Gözətrafı qırışlar

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 5538

gözətrafı qırışların korreksiyasıGözətrafı qırışlar – paraorbital nahiyənin dərisinin fərqli dərinlik və ifadəliliyə malik şırımlar şəklində gözlə görünən qüsurlarıdır. Gözətrafı qırışlar izafi mimiki aktivlik, dərinin yaşla bağlı dəyişiklikləri, əlverişsiz daxili və xarici amillərin təsiri nəticəsində yaranır. Onlar üz nahiyəsinin digər qırışlarından əvvəl formalaşır. Belə qırışlar çoxsaylı və səthi olur. Müasir estetik təbabətdə gözətrafı qırışlarla mübarizədə müxtəlif üsullardan istifadə olunur: xüsusi kosmetik qulluq, botulotoksin inyeksiyası, mezoterapiya, kontur plastikası və blefaroplastika.

  • Gözətrafı qırışların yaranma səbəbləri
  • Qırışların növləri
  • Gözətrafı qırışların aradan qaldırılma üsulları

Gözətrafı qırışlar barədə ümumi məlumat

Dərinin yaşlanmasının ilkin əlamətləri gözətrafı zonada müşahidə edilir, bu da həmin nahiyənin epidermis qatının çox nazik olması (təxminən 0.5mm) ilə bağlıdır. Göz ətrafında piy və tər vəziləri, dərialtı piy qatı və qan damarlarına rast gəlinmir, əzələ toxuması isə az miqdarda olur. Dəriyə elastiklik və möhkəmlik verən kollagen lifləri bu nahiyədə seyrək tor şəkilli struktura malik olduğundan paraorbital zonanın dərisi daha çox gərilir. Kövşək dərialtı piy toxuması isə ödemlərə meyllik yaradır. Bundan əlavə göz nahiyəsinin daima yüklənməyə məruz qalması (gözlərın qıyılması və s.) qırışların formalaşmasına gətirib çıxarır. 25 yaşdan etibarən gözətrafı nahiyənin dərisi yaşlanmağa başlayır, bu zonada səthi qırışlar və şişkinlik əmələ gəlir. Tədricən büküşlər daha aydın nəzərə çarpır.

Gözətrafı qırışların yaranma səbəbləri

Quru dəriyə sahib olan qadınlarda gözətrafı qırışlar daha tez yaranır. «Qaz ayağı» adlanan erkən qırışlar həmçinin yüksək mimiki aktivlik nəticəsində də formalaşır. Yuxu azlığı, qeyri-rasional qidalanma, xroniki yorğunluq, günəş şüaları, stress, spirtli içkilərin qəbulu, siqaret çəkmə,  hava və suyun tərkibində zərərli maddələrin izafi miqdarda olması dərinin vəziyyətinə mənfi təsir göstərir.

Paraorbital nahiyə üçün nəzərdə tutulmayan və ya keyfiyyətsiz kosmetik vasitələrdən istifadə, göz kölgələrinin intensiv şəkildə çəkilməsi, krem, maska və skrabların bu zonaya kobud şəkildə yeridilməsi gözətrafı qırışlara səbəb olur.

Kompüter arxasında uzun müddət vaxt keçirən qadınlarda gözlərin həddindən artıq yorulması qırışların formalaşmasına gətirib çıxara bilər. Nazik əzələ lifləri qıcolma şəklində yığılaraq, qan dövranı və maddələr mübadiləsini pozur, nəticədə göz ətrafında kiçik büküşlər əmələ gəlir.

Gözətrafı qırışların erkən yaranmasına irsiyyət və üzün anatomik quruluşu: yuxarı göz qapağının sallanması, qaşların sallanması, gözaltı torbacıqlar, gözlərin dərində yerləşməsi təsir edir. Gözətrafı qırışların formalaşmasının əsas qaçılmaz amili dərinin yaşlanmasıdır.

Gözətrafı qırışların növləri

Yaranma səbəblərindən asılı olmayaraq, qırışların 2 tipi ayırd edilir: statik və mimik (dinamik). Statik qırışların formalaşması birbaşa olaraq dəridə gedən proseslər: dəri liflərinin zədələnməsi, dəri strukturunun yaşla bağlı zəifləməsi  və s. ilə bağlı olur.

Dinamik qırışlar paraorbital nahiyənin daimi əzələ aktivliyi nəticəsində inkişaf edir – əzələlər yığılarkən dəri büzüşür, boşalarkən isə hamarlaşır. Tədricən göz ətrafında hörümçək toru şəklində kiçik qırışlar əmələ gəlir. 30 yaşdan sonra bu qüsurlar daha ifadəli olur. İlk dinamik qırışlar məhz göz ətrafında meydana çıxır. Onlara emosional insanlarda, eləcə də miopiyadan (yaxından görmə) əziyyət çəkən və tez-tez gözlərini qıyan pasiyentlərdə rast gəlinir. Mimik qırışlar kosmetik vasitələrlə korreksiyaya tabe olmur.

Qırışlar aysberqin yalnız görünən hissəsidir, əslində onların yaranması поскольку dərinin dərin qatlarında gedən dəyişikliklərlə bağlıdır. Kosmetik vasitələr və xalq təbabəti reseptləri qırışların inkişafını sadəcə müəyyən bir müddət ərzində ləngidə və ya gizlədə bilər. Dərinin yaşlanmasının əlamətlərini aradan qaldırmaq üçün daha güclü təsirə malik üsullardan istifadə edilməlidir.

Gözətrafı qırışların aradan qaldırılma üsulları

Kosmetologiya və plastik cərrahiyyənin təklif etdiyi effektiv üsullar sırasına Botoks inyeksiyaları, mezoterapiya, kontur plastikası və blefaroplastika daxildir.

Dərialtı Botoks inyeksiyaları üçün nəzərdə tutulan preparat təbii proteinlər – A tipli botulunin təmizlənmiş neyrotoksinlərindən ibarətdir. Botoksun problemli zonada dəri altına yeridilməsi mimiki

əzələləri innervasiya edən siniri blokada etməklə, gözətrafı mimik qırışların yaranma səbəbini aradan qaldırır.

Mezoterapiya farmakoloji kokteyllər – homeopatik preparatlar, mikroelementlər, vitaminlər, bitki ekstraktlarının dərialtı yeridilməsi ilə həyata keçirilir. Kontur plastikası hialuron turşusu əsasında hazırlanmış təbii mənşəli gel tərkibli implantatların dərialtı inyeksion yeridilməsi ilə icra olunur.

Blefaroplastika və ya göz qapaqlarının plastikası gözətrafı qırışların cərrahi korreksiya üsuludur. Əməliyyat zamanı yuxarı və aşağı göz qapaqlarının artıq hissəsi kəsilib götürülür, bu yolla nəinki gözətrafı qırışlar, torbacıqlar və yuxarı göz qapağının sallanması aradan qaldırılır, həm də nəzərə çarpan cavanlaşdırıcı effekt əldə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: