Blennoreya

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1368

blennoreya nədir?Blennoreya – adətən qonokokklar tərəfindən törədilən irinli konyunktivitdir. Xəstəlik göz qapaqlarının şişkinliyi və qızarması, gözdən irinli ifrazatın axması ilə təzahür edir. Blennoreya buynuz qişanın irinli xorası, belmo, panoftalmitlə ağırlaşa bilir. Belə hallar çox zaman göz almasının atrofiyası və korluqla nəticələnir. Diaqnoz oftalmoloji baxış və ifrazatın bakterioloji müayinəsinin köməyilə qoyulur. Müalicə məqsədilə konyunktiva boşluğu kalium-permanqanat məhlulu ilə yuyulur, albusid və penisillin məhlulları gözə damcıladılır və sistemli antibiotikoterapiya aparılır.

  • Yaranma səbəbləri
  • Blennoreyanın əlamətləri
  • Diaqnostikası
  • Blennoreyanın müalicəsi
  • Blennoreyanın proqnoz və profilaktikası

Blennoreya barədə ümumi məlumat

Blennoreya (oftalmoblennoreya) kəskin infeksion konyunktivitlərə aid edilir. Törədicinin növündən asılı olaraq, qonokokk və qeyri-qonokokk mənşəli blennoreyalar ayırd edilir. Doğum evlərində qonoblennoreyanın spesifik profilaktikası aparıldığından yenidoğulmuşlarda xəstəliyin bu növünə nadir hallarda rast gəlinir.

Blennoreyanın yaranma səbəbləri

Blennoreyanın yaranma səbəbləriƏksər hallarda blennoreyanın törədicisi qismində qonokokklar iştirak edir. Lakin 1/3 hallarda kultural müayinə zamanı  digər mikroorqanizmlər: streptokokklar, pnevmokokklar, bağırsaq çöpləri, Kox-Uiks çöpləri, qarışıq flora aşkarlanır. Etioloji amillər arasında traxomanın törədicisi – Chlamydia trachomatis də qeyd olunur. Ona adətən qonokokklarla birgə rast gəlinir.

Yenidoğulmuşlarda blennoreyanın inkişaf mexanizmi dölün baş hissəsinin ananın infeksiyalaşmış doğuş yollarından keçməsi zamanı uşağın yoluxması ilə bağlıdır. Bəzən döl kisəsinin vaxtından əvvəl deşilməsi və ya doğuş prosesinin uzanması nəticəsində dölün blennoreyaya yoluxmasına təsadüf olunur. Həmçinin doğuşdan sonra gigiyena qaydalarına əməl olunmadıqda qulluq vasitələri və ya su vasitəsilə uşağın infeksiyalaşması mümkündür.

Böyüklərdə blennoreya sidik-cinsiyyət traktının qonoreyasından əziyyət çəkən pasiyentlərin özləri tərəfindən gözlərin yoluxdurulması zamanı inkişaf edir.

Blennoreyanın əlamətləri

Blennoreyanın əlamətləriYenidoğulmuşlarda blennoreyanın klinikası doğuşdan sonra II-III sutkada yaranır; bətndaxili infeksiyalaşma zamanı uşaq ifadəli konyunktivit əlamətləri ilə doğulur. Uşaqlarda adətən hər 2 göz zədələnir; yoluxma doğuşdan sonra baş verdikdə gözlər ardıcıl şəkildə iltihabi prosesə qoşulur.

Blennoreyanın ilkin əlamətlərinə konyunktivanın, göz qapaqlarının ödemi və hiperemiyası aiddir. Uşağın göz qapaqları o qədər bərkiyir ki, onları aralamaq və ya çevirmək çətinləşir; konyuktivaya toxunduqda qanama müşahidə olunur. Blennoreyanın bu mərhələsində (infiltrasiya dövrü) konyunktiva boşluğundan axan seroz-hemorragik xarakterli cüzi ifrazatlara rast gəlinir.

3-4 gündən sonra göz qapaqları yumşalır, göz yarığından çoxlu miqdarda qatı irinli sekret ifraz olunur. Axıntıların bir hissəsi kirpiklərdə toplanaraq, onların yapışmasına səbəb olur, digər qismi isə yanaqlara axır. Bu dövr 2-3 həftə davam edir. Onun ardınca irinin miqdarının azalması, konyunktivanın ödem və hiperemiyasının ifadəliliyinin zəifləməsi ilə xarakterizə olunan papilyar hipertrofiya dövrü başlanır. Göz qapaqlarının selikli qişasında məməciyəbənzər törəmələr, follikullar və büküşlər əmələ gəlir. Sağalma dövründə konyunktiva tədricən adi görünüş alır.

Blennoreya qənaətbəxş sonluqla nəticələndikdə konyunktivada çapıqlar formalaşmır. Xəstəlik selikli qişanın xoralaşması ilə müşayiət olunduqda konyunktivanın çapıqlaşması, göz qapaqlarının çevrilməsi mümkündür. Daha ağır hallarda buynuz qişa zədələnir – infeksiyalaşır, maserasiyaya uğrayır, perikorneal limbal damarların ödemlə sıxılması ilə əlaqədar onun qidalanması pozulur. Boz-sarı infiltrat məhdud şəkildə ifraz olunduğundan buynuz qişa bulanır. Bir müddətdən sonra infiltrat parçalanır, irinli xora formalaşır.

Belə vəziyyətlər infiltratın sorulması, xoranın epitelizasiyası ilə nəticələnə bilir. Xəstəlik qeyri-qənaətbəxş gedişə malik olduqda buynuz qişaya bitişən kobud leykoma (belmo) əmələ gəlir. İrinli proses gözün daxili strukturlarına yayıldıqda blennoreya endoftalmit və panoftalmitlə ağırlaşır, göz alması atrofiyaya uğrayır.

Böyüklərdə blennoreya bir gözün zədələnməsi ilə başlanır, yenidoğulmuşlarla müqayisədə daha ağır keçir. Fəsadlara tez-tez rast gəlinir.

Qeyri-qonokokk etiologiyalı blennoreya qonokokk formaya nisbətən yüngül gedişli olur. Onun klinik şəkli digər bakterial konyunktivitlərlə oxşardır. Xlamidiya mənşəli konyunktivitdə əksər hallarda otit, pnevmoniya və limfadenit inkişaf edir.

Blennoreyanın diaqnostikası

İlkin baxış zamanı irinli konyunktivitin tipik əlamətləri müəyyən edilir. Blennoreyalı xəstənin göz qapaqlarını araladıqda irinli sekret şırnaqla axa bilər. Bu səbəbdən göz qapaqları pambıq tamponlarla izolə olunmalı və qoruyucu eynəkdən istifadə edilməlidir.

Blennoreyanın etiologiyasını dəqiqləşdirmək üçün konyunktivadan götürülmüş yaxmanın bakterioloji müayinəsi, qonoreya və xlamidiya traxomatisin PZR-diaqnostikası, İFA, İFR aparılır. Uşaqlarda blennoreya aşkarlandıqda onların valideynləri də mütləq müayinə olunmalıdır.

Buynuz qişanın və gözün daxili quruluşlarının zədələnməsini inkar etmək üçün gözün biomikroskopiyası, flüoressein sınaqları, diafanoskopiya və s. oftalmoloji üsullar tələb oluna bilər.

Blennoreya digər etiologiyalı (adenovirus, herpetik, bakterial) konyunktivitlərlə, Reyter xəstəliyi, traxoma ilə differensiasiya edilir.

Blennoreyanın müalicəsi

Xəstəliyin müalicəsi oftalmoloq, pediatr, dermatoveneroloqun birgə iştirakı ilə aparılır. Yerli və ümumi terapiya törədicinin eliminasiyasına yönəldilir.

Konyunktiva boşluğu hər 1-1,5 saatdan bir kalium-permanqanatın zəif məhlulu (furasilin, fizioloji məhlul) ilə şırnaqla yuyulur. Sulfasetamid və pensillin məhlulları gözə damcıladılır.  Göz qapaqlarına axşamlar mikrobəleyhinə (tetrasiklin, eritromisin tərkibli) məlhəm çəkilir. Böyüklərdə ikinci gözün infeksiyalaşmasının qarşısını almaq üçün ona xüsusi qoruyucu sarğı qoyulur.

Sulfanilamid və antibakterial preparatlar (tetrasiklin, penisillin) daxilə qəbul edilir. Blennoreyanın ağır gedişində antibiotiklər əzələdaxili yeridilir. Aktiv yerli və sistemli müalicə təxminən 2 həftə davam edir. Müalicə başa çatdıqda konyuntival yaxmanın bakterioloji müayinəsi təkrarən aparılır.

Blennoreyanın proqnoz və profilaktikası

Qeyri-qonokokk etiologiyalı blennoreyanın proqnozu daha qənaətbəxş sayılır. Qonoblennoreya zamanı istər böyüklərdə, istərsə də yenidoğulmuşlarda fəsadların yaranma ehtimalı yüksək olur. Ağır hallarda patologiya korluqla nəticələnə bilər. Blennoreyanın müalicəsi erkən mərhələlərdə və düzgün şəkildə aparıldıqda buynuz qişanın ağır formalı zədələnmələrinin qarşısı alınır.

Yenidoğulmuşlarda blennoreyanın profilaktikası hamiləlik planlaşdıran qadında cinsi yolla keçən infeksiyaların yoxlanılmasından, spesifik etiologiyalı uretrit, kolpit, bartolinitlərin vaxtında müalicə olunmasından ibarətdir. Yenidoğulmuşlarda qonoblennoreyanın inkişafına yol verməmək üçün hər iki gözün konyunktiva boşluqlarına 1-2 damcı natrium-sulfasil məhlulu damızdırılır. Urogenital infeksiyaların – qonoreya, xlamidiozun diaqnostika və müalicəsi blennoreyanın inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: