Dovşandodaqlıq

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3803

dovşandodaqlıq nədir?Dovşandodaqlıq – bətndaxili dövrdə burun boşluğu və yuxarı çənə toxumalarının bitişməməsi nəticəsində yaranan və dodaq yarığı ilə xarakterizə olunan anadangəlmə inkişaf qüsurudur. Dovşandodaqlıq uşağın qidalanma və nitqində çətinliklərlər yaradır, lakin onun ümumi psixosomatik inkişafında adətən heç bir pozğunluğa rast gəlinmir. Dovşandodaqlıq çox zaman qurdağızlıq – damaq yarığı ilə birgə müşahidə olunur. Bu tip qüsurlar hələ bətndaxili inkişaf dövründə ultrasəs müayinənin köməyilə aşkarlana bilər. Dovşandodaqlıq cərrahi üsul – xeyloplastika ilə aradan qaldırılır, müştərək qüsurlarda rinoxeyloplastika, rinoxeyloqnatoplastika icra olunur.

  • Dovşandodaqlığın yaranma səbəbləri
  • Xeylosxizisin (dovşandodaqlıq) təsnifatı
  • Dovşandodaqlığın təzahürləri
  • Dovşandodaqlığın inkişaf prinsipləri
  • Dovşandodaqlığın korreksiya üsulları

Dovşandodaqlıq barədə ümumi məlumat

Dovşandodaqlıq (xeylosxizis) – üz-çənə nahiyəsinin inkişaf qüsuru olub, üst dodağın bitişməməsi ilə səciyyələnir. Körpələrin 0,04%-i dovşandodaqlıqla doğulur, onların arasında oğlanlar üstünlük təşkil Dodaq və damaq yarığı hamiləliyin 8-ci həftəsinə qədər formalaşır, üz-çənə orqanlarının mayası məhz bu dövrdə qoyulur. Üz yarıqları çox nadir hallarda izoləolunmuş formada qeydə alınır. Hər 5-ci halda onlar ağır anadangəlmə sindromların tərkibinə daxil olur. Üz yarıqlarının korreksiyası, pozulmuş funksiyaların bərpası və pasiyentlərin reabilitasiyası ilə üz-çənə cərrahı, stomatoloq, loqoped, pediatrlar məşğul olur.

Dovşandodaqlığın yaranma səbəbləri

Qurdağızlıq kimi dovşandodaqlığın da formalaşması gen səviyyəsində baş verən dəyişikliklərlə bağlıdır. Dodaq yarığının inkişafına cavabdehlik daşıyan TBX22-genin mutasiyasına toksikoz, stress, antibiotiklərin qeyri-rasional istifadəsi, radiasiya, infeksiya, ananın zərərli vərdişləri (siqaret, alkoqol və narkotiklərdən istifadə) səbəb olur. Həmçinin hamilə qadının ginekoloji və ümumi somatik patologiyaları qüsurun formalaşmasına təsir edir.

Dovşandodaqlığın yaranmasında iştirak edən əlverişsiz amillər arasında kimyəvi (22,8%), psixi (9%), bioloji (5%), fiziki (2%) faktorlar, mexaniki travmalar (6%) xüsusilə qeyd olunur. Dovşan dodaq uşağa sahib olan valideynlər növbəti hamiləliyi planlaşdırmazdan əvvəl həkim-genetik tərəfindən konsultasiya olunmalıdır.

Xeyloxizisin (dovşandodaq) təsnifatı 

Yarıq adətən üst dodaqda orta xətdən yan tərəfdə formalaşır. Çox nadir hallarda qüsur ikitərəfli və ya alt dodaqda yaranır. Dodağın birtərəfli yarığı əsasən solda müşahidə edilir. İkitərəfli qüsur çox vaxt üst çənənin çənəarası çıxıntısının önə qabarması ilə müşayiət olunur.

Dovşandodaqlıq 2 formada olur: hissəvi və tam. Hissəvi yarıq adətən dodaqda birtərəfli dərinləşmə şəklində özünü büruzə verir. O, orta burun və yuxarı çənənin çıxıntılarından birinin öz aralarında bitişməməsi nəticəsində yaranır. Xeyloxizisin tam forması bir və ya hər iki tərəfdə dodaqdan buruna qədər uzanan dərin yarıqla xarakterizə olunur. Dovşandodaqlığın bu forması burun çıxıntısının üst çənənin sol və ya sağ çıxıntıları ilə bitişmədiyi təqdirdə inkişaf edir. Qüsurun dərinliyi və uzunluğu müxtəlif olur. Yüngül hallarda yarıq yalnız dodağın yumşaq toxumalarını, ağır formalarda isə damaq və ya üst çənə sümüyünü də əhatə edir.

Dovşandodaqlıq adərən  üst çənənin digər inkişaf qüsurları: yumşaq və ya sərt damağın yarığı, burnun deformasıyası və s. ilə müşayiət olunur. Qüsurun forma və ağırlıq dərəcəsinin təyini korreksiya üsulunun düzgün seçilməsinə şərait yaradır.

Dovşandodaqlığın təzahürləri

Dovşandodaqlıq doğuşdan dərhal sonra uşağa xarici baxış zamanı aşkarlanır. Yuxarı və ya aşağı dodaq nahiyəsində bir və ya ikitərəfli yarıq dovşandodaqlığa dəlalət edir. Anomaliyalı südəmər uşaqlarda əmmə və udqunma çətinləşir. Dodaq yarığı dərin və iri olduqda körpə burun zondu vasitəsilə qidalandırılır. Gələcəkdə dişlər və dişləmin deformasiyası ilə əlaqədar çeynəmə prosesləri pozulur.

Bu tip uşaqlarda bəzi dişlər olmur və ya əksinə əlavə dişlərə rast gəlinir. Onlarda dişlərin əyri böyüməsi və kariesə meyllik qeydə alınır. Belə hallarda ortodontik müalicə və dişləmin korreksiyası, bəzən çatışmayan dişlərin implantasiyası, əlavə dişlərin köçürülməsi tələb oluna bilər. Dovşandodaq uşaqlarda səslərin formalaşma prosesi pozulur, nitqində çətinlik yaranır (rinolaliya).

Dovşandodaqlığın müalicə prinsipləri

Qüsurun forma  və ifadəliliyindən asılı olaraq, dovşandodaqlıq bir və ya bir neçə rekonstruktiv plastik əməliyyatla aradan qaldırılır. Anadangəlmə dodaq yarıqlarının plastik korreksiyası vaxtında doğulan və əks-göstərişlərə (həyati vacib orqanların müştərək qüsurları, doğuş travmaları, qazanılmış xəstəliklər, fizioloji sarılıq və s.) malik olmayan uşaqlarda aparılır. Dovşandodaqlığın cərrahi korreksiyası – xeyloplastikanın körpənin 3-6 aylığında icra olunması məsləhətdir. Ağır formalı qüsurlarda anemiya, bağırsaq, ürək-damar, endokrin və ya sinir sisteminin patologiyalarının rast gəlinmədiyi, uşağın çəki artımının normal olduğu təqdirdə əməliyyat həyatın ilk gün və aylarında yerinə yetirilə bilər.

Doğuşdan sonra ilk 2 həftə ərzində xeyloplastikanın aparılması dodaq və burunun inkişafına qənaətbəxş təsir göstərir, eləcə də valideynlərin psixoloji gərginliyini azaldır. Lakin bu dövrdə uşaqlarda dodağın anatomik ölçüləri çox kiçik olur, bəzi fizioloji funksiyalar formalaşmır, onlarda qanaxmaya yüksək meyllik müşahidə edilir. Dodaq yarığının cərrahi müalicəsi onun anatomik quruluşu və tamlığının bərpasına, damaq və burun deformasiyaları,  üzün digər qüsurlarının aradan qaldırılmasına səbəb olur, eləcə də üz-çənə sisteminin düzgün inkişafına şərait yaradır.

Dovşandodağın korreksiyası 3 yaşa – nitqin formalaşmasına qədər başa çatmalıdır. Yuxarı yaşlarda nitq qüsurları ilə mübarizəyə istiqamətləndirilən loqoped müalicəsi və postoperasion çapıqlara qarşı kosmetik müalicə aparılır. Dodaq, burun, damaq və alveolyar çıxıntıdakı qüsurları nəzərə almaqla rekonstruktiv əməliyyatlar qismində xeyloplastika, rinoxeyloplastika və ya rinoxeyloqnatoplastika həyata keçirilir.

Dovşandodaqlığın korreksiya üsulları

Birincili xeyloplastika dodağın anatomik, estetik və funksional tamlığının bərpasına yönəldilir. O, anomaliya ilə doğulan körpənin həyatının ilk günlərində aparılır. Az yaşlı uşaqlarda xeyloplastikanın müxtəlif üsulları tətbiq edilir, onlar qüsurun forması nəzərə alınmaqla cərrah tərəfindən seçilir.

Birincili xeyloplastika dovşandodaq, burun qığırdağı və ağız boşluğu əzələlərinin anomal lokalizasiyasının korreksiyasına ehtiyac yarandıqda icra olunur. Bu üsul texniki cəhətdən daha mürəkkəb sayılır, dodaq və üz skeletinin ağır qüsurları, burnun deformasiyası zamanı göstəriş hesab olunur. Rinoxeyloplastikanın variantları müxtəlifdir, onlar anadangəlmə qüsurların fərdi xüsusiyyətlərinə əsasən təyin edilir.

Dodağın anatomik tamlığının bərpası, burnun qığırdaq deformasiyası və alveolyar çıxıntının qüsurlarının aradan qaldırılması, üst çənənin yarıq tərəfdə inkişafdan qalmış hissələrinin korreksiyası, ağız boşluğunda normal əzələ karkasının formalaşdırılması məqsədilə rinoxeyloqnatoplastika tətbiq olunur. Bu üsul üst çənə, burun və dodağın düzgün inkişafına səbəb olur.

Plastik rekonstruktiv üst-çənə cərrahiyyəsi 85-90% hallarda dovşandodaqlıqla doğulan uşaqlarda qənaətbəxş estetik və funksional nəticələrin əldə olunmasına imkan verir, onların həyat keyfiyyətini yaxşılaşdırır. Xeyloplastika əməliyyatı uşaq hərtərəfli müayinə edildikdən və onun cərrahi müalicənin aparılmasına funksional hazırlığı təsdiq olunduqdan sonra yerinə yetirilir.

Burun və dodaq toxumalarının repozisiya və tikilməsindən sonra tikiş nahiyəsini qida ilə selikdən müdafiə etmək, eləcə də burun dəliklərinin daralmasının qarşısını almaq məqsədilə  burun yollarına tənzifdən hazırlanmış tampon yerləşdirilir. Tampon çıxarıldıqdan sonra həmin nahiyənin daralması və burun qanadının deformasiyasının profilaktikası məqsədilə 3 ay müddətində plastmas borucuqlardan istifadə olunur. Əməliyyatın 7-10-cu günündə tikişlər sökülür. Dodaqda postoperasion tikiş aydın nəzərə çarpır, lakin gələcəkdə onun təzahürlərini kosmetoloji prosedurların köməyilə azaltmaq mümkündür.

70% hallarda yuxarı yaşlarda burun və dodağın qalıq deformasiyalarının korreksiyası tələb oluna bilər.   Xeyloplastikadan yalnız bir il sonra əməliyyatın funksional və estetik nəticələri barədə mühakimə yürütmək olar. Bir sıra pasiyentlərdə selikli qişa tərəfədə dodağın çapıq deformasiyası yaranır, bu zaman ağız boşluğu dəhlizinin plastikasına ehtiyac yaranır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: