Dakriostenoz
Dakriostenoz – göz yaşı axacağının patoloji daralmasıdır. Xəstəliyin anadangəlmə və qazanılmış formaları ayırd edilir. Hər iki forma demək olar ki, eyni əlamətlərlə: gözün sulanması və irinli ifrazatın axması ilə təzahür edir. Diaqnozun qoyulmasında baza metodlarından (biomikroskopiya, vizometriya, tonometriya) və xüsusi üsullardan (kanal sınağı, göz yaşı yollarının diaqnostik yuyulması və kontrast rentgenoqrafiyası) istifadə olunur. Dakriostenozun müalicəsi əvvəlcə konservativ yolla aparılır. Heç bir nəticə əldə olunmadıqda göz yaşı axacağı cərrahi yolla genişləndirilir.
- Yaranma səbəbləri
- Dakriostenozun əlamətləri
- Diaqnostika
- Dakriostenozun müalicəsi
- Profilaktika
Dakriostenoz barədə ümumi məlumat
Dakriostenoz – göz yaşı yollarının vertikal hissəsinin patoloji daralması olub, göz yaşı mayesinin burun boşluğuna axınının pozulması ilə xarakterizə edilir. Xəstəliyin anadangəlmə formasına yenidoğulmuşların (əsasən vaxtından qabaq doğulmuşlar) və 1 yaşa qədər uşaqların 6%-də rast gəlinir. Anadangəlmə dakriostenoz göz yaşı kisəsi iltihabının (dakriosistit) əsas səbəbi sayılır. Patologiya oğlan və qız uşaqlarında eyni tezliklə müşahidə edilir.
Qazanılmış forma 50 yaşdan yuxarı pasiyentlərdə tez-tez rast gəlinən oftalmopatologiyadır. Dakriostenozun qazanılmış forması gözlərin həddindən artıq sulanması ilə özünü büruzə verir. Bu əlamət xəstənin həyat keyfiyyətini xeyli azaldır. Kişilərlə müqayisədə qadınlar dakriostenoza daha çox məruz qalır.
Dakriostenozun yaranma səbəbləri
Anadangəlmə dakriostenozun yaranma səbəblərinə burun-göz yaşı kanalının müxtəlif hissələrinin quruluşundakı anatomik xüsusiyyətlər aid edilir. Aparılan tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, stenoz əksər hallarda burun-göz yaşı axacağının burun dəliyi səviyyəsində formalaşır. Anadangəlmə dakriostenozun inkişafında digər faktorların da rolu qeyd olunur:
- Burun boşluğunun selikli qişasının epitel qatının burun-göz yaşı kanalının selikli qişasına keçməsi
- Burun-göz yaşı kanalının kələfinə keçən müştərək venoz damarların olması
- Burnun burun-göz yaşı kanalı ilə ümumi damar şəbəkəsinə malik olması
- Kanalda selikli qişanın, daralma, əyrilik, divertikulların olması
Qazanılmış dakriostenoza göz yaşı yollarının uzunmüddətli iltihabı, üzün ağır travmaları, şişlər, baş nahiyəsinin şüa terapiyası, görmə orqanı, burun boşluğu və burun ciblərində icra edilən əməliyyatlar səbəb olur. Göz damcılarının davamlı istifadəsi (məsələn, qlaukomada) dakriostenozun risk amili sayılır.
Dakriostenozun əlamətləri
Dakriostenozun anadangəlmə formasında valideynlər südəmər uşağın gözünün yaşardığını müşahidə edirlər. Xəstələrdə kəskin və ya residivləşən konyunktivitin əlamətləri – konyunktiva qişasının qızarması, selikli və ya irinli ifrazatlar, göynəmə və ağrı hissi meydana çıxa bilər. Qazanılmış forma adətən 40-50 yaşdan sonra yaranır. Pasiyentlər əsasən gözlərin həddindən artıq sulanmasından şikayət edirlər. Çünki bu əlamət diskomfort hissi törətməklə yanaşı, həm də görmə itiliyini azaldır. Gözdən vaxtaşırı cüzi miqdarda selikli–irinli ifrazat axır. Zədələnmə bir və ya ikitərəfli ola bilər.
Dakriostenozun ən geniş yayılmış ağırlaşması dakriosistitdir (göz yaşı kisəsinin iltihabı). Az hallarda peridakriosistit (göz yaşı kisəsini əhatə edən toxumaların iltihabı) və periorbital fleqmona inkişaf edir. Göz yaşı kisəsinin proyeksiyasında qızartı, şişkinlik və ağrı, eləcə də sistemli iltihabın əlamətləri (qızdırma, əzginlik və s.) irinli ağırlaşmaların formalaşmasından xəbər verir.
Dakriostenozun diaqnostikası
Dakriostenozun müayinə üsullarına anamnezin toplanması, biomikroskopiya, böyüklərdə vizometriya və tonometriya aiddir. Spesifik metodlardan kanal və ya burun sınağı (boya maddəsinin göz yaşı axacağından keçmə müddəti hesablanılır) aparılır. Göz yaşı yollarının keçiriciliyini müəyyən etmək üçün diaqnostik yuyulma yerinə yetirilir. Yuyuntu mayesinin evakuasiyasının xarakterinə görə (damcı və ya şırnaqla) kanalın daralma dərəcəsi barədə mühakimə yürüdülür.
Dakriostenozun başlıca müayinə üsulu kontrastlaşdırılmış dakriosistorentgenoqrafiyadır. Kontrast maddənin ləngiməsinə əsasən göz yaşı axacağının daralma və ya tutulma nahiyəsi təyin olunur. Əlavə metodlar qismində kompüter tomoqrafiya icra edilə bilər. Onun köməyilə burun ciblərində patoloji ocaqlar və ya proseslər, göz yaşı aparatının keçiriciliyinə təsir edən burundaxili strukturları deformasiyası üzə çıxarılır.
Dakriostenozun müalicəsi
Anadangəlmə və qazanılmış formalar konservativ üsulla müalicə olunur. Anadangəlmə stenozda ilk növbədə göz yaşı yollarının masajı məsləhət görülür; masajın texnikası uşaq oftalmoloqu tərəfindən valideynlərə izah olunur. 6 ay ərzində edilən masaj heç bir effekt vermədikdə burun-göz yaşı kanalının diaqnostik zondlaması və yuyulması həyata keçirilir.
Qazanılmış formanın müalicəsi göz yaşı axacaqlarının yuyulmasından başlanır. İrinli axıntılar olduqda antibakterial damcılar təyin edilir. Antiseptiklələ gözün yuyulması tələb oluna bilər. Böyüklərdə gözlərin həddindən artıq sulanması nəmləndirici damcı və ya gellərin tətbiqi üçün göstəriş sayılır.
6 ay müddətində konservativ müalicə ilə arzuolunan nəticə əldə edilmədikdə istər böyüklərdə, istərsə də uşaqlarda cərrahi əməliyyat (ballon dakrioplastika, göz yaşı yollarının stentlənməsi və ya drenajlanması) aparılır. Bu üsulların mahiyyəti göz yaşı axacağının müxtəlif yollarla genişləndirilməsindən ibarətdir.
Dakriostenozun profilaktikası
Müalicə gecikdirilmədikdə proqnoz qənaətbəxş olur. Dakriostenozun profilaktikası qazanılmış formanın qarşısının alınmasına yönəldilir. Bu məqsədlə müntəzəm şəkildə oftalmoloji müayinələrdən keçilməli, göz damcılarının tökülmə texnikasına riayət edilməlidir (3-dən artıq damcı növlərindən istifadə etdikdə onlar arasında 10 dəqiqəlik fasilə gözlənilməlidir).
Anadangəlmə formanın profilaktikası mövcud deyil. Uşaqda dakriostenozun əlamətlərinə rast gəlindikdə vaxt itirmədən mütəxəssisə müraciət olunmalı və müvafiq müalicə aparılmalıdır.