Gözün dirofilyariozu

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1394

gözün dirofilyariozu nədir?Gözün dirofilyariozu – Dirofilaria cinsindən olan parazitlər tərəfindən törədilən oftalmoloji patologiyadır. Xəstəlik göz qapaqlarının dərialtı toxumasında və ya göz almasında helmintlərdən ibarət düyünlər və yaxud qranulomaların formalaşması ilə təzahür edir. Dirofilyarizoun klinikası törədicinin lokalizasiya olunduğu hissədən asılıdır. Bütün formalar üçün ağrı, qaşınma, gözdə parazitlərin tərpənişlərini hiss etmə xarakterikdir. Diaqnoz anamnestik məlumatlar, obyektiv baxış, laborator (qanın ümumi analizi, İFA, PZR), instrumental və parazitoloji müayinə metodlarının nəticələri əsasında qoyulur. Cərrahi müalicə qranulomaların aradan qaldırılmasından ibarətdir. Antihelmint terapiya ilə yanaşı qeyri-spesifik iltihab əleyhinə vasitələr, qlükokortikoidlər və antihistamin preparatlar təyin edilir.

  • Yaranma səbəbləri
  • Gözün dirofilyariozunun əlamətləri
  • Diaqnostika
  • Gözün dirofilyariozunun müalicəsi
  • Proqnoz və profilaktika

Gözün dirofilyariozu barədə ümumi məlumat

Gözün dirofilyariozu – sapşəkilli nematodların sürfələrinin göz almasına daxil olması nəticəsində inkişaf edən helmintozdur. Xəstəlik adətən xroniki gedişə malik olur. Portuqaliyalı Luzitano Amato ilk dəfə 1566-cı ildə 3 yaşlı uşağın gözündən Dirofilaria parazitinin xaric olunmasından sonra bu oftalmopatologiyanı təsvir etmişdir. Dirofilyarioz əsasən orta yaşlı insanlarda müşahidə edilir. Dirofilaria immitis kişi cinsinin nümayəndələrində 2 dəfə çox aşkarlanır. Dirofilaria repens isə əksinə qadınları yoluxdurmağa meylli olur. Parazitin bu növü daha geniş yayıldığından xəstələr arasında qadınlar üstünlük təşkil edir.

Gözün dirofilyariozunun yaranma səbəbləri

Gözün dirofilyariozunun səbəbləriGözün dirofilyariozu girdə qurdlar sinfinə aid olan Dirofilaria parazitinə yoluxma zamanı inkişaf edir. Xəstəlik adətən D. repens və D. immitis tərəfindən törədilir. D. repens erkəyinin uzunluğu təxminən 55mm, eni isə 0,4 mm təşkil edir. Dişinin boylama ölçüsü orta hesabla 145 mm, köndələn ölçüsü isə o.4 mm-ə bərabərdir. D. immitis erkəyinin uzunluğu 300mm, dişininki isə 110 mm olur. İnsan qurdların son sahibi rolunda iştirak edir. Parazitlərin əksəriyyəti cinsi yetişkənliyə çatmamış, insan orqanizmində məhv olurlar.

İnsanın infeksiyalaşması Dirofilaria parazitinin sürfəsinə yoluxmuş ağcaqanadın dişləməsi zamanı baş verir. Ağcaqanadlar üçün yoluxma mənbəyi küçə itləri, az hallarda isə pişiklər sayılır. May-sentyabr aylarında insanın dirofilyarioza tutulma ehtimalı daha yüksək olur.

Gözün dirofilyariozunun əlamətləri

Gözün dirofilyariozunun əlamətləriDirofilyariozun törədiciləri adətən göz qapaqlarının dərialtı toxumasında və konyunktivada, bəzən isə göz almasında (ön kamera, ağrı qişa) lokalizasiya olunur. Parazitlər ətraf toxumalara (göz yuvasının piy toxumasına, qaşlara) yayıla bilər. İnsanı ağcaqanad dişlədikdə məhdud iltihab ocağı formalaşır. Bu zona tədricən sərtləşərək, seroz və ya irinli möhtəviyyat, makrofaq, leykosit və neytorfillərlə dolur. Parazit bərkimiş hissənin daxilində yerləşir. Qranuloma xaricdən fibroz kapsulla örtülür.

Göz qapaqlarının zədələnməsi ağrı, ödem, ifadəli qaşınma və gözlərin yaşarması ilə müşayiət olunur. Bir müddətdən sonra hiperemiya, proqressivləşən ptoz və blefarospazm inkişaf edir. Qranuloma böyüyərək, formasını dəyişə bilər. Xəstəliyin xarici təzahürləri angionevrotik ödemi xatırladır.

Törədici konyunktivanın altında və ya göz almasında lokalizasiyalaşdıqda gözlərin bərəlməsi, bu nahiyədə parazitlərin tərpənişləri və yad cisim hissi meydana çıxır. Parazitlər konyunktivada yerləşdikdə onları adi gözlə görmək mümkün olur – qurdlar xarici görünüşcə burulmuş sap və ya düyünləri xatırladır. Parazitlərin qəflətən yoxa çıxması və əlamətlərin dəyişməsi onların göz almasına keçməsindən xəbər verir. Simptomatikaya konyunktivitin klinik şəkli əlavə olunur. Qurdların hərəkəti güclü ağrı, göynəmə və qaşınma törədir. Gözün selikli qişası ödemləşir və qızarır. Göz qapaqlarının və konyunktivanın dirofilyariozu zamanı görmə itiliyi zəifləmir. Gözdaxili təzyiq bir qədər yüksələ bilər.

Helmint gözün ön kamerasına daxil olduqda, onun hərəkətliliyi daha da artır. Zamanla parazitin ətrafında qranuloma əmələ gəlir. Patoloji törəmənin genişlənməsi ekzoftalm və diplopiyaya gətirib çıxarır. Qurdların göz almasında yerləşməsi görmə itiliyinin azalması və parazitlərin tərpənişlərinin hiss olunması ilə müşayiət edilir. Helmintlərin hansı nahiyəyə keçməsindən asılı olmayaraq, pasiyentlər qeyri-spesifik əlamətlərdən: ümumi halsızlıq, yuxusuzluq, əsəbilik, baş ağrıları və baçgicəllənmədən şikayət edirlər.

Əsas xəstəliyin fonunda iltihabi proseslər (blefarit, keratit, konyunktivit, endoftalmit və s.) inkişaf edə bilər. Dirofilyariozun ən təhlükəli ağırlaşması torlu qişanın ayrılmasıdır. Xəstəliyin xroniki gedişi orqanizmin sensibilizasiyasına gətirib çıxarır. Qranulomanın dağılması və ya irinləməsi ifadəli intoksikasiyaya və allergik reaksiyalara səbəb ola bilər. Hiperhəssaslıq dəridə papulyoz səpkilər və selikli qişaların ödemi şəklində özünü büruzə verir.

Gözün dirofilyariozunun diaqnostikası

Dirofilyarizoun diaqnostikası anamnestik məlumatlara, laborator və instrumental müayinələrin nəticələrinə əsaslanır. Anamnez toplayarkən xəstənin ağcaqanadların yüksək aktivlik dövründə (may-sentyabr ayları) endemik regionda olması aşkarlanır. Göz qapaqlarına və konyunktivaya obyektiv baxış keçirərkən əksər hallarda dəri altında və ya selikli qişalarda yerləşən burulmuş iplər (helmintlər) vizualizasiya olunur. Palpaiya zamanı ağrı güclənir. Spesifik müayinə metodlarına immunoferment analiz (İFA) və polimeraz zəncirvari reaksiya (PZR) aiddir. IgM titrinin 4 dəfədən çox artması kəskin formadan, IgG səviyyəsinin yüksəlməsi isə xroniki gedişdən xəbər verir. PZR törədicinin DNT-ni aşkarlamaqla, helmintin növünü müəyyən etməyə imkan verir.

Qanın ümumi analizində eozinofillərin miqdarının bir qədər çoxalması müşahidə oluna bilər. Parazitoloji müayinələr kompleksinə parazitin boylama və köndələn ölçülərinin təyini, onun cinsi orqanlarının yetişmə dərəcəsinin qiymətləndirilməsi daxildir. Mikroskopik diaqnostika vasitəsilə helmintin yerləşdiyi spesifik qranuloma aşkar olunur. Dirofilaria parazitlərinin histoloji kəsiklərinin əsas fərqləndirici xüsusiyyəti helmintin kutikulasında kiçik «tikanların» olmasıdır. Xəstəliyin diaqnostikası çox vaxt çətinlik törədir. Törədicini yalnız helmintin gözdən xaric edilməsindən sonra indentifikasiya etmək mümkündür.

Optik koherent tomoqrafiya parazitin göz almasının daxilində yerləşməsi zamanı dirofilyariozun diaqnostikası məqsədilə aparılır. Belə hallarda B-skanlama rejimində ultrasəs müayinəsi də aparıla bilər. Qonioskopiya yalnız helmintin gözün ön kamerasında lokalizasiya olunduqda informativ sayılır.  Bu üsulla sapvari hərəkətli parazitlər üzə çıxarılır.

Vizometriya və tonometriyanın köməyilə görmə itiliyi və gözdaxili təzyiq təyin edilir. Bu göstəricilər qurdun nüfuz etdiyi hissədən asılı olaraq dəyişir. Xarici lokalizasiya zamanı onlar norma səviyyəsində olur. Parazitlər daxildə yerləşdikdə görmə itiliyi zəifləyir, gözdaxili təzyiq yüksəlir. Dirofilyarioz loaoz, opistorxoz və askaridoz zamanı gözün zədələnmələri ilə differensiasiya edilir.

Gözün dirofilyariozunun müalicəsi

Müalicə kombinəolunmuş şəkildə aparılır. Əməliyyat prosesində qranuloma və helmintin yerləşdiyi digər patoloji törəmələr xaric edilir. Qurdların hərəkətliliyini azalmaq məqsədilə cərrahi müdaxilədən əvvəl ditrazin məsləhət görülür. Postoperasion dövrdə dezinfeksiyaedici və iltihabəleyhinə vasitələr (damcı və məlhəm şəklində) təyin edilir.

Medikamentoz terapiya antihelmint vasitələrin qəbuluna əsaslanır. Helmint əleyhinə preparatların və parazitlərin məhvi allergik reaksiyalara, eləcə də intoksikasiyaya səbəb ola bilər. Bununla əlaqədar  qeyri-steroid iltihabəleyhinə vasitələr, qlükokortikoidlər və antihistamin preparatlarla simptomatik müalicə aparılır.

Gözün dirofilyariozunun proqnoz və profilaktikası

Gözün dirofilyariozunun profilaktikası ağcaqanadların çoxalma ocaqlarının insektisidlərlə işlənilməsindən ibarətdir. Endemik regionda yaşadıqda sprey, losyon şəklində repellentlərdən (həşəratları kəskin iyi ilə qovan maddələr)  istifadə etmək tövsiyə olunur. Ev heyvanları müayinə olunmalı, dehelmintizasiya aparılmalıdır. Spesifik profilaktika işlənilib hazırlanmamışdır.

Gözün dirofilyariozu zamanı həyat və əmək qabiliyyəti üçün proqnoz qənaətbəxşdir. Erkən diaqnostika və müalicə görmə itiliyinin zəifləməsinin və digər ağırlaşmaların (torlu qişanın ayrılması, gözdaxili təzyiqin yüksəlməsi) inkişafının qarşısını almaqla tam sağalmanı təmin edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: