Gözaltı torbacıqlar

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3335

gözaltı torbacıqların korreksiyasıGözaltı torbacıqlar – aşağı göz qapağı nahiyəsində periorbital piy toxumasının ödemi və ya çoxalması nəticəsində yaranan şişkinlikdir. Əlverişsiz amillərin dəriyə təsiri ilk növbədə ən zərif və həssas nahiyə sayılan gözətrafı zonada özünü büruzə verir. Gözaltı torbacıqlar daimi və ya müvəqqəti xarakter daşıyaraq, üzə qeyri-sağlam görünüş verir. Onların yaranması orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, bəzən 20 yaşda formalaşır, bəzən isə yaşlı qadınlarda belə müşahidə olunmur.

  • Gözaltı torbacıqların yaranma səbəbləri
  • Gözaltı torbacıqların aradan qaldırılma üsulları

Gözaltı torbacıqlar barədə ümumi məlumat

Gözaltı torbacıqlar göz qapaqlarında artıq mayenin toplanması və ya piy toxumasının qabarması nəticəsində əmələ gəlir. Ödem mənşəli torbacıqlar adətən yuxudan oyandıqda daha nəzərə çarpan olur, gün ərzində isə azalır və ya tamamən itir, bu da cazibə qüvvəsinin təsiri və qan dövranının aktivləşməsi hesabına mayenin bədənin yuxarı yarısından aşağıya doğru axını ilə bağlıdır. «Piy» torbacıqları günün saatlarından asılı olmayaraq, hər zaman müşahidə edilir.

Göz alması göz yuvası arasında amortizator rolunu oynayan periorbital toxuma – piy qatı yerləşir. Periorbital toxuma göz qapağından onu göz yuvasında fiksə edən arakəsmə – birləşdirici toxuma membranı vasitəsilə ayrılır. Piy qatının həcminin artması, göz arakəsməsinin elastikliyinin itirilməsi və gərilməsi piy toxumasının göz yuvasından xaricə qabarmasına gətirib çıxarır.

Periorbital yırtıqlar əsasən gözün daxili bucaqlarında lokalizasiya olunur. Gözaltı torbacıqlar görmə itiliyinin zəifləməsivə gözün tez yorulması ilə nəticələnə bilər. Çox zaman piy yırtıqları göz yaşı axacaqları və vəzilərinə təzyiq edərək, gözün yaşarması və daxili bucağın dərisinin islanmasına səbəb olur. Aşağı göz qapağı nahiyəsində yaranan dəri büküşləri gigiyenik prosedurların aparılmasını çətinləşdirməklə, aşağı göz qapağının dərisinin ekzemasına gətirib çıxarır.

Gözaltı torbacıqların yaranma səbəbləri

Gözaltı torbacıqların uşaqlıq və yeniyetmə dövründə formalaşaraq, bütün həyat boyunca insanı müşayiət etməsi periorbital toxumanın çoxalmasına irsi meylliklə bağlıdır. Belə hallarda torbacıqlara adətən valideynlərdə də müşahidə olunur.

İnsanın konstitutsional xüsusiyyətləri həmçinin onun göz qapağının forması ilə əlaqəlidir. Kök insanlarda adətən gözaltı şişkinliklər və torbacıqlara, arıq şəxslərdə isə yuxarı göz qapaqlarının sallanmasına rast gəlinir.

Gecə saatlarında spirtli içki, artıq miqdarda maye və xörək duzunun qəbulu piy qatında mayenin ləngiməsinə, periorbital toxumada ödemin yaranmasına və gözaltı torbacıqlar şəklində kosmetik qüsurun formalaşmasına gətirib çıxarır.

Mayenin toplanması və periorbital toxumanın şişkinliyi həmçinin müxtəlif patoloji vəziyətlərlə: böyrək xəstəlikləri, allergik rinit və konyunktivit, burun boşluqlarının iltihabı, respirator infeksiyalarla bağlı ola bilər.

Bəzi qadınlar gözaltı torbacıqların yaranması ilə aybaşı siklinin müəyyən fazası arasında asılılığın olduğunu qeyd edirlər. Belə hallarda periorbital toxumanın ödemi hormonal mənşəli olur.

İzafi ultrabənövşəyi şüalanma göz qapaqlarının dərisini qurudur və nazildir, bununla da torbacıqların formalaşmasına səbəb olur.

Yorğunluq, stress, yuxu azlığı, televizora baxarkən və ya kompüterdə işləyərkən gözlərdə həddindən artıq gərginliyin yaranması gözətrafı dərinin vəziyyətinə mənfi təsir göstərir. Yırtıqşəkilli torbacıqlar kosmetik vasitələrin keyfiyyətinin aşağı olması və ya düzgün seçilməməsi nəticəsində formalaşa bilər.  Gözətrafı nahiyənin dərisi nazik və zərif olduğundan xüsusi diqqət tələb edir.

Gözaltı torbacıqların qarşısı alına bilinməyən səbəbi orqanizmin yaşlanmasıdır.Yaş artdıqca periorbital toxuma çoxalaraq, aşağı göz qapağının dərisindən qabarır. Gözaltı torbacıqlar tədricən böyüyərək, daimi xarakter alır.

Gözaltı torbacıqların aradan qaldırılma üsulları

«Ödem» mənşəli torbacıqlarla mübarizədə həyat tərzinin normallaşdırılması, xalq təbabəti reseptləri və kosmetik vasitələr müsbət təsir göstərir. Piy yırtıqları isə yalnız aşağı göz qapaqlarının cərrahi korreksiyası – blefaroplastikanın köməyilə aradan qaldırıla bilər.

Aşağı blefaroplastika – aşağı göz qapaqları nahiyəsində periorbital toxumanın artıq hissəsinin cərrahi yolla xaric edilməsindən ibarətdir. Gözaltı torbacıqları heç bir kosmetik vasitələrlə gizlətməyin mümükün olmadığı hallarda ancaq plastik cərrahiyyə gözlərə cavan və sağlam görünüş bəxş edə bilər.

Aşağı göz qapaqlarının anatomik xüsusiyyətləri və müdafiə funksiyasını nəzərə almaqla cərrahi müdaxilə ehtiyatla aparılmalı, yumşaq toxumalar zədələnməməlidir.

Aşağı blefaroplastika adətən yerli anesteziya altında aparılır. Əməliyyat hər göz qapağı üzərində orta hesabla 30-60 dəqiqə davam edir.

Aşağı göz qapağının yüngül dərəcəli deformasiyalarında konyutivadan daxil olmaqla tikişsiz transkonyunktival blefaroplastika üsulu ilə aradan qaldırılır. Bu üsulun üstünlüyü göz qapaqlarının dərisində tikişlərin olmamasıdır.

Gözaltı torbacıqların daha çox nəzərə çarpan formalarında piy yırtıqları klassik blefaroplastika ilə korreksiya olunur. Bu zaman aşağı göz qapağının kənarı boyunca kəsik aparılır. Dərinin artıq hissəsi kəsilib götürülür. Tikişlər 3 gündən sonra sökülür. Çapıq toxuması 1 aydan sonra ətraf toxumalardan seçilmir. Klassik blefaroplastika adətən qeyri-elastik dəriyə sahib olan yaşlı qadınlarda həyata keçirilir. Son zamanlar aşağı göz qapaqlarının plastikasında ağızdaxili blefaroplastikaya üstünlük verilir. Bu üsulun mahiyyəti periorbital toxumanı xaric etmədən piy qatını orbitanın aşağı kənarı və göz yaşı şırımı nahiyəsinə yaymaqdan ibarətdir. Əməliyatın sonunda sorulmayan nazik saplarla tikiş qoyulur, və bir neçə gündən sonra sökülür.

Postoperasion dövrdə aşağı göz qapaqlarının şişkinliyi və hematoması izlənilir. Bu əlamətlərin ifadəliliyi və müddəti pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır. Reabilitasiya mərhələsi orda hesabla 10-12 gün davam edir.

Blefaroplastikadan sonra 12 il müddətində stabil kosmetik effekt müşahidə edilir.  Lakin onu da qeyd etmək lazımdır ki, gözaltı torbacıqların cərrahi üsulla korreksiyası periorbital nahiyənin dərisinin yaşlanmasını aradan qaldırmır, bu səbəbdən müəyyən vaxtdan sonra büküşlər əmələ gəlir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: