Süd vəzilərinin asimmetriyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3549

süd vəzilərinin asimmetriyasının korreksiyasıSüd vəzilərinin asimmetriyası – sağ və sol süd vəzilərinin forma və ölçülərinin fərqli olması ilə xarakterizə edilir. Əksər hallarda süd vəzilərinin asimmetriyası qadının fərdi xüsusiyyəti olub, sadəcə estetik qüsur sayılır. Süd vəzilərinin asimmetriyası birtərəfli mikro- və makromastiya, tubulyar quruluş, mastoptozla təzahür edə bilər. Asimmetriyanın növ və dərəcəsindən asılı olaraq, kiçik ölçülü süd vəzisinin endoprotezlənməsi, böyük süd vəzisinin reduksion mammoplastikası, mastopeksiya – silikon implantatların qoyulması ilə süd vəzisinin dikləşdirilməsi aparıla bilər.

  • Asimmetriyanın səbəbləri
  • Asimmetriyanın növləri və onların korreksiyası
  • Cərrahi korreksiyaya hazırlıq

Süd vəzilərinin asimmetriyası barədə ümumi məlumat

Süd vəzilərinin asimmetriyasına qadınların 80%-də rast gəlinir. O, adətən süd vəzilərinin həcmiləri arasındakı fərqin  bir ölçüdən çox olmaması ilə özünü büruzə verir. Belə hallarda asimmetriya zəif ifadə olunur, qadına diskomfort törətmir və digər insanlar tərəfindən hiss edilmir. Asimmetriyanın bu forması patologiya hesab olunmur və korreksiya tələb etmir. Lakin süd vəziləri və döş gilələrinin forma, ölçü, vəziyyətləri arasındakı fərq çox olduqda bu, qadının fiziki və psixoloji narahatlıq keçirməsinə səbəb olmaqla onu plastik cərraha müraciət etməyə məcbur edir.

Süd vəzilərinin asimmetriyasının səbəbləri

Süd vəzilərinin asimmetriyası irsi və ya qazanılmış xarakterli ola bilər. Qazanılmış asimmetriya hormonal dəyişikliklər, travma və ya süd vəzilərinin xəstəlikləri nəticəsində yarana bilər. Demək olar ki, bütün insanlarda bədənin sağ və sol tərəfləri az və ya çox dərəcədə qeyri-simmetrikdir. Bu fərq üz cizgiləri, qulaqların vəziyyəti, süd vəzilərinin forma və böyüklüyü, ayaqların ölçüsünə aid ola bilər. Belə təbii disproporsiya genetik olur və patologiya sayılmır.  İrsi xarakterli asimmetriya adətən cinsi yetişkənlik dövründə meydana çıxır, pubertat mərhələsi sona çatdıqda zəif nəzərə çarpır və ya öz-özünə itir. Bəzən süd vəzilərinin asimmetriyası inkişaf qüsurları – vəzi toxumasının anadangəlmə hipoplaziyası ilə bağlı olur.

Süd vəzilərinin qazanılmış asimmetriyasına mexaniki travma, yanıq və çapıqlar səbəb ola bilər. Süd vəzilərini əməliyyatla böyüdən qadınlarda asimmetriya implantatın yerdəyişməsi və ya kapsulyar kontrakturanın inkişafı ilə bağlı ola bilər. Asimmetriya  laktasiya dövründə süd vəzilərinin qeyri-bərabər sağılması, uşağın əsasən bir döşü əmməsi, gilələrin çatlaması, laktostaz və s. nəticəsində inkişaf edə bilər. Laktasiya başa çatdıqdan sonra süd vəziləri arasındakı fərq tədricən azalır, lakin tamamən itmir. Süd vəzilərinin hormonal dəyişikliklərlə assosiasiyalı asimmetriyası menopauza dövründə müşahidə oluna bilər. Süd vəzilərinin asimmetriyasının ən təhlükəli səbəblərinə mastopatiya, xoş və bədxassəli törəmələr aiddir. Mammologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən süd vəzilərinin asimmetriyası özlüyündə həmin orqanların xərçənginin inkişaf riskini yüksəldir.

Süd vəzilərinin asimmetriyasının növləri və onların korreksiyası

Süd vəzilərinin ölçü fərqinə əsasən plastik cərrahiyyədə asimmetriyanın 3 dərəcəsi ayırd edilir: yüngül (süd vəziləri arasındakı fərq cüzi olub, cərrahi əməliyyatın aparılmasına ehtiyac yaranmır), orta (süd vəzisinin bir digərindən 1/3 hissə böyükdür), ağır (süd vəziləri arasındakı fərq 1/2 hissəyə bərabərdir). Klinik praktikada süd vəzilərinin fərqli taktika tələb edən müxtəlif növ asimmetriyalarına (həcm, forma, ptozun dərəcəsi, areola və gilələrin vəziyyətinə əsasən) rast gəlinir.

Süd vəzilərinin hipoplaziyası onlardan birinin normal, digərinin isə natamam inkişafı ilə təzahür edir.  Belə halda korreksiya məqsədilə kiçik süd vəzisinin silikon implantatla endoprotezlənməsinə üstünlük verilir. Süd vəzilərinin hipertrofiyası isə əksinə cüt orqanın birinin normal, digərinin isə izafi böyüməsi ilə xarakterizə olunur. Bu tip asimmetriyalarda reduksion mammoplastika – böyük süd vəzisinin kiçildilməsi yerinə yetirilir. Bəzən bir süd vəzisinin hipoplaziyası, digərinin isə hipertrofiyası qeydə alınır, bu zaman kiçik süd vəzisinin böyüdülməsi, hipertrofiyaya uğramış süd vəzisinin isə reduksiyası aparılır.

Süd vəzilərinin formalarının asimmetriyası müxtəlif variantlarla təzahür edə bilər: həcmi eyni olan hər iki süd vəzisinin tubulyar quruluşu; süd vəzilərindən birinin kiçilməsi və ya böyüməsi ilə müşayiət olunan tubulyar quruluş. Tubulyar süd vəziləri üçün yarımkürə əvəzinə xortuma bənzər forma və geniş sahəli areola xarakterikdir.  Tubulyar vəzilərdə forma və ölçülər implantatlardan istifadə etməklə və ya onlarsız korreksiya olunur.

Süd vəzilərinin vəziyətlərinin asimmetriyası aşağıdakı variantlarla təzahür edir: hər iki sü vəzisinin müxtəlif səviyyələrə enməsi; süd vəzilərindən birinin enməsi. Mastoptoz zamanı periareolyar, T-şəkilli, vertikal və L-şəkilli kəsiklə mastopeksiya (süd vəzilərinin dikləşdirilməsi) icra olunur. Bəzən mastopeksiya ilə eyni zamanda endoprotezlənmə və ya reduksiya həyata keçirilir.

Süd vəzilərinin ölçü, forma, vəziyyətinin disproporsiyasından əlavə asimmetriya areola və ya gilələrin formasının fərqli diametri ilə ifadə oluna bilər. Belə hallarda gilə-areolyar kompleksin korreksiyası tələb olunur.

Süd vəzilərinin ifadəli asimmetriyası qadınlarda psixoloji xarakterli pozğunluqlara səbəb olur. Onlar sauna, hamam, hovuz və çimərliyə getməkdən çəkinir. Çox zaman qadın öz bədənindən utandığından intim münasibətlərdə də gərginlik yaranır.

Süd vəzilərinin asimmetriyasının cərrahi korreksiyasına hazırlıq

Süd vəzilərinin əməliyyatsız korreksiyasının nəticəsi əksər hallarda müvəqqəti xarakterili və az nəzərə çarpan olur. Bununla belə əgər süd vəzilərinin ölçü və formaları arasındakı fərq çox deyilsə cərrahi üsulun alternativ variantlardan başlamaq məsləhət görülür: korreksiya edici büstqalter, masaj, süd vəzisini möhkəmlədən mezoterapiya, aparatla liftinq (miostimulyasiya və s.), lipofilinq.

Cərrahi korreksiyaya ola göstəriş və əks-göstərişləri müəyyən etmək məqsədilə pasiyent aşağıdakı müayinələrdən keçməlidir: qan və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, koaquloqramma, qan qrupu və rezus amilin təyini, qanın RW, İİV, HBS, HCV görə müayinəsi. İnstrumental üsullardan elektrokardioqramma və flüoroqrafiya, eləcə də terapevt və ya kardioloqun rəyi tələb olunur. Əməliyyatönü hazırlıq planına həmçinin süd vəzilərinin USM və ya mammoqrafiya, mammoloqun konsultasiyası daxildir.

Mammoplastikanın bu və ya digər üsulu plastik cərrah tərəfindən seçilir. Baxış və sorğu zamanı arzuolunan nəticə müzakirə olunur, antropometrik ölçmələr aparılır, implantat seçilir, kəsiyin yeri və forması müəyyən edilir. Süd vəzisinin əməliyyatdan sonrakı formasını əyani şəkildə təsəvvür etmək üçün kompüterlə modelləşdirmə yerinə yetirilir. Şəkərli diabet, yüksək arterial hipertenziya, dekompensasiya olunmuş ürək-damar xəstəlikləri, koaqulopatiyalar, onkopatologiya, başa çatmayan laktasiya asimmetriyanın cərrahi üsulla korreksiyasına əks-göstəriş sayılır.

Yadda saxlamaq lazımdır ki, süd vəzilərinin estetik korreksiyası müəyyən risklər və spesifik fəsadlarla (implantantın yerdəyişməsi, kapsulyar kontrakturanın inkişafı, çapıqların yaranması, dərinin piqmentasiyası və s.) müşayiət olunur. Hiper- və ya hipokorreksiya zamanı süd vəzisinin asimmetriyası daha da arta bilər.  Yeni büstün təbiiliyi cərrahın  peşəkarlığı ilə yanaşı, həm də qadının davranışı: həyat tərzi, həkimin təyinatlarına əməl edilməsi, süd vəzilərinin öz toxumalarının vəziyyətindən asılıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: