Diabetik katarakta

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1413

diabetik katarakta nədir?Diabetik katarakta – şəkərli diabet xəstələrində karbohidrat mübadiləsinin pozulması fonunda büllurun bulanması ilə xarakterizə olunur. Onun əsas əlamətlərinə göz önündə uçuşan qara nöqtələr, diplopiya, görmənin pisləşməsi aiddir. Diaqnozun qoyulması üçün vizometriya, biomikroskopiya, retinoskopiya, oftalmoskopiya və A-skanlama rejimində USM aparılır. Konservativ müalicə riboflavin, nikotin və askorbin turşusu, sitoxrom-C əsaslı preparatların təyininə əsaslanır. Cərrahi müdaxilə kataraktanın ekstraksiyasından və intraokulyar linzanın implantasiyasından ibarətdir.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Diabetik kataraktanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Diabetik kataraktanın müalicəsi
  • Proqnoz və profilaktika

Diabetik katarakta barədə ümumi məlumat

Statistik məlumatlara əsasən diabetik katarakta qlükozaya qarşı tolerantlığın pozulmasından əziyyət çəkən xəstələrin 16,8%-də qeydə alınır. 40 yaşdan yuxarı şəxslərin 80%-də disfunksiya müşahidə olunur. Kataraktanın yayılmasının ümumi strukturunda diabetik formanın payı 6%-dir. Bu göstərici hər il artmaqda davam edir. Şəkərli diabetin 2-ci tipində büllurun patoloji dəyişikliklərinə 1-ci tiplə müqayisədə 37,8% çox rast gəlinir. Xəstələr arasında qadınlar üstünlük təşkil edir.

Diabetik kataraktanın yaranma səbəbləri

Diabetik kataraktanın səbəbləriDiabetik kataraktanın başlıca yaranma səbəbi şəkərli diabetin I və II tipində qanda qlükoza səviyyəsinin yüksəlməsidir. İnsulindən asılı diabetdə xəstəliyin klinik şəkli cavan yaşlarda aşkarlanır. Bu da mütləq və ya nisbi insulin çatışmazlığı fonunda xroniki hiperqlikemiya ilə bağlıdır. Belə hallarda hüceyrələrin insulinlə qarşılıqlı əlaqəsi pozulur.

Kataraktanın yaranma riski diabetik «stajdan» asılıdır. Şəkərli diabetin inkişaf dövrü nə qədər uzun olarsa, büllurun bulanma ehtimalı bir o qədər yüksək olur. Hipoqlikemik preparatların peroral qəbulunun insulinin dərialtı yeridilməsinə kəskin keçidi kataraktanın yaranmasına təkan verə bilər. Qeyd etmək lazımdır ki, karbohidrat mübadiləsinin disfunksiyası vaxtında və düzgün şəkildə kompensasiya olunduqda bu cür pozğunluqların qarşısını almaq mümkündür.

Diabetik kataraktanın patogenezi

Sübut olunmuşdur ki, qanda şəkərin konsentrasiyası artdıqda bu maddəyə gözdaxili mayenin tərkibində rast gəlinir. Diabetin dekompensasiyası zamanı dekstrozanın mənimsənilməsinin fizioloji qlikolitik yolu pozulur. Bu isə onun sorbitola çevrilməsinə səbəb olur. 6-atomlu spirtin (sorbitol) hüceyrə membranlarından keçə bilməməsi osmotik stress yaradır. Qlükozanın göstəriciləri uzun müddət norma səviyyəsindən yüksək olduqda, sorbitol büllürda toplanaraq, onun şəffaflığının azalmasına gətirib çıxarır.

Büllurun daxilində aseton və dekstrozanın həddindən artıq yığılması zülalların işığa qarşı həssaslığını gücləndirir. Fotokimyəvi reaksiyalar lokal bulanıqlığın əsasını təşkil edir. Osmotik təzyiqin yüksəlməsi izahi hidratasiya və ödemin inkişafı ilə nəticələnir. Metabolik asidoz proteolitik fermentlərin aktivliyini stimulə etməklə, proteinlərin denaturasiyasına səbəb olur. Xəstəliyin patogenezində kirpik çıxıntılarının degenerasiyası və ödem mühüm rol oynayır. Belə hallarda büllurun trofikası əhəmiyyətli dərəcədə pozulur.

Diabetik kataraktanın təsnifatı

Bulanma dərəcəsinə görə diabetik katarakta 4 tipə ayrılır: başlanğıc, yetişməmiş, yetişmiş və ifrat yetişmiş. Xəstəliyin həmçinin birincili və ikincili (ağırlaşmış) formaları qeydə alınır. Büllurun kapsulunda və stromada gedən patoloji dəyişikliklər mübadilə pozğunluqlarına aid edilir.

Diabetik kataraktanın 2 əsas forması mövcuddur:

  • HəqiqiPatologiyanın inkişafı karbohidrat mübadiləsinin pozulması ilə əlaqədar baş verir. Həqiqi forma cavanlarda aşkarlana bilər. Anamnezində şəkərli diabet olan 60 yaşdan yuxarı şəxslərdə differensial diaqnostika çətinliklər törədir.
  • SenilŞəkərli diabetdən əziyyət çəkən yaşlı insanlarda büllurun quruluşunda dəyişikliklər yaranır. Xəstəlik üçün ikitərəfli gediş, proqressivləşməyə meyllik xarakterikdir.

Diabetik kataraktanın əlamətləri

Diabetik kataraktanın əlamətləriKlinik simptomatika kataraktanın mərhələsindən asılıdır. Başlanğıcda görmə qabiliyyəti pozulmur. Pasiyentlər yaxın məsafədən işlədikdə görmənin yaxşılaşmasını qeyd edirlər. Bu da miopizasiya ilə bağlı olub, patologiyanın patoqnomik əlaməti sayılır. Bulanıqlığın həcmi artdıqda xəstələr göz önündə uçuşan qara nöqtələrdən, diplopiyadan (görmənin ikiləşməsi) və işığa qarşı yüksək həssaslıqdan şikayət edirlər. İşıq mənbəyinə baxdıqda rəngli dairələr əmələ gəlir.

Yetişmiş formada görmə itiliyi kəskin şəkildə, hətta işıq duyğusuna qədər azalır. Pasiyentlərdə mərkəzi görmə itirildiyindən məkanda oriyentasiya xeyli çətinləşir. Bəbək dəliyindən ağ rəng alan büllur görünür. Bununla əlaqədar bəbəyin rəngi əksər hallarda dəyişir. Eynək korreksiyası görmə disfunksiyasını tam şəkildə kompensasiya etmir. Hər iki göz zədələnsə də, sağ və sol tərəfdəki əlamətlərin ifadəliliyi fərqli olur.

Diabetik kataraktanın ağırlaşmaları

Diabetik kataraktanın neqativ nəticələri büllurda gedən patoloji dəyişikliklərdən çox, karbohidrat mübadiləsinin pozulması ilə bağlı olur. Xəstələrdə makulyar ödemlə müşayiət edilən diabetik retinopatiyanın yaranma ehtimalı yüksək olur. Yetişmiş kataraktalarda lazer fakoemulsifikasiyanın yerinə yetirilməsi arxa kapsulun cırılması ilə nəticələnə bilər. Əksər pasiyentlərdə postoperason iltihabi ağırlaşmalar: keratokonyunktivit və endoftalmit müşahidə edilir.

Diabetik kataraktanın diaqnostikası

Diabetik kataraktadan əziyyət çəkən pasiyentin müayinəsi kompleks şəklində aparılmalıdır. Gözün ön seqmenti ilə yanaşı torlu qişaya da baxış keçirilir. Çünki şəkərli diabet zamanı gözün daxili qişasının zədələnmə riski yüksəkdir. Mütləq qaydada qanda şəkərin və qlükozalaşmış hemoqlobinin səviyyəsi təyin edilməli, qlükoza tolerant testi yerinə yetirilməlidir. Oftalmoloqun konsultasiyasına adətən aşağıdakı instrumental diaqnostik prosedurlar daxil olur:

  • Görmə itiliyinin təyini. Vizometriya üsulu ilə uzağı görmənin zəifləməsi aşkarlanır. 30-40 sm-lik məsafədən işlədikdə diskomfort müşahidə edilmir. Yaş artdıqca presbiopik dəyişikliklər proqressivləşir. Eyni zamanda xəstəlik yaxını görmənin qısamüddətli yaxşılaşmasına gətirib çıxarır.
  • BiomikroskopiyaÖn və arxa kapsulun səthində nöqtəvi və pambığabənzər bulanıqlar vizualizasiya olunur.
  • RetinoskopiyaXəstəliyin proqressivləşməsi miopik tipli klinik refraksiyanın formalaşmasına səbəb olur. Skiaskopik xətkeşlərdən istifadə etməklə retinoskopiyanı skiaskopiya ilə əvəz etmək mümkündür. Əlavə olaraq, kompüter refraktometriya icra edilir.
  • Göz dibinə baxış. Oftalmoskopiyadan diabetik retinopatiya və görmə sinirinin zədələnməsini inkar etmək məqsədilə istifadə olunur. Total katarakta zamanı optik mühitlərin şəffalığının azalması nəticəsində bu müayinənin aparılması xeyli çətinləşir.
  • Ultrasəs müayinəsi. Gözün USM(А-skanlama) göz almasının ön-arxa oxunun (ÖAO) ölçüsünü təyin etməyə imkan verir. Bu yolla miopizasiyanın səbəbi aydınlaşdırılır. Diabetik kataraktada ÖAO norma səviyyəsində olur. İfadəli bulanıqlıqlarda büllurun ölçüsü böyüyür.

Diabetik kataraktanın müalicəsi

Başlanğıc mərhələlərdə müalicənin məqsədi qlükozaya qarşı tolerantlığın yaxşılaşdırılması və şəkərli diabetin kompensasiyasından ibarətdir. Karbohidrat mübadiləsini normaya salmaq üçün pəhriz, peroral antihiperqlikemik preparatlar və insulin inyeksiyaları təyin edilir. Vaxtında aparılan konservativ terapiya kataraktanın inkişaf dinamikasına müsbət təsir göstərir, onun hissəvi və ya tam rezorbsiyasını təmin edir. Kobud bulanıqlıqlarda büllurun şəffaflığını hətta hissəvi şəkildə bərpa etmək mümkün olmur.

Patologiyanın proqressivləşməsinin qarşısını almaq üçün riboflavin, askorbin və nikotin turşusunun instillyasiyaları məsləhət görülür. Kataraktanın yetişməmiş formasında sitoxrom-C əsaslı preparatlardan, qeyri-üzvi duzlar və vitaminlərin kombinasiyasından istifadə edilir.

Cərrahi müalicə büllurun mikrocərrahi yolla xaric edilməsindən (ultrasəs fakoemulsifikasiya) və intraokulyar linzanın kapsula implantasiyasından ibarətdir. Əməliyyat görmə disfunksiyası ifadəli olduqda yerinə yetirilir. Başlanğıc mərhələlərdə cərrahi müdaxilə yalnız kataraktanın diabetik retinopatiya zamanı daxili qişanın lazer koaqulyasiyasını və ya vitreoretinal əməliyyatın  aparılmasını çətinləşdirdiyi hallarda məqsədəuyğun sayılır.

Diabetik kataraktanın proqnoz və profilaktikası

Proqnoz diabetik kataraktanın mərhələsindən asılıdır. Adətən başlanğıc mərhələlərdə müalicə bulanıqlığın tam sorulması ilə nəticələnir. Yetişmiş kataraktalarda itirilmiş funksiyalar yalnız cərrahi yolla bərpa oluna bilər.

Spesifik profilaktika işlənilib hazırlanmamışdır. Qeyri-spesifik preventiv tədbirlər qanda qlükoza səviyyəsinə nəzarət edilməsindən, xüsusi pəhrizə riayət olunmasından, ildə 1 dəfə oftalmoloji müayinələrin (biomikroskopiya, oftalmoskopiya) aparılmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: