Aşağı göz qapağının çevrilməsi
Aşağı göz qapağının çevrilməsi – kirpik kənarının yerləşmə anomaliyası olub, onun göz almasından ayrılması, palpebral və bulbar konyunktivanın üzərinin açılması ilə müşayiət edilir. Patologiya klinik olaraq, gözlərin tez-tez qırpılması və yaşarması, yad cisim hissi, periorbital zonada dəri örtüyünün hiperemiyası ilə təzahür edir. Konyunktivit, keratit və laqoftalmın simptomatikası müşahidə olunur. Diaqnoz xarici baxış, vizometriya, biomikroskopiya, perimetriya, ümumklinik analizlərin nəticələri əsasında qoyulur. Aşağı göz qapağının çevrilməsinin spesifik müalicə üsulu blefaroplastikadır.
- Yaranma səbəbləri
- Aşağı göz qapağının çevrilməsinin əlamətləri
- Diaqnostika
- Aşağı göz qapağının çevrilməsinin müalicəsi
- Proqnoz və profilaktika
Aşağı göz qapağının çevrilməsi barədə ümumi məlumat
Aşağı göz qapağının çevrilməsi (ektropion) polietioloji xəstəlikdir. Patologiya hər iki cinsin nüməyəndələri arasında eyni dərəcədə yayılır. Əsasən yaşlı şəxslərdə qeydə alınır. Aşağı göz qapağının anadangəlmə çevrilməsi nadir anomaliyalardan olub, 1:1000 tezliklə rast gəlinir. Struktur dəyişikliklərindən əlavə xəstəlik ifadəli kosmetik qüsurla xarakterizə edilir. Bununla əlaqədar 1818-ci ildə alman oftalmoloqları rekonstruktiv blefaroplastika əməliyyatını irəli sürmüşlər. Ektropionun cərrahi müalicəsi mükəmməl kosmetik effektə malikdir.
Aşağı göz qapağının çevrilməsinin yaranma səbəbləri
Aşağı göz qapağının çevrilməsi əksər hallarda gözün dairəvi əzələsinin tonusunun və dəri örtüklərinin elastikliyinin azalması nəticəsində inkişaf edir. Ektropionun yaranmasına dərialtı toxumanın proqressivləşən atrofiyası səbəb olur. Eyni zamanda iltihabi xəstəliklər (blefarit, konyunktivit) periorbital əzələnin spazmına gətirib çıxarmaqla, bu patologiyanın yaranma ehtimalını yüksəldir. Aşağı göz qapağının anomal vəziyyətinin etioloji amili qismində üz sinirinin iflici və ya parezi iştirak edir. Beyin qan dövranının zəifləməsi ilə müşayiət olunan xəstəliklər mimik əzələlərin innervasiyasını pozur. Kirpik kənarı əvvəlki tonusunu itirərək, tədricən göz almasından aralanır və xaricə doğru çevrilir.
Anadangəlmə ektropion göz qapaqlarının embrional inkişafının pozulması nəticəsində izoləolunmuş xəstəlik kimi formalaşa bilər. Kirpik kənarının çevrilməsinə həmçinin Daun sindromu, dermal hipoplaziya, lamellyar ixtioz, kranio-fassial və Miller sindromlarında rast gəlinir. Patologiya çox vaxt birləşdirici toxumanın autoimmun xəstəlikləri: qırmızı qurd eşənəyi, sklerodermiya və dermatomiozitlə müşayiət olunur.
Göz yuvası kənarının vərəm mənşəli periostiti, aktinomikoz, xoş və bədxassəli törəmələr, yanıqlar və travmatik zədələnmələr çapıqların formalaşmasına gətirib çıxarır. Nəticədə aşağı göz qapağının kirpik kənarı dartılır, laqoftalm yaranır. Belə hallar əsasən iri ölçülü dəri loskutlarının aradan qaldırılması, eləcə də yanaq nahiyəsinə implantatın qoyulması üzrə plastik əməliyyat keçirən pasiyentlərdə müşahidə olunur.
Aşağı göz qapağının çevrilməsinin əlamətləri
Etiologiyasından asılı olaraq, aşağı göz qapağının çevrilməsi senil, paralitik, çapıqlı, anadangəlmə və mexaniki formalara təsnif edilir. Həmçinin oftalmologiyada medial, lateral və generalizəolunmuş ektropion qeydə alınır. Bu patologiya mono və ya binokulyar olur. Xəstəliyin bütün formaları gözlərin tez-tez qırpılması və yaşarması, periorbital zonada dəri örtüyünün qızarması, maserasiyası ilə təzahür edir.
Normada göz yaşı konyunktivanı nəmləndirir, müdafiə funksiyasını yerinə yetirir, görmə orqanının metabolik proseslərində iştirak edir. Ektropion zamanı konyunktivanın palpebral hissəsinin buynuzlaşması, gözyaşı nöqtəsinin yerdəyişməsi, maye axınını təmin edən fizioloji yolların deformasiyası müşahidə edilir. Pasiyentlər konyunktiva quru olduğu halda göz yaşının mütəmadi axmasından şikayət edirlər. Kompensator olaraq, göz yaşı mayesinin sintezi artır və o, çevrilmiş hissədə toplanmağa başlayır.
Ektropionun digər əlaməti gözlərdə yad cisim («qum dənələri») hissidir. Bu da gözlərin tez-tez qırpılmasına səbəb olur, meybom vəzilərinin sekret hasilini stimulə edir. Gözlərin davamlı silinməsi və diskomfortun aradan qaldırılma cəhdləri infeksiyanın qoşulmasına gətirib çıxarır. Konyunktivitli pasiyentlərdə aşağı göz qapağının çevrilməsi zamanı damar genişlənməsi, gözlərdə hiperemiya və yanğı hissi meydana çıxır.
Senil forma üçün xəstəliyin klinik təzahürlərinin tədricən proqressivləşməsi xarakterikdir. Başlanğıcda aşağı göz qapağının palpebral kənarının göz almasına tam toxunmaması aşkar olunur. Bir müddətdən sonra kirpik kənarının 1/3 hissəsinin ayrılması (hissəvi çevrilmə) müşahidə edilir. Bu hal tədricən tam ektropionla əvəz olunur. Dəri örtüklərinin elastikliyinin azalması və gözün dairəvi əzələsinin atoniyası fonunda göz yaşının tez-tez silinməsi prosesi daha da ağırlaşdırır. Çapıq mənşəli tam ektropion zamanı sadalanan əlamətlərə laqoftalmın klinikası qoşulur. Pasiyentlər gözlərini tam şəkildə qapaya bilmirlər. Zamanla buynuz qişanın distrofik və eroziv zədələnmələri, keratit inkişaf edir.
Paralitik ektropion birtərəfli prosesdir. Aşağı göz qapağının klinik təzahürləri ilə yanaşı xəstələrdə qaşların ptozu, dodaq və yanaqların asimmetriyası müşahidə olunur. Üzün zədələnmiş yarısında mimika yaranmır. Göz qapağının anadangəlmə çevrilməsinin izoləolunmuş formasında aşağı dərəcəli dezadaptasiya izlənilir. Bu səbəbdən xəstəlik gizli və ya minimal əlamətlərlə gedə bilər.
Aşağı göz qapağının çevrilməsinin diaqnostikası
Ektropion xarici lokalizasiyalı xəstəlik olduğundan ilkin diaqnozun qoyulması çətinlik törətmir. Xarici baxış zamanı dairəvi əzələlərin funksiyası qiymətləndirilir. Pasiyentlərdə adətən periorbital əzələnin hipotrofiyası və ya tonusunun azalması qeydə alınır. Aşağı göz qapağının atoniya dərəcəsini onu xarici və daxili bucaqlarda aşağıya doğru dartmaqla təyin etmək məsləhət görülür. Göz qapaqlarını müayinə edərkən xoş və ya bədxassəli törəmələrin, çapıq dəyişikliklərinin olmasına diqqət yetirilir. Həmçinin pasiyentlərdə dəri örtüklərinin hiperemiyası və maserasiyası vizualizasiya edilir. Palpasiya ilə periorbital zonanın həssaslığı yoxlanılır, çapıqlara rast gəlindikdə onların qalınlığı və uzunluğu müəyyən edilri. Laqoftalmı üzə çıxarmaq üçün xəstədən gözlərini bağlaması, üz sinirinin iflic və ya parezini inkar etmək məqsədilə isə mimikanı dəyişməsi xahiş olunur.
Yarıqlı lampanın köməyilə gözün biomikroskopiyasımda göz yaşı qatı, göz qapaqlarının kirpik kənarı, buynuz qişa, palpebral və bulbar konyunktivanın vəziyyəti dəqiqləşdirilir. Daha ətraflı biomikroskopik müayinə üçün fluoressein sınağı aparılır. Onun vasitəsilə zədələnmənin xarakter və ölçüsü təyin edilir.
Görmə itiliyi vizometriya üsulu ilə yoxlanılır. Görmə sahəsinin sərhədlərini müəyyən etmək üçün perimetriyadan istifadə olunur. Konyunktivit və ya keratitin klinik şəkli müşahidə edildikdə əlavə üsullara (kompüter keratometriya, bakterioloji əkilmə, konyunktiva və buynuz qişanın sıyrıntısının sitoloji analizi və s.) ehtiyac yaranır.
Diaqnostika protokoluna əsasən laborator müayinələr (qan və sidiyin ümumi analizi, qanda RW təyini, koaquloqramma) icra olunur. Lakin heç bir spesifik dəyişiklik izlənilmədiyindən bu metodlar az informativ hesab edilir.
Aşağı göz qapağının çevrilməsinin müalicəsi
Ektropionun spesifik müalicə üsulu blefaroplastikadır. Aşağı göz qapağının çevrilməsinin cərrahi yolla korreksiyası bağ aparatının möhkəmləndirilməsindən ibarətdir. Ehtiyac yarandıqda dəri loskutu ilə rekonstruksiya aparılır. Paralitik ektropionlu pasiyentlərdə cərrahi əməliyyat yalnız əsas patologiya müalicə olunduqdan sonra həyata keçirilir.
Xəstəliyin klinikası zəif inkişaf etdikdə və ya cərrahi müdaxiləyə əks-göstərişlər olduqda medikamentoz müalicənin təyini məqsədəuyğundur. Konyunktivanın quruluğunu aradan qaldırmaq üçün nəmləndirici damcılar və ya geldən istifadə olunur. İltihabi proseslərin qarşısını almaq məqsədilə yerli təsirli qeyri-steroid iltihabəleyhinə vasitələr (indometasin) məsləhət görülür.
Aşağı göz qapağının çevrilməsinin proqnoz və profilaktikası
Cərrahi əməliyyat aparıldıqda həyat üçün proqnoz qənaətbəxş olur. Paralitik ektropion və xəstəliyin laqoftalmla ağırlaşmış bütün formaları nisbi qənaətbəxş proqnozla xarakterizə edilir. Patologiyanın fəsadlarının proqressivləşməsi görmə itiliyinin tamamən itirilməsinə – korluğa gətirib çıxarır. Bu da əlilliklə nəticələnir.
Xəstəliyin spesifik profilaktikası işlənilib hazırlanmamışdır. Aşağı göz qapağının çevrilməsini erkən mərhələlərdə aşkar etmək və müalicəyə vaxtında başlamaq üçün ildə 1 dəfə oftalmoloqun müayinəsindən keçmək tövsiyə olunur. Blefaroplastika əməliyyatından sonra pasient dispanser qeydiyyata alınmalı və hər 6 aydan bir oftalmoloqun qəbulunda olmalıdırlar.