sistemlərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Piylənmə hallarının 90%-i izafi qida qəbulu, 5%-i isə metabolik pozğunluqlarla bağlı olur.
Davranış reaksiyalarına nəzarət edən hipotalamo-hipofizar tənzim pozulduqda qidalanma tərzində dəyişikliklər baş verir. Hipotalamo-hipofizar-adrenal sistemin aktivliyinin yüksəlməsi AKTH sintezininartmasına, kortizolun sekresiya sürətinin və onun metabolizminin güclənməsinə səbəb olur. Lipolitik təsirə malik somatotrop hormonun miqdarı azalır, hiperinsulinemiya inkişaf edir, tireoid hormonların metabolizmi və toxumaların onlara qarşı həssaslığı pozulur.
Piylənmənin yaranmasına təkan verən amillər aşağıdakılardır:
- az hərəkətli həyat tərzi;
- ferment aktivliyinin irsi pozğunluğu (lipogenezdə iştirak edən fermentlərin fəallığının yüksəlməsi, yağları parçalayan (lipoliz) fermentlərin aktivliyinin zəifləməsi);
- qidalanma rejimində və xarakterində yol verilən xətalar (karbohidrat, yağ, qənnadı məmulatları, duz və spirtli içkilərin həddindən artıq qəbulu, axşam saatlarında qidalanma və s.);
- bəzi endokrin patologiyalar (hipotireoz, hipoqonadizm, insulinoma, İtsenko-Kuşinq xəstəliyi);
- psixogen mənşəli izafi qidalanma;
- fizioloji vəziyyətlər (laktasiya, hamiləlik, klimaks);
- stresslər, yuxusuzluq, psixotrop və hormonal preparatların (steroidlər, insulin, kontraseptiv vasitələr) qəbulu.
Piylənmənin təsnifatı
Piylənmə bədən kütləsi indeksinə (BKİ) əsasən təsnif edilir. BKİ çəki (kq) / boy (m²) formulu üzrə hesablanılır. Bədən kütləsinin və ağırlaşmaların aşağıdakı variantları ayırd edilir:
- BKİ<18,5 (aşağı) – bədən kütləsinin azlığına və digər patologiyaların yaranma riskinin yüksək olmasına dəlalət edir;
- BKİ 18,5-24,9 (normal) – norma göstəricilərinə uyğundur. Belə insanlarda xəstələnmə və ölüm göstəriciləri nisbətən az olur;
- BKİ 25,0-29,9 (artıq) – bədən çəkisinin artıq olmasından və ya piylənməönü vəziyyətdən xəbər verir;
- BKİ 30,0-34,9 (yüksək) – I dərəcəli piylənməyə müvafiqdir;
- BKİ 35,0-39,9 (çox yüksək) – II dərəcəli piylənməyə uyğun gəlir;
- BKİ>40 (hədsiz dərəcədə) –III və IV dərəcəli piylənməyə işarə edir.
Bədən kütləsi indeksinin 30-dan çox olması sağlamlıq üçün təhlükəli sayılır. Belə hallarda müayinə v və individual müalicə sxemi tələb olunur.
Faktiki və ideal bədən kütləsini müqayisə etməklə piylənmənin 4 dərəcəsi qeydə alınmışdır: I dərəcədə artıq çəki 29%-dən az olur, II dərəcə bədən kütləsinin 30-40%, III isə 50-99% yüksəlməsi ilə xarakterizə edilir, IV dərəcədə faktiki bədən kütləsi ideal çəkidən minimum 2 dəfə çox olur.
İdeal bədən kütləsi «boy, sm – 100» formuluna əsasən hesablanılır.
Bədəndə piy yığıntılarının daha çox toplanıldığı nahiyələri nəzərə almaqla, piylənmənin aşağıdakı növləri ayırd edilir:
- abdominal (yuxarı və ya android) – artıq piy toxuması gövdənin yuxarı hissəsində və qarın nahiyəsində yığılır (bədən formaca almanı xatırladır). Abdominal piylənmə adətən kişilərdə inkişaf edir və sağlamlıq baxımından daha təhlükəli sayılır. Bu da arterial hipertenziya, şəkərli diabet, insult və infarkt riskinin yüksək olması ilə bağlıdır.
- bud-sağrı (aşağı) – piy qatı əsasən bud və sağrı nahiyəsində toplanır (bədən fiqurası armuda bənzəyir). Daha çox qadınlarda yaranır və oynaq, onurğa xəstəlikləri, venoz çatışmazlıqla müşayiət edilir.
- aralıq (qarışıq) – piy yığıntıları bədəndə bərabər paylanır.
Piylənmə proqressivləşən xarakterli, stabil və ya rezidual (arıqlamadan sonra qalıq) mərhələdə ola bilər.
Yaranma səbəbi və inkişaf mexanizminə görə piylənmə 3 formaya bölünür:
- birincili (alimentar-metabolik və ya eksogen-konstitutsional və yaxud sadə)
- ikincili (hipotalamik və ya simptomatik
- endokrin
Birincili piylənmənin əsasında ekzogen və ya alimentar faktor dayanır. Qida rasionunun enerji dəyəri ilə onun sərfi arasında uyğunsuzluq piy yığıntılarına gətirib çıxarır. Piylənmənin bu forması karbohidrat və heyvan mənşəli yağlardan çox istifadə etdikdə və yaxud qidalanmanın tərkibi və rejimi pozulduqda (izafi və ya çox az qida qəbulu, əsas yeməyin axşama saxlanılması) inkişaf edir və əksər hallarda irsi xarakter daşıyır. Karbohidrat və zülallarla müqayisədə yağların kaloriləri bədən kütləsini daha çox artırır. Qida ilə daxil olan yağlar onların orqanizmdə oksidləşməsindən üstünlük təşkil etdikdə artıq piy depo şəklində toplanmağa başlayır. Hipodinamiya bu prosesin sürətlənməsinə səbəb olur.
İkincili piylənmə bir sıra irsi sindromları: Babinski-Frelix xəstəliyi, Jelino sindromu, Lorens-Mun-Bardet-Bidl sindromu və s. müşayiət edir. Simptomatik piylənmə həmçinin müxtəlif serebral zədələnmələr: baş beynin şişləri, infeksion xəstəliklər, psixi pozğunluqlar, kəllə-beyin travmaları və s. fonunda inkişaf edə bilər.
Piylənmənin endokrin forması daxili sekresiya vəzilərinin patologiyaları: hipotireoz, hiperkortisizm, hiperinsulinizm, hipoqonadizm nəticəsində əmələ gəlir. Piylənmənin hər 3 formasında bu və ya digər dərəcədə birincili və yaxud xəstəlik prosesində yaranan hipotalamik pozğunluqlar müşahidə edilir.
Piylənmənin əlamətləri
Piylənmənin spesifik əlaməti artıq bədən çəkisidir. Piy yığıntılarına çiyin, qarın, kürək, bud və çanaq nahiyəsində, eləcə də gövdənin yan hissələrində rast gəlinir. Pasiyentlərdə əzələ sisteminin zəifliyi nəzərə çarpır. Xəstənin xarici görünüşündə dəyişikliklər baş verir: buxaq formalaşır, psevdoginekomastiya inkişaf edir, qarın nahiyəsindəki piy büküşləri önlük şəklində sallanır, bud qalife formasını alır. Göbək və qasıq yırtıqları xarakterikdir.
Piylənmənin I və II dərəcəsində insanların xüsusi bir şikayəti olmur. Piylənmə ifadəli şəkil aldıqda yuxululuq, zəiflik, tərləmə, əsəbilik, təngnəfəslik, ürəkbulanma, qəbizlik, periferik ödemlər, onurğa və oynaqlarda ağrı meydana çıxır.
III-IV dərəcələrdə ürək-damar, tənəffüs, həzm sistemlərinin fəaliyyəti pozulur. Hipertoniya, taxikardiya, kar ürək tonları izlənilir. Diafraqma gümbəzinin hündürdə dayanması tənəffüs çatışmazlığı və xroniki ağciyər ürəyinin formalaşmasına səbəb olur. Qaraciyər parenximasının piy infiltrasiyası, xroniki xolesistit və pankreatit əmələ gəlir. Onurğa ağrıları, diz və aşıq-baldır oynaqlarının artrozunun əlamətləri müşahidə edilir. Bir çox hallarda piylənmə aybaşı siklinin pozğunluqları (hətta amenoreyaya qədər) ilə müşayiət edilir. Həddindən artıq tərləmə dəri xəstəlikləri (ekzema, piodermiya, furunkulyoz), akne, qarın, bud və çiyin nahiyələrində çatlar, boyun və dirsəklərin hiperpiqmentasiyası ilə nəticələnir.
Piylənmənin bütün formaları oxşar simptomatikaya malikdir. Onlar bir-birlərindən piy toxumasının lokalizasiya olunduğu sahələr, endokrin və ya sinir sisteminin zədələnmə əlamətləri ilə fərqlənirlər. Alimentar piylənmədə bədən çəkisi tədricən artır, piy toxuması bərabər paylanır. Endokrin vəzlərdə heç bir pozğunluq baş vermir.
Hipotalamik piylənmə sürətlə inkişaf edir. Piy yığıntıları əsasən qarın, bud və sağrı nahiyəsində toplanır. İştah artır, gecə aclığı, başgicəllənmə, tremor meydana çıxır. Dərinin trofik dəyişiklikləri: çəhrayı və ya ağ striyalar (gərilmə zolaqları), dəri quruluğu xarakterdir. Qadınlarda hirsutizm, sonsuzluq, aybaşı pozğunluğu, kişilərdə impotensiya yarana bilər. Nevroloji disfunksiya: baş ağrıları, yuxusuzluq; vegetativ-damar distoniyası: arterial hipertoniya, tərləmə izlənilir.
Endokrin mənşəli piylənmə hormonal dəyişikliklərin səbəb olduğu əsas xəstəliyin əlamətlərinin üstünlüyü ilə səciyyələnir. Piy toxuması adətən qeyri-bərabər yerləşir, feminizasiya və ya maskulinizasiya əlamətləri, hirsutizm, ginekomastiya, dəri çatları qeydə alınır.
Piylənmənin digər forması lipomatoz – piy toxumasının xoşxassəli hiperplaziyasıdır. Əsasən kişilərdə müşahidə edilir. Çoxsaylı ağrısız, simmetrik lipomalarla təzahür edir.
Derkum lipomatozu (ağrılı lipomalar) gövdə və ətraflarda lokalizasiya olunur, halsızlıq və yerli qaşınma ilə müşayiət edilir.
Piylənmənin ağırlaşmaları
Psixoloji problemlərlə yanaşı demək olar ki, bütün pasiyentlər artıq çəkinin yaratdığı bir sıra sindrom və xəstəliklərdən: ürəyin işemik xəstəliyi, 2-ci tip şəkərli diabet, arterial hipertoniya, insult, stenokardiya, ürək çatışmazlığı, öd daşı xəstəliyi, qaraciyər sirrozu, xroniki qıcqırma, artrit, artroz, osteoxondroz, polikistoz yumurtalıqlar sindromu, fertillik və libidonun azalması, aybaşı siklinin pozulmasından əziyyət çəkir.
Piylənmə zamanı qadınlarda süd vəzi, yumurtalıq və uşaqlıq, kişilərdə isə yoğun bağırsaq, prostat vəzin xərçənginin yaranma ehtimalı yüksəlir. Baş verən ağırlaşmalar fonunda qəfləti ölüm riski artır.
Piylənmənin diaqnostikası
Pasiyentləri müayinə edərkən anamnezə və irsi meylliyə xüsusi diqqət yetirilir, 20 yaşdan sonra çəkinin minimal və maksimal göstəriciləri, piylənmənin müddəti, aparılan tədbirlər, yanaşı gedən xəstəliklər, pasiyentin qida vərdişləri və həyat tərzi aydınlaşdırılır. Piylənmənin olmasını və onun dərəcəsini müəyyən etmək üçün bədən kütləsi indeksi (BKİ), ideal bədən kütləsi hesablanılır.
Piy toxumasının bədəndə paylanma xarakteri bel dairəsinin bud dairəsinə nisbətinə əsasən təyin edilir. Bu əmsalın qadınlarda 0,8, kişilərdə isə 1-dən yüksək olması abdominal piylənməyə dəlalət edir. Bel dairəsi kişilərdə 102, qadınlarda isə 88 sm-dən çox olduqda yanaşı xəstəliklərin yaranma ehtimalı artır.
Piy toxumasının lokalizasiyası, həcmi və onun ümumi bədən çəkisinə nisbətən faizini daha dəqiq müəyyən etmək üçün köməkçi üsullardan: USM, nüvə-maqnit rezonansı, kompüter tomoqrafiya, rentgenoloji densitometriyadan istifadə edilir. Belə pasiyentlər psixoloq, dietoloq və müalicəvi bədən tərbiyəsi üzrə təlimçi tərəfindən konsultasiya olunmalıdır.
Piylənmənin səbəb olduğu dəyişiklikləri aşkar etmək üçün aşağıdakı göstəricilər təyin edilməlidir:
- arterial təzyiq (arterial hipertenziyanı üzə çıxarmaq məqsədilə) ;
- hipoqlikemik profil və qlükozaya tolerantlıq testi (2-ci tip şəkərli diabeti aşkarlamaq üçün);
- triqliserid, xolesterin, aşağı və yuxarı sıxlıqlı lipoproteidlərin səviyyəsi (lipid mübadiləsini qiymətləndirmək üçün);
- EKQ və ExoKQ-məlumatlar (ürək-damar sisteminin fəaliyyətini izləmək məqsədilə);
- Qanın biokimyəvi analizində sidik turşusunun səviyyəsi (hiperuremiyanın təyini üçün).
Piylənmənin müalicəsi
Piylənmədən əziyyət çəkən hər bir insanda bədən çəkisini azaltmaq üçün müəyyən bir stimul olmalıdır: kosmetik effekt, əmək qabiliyyətinin yaxşılaşması, sağlamlığın qorunması, gözəl görünüş və s. Lakin bu məqsədlər və çəkinin azaldılma tempi real olmalı və ilk növbədə ağırlaşmaların yaranma ehtimalının minimuma endirilməsinə yönəldilməlidir. Müalicəyə pəhriz və idmanla başlanılır.
BKİ < 35 olan pasiyentlərə hipokalorili qidalanma – qidanın kalorisinin 300-500kkal azaltmaq, fiziki aktivliyi artırmaq məsləhət görülür. Gündəlik kalori piy (xüsusən heyvan mənşəli), karbohidratların (əsasən rafinəolunmuş) qəbulunun məhdudlaşdırılması hesabına azaldılır. Qaynadılmış və ya buxarda bişirilmiş məhsullara üstünlük verilir. Qida qəbulu sutkada 5-6 dəfə təkrarlanmalı, rasiondan ədəvalar və spirtli içkilər çıxarılmalıdır.
Az kalorili pəhrizə riayət etdikdə əsas mübadilənin zəifləməsi, enerjinin isə saxlanılması dietoterapiyanın effektivliyini aşağı salır. Bu səbəbdən hipokalorili pəhriz əsas metabolik prosesləri və piy mübadiləsini sürətləndirən idman hərəkətləri ilə birgə tətbiq edilməlidir. Stasionara yerləşdirilmiş pasiyentlərə qısa müddətli müalicəvi aclıq təyin edilir.
BKİ>30 olduqda və ya 12 həftədən çox davam edən pəhriz heç bir nəticə vermədikdə medikamentoz müalicə göstəriş sayılır. Amfetamin qrupundan olan preparatların (deksafenflüramin, amfepramon, fentermin) təsiri aclıq hissinin tormozlanmasına, insanın tez doymasına əsaslanır. Lakin onların ürəkbulanma, ağızda quruluq, yuxusuzluq, əsəbilik, allergik reaksiyalar, öyrəşmə kimi yan təsirləri ola bilər.
Bir sıra hallarda piyi mobilizə edən adipozin preparatı, eləcə də qidalanma davranışını dəyişən flüoksetin (antidepressant) effektiv olur. Hazırda piylənmənin müalicəsində öyrəşmə yaratmayan və əlavə təsirlərə səbəb olmayan sibutramin və orlistat preparatlarından daha çox istifadə edilir. Sibutramin doyma hissini tezləşdirməklə qəbul olunan qidanın miqdarını azaldır. Orlistat isə bağırsaqda yağların sorulma prosesini zəiflədir.
Piylənmə zamanı əsas və yanaşı gedən xəstəliklərin simptomatik terapiyası aparılır. Piylənmənin müalicəsində psixoterapiyaya (söhbət, hipnoz) xüsusi yer verilir. Onun köməyilə pasiyentin qidalanma davranışı və həyat tərzi əsaslı şəkildə dəyişdirilir.
BKİ>40 olduqda bariatrik cərrahiyyə həyata keçirilir. Dünya təcrübəsində vertikal qastroplastika, mədənin bandajlanması və qastroşuntlama əməliyyatları daha çox icra olunur. Kosmetik tədbirlər qismində piy yığıntılarının lokal çıxarılması – liposaksiya yerinə yetirilir.
Piylənmənin proqnoz və profilaktikası
Vaxtında aparılan sistematik tədbirlər müsbət nəticələr verir. Bədən kütləsi 10% azaldıqda ümumi letallıq 20%; diabetdən ölüm 30%; piylənməni müşayiət edən onkoloji xəstəliklərdən ölüm halları isə 40%-dən çox azalır. Piylənmənin I və II dərəcəsində əmək qabiliyyəti saxlanılır. III dərəcədə xəstələr III qrup, ürək-damar ağırlaşmalarına rast gəlindikdə isə II qrup əlillik alırlar.
Piylənmənin profilaktikası üçün qidanın kalorisi ilə sərf olunan enerji arasındakı balans qorunmalıdır. Piylənməyə irsi meyllik olduqda, hipodinamiya zamanı, həmçinin 40 yaşdan sonra karbohidrat və yağların qəbulu məhdudlaşdırılmalı, zülal və bitki mənşəli qidalara üstünlük verilməlidir. Piyada gəzintilərinə, üzgüçülük və idman məşqlərinə vaxt ayrılmalıdır.