Qulaq seyvanının deformasiyası

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 3674

 qulaq seyvanının deformasiyasının korreksiyasıQulaq seyvanının deformasiyası – xarici qulağın anadangəlmə və ya qazanılmış qüsurudur. Deformasiyaların bəzi növləri yalnız kosmetik problem sayılır, digərləri isə eşitmə və danışma qabiliyyətinin ciddi pozğunluqlarına gətirib çıxarır. Qulaq seyvanının deformasiyası bir və ya ikitərəfli ola bilər. Deformasiyanın korreksiyası (otoplastika) plastik cərrah tərəfindən həyata keçirilir. Cərrahi müdaxilədən əvvəl eşitmə funksiyasını yoxlamaqla otolarinqoloqun konsultasiyası mütləqdir.

  • Qulaq seyvanının deformasiyalarının təsnifatı
  • Qulaq seyvanının deformasiyalarının cərrahi korreksiyasının xüsusiyyətləri
  • Deformasiyalaşan qulaq seyvanının plastik korreksiyasının fəsadları

Qulaq seyvanının deformasiyası barədə ümumi məlumat

Qulaq seyvanı gicgah çənə oynağından arxada, məməciyəbənzər çıxıntının önündə yerləşir. Qulaq seyvanının əsasını hər iki tərəfdən dəri ilə örtülü elastik qığırdaqlar təşkil edir. Onlar  əzələ və bağlar vasitəsilə kəllə sümüklərinə birləşir. Qulaq seyvanları eşitmə orqanının xarici şöbəsi olmaqla yanaşı, həm də harmonik üz quruluşunun formalaşmasında mühüm rol oynayır.

Qulaq seyvanının deformasiyası və ya üzün digər hissələrinə nəzərən qeyri-düzgün yerləşməsi insanın xarici görünüşünü pozaraq, natamamlıq kompleksinin yaranmasına səbəb olur. Uşaqlar bu tip qüsurlara daha həssas olur. Bununla əlaqədar qulaq seyvanının deformasiyasının plastik korreksiyasının əsas məqsədi orqanın xarici formasının bərpası və proporsional estetik görüntünün əldə  olunmasından ibarətdir.

Xarici qulağın quruluşunun pozulması adətən anomaliya, qulaq qığırdağının düzgün-yerləşməməsi və ya həddindən çox olması, eləcə də qulaq seyvanının yumşaq toxumalarının deformasiyası ilə bağlı olur.

Qulaq seyvanının deformasiyalarının təsnifatı 

Yaranma müddətindən asılı olaraq, qulaq seyvanının deformasiyalarının bütün növləri 2 qrupa bölünür: anadangəlmə və qazanılmış.

Qulaq seyvanının anadangəlmə xarakterli deformasiyaları hamiləliyin ilk 2-3 ayında əlverişsiz amillərin təsirindən formalaşır. Qulaq seyvanının anadangəlmə qüsurlarının aşağıdakı növlərinə rast gəlinir:

  1. Makrotiya — qığırdaq toxumasının izafi inkişafı nəticəsində qulaq seyvanının qeyri-proporsional böyüməsi;
  2. Çömçə qulaq — qulaq seyvanı ilə başın ənsə hissəsi arasındakı bucağın artması;
  3. «Bükülmüş» qulaq seyvanı — qığırdağın yuxarı hissəsinin önə və aşağıya doğru əyilməsi;
  4. Qulaq sırğalığının deformasiyası (ikiləşməsi, böyüməsi, olmaması, bitişməsi);
  5. Qulaq seyvanı qıvrımının deformasiyası – Darvin qabarı (qıvrım üzərində çıxıntı), «satir qulağı» (yuxarı qütbü sivri, qıvrım hissəsi isə hamarlaşmış qulaq seyvanı), «makaka qulağı» (qıvrımın hamarlaşması) və s.;
  6. Mikrotiya – qulaq seyvanının inkişafdan qalması (kiçik, yastı, bitişmiş və s.). Mikrotiya əksər hallarda xarici qulaq keçəcəyinin atreziyası və orta qulağın natamam inkişafı ilə müşayiət olunur; bəzən ona aşağı çənənin qalxan şaxəsinin inkişaf anomaliyası səbəbindən üzün müvafiq hissəsinin natamam inkişafı ilə birgə rast gəlinir. İki tərəfli mikrotiya zamanı eşitmə və danışma qabiliyyətinin pozulması qeydə alınır, bu da əlilliyə gətirib çıxarır. Qulaq seyvanının inkişafdan qalma dərəcəsinə əsasən mikrotiyanın 3 dərəcəsi ayırd edilir:
  • I dərəcə — kiçik ölçülü qulaq seyvanının bəzi hissələri normal anatomik quruluşa malik olur;
  • II dərəcə — qulaq seyvanının yerində qıvrım formasında yastıq müşahidə olunur;
  • III dərəcə — anotiya – qulaq seyvanı ümumiyyətlə olmur, onun əvəzinə formasız qabar izlənilir.

Qulaq seyvanının qazanılmış deformasiyaları yaranma tezliyinə görə anadangəlmə deformasiyalardan heç də geri qalmır. Onlar qulağın travması (yaralanma, istehsalat şəraitində təhlükəsizlik texnikasına riayət olunmadıqda) və iltihabi prosesləri, əməliyyat, termiki və kimyəvi zədələnmələr nəticəsində formalaşa bilər.

Ən çox rast gəlinən qazanılmış deformasiyaya qulaq sırğalığını və ya xarici qulağı bütövlükdə əhatə edən dərinin postiltihabi və ya posttravmatik çoxalması – keloid çapıq aiddir. O, xarici qulağın yanığı və ya ilk baxışdan təhlükəsiz görünən travma – qulaq sırğalığının deşilməsi ilə əlaqədar inkişaf edə bilər.

Qulağın iltihabi xəstəliklərindən sonra qığırdaq deformasiyalaşa və qalınlaşa bilər («boksçu qulağı»). Qulaq seyvanının qüsurlarına qulaqətrafı nahiyənin şiş prosesləri səbəb ola bilər. Xarici qulağın ən ağır deformasiyası travma nəticəsində onun tamamən itirilməsi hesab olunur.

Anadangəlmə və qazanılmış deformasiyalar hissəvi (qulaq seyvanının yuxarı, orta və ya aşağı seqmentinin), subtotal (qulaq çuxurunun qığırdağının saxlanılması və saxlanılmaması) və total olur.

Qulaq seyvanının deformasiyalarının cərrahi korreksiyasının xüsusiyyətləri

Qulaq seyvanının deformasiyası-nın bərpa olunması plastik cərrahiyyənin ən mürəkkəb istiqamətərindən sayılır, bu da xarici qulağın anatomik xüsusiyyətləri ilə izah olunur: qulaq seyvanının xarici kənarının özünəməxsus əyriliyini və nazik qığırdaqların topoqrafik incəliklərini yenidən yaratmaq demək olar ki, mümkün deyil. Qulaq seyvanının dərisi həddindən artıq nazik, onun qan təhcizatı isə üzün digər zonalarına (dodaqlar, burun nahiyəsi) nisbətən xeyli zəifdir.

Deformasiyalaşan qulaq seyvanının plastikasının əsas məqsədi xarici qulağın anatomik quruluşu, ölçü, yerləşmə və oriyentasiyasının tam dəqiqliklə bərpasından ibarətdir.

Daha yaxşı estetik nəticə əldə etmək üçün hər bir konkret vəziyyətə uyğun korreksiya üsulu seçilməlidir.

Uşaqlarda qulağın böyümə və inkişaf xüsusiyyətlərini nəzərə alaraq, otoplastika 7-9 yaşlarda, zədə alan pasiyentlərdə isə travmadan ən azı 1,5 il keçdikdən sonra aparılmalıdır.

Xarici qulağın relyefinin mürəkkəbliyi, qulaqətrafı toxumaların defisiti, əməliyyat zonasının izafi çapıqlaşması ilə əlaqədar əməliyyat 2-4 aylıq intervalla 2, bəzən 3-4 mərhələdə aparılır. Yeni qulaq seyvanın bərpasında plastik material olaraq  qabırğa qığırdağından istifadə olunur.

Cərrahi müdaxilədən əvvəl pasiyent əməliyyatın nəticəsi, ehtimal olunan risklər və postoperasion dövrün gediş xüsusiyyətləri barədə məlumatlandırılmalıdır.

Otoplastikadan əvvəl pasiyentin müxtəlif proyeksiyalarda şəkli çəkilir. Qulağın çatışmayan elementləri Qonzalles-Vol üsulu ilə təyin olunur: qulaqlar barmaqla kəllə sümüklərinə sıxılır, nəticədə qulaq seyvanının xarici səthində əməliyyat prosesində yaradılması tələb olunan büküşlər müəyyən edilir.

Qulaq seyvanının ağır deformasiyaları (ifadəli mikrotiya) ümumi narkoz altında aradan qaldırılır, yüngül hallarda isə yerli anesteziyaya üstünlük verilir.

Əməliyyatın birinci mərhələsində adətən deformasiyalaşan və ya ümumiyyətlə olmayan qulaq seyvanı nahiyəsində dərialtı cibin formalaşdırılması və həmin sahəyə qığırdaq karkasın yerləşdirilməsi həyata keçirilir. Karkasın yeni şəraitə uyğunlaşmasından sonra (2-6 ay) əməliyyatın ikinci mərhələsi yerinə yetirilir – karkasın dəri ilə birgə ayrılması və qulaq seyvanının yaradılması. Qulaqarxası nahiyənin dəri defekti sərbəst dəri transplantatının köməyilə örtülür. Əməliyyat kursu və mərhələlər arası müalicə orta hesabla 1 il təşkil edir.

İdman yarışlarında qığırdağın zədələnməsi nəticəsində formalaşan «boksçu qulaqlarının» korreksiyası onların normal anatomik formasının bərpasına yönəldilir. Qığırdaq lövhəsi qulağın xarici tərəfindən kəsilir, qığırdağın anatomik bütövlüyü bərpa olunur və xüsusi yastıqlarla düzgün vəziyyətdə fiksə edilir. Qulağın düzgün forma və pozisiyasını təmin edən yastıqlar 1 həftədən sonra xaric edilir. Əməliyyatın 10-12-ci günündə tikişlər sökülür və qulaq seyvanını zədələnmələrdən qorumaq üçün 2 həftə müddətinə fiksəedici sarğı qoyulur.

Əksər əməliyyatlarda kəsik qulaq seyvanının arxasında aparıldığından əməliyyatın yeri tədricən nəzərə çarpmır. Xüsusi protektorlar vasitəsilə qulaq seyvanının fiksasiyası, dəstəkləyici elastik həlqələr və ya xarici qulağı təsadüfi travmalardan müdafiə edən sarğılar tələb oluna bilər.

Deformasiyalaşan qulaq seyvanının plastik korreksiyasının fəsadları

Otoplastikanın fəsadlarına çox nadir hallarda (0,5%) rast gəlinir. Onlara tikişlərin ayrılması, irinləməsi, kobud çapıqların formalaşması aiddir. Dəri transplantatının çapıqlaşması nəticəsində qulaq seyvanı məməciyəbənzər çıxıntıya yapışaraq, estetik nəticənin itirilməsinə səbəb ola bilər.

Otoplastikadan sonra müşahidə olunan ən ciddi ağırlaşma qulaq seyvanının qığırdağının işemik nekrozudur. Fəsadların qarşısını almaq üçün pasiyent əməliyyatdan sonra 2-3 gün ərzində həkimin müşahidəsi altında olmalıdır.

Əməliyyatın aparılma texnikasına düzgün riayət olunduqda effektivlik təxminən 90% təşkil edir. Təkrari müdaxilə ağırlaşmalar, qulaq seyvanının asimmetriyası və ya qeyri-adekvat korreksiyası ilə bağlı ola bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: