Göz qapaqlarının demodekozu

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 4108

göz qapaqlarının demodekozu nədir?Göz qapaqlarının demodekozu – Demodex cinsindən olan şərti-patogen gənənin törətdiyi patologiyadır. Xəstəlik klinik olaraq göz qapaqlarının qaşınma və hiperemiyası, kirpiklərin tökülməsi, əsasən səhər saatlarında göz bucaqlarında irinli kütlələrin toplanması ilə təzahür edir. Diaqnostika məqsədilə mikroskopik müayinə, bioptatın histoloji analizi, «skotç sınağı» aparılır, akaroqramma tərtib olunur. İkincili dəyişiklikləri aşkar etmək üçün gözün biomikroskopiyasından istifadə edilir. Müalicə taktikası topik qlükokortikosteroidlərin, dermatotrop və antibakterial vasitələrin tətbiqinə əsaslanır.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Göz qapaqlarının demodekozunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Proqnoz və profilaktika

Göz qapaqlarının demodekozu barədə ümumi məlumat

Göz qapaqlarının demodekozu (demodeks blefariti) – payız-yaz aylarında kəskinləşən xroniki xəstəlikdir. Patologiya adətən yaşlı şəxslərdə müşahidə edilir. Bu da onlarda dəri piyinin ifrazının uşaqlara nisbətən yüksək olması ilə bağlıdır. Aparılan tədqiqatların nəticələrinə əsasən yaşı 60-dan az olan insanların 89%-də Demodex gənələrinə rast gəlinir. Demodeks blefariti olan pasiyentlərin 60-70%-də digər lokalizasiyalı demodekozlara rast gəlinir. Xəstələr arasında qadın cinsinin nümayəndələri üstünlük təşkil edir.

Göz qapaqlarının demodekozunun yaranma səbəbləri

Göz qapaqlarının demodekozunun səbəbləriDemodekozun əsas etioloji amili 1sm2-da 5 gənədən az olmamaqla Demodex parazitinin tük follikulları, piy və meybom vəzilərində kolonizasiyasıdır. Yoluxma mənbəyi ev heyvanları, xəstə və ya daşıyıcı insandır. İnfeksion agentin (Bacillus oleronius) qoşulması klinik təzahürlərin inkişafına səbəb olur. Onun həyat fəaliyyəti və çoxalması ilə əlaqədar gənələrin və streptokokk, stafilokokk, propion turşusu bakteriyaları, malasseziya cinsindən olan göbələklərin aktivliyi artır. İmmunçatışmazlığı (QİÇS, kəskin limfoblast leykemiya, bədxassəli törəmələr) və maddələr mübadiləsinin pozulması ilə gedən xəstəliklərdən (şəkərli diabet) əziyyət çəkən insanlar göz qapaqlarının demodekozuna meylli olur. Patologiyanın risk faktorlarına ametropiya, korreksiya olunmayan hipermetropiya aiddir.

Göz qapaqlarının demodekozunun patogenezi

Göz qapaqlarının demodekozunun patogenezinin əsasını dəri örtüyünün mikroflorasının pozulması təşkil edir. Vəzilərin sekretor qabiliyyətinin zəifləməsi mikrofloranın disbalansına və bunun nəticəsində dəri disbakteriozunun yaranmasına səbəb olur. Mikrob kolonizasiyasının güclənməsi səthi lipid qatının dəyişməsinə gətirib çıxarır. Xəstəliyin inkişaf mexanizmində korinebakteriyalarla şərti-patogen mikrofloranın simbiozunun pozulması mühüm rol oynayır. Gənələrin daşıdığı mikrob və viruslar klinik təzahürlərin meydana çıxmasına təkan verir.

0,2-0,5mm ölçülü gənələr tük follikulu, piy və meybom vəzilərinə daxil olur. Piokokkların patogen formaları dərin qatlara keçdikdə iltihab baş verir. Bu da sonradan irinli-nekrotik dəyişikliklərlə nəticələnir. İltihabi prosesin aktivliyi katelisidinlərin sintezinin pozulması ilə təmin olunur. Gənənin həyat fəaliyyəti məhsulları allergik reaksiyalar törətməklə, seboreyaya səbəb ola bilər.

Göz qapaqlarının demodekozunun təsnifatı

Göz qapaqlarının demodekozu üçün xronikləşməyə meyllik xarakterikdir. Nadir hallarda xəstəlik kəskin gedişə malik olur. Klinik nöqteyi nəzərdən demodekozun aşağıdakı formaları ayırd edilir:

  • Birincili. Bu forma sərbəst xəstəlik olub, patogen mikrofloranın qoşulması və yanaşı gedən xəstəliklərin inkişafı üçün təkan rolunu oynayır.
  • İkincili. Patologiya göz qapaqlarının əsas xəstəliyinin (xroniki blefarit, rozasea və ya seboreyalı dermatit) fonunda yaranır.

Göz qapaqlarının demodekozunun əlamətləri

Göz qapaqlarının demodekozunun əlamətləriDemodekozun klinik şəklində göz qapaqlarının kənarının ifadəli qaşınması, ödem və hiperemiyası üstünlük təşkil edir. Patologiyanın spesifik əlaməti kirpiklər ətrafında «yaxalıq» simptomunun yaranmasıdır. Əksər xəstələr gözlərdə «qum dənələri» və ya yad cismin olması hissindən şikayət edirlər. Gənələrin kirpiklərə yaxın yerləşən piy vəzilərində çoxalması onların kütləvi tökülməsinə gətirib çıxarır. Göz qapaqlarının kənarlarında yapışqanlı, irinli kütlələrin toplanması, kirpiklərin kökündə pulcuqların yaranması patologiyanın intensiv şəkildə proqressivləşməsindən və patogen mikrofloranın qoşulmasından xəbər verir.

Vizual yüklənmə zamanı gözlər tez yorulur. Demodekozun erkən mərhələlərində göz qapaqlarının dəri örtükləri nazilir. Bir müddətdən sonra elastikliyin azalması nəticəsində dartılma hissi meydana çıxır, dəri qalınlaşır. Hiperkeratoz əlamətləri artır. Güclü qaşınma cızıqlar və kiçik qansızma sahələrinin yaranmasına səbəb olur. Gələcəkdə bu hissələr qanlı-irinli qabıqla örtülür. Demodokez yüksək dərəcəli invaziya ilə səciyyələnir. O üzdən xəstəlik əksər hallarda ailənin bir neçə üzvündə aşkarlanır.

Göz qapaqlarının demodekozunun ağırlaşmaları

Göz qapaqlarının demodekozu residivləşən civzə və psoriazla ağırlaşa bilər. Pasiyentlərin anamnezində kirpik follikullarının tez-tez təkrarlanan irinli iltihabına rast gəlinir. Demodeks parazitinin Blefarit və blefarokonyunktivitin xroniki formasının inkişafında rolu sübut edilmişdir. Patologiya tez-tez residivləşməyə (pasiyentin öz-özünü yenidən yoluxdurması) meylli olur. Xəstəlik çox vaxt ətraf toxumalara (burun-dodaq büküşləri, alın, çənə, gicgah və qulaqətrafı nahiyə) yayılır.  Piokokk infeksiyasının qoşulması mikroabseslərin yaranmasına, çapıq deformasiyalarının formalaşmasına səbəb olur.

Göz qapaqlarının demodekozunun diaqnostikası

Diaqnoz fizikal baxış, laborator üsullar və oftalmoloji müayinələrin nəticələri əsasında qoyulur. Xarici baxış zamanı göz qapaqlarının kənarlarında irin kütlələri və quru pulcuqlar nəzərə çarpır. Kirpiklər bir-birinə yapışır və qabıqcıqlarla əhatə olunur. İkincili dəyişiklikləri aşkar etmək üçün gözün biomikroskopiyası üsulu ilə göz qapaqları, konyunktiva və buynuz qişanın vəziyyəti öyrənilir.  Demodeks blefaritinin diaqnostika prosesində aşağıdakı laborator müayinələrdən istifadə olunur:

  • Mikroskopik müayinə. Follikulda gənəni müəyyən etməyə imkan verən yeganə üsuldur. Material əşya şüşəsinin üzərinə qoyulduqdan sonra mikroskop altında ətraflı analiz olunur.
  • Akaroqrammanın tərtibi. Müayinənin məqsədi sürfə, nimfa, yumurta və imaqonun sayının hesablanmasından ibarətdir. 1 sm2–da 5 ədəd yetkin gənənin aşkarlanması parazitin aktivliyini sübut edir. 2-4 kirpikdə 1 gənənin tapılması normal göstərici hesab olunur.
  • Punskion və ya ekssizion biopsiya. Bu üsullarla meybom və piy vəzilərində gənələr üzə çıxarılır.
  • «Skotç sınağı». Göz qapaqlarının periferiyasında çoxsaylı irinli-nekrotik kütlələr olduqda aparılır.

Göz qapaqlarının demodekozunun müalicəsi

Təkrar özünüyoluxdurma riski ilə əlaqədar şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir. Göz qapaqlarına təmizləyici, antiseptik və iltihabəleyhinə təsirli kompreslər təyin olunur. Meybom vəzilərinin ifraz etdiyi sekretin axınının yaxşılaşdırılması, göz yaşı təbəqəsinin bərabər yayılması və konyunktiva boşluğunun təmizlənməsi məqsədilə pasiyent göz qapaqlarını dairəvi masaj etməlidir. Demodeks blefaritinin etiotrop müalicəsi aşağıdakı dərman vasitələrinin köməyilə aparılır:

  • Dermatotrop vasitələr. Yerli istifadə üçün nəzərdə tutulan məlhəm və ya krem şəklində tətbiq edilir. Onların tərkibinə yüksək səviyyədə təmizlənmiş nativ qlikanlar və iltihabəleyhinə təsirə malik təbii komponentlər (çobanyastığı ekstraktı, zeytun yağı) daxildir.
  • Antibakterial preparatlar. Mikrob florası qoşulduqda qısa kurslarla instillyasiyalar göstəriş sayılır. Generalizəolunmuş proseslərdə antibiotiklərlə sistemli terapiya məsləhət görülür.
  • Topik qlükokortikosteroidlər. Xəstəliyin ağırlaşmış gedişində allergik təzahürlərin və yerli əlamətlərin aradan qaldırılması məqsədilə istifadə olunur.

Xəstələrdə ametropiya və hipermetropiyanın optik korreksiyası aparılır. Yerli fizioterapiya iltihabəleyhinə və antihistamin preparatlarla elektroforezin təyininə əsaslanır.

Göz qapaqlarının demodekozunun proqnoz və profilaktikası

Göz qapaqlarının demodekozunda həyat və əmək qabiliyyəti üçün proqnoz qənaətbəxşdir. Spesifik preventiv tədbirlər işlənilib hazırlanmamışdır. Qeyri-spesifik profilaktika dəsmal və balış üzlərinin müntəzəm şəkildə ütülənməsindən, ülgüc dəstlərinin və eynəklərin sanitar işlənməsindən, üz dərisi ilə təmasda olan şəxsi əşyaların (şarf və s.) təmizlənməsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: