Bakterial keratit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1335

bakterial keratit nədir?Bakterial keratit – buynuz qişanın kəskin iltihabıdır. Klinik olaraq, gözdə güclü ağrı, ödem, korneal sindrom, göz almasının ifadəli iltihabi hiperemiyası, selikli-irinli ifrazatlar, büllurun bulanması, səthi və ya dərin xoralarla təzahür edir. Diaqnoz gözün biometriyası, buynuz qişadan götürülən yaxmanın mikrobioloji müayinəsi, konfokal və endotelial mikroskopiya, paximetriya, keratometriya, keratotopoqrafiyanın nəticələri əsasında qoyulur. Bakterial keratitin müalicəsi yerli və sistemli antibiotikoterapiya ilə aparılır. Əlavə olaraq, keratoprotektorlar, keratoplastik vasitələr, midriatiklər təyin edilir. Ağırlaşmalar müşahidə olunduqda cərrahi əməliyyat yerinə yetirilir.

  • Yaranma səbəbləri
  • Bakterial keratitin əlamətləri
  • Diaqnostika
  • Bakterial keratitin müalicəsi
  • Proqnoz və profilaktika

Bakterial keratit barədə ümumi məlumat

Bakterial keratit buynuz qişanın ən geniş yayılmış xəstəliyidir. Birincili və ikincili, endogen və ekzogen, səthi və dərin keratitlər ayırd edilir. Buynuz qişanın mikrob mənşəli zədələnmələrində ödem və irinli infiltrasiya ilə yanaşı, vaskulyarizasiyanın güclənməsi, stromal abses, eroziya və xoralar, toxumaların nekrozu qeydə alınır.

Bakterial keratit əksər hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə gətirib çıxarır. Uzaq dövrlərdə isə görmə itiliyi zəifləyə və korluq yarana bilər.

Bakterial keratitin yaranma səbəbləri

Bakterial keratitin səbəbləriBakterial keratitin inkişafı üçün buynuz qişanın səthində patogen mikrofloranın olması və onun epitel qatının tamlığının pozulması vacibdir. 80%-dən çox hallarda bakterial keratitlər qızılı stafilokokk, streptokokk, pnevmokokk, göy irin çöpləri tərəfindən törədilir. Bəzən keratitə bağırsaq çöpləri, protey, qram-mənfi diplokokklar (qonoreya, meningit törədiciləri) səbəb olur.

Bakterial keratitin ekzogen risk amillərinə onun travmatik zədələnmələri (o cümlədən yanıqlar, yad cisimlər, cərrahi müdaxilələr), herpetik keratitin və buynuz qişanın distrofiyasının müalicəsində dərman vasitələrinin qeyri-rasional tətbiqi, kontakt linzaların istifadəsi və onların düzgün şəraitdə saxlanılmaması aiddir.

Bakterial keratit inkişafına endogen amillər də təsir edə bilir. Onların sırasına oftalmoloji patologiyalar (laqoftalm, quru göz sindromu, trixiaz, buynuz qişanın distrofiyası, neyrotrofik keratopatiya, blefarit, konyunktivit), xroniki infeksiya ocaqları (sinusit, kariesli dişlər), immunodefisit vəziyyət və şəkərli diabet daxildir.

Bakterial keratitin əlamətləri

Bakterial keratitin əlamətləriBakterial keratit üçün kəskin başlanğıc xarakterikdir: xəstəlik gözdə güclü ağrı, ifadəli korneal sindromla (gözlərin sulanması, fotofobiya, blefarospazm) manifestasiya edir. Səthi və dərin damarların genişlənməsi ilə əlaqədar göz almasının perikorneal və ya qarışıq iltihabi hiperemiyası; forma, sahə və dərinliyinə görə fərqlənən sarı və ya pas rəngli infiltratlar qeyd olunur. Gözdən selikli-irinli ifrazatlar müşahidə edilir. Buynuz qişanın şəffaflığı və parlaqlığı pozulur, onun səthi xoralaşır, görmə zəifləyir. Bakterial keratit proqressivləşməsi meylli olur.

Göy irin çöplərinin törətdiyi bakterial keratit daha ağır gedişə malik olur. İltihab adətən daxili qişalara yayılaraq, təxirəsalınmaz vəziyyətin inkişafına gətirib çıxarır. Qonoblennoreya zamanı keratit irinli ifrazatın axması, epitelin bulanması, buynuz qişanı bürüyən ağ rəngli irinli xoranın formalaşması ilə özünü büruzə verir. Difteriya etiologiyalı keratitlərdə buynuz qişada bulanıq sarı rəngdə səthi və dərin xoralar əmələ gəlir. Onların üzərindəki ərpin təmizlənməsi qanama ilə müşayiət olunur.

Bakterial keratitin diaqnostikası

Bakterial keratitin diaqnostikası heç bir çətinlik törətmir. Müayinə prosesi oftalmoloqun konsultasiyasından başlanır. Həkim pasiyentin şikayətlərini dinləyir, anamnez toplayır, tipik klinik şəklin aşkarlanması və zəruri diaqnostik üsulların təyini üçün gözün strukturlarını müayinə edir

Gözün biometriyası vasitəsilə buynuz qişanın müxtəlif qatlarının iltihabi dəyişiklikləri: epitelin xoralaşması, infiltratlar, irinli stromal iltihab, toxumaların ödemi, gözün ön kamerasının hiperreaksiyası (hipopionla və ya onsuz), selikli-irinli eksudat və s. üzə çıxarılır.

Buynuz qişanı müayinə etmək üçün həmçinin onun konfokal və endotelial mikroskopiyası, paximetriya (buynuz qişanın qalınlığının dəqiqləşdirilməsi), keratotopoqrafiya (buynuz qişanın əyriliyinin ölçülməsi), keratometriya (buynuz qişanın parametrlərinin müəyyənləşdirilməsi), algezimetriya (buynuz qişanın həssaslığının təyini) icra olunur.

Bakterial keratitin laborator diaqnostikası konyunktiva və buynuz qişadan (infiltratdan, xoranın dib hissəsi və kənarlarından) götürülən yaxmanın mikroskopik və bakterioloji müayinəsindən ibarətdir.  Yaxmanın müvafiq mühitlərə əkilməsi ilə bakterioloji keratitin törədicisi və onun antibiotiklərə həssaslığı təyin edilir.

Differensial diaqnostika keratitlərin müxtəlif növləri (bakterial, herpesvirus və göbələk mənşəli) arasında aparılır.

Bakterial keratitin müalicəsi

Bakterial keratit sürətlə proqressivləşdiyindən onun müalicəsi stasionar şəraitdə həkimin daimi nəzarəti altında həyata keçirilir. Xəstəliyin qənaətbəxş sonluğu müalicənin vaxtında və düzgün şəkildə aparılmasından asılıdır.

Bakterial keratitin müalicəsinin əsasını antibakterial terapiya təşkil edir. Xəstələrə geniş təsir spektrinə malik antibiotiklərdən (aminoqlikozidlər, flüorxinolonlar, sefalosporinlər) ibarət göz damcıları təyin olunur.  Ağır hallarda antibiotiklər konyunktiva və göz almasının altına (parabulbar) yeridilir, eləcə də daxilə qəbul edilir. Bir sıra hallarda antiseptiklər (sulfasetamid məhlulu), qeyri-steroid iltihabəleyhinə preparatlar, qlükokortikosteroidlər (deksametazon, betametazon) yerli tətbiq olunur.

Qonoblennoreya zamanı bakterial keratitin müalicəsi veneroloqla birgə aparılır. Difteriya mənşəli keratit infeksion stasionarda müalicə olunur: antibiotikoterapiyadan əlavə mütləq qaydada difteriya əleyhinə zərdab əzələdaxilinə yeridilir və gözə damcıladılır.

İridosiklitin və göz daxilində bitişmə prosesinin qarşısını almaq üçün bəbəyi genişləndirən vasitələrdən (midriatiklər) istifadə olunur. İltihabi infiltratların sorulma dövründə keratoprotektorlar və epitelləşdirici (keratoplastik) vasitələr (xinin-hidroxlorid məhlulu, buzov qanının hemodializatları), yerli və daxilə tətbiq üçün antihistamin preparatlar, immunokorrektorlar, vitaminlər təyin edilir.

Buynuz qişanın xorası proqressivləşdikdə onun kənarlarının diatermokoaqulyasiyası, elektrokoaqulyasiya və ya kriokoaqulyasiyası,  xoranın yod məhlulu və ya brilliant abısı ilə kauterizasiyası həyata keçirilir.

Müalicənın  vaxtında və düzgün şəkildə aparıldığı hallarda da bakterial keratit adətən belmo (buynuz qişada ağ ləkənin yaranması) ilə nəticələnir. Bu patologiya buynuz qişanın zədələnmiş sahəsinin vaskulyarizasiyası və çapıq toxumasının formalaşması ilə əlaqədar inkişaf edir. Buynuz qişanın çapıqları səthi olduqda belmonu aradan qaldırmaq və görmə funksiyasını bərpa etmək üçün eksimer lazer proseduru məsləhət görülür. Buynuz qişanın fototerapevtik korreksiyası onun səthi bulanıqlıqlarını və çapıqlarını azaldır və ya tamamən yox edir. Ehtiyac yarandıqda keratoplastika icra olunur.

Bakterial keratitin proqnoz və profilaktikası

Bakterial keratitin proqnozu hər zaman ciddidir.  İltihab göz almasının digər qişalarına (qüzehli qişa, sklera, siliar cisim) yayıldıqda keratosklerit, keratoiridosiklit, keratouveit inkişaf edir, həmçinin ön kameranın aşağı hissəsinə irin toplanır (hipopion).

Stromanın bərabər sağalmaması qeyri-düzgün astiqmatizmə gətirib çıxara bilər. Belə hallarda xüsusi linzaların taxılması və ya fototerapevtik korreksiya tələb olunur.

Ağır hallarda bakterial keratit buynuz qişanın perforasiyası ilə fəsadlaşır. Bu patoloji vəziyyət irinli endoftalmit və panoftalmitə (gözün bütün toxumalarının iltihabı), simpatik oftalmiyaya, göz almasının subatrofiyasına (büzüşməsi), görmə qabiliyyətinin, hətta gözün itirilməsinə  səbəb ola bilir.

Bakterial keratitin qarşısını almaq üçün göz travma, yanıqlar, toksiki maddələr, yad cisimlərin  düşməsindən qorunmalı; tikinti-təmir işlərində xüsusi eynəklərdən istifadə olunmalı; kontakt linza taxarkən gigiyena qaydalarına riayət edilməlidir. Buynuz qişanın xora və ağırlaşmalarına yol verməmək üçün bakterial keratitin ilkin mərhələlərində həkimin təyinat və məsləhətlərinə ciddi əməl olunmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: