Kiçik çənə

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 4586

kiçik çənənin korreksiyasıÜzün düzgün ovalının formalaşmasında çənə mühüm rol oynayır. Kiçik ölçülü, zəif inkişaf etmiş çənə adətən aşağı çənənin anadangəlmə qüsuru, az hallarda isə postravmatik və postoperasion fəsadlarla bağlı olur. Onun ölçü və forması alın, burun və almacıq nahiyəsinin proporsiyalarına uyğun gəlmir, çənə ilə boyun nahiyəsi arasında dəqiq sərhəd olmur.

Yaraşıqlı üz bir-birilə harmoniya təşkil edən dəqiq və qüsursuz cizgilərə malikdir. Bir qədər önə qabaran almacıq sümükləri və çənə proporsional və balanslaşmış üzün göstəricisi hesab olunur. Kiçik çənə ümumi şəkili pozaraq, yaraşıqlı üzə qeyri-cazibədar görünüş verə bilər. Bu qüsuru aradan qaldırmaqla, insanın simasını kökündən dəyişmək mümkündür.

Çənənin forması aşağı çənənin yan bucağının vəziyyəti və bu nahiyənin ön hissəsində yerləşən çıxıntı – «çənə üçbucağının» ifadəliliyindən asılıdır. İdeal çənənin hündürlüyü üzün aşağı 1/3 hissəsinin hündürlüyünün yarısına bərabərdir.

Cavan şəxslərdə zəif, kiçik və ya əyri çənə aşağıdakı üsulla təyin olunur: aşağı əyilmiş başa profildən baxmaqla şərti olaraq 2 xətt çəkilir – xarici qulaq keçəcəyi və göz yuvasının aşağı kənarından keçən  horizontal və burun kökünün ən dərin nöqtəsindən keçən vertikal xətt. Çənə vertikal xətdən önə çıxmadıqda, bu hal mikrogeniya – çənənin inkişafdan qalması kimi qiymətləndirilir.

Yaşlı pasiyentlərdə yumşaq toxumaların nazilməsi və atrofiyası, sümük toxumasının itirilməsi müşahidə edilir. Belə hallarda aşağı çənənin konfiqurasiyasının yaxşılaşdırılması və üzün daha cavan görünməsi məqsədilə çənənin plastikası (endoprotezlənmə daxil olmaqla) məsləhət görülür.

Kiçik çənənin korreksiya üsulları 

Müasir texnologiyalar sayəsində plastik cərrahiyyə inkişafdan qalmış çənənin həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan təhlükəsiz korreksiya üsullarını təklif edir. Çənənin plastikası mentoplastika adlanır. Bu əməliyyat estetik göstərişlər üzrə aparılır və düzgün, proporsional üz profilinin formalaşmasına şərait yaradır.

Kiçik çənə, üz ovalı bir neçə üsullarla korreksiya olunur. Sümük plastikası aşağı çənənin auqmentasiyası və yaxud miniatür lövhəciklərdən (məsələn, titandan hazırlanmış) istifadə etməklə önə çəkilməsindən ibarətdir. Gələcəkdə pasiyentin istəyinə əsasən metal konstruksiyalar saxlanıla və ya xaric edilə bilər. Sümük plastikası ilə çənənin böyüdülməsi silikon implantatların yumşaq toxumaya yerləşdirlməsinə nisbətən daha təhlükəsizdir, bu da ikinci halda yad materiala qarşı reaksiya və implantatın miqrasiya ehtimalının olması ilə izah edilir.

4sm-dən böyük olmayan kəsik ağız boşluğunda (aşağı diş əti ilə alt dodağın selikli qişası arasındakı büküşdə) aparılır. Kəsik tez sağalır və nəzərə çarpmır.

Bir sıra hallarda sümük plastikası ilə çənənin liposaksiyası birgə icra oluna bilər. Bu zaman arzuolunan çənə formasını yaratmaq mümkündür.

Endoprotezlənmə (implantların köməyilə) ilə kiçik çənənin böyüdülməsi 40 ildən artıq tətbiq olunur. Hazırda bu prosedura tələbat xeyli artmışdır. Gələcək çənənin formasını əyani şəkildə təsəvvür etmək üçün kompüterlə modelləşdirmədən istifadə olunur.  İmplantın forma və ölçüsü  cərrah tərəfindən əvvəlcədən seçilir.

Almacıq nahiyəsi və çənənin endoprotezlənməsi qeyri-bioloji materialdan (silikon, polietilen) hazırlanmış üz implantları və ya bioimplantlarla (qığırdaq toxuması əsaslı) yerinə yetirilir. Bioimplantlar cərrah tərəfindən əməliyyat prosesində modelləşdirilir. Ağız boşluğunun selikli qişasındakı büküşdə və ya alt çənənin dəri büküşündə 3-4 sm uzunluğunda kəsik  aparılır. Çənə nahiyəsində və alt çənənin kənarı boyunca implanta müvafiq ölçüdə sümüküstü selikli qişadan ayrılır.

İmplant sümüküstüaltı tunelə yerləşdirilir. Bəzən endoprotez sümüküstünə tikişlə fiksə olunur. Əməliyyatdan sonra elastik sarğı qoyulur.

Kiçik çənənin qeyri-cərrahi yolla – lipofilinq üsulu ilə böyüdülməsi mümkündür. Belə hallarda korreksiya məqsədilə pasiyentin piy toxumasından istifadə olunur.

Çənənin plastikası adətən ümumi anesteziya altında həyata keçirilir. Kiçik çənənin böyüdülməsi digər korreksiyaedici prosedurlar: rinoplastika, alın və üzün dartılması ilə birgə aparıla bilər.

Çənənin korreksiyasından sonra reabilitasiya dövrü bir neçə həftə davam edir. Əməliyyatdan sonra bir neçə gün ərzində çənə nahiyəsində ağrı, keyimə, ödem, qeyri-təbiilik müşahidə olunur. Kəsik ağız boşluğunda aparıldıqda bir həftə ərzində bərk qidaların qəbulundan imtina etmək məsləhət görülür. Dişlərin fırçalanmasına əməliyyatdan bir gün sonra icazə verilir. Ağız boşluğu həkimin təyin etdiyi antiseptiklə müntəzəm şəkildə yaxalanlır.

Ağız boşluğundakı saplar tədricən öz-özünə sorulur, kəsik xaricdən aparıldıqda tikişlər 1 həftədən sonra sökülür. Çənənin fiksasiyası üçün 2 həftə elastik sarğı – bandajdan istifadə olunur.   Əməliyyatdan sonra 1 ay müddətində idman məşqləri və fiziki yüklənmələr uzaq durmaq lazımdır.

Mentoplastikanın kosmetik effekti orqanizmin bərpaedici imkanlarından asılıdır. Son nəticə barədə əməliyyatdan yalnız 3-6 ay sonra fikir yürütmək olar.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: