Dakriolitiaz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1284

dakriolitiaz nədir?Dakriolitiaz – göz yaşı axacağında konkrementlərin (dakriolitlər) yaranması ilə xarakterizə olunan xəstəlikdir. Onun klinik əlamətlərinə gözün daxili bucağında ağrı, göz yaşı axınının pozulması, konyunktivanın hiperemiyası aiddir. Diaqnozun qoyulması üçün fizikal müayinə, biomikroskopiya, gözün USM, dakriosistoqrafiya, Norn və Şirmer sınaqları aparılır. Total obstruksiya zamanı dakriosistorinostomiya göstəriş sayılır. Hissəvi keçməməzlikdə masaj, göz yaşı axacağının yuyulması və ya zondlanması yerinə yetirilir. İnvaziv müdaxilələr yerli anesteziya altında icra olunur.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Dakriolitiazın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Dakriolitiazın müalicəsi
  • Proqnoz və profilaktika

Dakriolitiaz barədə ümumi məlumat

Dakriolitiaz nadir oftalmopatologiyalardan sayılır. Xəstəliyin qazanılmış formasına orta və yaşlı nəsildən olan pasiyentlərin 7%-də rast gəlinir. Göz yaşı daşlarının formalaşması səbəbindən kanalın anadangəlmə keçməməzliyi yenidoğulma dövründə uşaqların 1-2%-də aşkarlanır. 30% hallarda konkrementlər ağırlaşmalara gətirib çıxarır. Bu da onların iri ölçüyə və yüksək sıxlığa malik olmaları ilə əlaqədardır. Dakrilitiazın hər iki cinsin nümayəndələri arasında yayılma tezliyi eynidir.

Dakriolitiazın yaranma səbəbləri

Dakriolitiazın yaranma səbəbləriXəstəliyin etiologiyası tam müəyyənləşdirilməmişdir. Tədqiqatçılar onun formalaşmasında maddələr mübadiləsi və sinir tənziminin pozulmasının rolunu öyrənməkdə davam edirlər. Oftalmologiya sahəsinin mütəxəssislərinin fikrincə zərərli müəssisələrdə işləyən (toz, sənaye tullantıları ilə təmas) və sanitar-gigiyena normalarına əməl etməyən şəxslərdə konkrementlərin yaranma ehtimalı yüksək olur. Dakriolitiazın inkişafına təkan verən amillər aşağıdakılardır:

  • Xroniki dakrioadenit. Axacaqlarının iltihabı zamanı göz yaşı axının çətinləşməsi natrium-xlorid, kalsium-sulfat, natrium-karbonat, kalsium-fosfat kimi qeyri-üzvi maddələrin toplanmasına səbəb olur.
  • Travmatik zədələnmələr. Travmalar qanaxma, göz yaşı kisəsində eksudatın sekresiyasının güclənməsi və qan laxtalarının formalaşması ilə nəticələnir. İkincili infeksiya və axının pozulması fonunda musinin sekresiyası dakriolitlərin əmələ gəlməsinə şərait yaradır.
  • Şəxsi gigiyena qaydalarına riayət olunmaması. Makiyajı düzgün təmizləmədikdə kosmetik vasitələrin qalıqları obturasiyaya gətirib çıxarır. Belə hallara keyfiyyətsiz dekorativ kosmetika və ya yararlılıq müddəti bitmiş vasitələrdən istifadə etdikdə təsadüf olunur.
  • Amniotik maye ilə obturasiya. Təbii doğuş zamanı adətən dölyanı maye göz yaşı kanalına keçir. Möhtəviyyat infeksiyalaşdıqda ikincili dakriosistit inkişaf edir.
  • Quruluşun anatomik-fizioloji xüsusiyyətləri. Yenidoğulmuşlarda dakrilitiazın yaranması çox vaxt dölün burun-göz yaşı kanalının aşağı hissəsini örtən rüşeym qişasının saxlanılması ilə bağlı olur. Keçməməzlik göz yaşı kisəsinin möhtəviyyatının yığılmasına və kalsifikasiyasına səbəb olur.

Dakriolitiazın patogenezi

Göz yaşı kanalının xroniki iltihabı zamanı göz yaşının axını pozulur. Lakin göz yaşı vəzisinin funksiyasında heç bir dəyişiklik baş vermir. Mayenin durğunlaşması nəticəsində spesifik daşlar əmələ gəlir. Konkrementlər musin, lipid və kalsiumdan ibarət olur. Göz yaşı kisəsinin epitel toxumasının metaplaziyası ilə əlaqədar dakrolitiazın əlamətləri meydana çıxır. Burun-göz yaşı kanalı iltihablaşdıqda külli miqdarda musin toplanılır. Bu qlikoproteinlər daşların yaranmasında matriks rolunu oynayır. Travmatik mənşəli patologiyalarda konkrementlərin tərkibində eritrositar kütləyə rast gəlinir.

Burun-göz yaşı axacağının xroniki iltihabında xəstəlik eksudatın həddindən artıq toplanması və göz yaşı mayesinin qeyri-üzvi komponentlərinin çökməsi hesabına baş verir. Qadınlarda dakrolitiazın patogenezində dekorativ kosmetikanın silinməsi zamanı gözlərə və göz qapaqların qeyri-düzgün qulluq xüsusi əhəmiyyət kəsb edir. Az hallarda patologiya toz və ya kimyəvi maddələrlə uzunmüddətli təmas zamanı göz yaşı kanalında yad mikrohissəciklərin toplanması nəticəsində inkişaf edir.

Dakriolitiazın əlamətləri

dakriolitiazın əlamətləri Dakriolitlər göz yaşı axacağının mənfəzini tutmadıqda, göz yaşı axını pozulmadıqda dakriolitiaz heç bir əlamətlə özünü büruzə vermir. Bəzən xəstələri göz yaşı kanalının proyeksiyasında diskomfort hissi narahat edir. Həmin zonanı yüngülcə masaj etdikdə simptomatika aradan qalxır. Yüksək sıxlıqlı iri konkrementlərin formalaşması axacağın divarının gərilməsinə və ağrı sindromunun yaranmasına səbəb olur. Pasiyentlər gözlərin yaşarmasından, gözün medial bucağında ağrı hissindən və periorbital nahiyədə şişkinlikdən şikayət edirlər. Zədələnmiş hissəyə təzyiq etdikdə göz yaşının reflüksü baş verir.

Simptomsuz gediş zamanı dakriolitlər dakriosistorinostomiya prosesində aşkarlanır. Xəstələrin anamnezində antibakterial terapiyanın qeyri-effektivliyi fonunda tez-tez baş verən kəskinləşmələr müşahidə edilir. Gözün daxili bucağına basdıqda temperaturun lokal yüksəlməsi müəyyən edilir. Bu da iltihabi ağırlaşmalardan xəbər verir. Total obstruksiyalı pasiyentlərdə gözətrafı nahiyənin medial şöbələri hiperemiyalı və ödemli olur. Xəstələr əksər hallarda məhz kosmetik qüsurla bağlı həkimə müraciət edirlər.

Dakriolitiazın ağırlaşmaları

Dakriolitiazın ən geniş yayılmış ağırlaşmalarına dakrioadenit, dakriosistit, abses aiddir. Burun-göz yaşı kanalının mənfəzinin tutulması göz yaşı axınını çətinləşdirir. Formalaşmış dakriolitlər isə öz növbəsində ətraf toxumalara təzyiq göstərir. Bir çox xəstələrdə gözlərin həddindən artıq sulanması blefarokonyunktivit, keratitlə nəticələnir. Ağır formalarda göz yaşı axacağının və ya kisəsinin cırılması mümkündür. Periorbital toxumaya qansızma hematomanın yaranmasına səbəb olur. Nadir hallarda xəstəlik göz yuvasının fleqmonası ilə ağırlaşır.

Dakriolitiazın diaqnostikası

Diaqnoz fizikal baxış və instrumental müayinə üsullarının nəticələri əsasında qoyulur. Zədələnmiş nahiyəni palpasiya etdikdə böyümüş və bərkimiş göz yaşı kisəsi əllənir. 40 yaşdan yuxarı pasiyentlərdə göz yaşı daşları əməliyyat prosesində aşkar edilir, diaqnoz isə retrospektiv qoyulur. Dakriolitiazın spesifik müayinə metodlarına aşağıdakılar daxildir:

  • Gözün biomkroskopiyası. Konyunktivanın qızarması və gözün buynuz qişasında tək-tək eroziv defektlər vizualizasiya olunur. Palpebral konyunktivanın iltihab əlamətləri müəyyən edilir.
  • Gözün USM. Ultrasəs müayinəsinin köməyilə dakriolitlərin sıxlığı təyin olunur. Konkrementlərin ölçüləri kiçik qranullarla 7 mm arasında dəyişir. Göz yaşı kanallarının genişlənməsi, göz yaşı kisəsinin isə həcminin artması müşahidə edilir.
  • Dakriosistoqrafiya. Dakriolitlər müxtəlif forma və ölçülərə malik dolma defektləri şəklində üzə çıxarılır. Bu üsul obstruksiya zonasının lokalizasiyasını yüksək dəqiqliklə müəyyən edir.
  • Şirmer sınağı. Göz yaşı mayesinin sintezini analiz etmək məqsədilə aparılır. Sınaqdan əvvəl anestetikdən istifadə olunur. Göz yaşının yaranma prosesində heç bir pozğunluq izlənilmir. 5 dəqiqə ərzində filtr kağızı göz yaşı ilə islanmış olur.
  • Norn sınağı. Sınağı yerinə yetirərkən göz yaşı təbəqəsinin cırılma müddəti 10 saniyədən az olur. BU da onun qeyri-stabilliyinə dəlalət edir. Cırılmalar adətən buynuz qişanın aşağı-bayır kvadrantında baş verir.
  • Histoloji müayinə. Hədəfli mikroskopik müayinə konkrementlərin tərkibini təyin etməyə imkan verir. Göz yaşı daşları kalsium tərkibli amorf aselüllyar üzvi maddədən ibarət olur.

Dakriolitiazın müalicəsi

Müalicə taktikası göz yaşı kanalının tutulma dərəcəsindən asılıdır. Axacağın tam tutulması zamanı dakriosistorinostomiya yerinə yetirilir. Əməliyyatdan sonra cərrahi fistula yuyulur. Postoperasion dövrdə USM vasitəsilə onun yararlılığı qiymətləndirilir. Keçiricilik saxlanıldıqda aşağıdakı üsullar həyata keçirilir:

  • Masaj. Prosedurun birinci mərhələsi axacağın möhtəviyyatının ehmalca xaric edilməsindən ibarətdir. Bunun ardınca göz yaşı kanalına otaq temperaturunda olan antiseptik məhlulları damızdırılır. Hərəkətlər təkan şəklində olub, gözün daxili bucağına istiqamətləndirilir. Patoloji kütlələr pambıqla təmizlənilir.
  • Göz yaşı kanalının yuyulması. Bu məqsədlə mülayim təzyiq altında göz yaşı kanalına otaq temperaturlu maye yeridilir. Prosedur kanalın keçiriciliyini təyin etməyə və dərman vasitələrini yeritməyə imkan verir.
  • Axacağın zondlanması. Konkrementlər aşağı sıxlığa malik olduqda bu üsulun tətbiqi məqsədəuyğundur. Yüksək sıxlıqlı dakriolitlərə rast gəlindikdə zondlama prosesi divarın zədələnməsi ilə ağırlaşır.

Bütün invaziv müdaxilələr regionar anesteziya ilə aparılır. Keçiriciliyi yaxşılaşdıqmaq məqsədilə göz yaşı axacağına proteolitik fermentlər və qlükokortikosteroidlər yeridilir. Dakrilitiaz dakrioadenitlə müşayiət edildikdə antibiotiklərin instillyasiyaları (5-7 gün) göstəriş sayılır.

Dakriolitiazın proqnoz və profilaktikası

Burun-göz yaşı kanalının hissəvi keçməməzliyində görmə funksiyaları baxımından proqnoz qənaətbəxşdir. Tam keçməməzlik zamanı xəstəlik adətən göz yaşı kisəsinin cırılması ilə nəticələnir. Xəstəliyin spesifik profilaktikası işlənilib hazırlanmamışdır. Qeyri-spesifik preventiv tədbirlər gözlərə qulluq üzrə gigiyena qaydalarına riayət olunmasından ibarətdir. Yatmazdan əvvəl makiyaj mütləq təmizlənməli, kseroftalmiya əlamətləri meydana çıxdıqda nəmləndirici vasitələrdən istifadə edilməlidir. İstehsalatda işləyərkən qoruyucu vasitələr – eynək və ya maska taxılmalıdır. Yenidoğulmuşlarda dakriolitlərin yaranmasının qarşısını almaq üçün göz yaşı kanalının proyeksiya olunduğu nahiyə ana tərəfindən vaxtaşırı masaj edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: