Qarın dərisinin boşalması
Qarın dərisinin boşalması dedikdə təbii yaşlanma və ya kəskin arıqlama nəticəsində qarın nahiyəsinin dəri və dərialtı piy qatının deformasiya və sallanması nəzərdə tutulur. Boşalmış dəri tonusunu itirir, qırışır və sallanır, bu da kənardan qeyri-estetik görünür. Dərinin boşalması qarnın ön divar əzələlərinin zəifləməsi ilə əlaqədardır. Boşalmış dəri estetik qüsur olmaqla bərabər, həm də daxili orqanların sallanması, mədə və bağırsağın motorikasının pozulmasına gətirib çıxara bilər.
- Qarnın ön divarının anatomiyası
- Qarın plastikasına olan göstərişlər
- Abdominoplastika: müasir üsullar
Qarın dərisinin boşalması barədə ümumi məlumat
İncə bel və düz qarın cazibədarlıq və gözəllik etalonudur. Qarnın forması onun ön divar əzələlərinin vəziyyəti və piy qatının qalınlığından asılıdır. Qarın dərisinin sallanmasına qeyri-sağlam qidalanma, hamiləlik və doğuş, bədən çəkisinin kəskin itirilməsi, qarnın ön divarının yaşla əlaqədar dəyişiklikləri səbəb ola bilər.
Boşalmış dəri probelmi ilə doğan qadınlar daha çox qarşılaşır. Hamiləlik dövründə çəki artımı, piy qatının inkişafı ilə bağlı qarın nahiyəsinin dərisi dartılır və gərilir. Doğuşdan sonra dəridə çatlar və sallanmalar müşahidə edilir, bu da qadının bədən quruluşu və əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə pozur.
Cavan yaşlarda qarın dərisinin sallanması əsasən kəskin arıqlama və hamiləlik nəticəsində formalaşır, yetkin şəxslərdə isə təbii yaşlanma bu prosesi daha da dərinləşdirir. Kollagen və elastin liflərdən ibarət dəri karkası yaş artdıqca möhkəmliyini itirir, hialuron turşusunun hüceyrədaxili sintezi zəifləyir, dərinin nəmlik səviyyəsi azalır.
Sallanmış qarın qadında xarici görünüşlə bağlı kompleks yaradır, o, öz bədənindən utanaraq, dar paltarlar, çimərlik geyimlərindən imtina edir.
Qarnın ön divarının anatomiyası
Qarnın ön divarı bir neçə toxuma qatından təşkil olunmuşdur: dəri, dərialtı piy qatı, əzələlər və onları ayıran nazik birləşdirici toxuma qatları (vətər, fassiya, aponevroz).
İrsi amillər, yaş, hamiləliklə əlaqədar qarın dərisinin elastikliyi azalır, nəticədə bu nahiyədə çatlar, sallanmalar və qırışlar yaranır.
Dəri altında yerləşən piy qatının qalınlığı normada 2-5sm təşkil edir. Dərialtı piy qatı müxtəlif insanlarda normadan az (<2sm) və ya çox (10-15sm) ola bilər. Səthi fassiya piy toxumasını dərin və səthi qatlara ayırır. Səthi qat ifadəli və sərt olub, bol vaskulyarizasiya ilə seçilir. Dərin piy qatlarının sərtliyi bir qədər zəifdir, o, qarnın düz, çəp və köndələn əzələlərindən qanla təhciz olunur.
Qarnın ən iri əzələləri orta vertikal xəttin yan tərəflərində ön qarın divarının mərkəzində yerləşən vertikal düz əzələlərdir. Düzgün məşq zamanı məhz bu əzələlər qarnın kub şəkilli relyefi və səliqəli görünüşünü təmin edir. Hamiləlik dövründə düz əzələlər aralanaraq, böyüyən döl üçün sərbəst sahə yaradır, doğuş anına yaxın bu məsafə 20-30sm təşkil edə bilər. Adətən doğuşdan sonra onlar yenidən mərkəzə doğru yaxınlaşaraq, yığılır. Lakin zəifləmiş və gərilmiş əzələlər tam bərpa olunmaya bilər, bu da qarnın aşağı hissəsinin nəzərə çarpacaq dərəcədə sallanmasına gətirib çıxarır.
Qarın əzələlərinin altında qarın boşluğunu ayıran və daxili orqanları – bağırsaq, qaraciyər, dalaq və s. əhatə edən təbəqə – periton yerləşir.
Qarın plastikasına olan göstərişlər
Pəhriz və idman hərəkətlərinin qeyri-effektiv olduğu təqdirdə yeganə çıxış yolu – abdominoplastikadır. Onun köməyilə qarın dərisi dartılır, sallanmalar aradan qaldırılır, əzələlər bərkidilir.
Qarın plastikasına əsasən qadınlar müraciət edir, lakin son zamanlar pasiyentlər arasında kişilərə də rast gəlinir. Abdominoplastikanın aparıldığı qadınların əksəriyyəti dərinin sallanmasını, piy toxumasının həddindən artıq inkişafını, qasıq və göbək nahiyəsində çatların yaranmasını hamiləliklə əlaqələndirirlər. Qarın dərisinin sallanmasının aradan qaldırılması ilə yanaşı pasiyent həm də ümumi çəkini azaltmağı planlaşdırırsa, o zaman bunu abdominoplastikadan əvvəl etmək lazımdır. Əks-təqdirdə əməliyyatın nəticəsi korlana bilər.
Abdominoplastikanın aparılma üsulu pasiyentin ümumi sağlamlığı, dərinin keyfiyyəti, qarın əzələlərinin vəziyyəti və piy qatının qalınlığı nəzərə alınmaqla seçilir.
Abdominoplastika: müasir üsullar
Qarnın mərkəzində artıq toxumaları və onun ön divarının müxtəlif hissələrində çatları aradan qaldırmaq üçün vertikal abdominoplastikadan istifadə olunur. Qarın dərisinin sallanması və əzələlərin gərilməsindən azad olmaq məqsədilə onun aşağı seqmentində horizontal kəsiklər aparılır. Qarnın yan konturlarını yaxşılaşdırmaq, əzələ aralanmaları və dəri boşalmalarının aradan qaldırılmaq lazım gəldikdə gərgin-yan abdominoplastika məsləhət görülür. Abdominoplastika prosesində qarın divarının qasıq, göbək, postoperasion yırtıqlarını tikmək mümkündür.
Dəri boşalmış, qeyri-elastik olduqda, göbəkdən yuxarı və aşağıda sallanmalar müşahidə edildikdə abdominoplastika və ya onun liposaksiya ilə birgə aparılması məqsədəuyğundur. Abdominoplastika ilə qarnın liposaksiyasının kombinasiyası piy yığıntılarını xaric etməklə daha effektiv nəticələrin əldə olunmasına imkan verir.
Endokskopik abdominoplastika az invaziv müdaxilə olub, nəzərə çarpan tikişlərin olmaması və reabilitasiya dövrünün qısa sürməsi ilə seçilir.
Qüsurların göbəkdən aşağıda yerləşdiyi hallarda liposaksiya, dərinin yaxınlaşdırılması və dartılması ilə icra olunan miniabdominoplastika ən effektiv üsul sayılır. Miniabdominoplastika məhdud müdaxilə olması və kəsiklərin minimal sayda aparılması ilə fərqlənir.
Bədən çəkisinin kəskin itirilməsindən sonra qarın və yan nahiyələrdə sallanmalar əmələ gəldikdə pasiyentlərə mahiyyət etibarilə abdominoplastikaya oxşar bodiliftinq təklif olunur. Bu zaman dairəvi kəsik çanaq boyunca aparılır və sağrı büküşündə sona çatdırılır, nəticədə nəinki qarın, həm də bud və sağrı nahiyəsinin xarici, daxili hissələrini dartmaq mümkün olur.
Abdominoplastika əməliyyatı ümumi narkoz altında aparılır, davametmə müddəti 2-4 saat təşkil edir. Əməliyyatın ilk günündə qarın nahiyəsində keyimə və ağrı, ödemlər yarana bilər. Abdominoplastikadan sonra tikişlərin tam sorulmasına qədər (2-3ay) kompression geyimdən istifadə olunmalıdır. Postoperasion dövrün ilk günlərində aktivliyin məhdudlaşdırılması reabilitasiyanı sürətləndirir və mayenin toplanmasını azaldır. Əməliyyatdan 2-3 gün sonra pasiyent evə buraxılır.
Abdominoplastikanın nəticəsi əməliyyatdan dərhal sonra nəzərə çarpır, lakin qarın nahiyəsinin yekun forması əməliyyatdan 6-8 ay keçdikdən, reabilitasiya dövrü tam başa çatdıqdan sonra bilinir. Bu müddət ərzində çapıqlar nazilir və solğunlaşır. İfadəli postoprasion çapıqları aradan qaldırmaq üçün lazerlə cilalanma üsulu tövsiyə olunur.
Pasiyentin bədən çəkisinə nəzarət etdiyi və kəskin kənaraçıxmalara yol vermədiyi təqdirdə abdominoplastikanın nəticəsi uzunmüddətli olur.