İri burun

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 3508

iri burunun korreksiyasıİri burun – xarici burnun eni, uzunluğu və hündürlüyü arasındakı nisbətin dəyişməsi ilə xarakterizə olunur. Belə burun üzün digər hissələrinə qeyri-proprosional olur. Çox iri burun üz cizgilərinin harmoniyasını pozur, diqqəti cəlb edir, həmçinin ətrafdakıların istehza mənbəyinə çevrilərək, insanda xarici görünüşlə bağlı kompleksin yaranmasına səbəb olur. Bütün bunlarla yanaşı iri ölçülü xarici burun hava-damcı infeksiyalarının törədicilərinin respirator trakta daxil olmasının qarşısını alır.  Burnun forma və ölçüləri rinoplastika vasitəsilə korreksiya edilir.

  • Burnun antropoloji parametrləri
  • İri burnun fizioloji xüsusiyyətləri
  • Burnun forma və ölçüsünün plastik korreksiyası

İri burun barədə ümumi məlumat

İri burnun xarakteristikası individual olub, nəinki onun eni və uzunluğu, eləcə də digər üz cizgiləri ilə proporsionallığından asılıdır. Əgər insanın dodaq və gözləri kiçik, qaşları nazikdirsə, bu fonda hətta orta anatomik ölçülərə malik burun belə nəhəng görünəcək.

Burnun forması onun struktur komponentləri: kökü, belciyi, əsası və ucu arasındakı nisbətə, ölçüsü isə burnun ayrı-ayrı hissələrinin eni, uzunu və hündürlüyünə əsasən müəyyən edilir.

Burnun forma və ölçüləri yaşdan asılı olaraq dəyişir, zaman keçdikcə üzün yumşaq toxumalarının ümumi ptozu və dərinin boşalması fonunda burun daha iri görünür. Burnun inkişafı orta hesabla 18-21 yaşa qədər davam edir. Onun forma və ölçüsünə həmçinin irsi və milli xarakteristika da təsir göstərir. Avropa xalqları hündür və ensiz, monqollar isə enli və yastı buruna sahib olur.

Burnun antropoloji parametrləri 

İdeal burnun uzunluğu üzün uzunluğunun 1/3-nə bərabər, eni uzunluğunun 1/3-dən az, hündürlüyü isə enindən təxminən 1,5 dəfə çox olur. Klassik profildə burun bucağı 30° təşkil edir.

Burnun eninin uzunluğuna faiz nisbəti – burun göstəricisi 60-100% arasında variasiya edir. Bu göstəricisi antropologiyada geniş tətbiq edilir. Onun bir neçə variantı mövcuddur:

  • leptoriniya — 69,9%-dən kiçik burun göstəricisi hündür, ensiz burunu xarakterizə edir;
  • mezoriniya —70-84,9% arasında dəyişən burun göstəricisi orta ölçülü burun üçün tipikdir;
  • hameriniya — 85%-99,9% arasında variasiya edən burun göstəricisi enli, yastı burun üçün səciyyəvidir;
  • hiperhameriniya — 100%-dən böyük burun göstəricisi iri buruna malik olan insanlarda müşahidə edilir.

Bu təsnifata əsasən leptoriniya Avropa xalqları və eskimoslar, hameriniya Afrika, Avstraliya əhalisi üçün xarakterikdir. Antropoloqların fikrincə burnun ölçüləri tənəffüs funksiyasının realizasiyasına uyğun formalaşır.

İri burnun fizioloji xüsusiyyətləri 

İri burun estetik qüsur hesab olunsa da onun danılmaz üstünlükləri vardır. İri ölçülü burun orqanizmi infeksion törədicilər və allergenlərdən müdafiə edir. Amerika tədqiqatçıları sübut etmişdir ki, iri burun mikroorqanizmlərin və allergik rinit yaradan bitki tozcuqlarının burun-udlağa keçməsinin qarşısını alır.

Önə qabaran iri buruna sahib olan insanların havadakı toz hissəcikləri və bakteriyaları udması adi və ya orta buruna malik şəxslərlə müqayisədə 7% az olur. Həmçinin iri burun ağız boşluğunu hava ilə mikroorqanizmlərdən qoruyur.

Bütün bu üstünlüklərə baxmayaraq, insanlar, xüsusən qadınlar burun ölçü və formasının korreksiyasına can atırlar.

Burnun forma və ölçüsünün plastik korreksiyası 

Burnun forma və ölçüsünün korreksiyasına yönəldilmiş əməliyyat rinoplastika adlanır. Plastik əməliyyat burnun üz cizgiləri ilə harmoniyasının əldə olunmasına imkan verir.

Qeyri-proporsional burnun korreksiyası məqsədilə icra edilən rinoplastikanın mahiyyəti onun sümük-qığırdaq karkasının kiçildilməsindən ibarətdir. Kəsiklər burun dəliklərinin daxili səthində aparılır. Əməliyyat prosesində «artıq» sümük və qığırdaq toxumaları xaric edilir, yaranan qüsur burun sümüklərinin yaxınlaşdırılması ilə bağlanılır. Ehtiyac olduqda burun dəlikləri nahiyəsində dərinin bir hissəsi kəsilib götürülür. Yalnız burun qanadlarının kiçildilməsinə zərurət yarandıqda burun çəpəri və sümük strkturlarına toxunulmur. Pasiyentin burun tənəffüsü ilə bağlı çətinliyi olduqda eyni zamanda burun çəpərinin vəziyyəti korreksiya olunur (septorinoplastika). Rinoplastika ümumi narkoz altında aparılır və orta hesabla 1-2 saat davam edir.

Reabilitasiya dövründə əməliyyat sahəsini travmadan qorumaq lazımdır. Əməliyyat düzgün və savadlı şəkildə aparıldıqda postoperasion ağırlaşmaların yaranma riski minimal olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: