Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası – daxili cinsiyyət dodaqlarının həddindən artıq inkişaf edərək, xarici (böyük) cinsiyyət dodaqlarının hüdudlarından kənara çıxması ilə xarakterizə olunur. Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası patologiya deyil, qadının individual anatomik xüsusiyyəti hesab olunur. O, normal cinsi həyata və hamiləliyin baş tutmasına mane olmasa da psixoloji diskomfort törədir, qadında cinsiyyət orqanının xarici görünüşü ilə bağlı kompleksin yaranmasına gətirib çıxarır. Belə hallarda labioplastika – hipertrofiyaya uğrayan kiçik cinsiyyət dodaqlarının kiçildilməsi və ya onların formasının korreksiyası icra oluna bilər.
- Kiçik cinsiyyət dodaqlarının hipertrofiyasının səbəbləri
- Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası ilə bağlı şikayətlər
- Kiçik cinsiyyət dodaqlarının hipertrofiyasının korreksiyası
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası barədə ümumi məlumat
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası – daxili cinsiyyət dodaqlarının böyümə və/və ya kiçilməsidir. Bu hal çox zaman onların asimmetriyası ilə müşayiət olunur. Normada kiçik cinsiyyət orqanları böyük cinsiyyət dodaqları ilə örtülür, lakin xaricə qabarmır. Bununla belə, qadınların təxminən 30%-də xarici cinsiyyət dodaqlarından böyük, o cümlədən asimmetrik və müxtəlif formaya malik daxili cinsiyyət dodaqları müşahidə edilir. Kiçik cinsiyyət dodaqlarının yan ölçüsü 5sm-dən iri olduqda bu, hipertrofiya kimi qiymətləndirilir. Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası ginekologiyada anomaliya və ya patologiya sayılmır, belə vəziyyətlərdə cərrahi korreksiyanın aparılması tələb olunmur. Yalnız funksional pozğunluqların baş verdiyi təqdirdə cərrahi əməliyyata müraciət olunur.
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyasının səbəbləri
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası həm anadangəlmə, konstitutsional xüsusiyyətlər, həm də qazanılmış dəyişikliklərlə bağlı ola bilər. Kiçik cinsiyyət orqanlarının hipertrofiyasına əsasən vaxtından tez doğulan və az çəkili uşaqlarda rast gəlinir. Genetik xarakterli hipertrofiya adətən cinsi yetişkənlik dövründə və ya cinsi həyatın başlanması ilə özünü büruzə verir.
Cinsi həyat və ya doğuş prosesi, xroniki vulvit, vulvanın limfedeması, kəskin arıqlama və s. zamanı kiçik cinsiyyət dodaqlarının gərilməsi və ya mexaniki qıcıqlanması nəticəsində hipertrofiya inkişaf edə və ya daha da güclənə bilər. Cinsiyyət dodaqlarının forma və ölçüsünə travma, vulvada aparılan cərrahi əməliyyatlar, intim zonanın pirsinqlə böyüdülməsi təsir edə bilər. Yaş artdıqca kiçik cinsiyyət dodaqları involyusiyaya uğrayır, büzüşür və rəngini dəyişir.
Kiçik cinsiyyət dodaqlarının anatomiyası: norma variantları
Kiçik və ya daxili cinsiyyət dodaqları böyük (xarici) cinsiyyət dodaqlarından daxildə mürəkkəb quruluşlu iki boylama dəri büküşü şəklində yerləşir. Daxili cinsiyyət orqanları klitorun başcığından başlanğıc götürür, burada o, lateral və medial ayaqcıqlara ayrılır. Lateral ayaqcıqlardan klitorun kapyuşonu, medial ayaqcıqlardan isə onun yüyəni formalaşır. Kiçik cinsiyyət dodaqları sidik kanalının xarici dəliyini və uşaqlıq yolunun girəcəyini əhatə edərək, aşağı hissədə arxa bitişmə ilə birləşir. Kiçik cinsiyyət dodaqlarının ölçü, forma və piqmentasiyası fərdi xarakter daşıyır. Daxili cinsiyyət dodağının ən enli hissəsində ölçüsü orta hesabla 2-4sm, qalınlığı isə təxminən 5mm təşkil edir. Bəzən adının əksinə olaraq, kiçik cinsiyyət dodaqlarını böyük dodaqlarından iri olur, bu hal hipertrofiya kimi qəbul edilir.
Kiçik cinsiyyət dodaqları qənaətbəxş vaskulyarizasiya (daxili cinsiyyət arteriyasının şaxələri) və innervasiyaya (cinsiyyət sinirinin şaxələri) malik olub, vəzilərlə zəngindir. Kiçik cinsiyət dodaqlarının qalınlığında kişi xarici cinsiyyət orqanının mağaralı cisminə analoji olan kavernoz toxuma yerləşir. Kiçik cinsiyyət dodaqları mühüm funksiyalar yerinə yetirir: uşaqlıq yolunu patogen mikroorqanizmlərdən müdafiə edir və onun selikli qişasının qurumasının qarşısını alır. Bundan əlavə kiçik cinsiyyət orqanları mühüm erogen zona olub, cinsi həyat zamanı uşaqlıq yolunun nəmlənməsini və kişi cinsi orqanının əlavə stimulyasiyasını təmin edir.
Kiçik cinsiyyət dodaqlarının aşağıda qeyd olunan deformasiyaları anatomik normadan kənaraçıxma hesab olunur:
- formasının dəyişməsi (elonqasiya, kənarlarının dalğavari olması və s.)
- ölçüsünün dəyişməsi (kiçik cinsiyyət orqanlarının hipertrofiyası, hipotrofiyası və ya tamamən olmaması)
- səthinin dəyişməsi (hiperpiqmentasiya, büzməli quruluş, çapıqlar və s.).
Klinik təcrübələrdə əksər hallarda kiçik cinsiyyət dodaqlarının elonqasiya, hipertrofiya, protruziya və ya asimmetriyasına rast gəlinir. Elonqasiya dedikdə cinsiyyət dodaqlarının uzunluğunun maksimal dartılmış vəziyyətdə 5 sm-dən çox olması nəzərdə tutulur. İfadə dərəcəsinə görə elonqasiyanın 4 variantı qeyd olunur:
- I – kiçik cinsiyyət dodaqlarının uzunluğunun dartılmış vəziyyətdə 2 sm-dən az olması;
- II – kiçik cinsiyyət dodaqlarının uzunluğunun dartılmış vəziyyətdə 2-4 sm olması;
- III – kiçik cinsiyyət dodaqlarının uzunluğunun dartılmış vəziyyətdə 4-6 sm olması;
- IV – kiçik cinsiyyət dodaqlarının uzunluğunun dartılmış vəziyyətdə 6 sm-dən çox olması.
Qadınların əksəriyyəti daxili cinsiyyət orqanlarının ölçüsünün adi halda 1sm-dən çox olmamasını üstünlük verirlər.
Kiçik cinsiyyət orqanlarının protruziyası onların böyük cinsiyyət dodaqlarının hüdudlarından kənara çıxması ilə xarakterizə olunur. Kiçik cinsiyyət orqanlarının protruziyasının aşağıdakı dərəcələri ayırd edilir:
- 0 – ayaq üstə dayandıqda daxili cinsiyyət vəziləri xarici cinsiyyət vəzilərinin hüdudlarından kənara çıxmır;
- 1 – ayaq üstə dayandıqda daxili cinsiyyət vəziləri xarici cinsiyyət vəzilərinin hüdudlarından 1-3sm kənara çıxır;
- 2 – ayaq üstə dayandıqda daxili cinsiyyət vəziləri xarici cinsiyyət vəzilərinin hüdudlarından 3sm-dən kənara çıxır.
Həqiqi hipertrofiya kiçik cinsiyyət orqanlarının ölçülərinin (uzunluq, qalınlıq, büzməşəkilli səth) total artması ilə səciyyələnir, bu çox zaman vulvanın seksual hiposteziyasına gətirib çıxarır. Bundan əlavə kiçik cinsiyyət dodaqları assimmetrik forma və ölçüyə malik ola bilər.
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası ilə bağlı şikayətlər
Baxmayaraq ki, kiçik cinsiyyət dodaqlarının hipertrofiyası patologiya və ya anomaliya sayılmır, bu estetik qüsur qadının həyatını ciddi şəkildə ağırlaşdıra bilər. Pasiyentin şikayətlərini 3 qrupa bölmək olar: estetik, psixoloji və funksional.
Qadının estetik kompleksləri onun cinsiyyət orqanın xarici görünüşündən məmnun qalmaması ilə bağlıdır, bu da cinsi həyata mənfi təsir göstərir – kiçik cinsiyyət dodaqlarının hipertrofiyası səbəbindən qadın intim yaxınlıqdan imtina edir və ya cinsi akt zamanı psixoloji cəhətdən özünü narahat hiss edir. Bununla yanaşı aparılan sorğunun nəticələrinə əsasən kişilərin əksəriyyəti qadın cinsiyyət orqanının bu xüsusiyyətini çox xoşagəlimli və cazibəli hesab edir.
Bəzi qadınlar öz bədənlərindən utandığından hamam, sauna, hovuz, masaj və s. xidmətlərdən imtina edir. Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası həmçinin kip geyimdən istifadə, idman hərəkətləri, yerimə və ya oturma, şəxsi gigiyenanın aparılması zamanı çətinliklər, ginekoloji baxış prosesində diskomfort törədir. Daimi mexaniki sürtünmə xroniki lokal qıcıqlanma, lixenifikasiya, piqmentasiyanın dəyişməsi, kiçik cinsiyyət dodaqlarının tonusunun itirilməsi və boşalması ilə nəticələnə bilər.
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyasının korreksiyası
Konservativ üsullarla kiçik cinsiyyət dodaqlarının ölçülərini kiçiltmək və formasını korreksiya etmək mümkün deyil. Pasiyentə emosional və fiziki diskomfort törədən kiçik cinsiyyət orqanlarının hipertrofiyası zamanı intim plastikaya üstünlük verilir. Cinsiyyət dodaqlarının korreksiyasına (labioplastika) ciddi tibbi göstərişlər olmadığından əməliyyatın aparılması barədə son qərar pasiyentin öhdəsinə buraxılır.
Labioplastikadan əvvəl ginekoloji baxış, yaxmanın floraya görə müayinəsi, sidiyin ümumi analizi, qanın ümumi və biokimyəvi analizi, koaquloqramma, qanın sifilis, hepatit B və C, İİV-yə qarşı skrininqi mütləqdir. Əməliyyatın ümumi anesteziya ilə aparılması planlaşdırıldıqda müayinə alqoritminə elektrokardioqrammanın çəkilməsi də əlavə olunur. Kiçik cinsiyyət dodaqlarının cərrahi korreksiyasının əks-göstərişlərinə cinsi yolla ötürülən xəstəliklər, qeyri-spesifik vaginit, qanın laxtalanmasının pozulması, onkoloji xəstəliklər, psixi pozğunluqlar, yaşın 18-dən az olması və s. aiddir.
Kiçik cinsiyyət dodaqlarının hipertrofiyası-nı aradan qaldırmaq, vulva nahiyəsinin simmetriya və proporsiyasını bərpa etmək məqsədilə müxtəlif cərrahi üsullar tətbiq edilir. Korreksiya üsulu deformasiyanın variantı, asimmetriyanın olması, arzuolunan estetik nəticəyə nəzərən seçilir. Adətən hipertrofiyalaşan kiçik cinsiyyət dodaqlarını kiçiltmək üçün 2 üsuldan istifadə olunur: xətti və V-şəkilli (pazvari) rezeksiya. Ənənəvi cərrahi korreksiyadan əlavə lazer labioplastika icra oluna bilər. Pasiyentin istəyinə əsasən əməliyyat prosesində əlavə olaraq, xarici cinsiyyət orqanının formasını dəyişmək, böyük cinsiyyət dodaqlarını böyütmək və ya kiçiltmək mümkündür.
Baxmayaraq ki, estetik labioplastika texniki cəhətdən mürəkkəb əməliyyat hesab olunmur, istənilən cərrahi müdaxilə kimi bu üsul da müxtəlif ağırlaşmalara gətirib çıxara bilər. Postoperasion fəsadlara hematoma, qanaxma, çapıqlar, kiçik cinsiyyət orqanlarının həssaslığının azalması, hiper- və ya hipokorreksiya, infeksion-iltihabi proseslər aiddir. Ümumilikdə qadınların 89%-i kiçik cinsiyyət orqanlarının korreksiyasının estetik nəticələrindən razı qalır. Onlar cinsiyyət orqanının xarici görünüşünün yaxşılaşdığını, intim həyatın keyfiyyətinin artdığını, fiziki diskomfortun aradan qalxdığını qeyd edirlər.