Dikləşmiş və ya sallanmış burun ucu
Dikləşmiş və ya sallanmış burun ucu xarici burnun uc hissəsinin qığırdaqlarının anatomik xüsusiyyətləri və yerləşməsindən asılı olaraq formalaşır. Uc hissəsi yuxarıya doğru qalxan burun – dik, yastılaşan – «ördək», sivriləşərək aşağıya enən isə – «qartal» burun adlanır. Burun ucu rinoplastika üsulu ilə korreksiya olunur.
- Burun ucunun plastikasının əsas prinsipləri
- Burun ucunun plastikası
- Rinoplastikanın nəticələri
Dikləşmiş və ya sallanmış burun ucu barədə ümumi məlumat
Burun ucu qığırdaq strukturlarından formalaşır. Dikləşmiş və ya sallanmış burun ucu bel hissənin düzgün quruluşu ilə dissonans təşkil edərək, xarici görünüşü çirkinləşdirir.
Burnun uc hissəsinin forması üçbucaq və iri qanad qığırdaqlarından asılıdır. Üst dodaqla burun ucunun əmələ gətirdiyi ideal burun-dodaq bucağı təxminən 90°-yə bərabərdir. Burun ucunun dikləşməsi zamanı bu bucaq kor, sallanmış formalarda isə iti olur. Profildən baxdıqda burun kökündən başlayaraq bel boyunca davam edən xətlə burun kökündən aşağıya doğru endirilən vertikal xətt arasındakı bucaq normada 30° olmalıdır. Dik burun bucağın dərəcəsini artırır, sallanmış forma isə azaldır. Kolumellanın (burun dəlikləri arasındakı dəri arakəsməsi) burun qanadlarından aşağı səviyyədə yerləşməsi estetik baxımdan düzgün hesab olunur.
Burun ucunun qravitasion ptozu üzün yaşlanmasının ilkin əlamətidir. 40-45 yaşdan sonra burnun uc hissəsi qalınlaşır və aşağıya enir, bu proses toxumaların elastikliyinin itirilməsi, alın və burun belciyinin ptozu ilə bağlıdır. Həmçinin qığırdaqları fiksə edən bağların zəifləməsi burun ucunun enməsinə səbəb olur. Bu dəyişikliklər nəticəsində insan yaşından qoca görünür.
Çox zaman cavanlaşma məqsədilə burun plastikası və onun uc hissəsinin bir qədər qaldırılması kifayət edir, üzdə əlavə müdaxilələrin aparılmasına ehtiyac yaranmır.
Burun ucunun plastikasının əsas prinsipləri
Burun ucunun vəziyyətini dəyişmək – qaldırmaq və ya endirmək, enli və ya dar, simmetrik və ya proporsional etmək üçün plastik cərrahiyyədə burnun qığırdaq hissəsinin rinoplastikasından istifadə olunur.
Rinoplastika zamanı simmetriyaya riayət olunmalı, burnun individual xüsusiyyətləri (dərinin qalınlığı, qığırdaqların forma və möhkəmliyi, bel hissənin konturu, tağ bucaqlarının anatomiyası, burun ucu ilə dodq arasındakı bucağın ölçüsü), pasiyentin gözləntiləri nəzərə alınmalıdır.
Burun ucunun rinoplastikasının məqsədi burnun normal hissələrinin qorunması, qeyri-harmonik anatomik strukturların isə korreksiyasından ibarətdir. Burun ucunu fiksə edən qığırdaqların radikal kəsilməsi zamanı bu hissə əyilə və ya sallana bilər. Bununla əlaqədar rinoplastikanın əsas prinsipi dayaq qığırdaq strukturlarını pozmadan buruna estetik görünüş verməkdir. Sallanmış və ya dikləşmiş burun ucu problemində cərrahi korreksiya aşağı lateral qığırdaqlarda aparılır.
Burun ucunun plastikasının son nəticəsinə pasiyentin yaşı, dərinin qalınlığı, burnun sümük-qığırdaq strukturlarının xüsusiyətləri, üzün forması təsir edir. Burnun estetik korreksiyasının 17 yaşdan tez yerinə yetirilməsi məsləhət deyil.
Daxili orqanların ağır xəstəlikləri, şəkərli diabet, laxtalanmanın pozulması, infeksion və onkoloji xəstəliklər rinoplastikaya əks-göstəriş sayılır.
Burun ucunun rinoplastikası
Burun ucunun rinoplastikası yerli və ya ümumi narkoz altında aparılır. Əməliyyat adətən 40-60 dəqiqə çəkir. Burun ucunun forması deformasiyalaşmış və ya artıq qığırdaq toxumasının xaric edilməsi və qığırdaqların düzgün vəziyyətdə fiksasiyası hesabına modelləşdirilir. Dikləşmiş burun ucunun hündürlüyü azaldılır, sallanmış hissənin proyeksiyası isə böyüdülür.
Burun ucunun plastikası qapalı (burun yollarının daxilində kiçik kəsiklərdən) və ya açıq üsulla (adi xarici müdaxilə) icra olunur. Əməliyyat yumşaq toxuma, qığırdaqlar və kolumella üzərində aparılır. Qığırdaqlar kəsilir, yeni vəziyyətdə tikilir. Burun ucunun rinoplastikasına burun dəlikləri və kolumellanın plastikası, həmçinin burnun kontur plastikası əlavə oluna bilər.
Burun ucunun plastikası az travmatik əməliyyatlardan sayılır. Rinoplastikadan sonra gips langetlərin qoyulması tələb olunmur, reabilitasiya dövrü qısa olur, tikişlər öz-özünə sorulur. Əməliyyat olunmuş burun ucu leykoplastırla 1 həftə müddətinə fiksə olunur. Rinoplastikadan 3-5 gün sonra selikli qişa sağalmağa başlayır.
İlk dövrlərdə qarın üstə yatmaq qadağan olunur. Pasiyent isti yeməklər və aktiv fiziki yüklənmələrdən imtina etməli, iri çərçivəli eynək taxmamalıdır.
Rinoplastikanın nəticələri
Burun ucunun hiperhəssaslığı 1,5-2 ay ərzində saxlanıla bilər. Rinoplastikadan sonra 2 həftə ərzində toxumaların şişkinliyi 85%, 2 aydan sonra isə 90% azalır. Rinoplastikanın həcm və mürəkkəbliyindən asılı olaraq, cüzi ödem 6-12 ay izlənilə bilər.
Estetik nəticə artıq sarğı çıxarıldıqdan sonra nəzərə çarpır, lakin rinoplastikanın uğrulu olması barədə yalnız 6-12 aydan sonra dəqiq fikir yürütmək olar.