Hemianopsiya

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1346

hemianopsiya nədir?Hemianopsiya – görmə sahəsinin homonim və ya heteronim daralması ilə xarakterizə olunan polietioloji xəstəlikdir. Onun xarakterik əlamətlərinə gözün müəyyən yarısı ilə görmə qabiliyyətinin itməsi, vizual hallüsinasiyalar, aqnoziya, prozopaqnoziya və «görmənin psixi iflici» aiddir. Diaqnozun qoyulması üçün perimetriya və kompüter kampimetriya aparılır. Hemianopsiyanın etiologiyası USDQ, KT, MRT və kompüter tomoqrafik angioqrafiya (KT-angioqrafiya) vasitəsilə təyin edilir. Etiotrop terapiya hemianopsiyanın klinikasına səbəb olan üzvi patologiyanın aradan qaldırılmasına yönəldilir.

  • Yaranma səbəbləri
  • Hemianopsiyanın əlamətləri
  • Diaqnostika
  • Hemianopsiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Hemianopsiya barədə ümumi məlumat

Hemianopsiya – baş beynin zədələnməsi nəticəsində yaranan, anadangəlmə və ya qazanılmış xarakterli oftalmoloji patologiyadır. Anadangəlmə forma adətən MSS-nin digər xəstəlikləri fonunda inkişaf edir. İzoləolunmuş hemianopsiyaya çox nadir hallarda rast gəlinir. C.Smit hemianopsiyalı 100 şəxs üzərində müşahidə aparmaqla, onlardan 39-da baş beynin ənsə, 33-də təpə, 24-də gicgah payında, 4-də isə  görmə traktında və lateral dizvari cisimdə normadan kənaraçıxmalara rast gəlmişdir. Qazanılmış hemianopsiyadan daha çox qadınlar əziyyət çəkir. Patologiya istənilən yaş dövründə formalaşa bilər. Lakin əlamətlər əsasən 30–50 yaşlarda meydana çıxır.

Hemianopsiyanın yaranma səbəbləri

Hemianopsiyanın yaranma səbəbləriHemianopsiyanın inkişafında görmə yollarının mərkəzi hissələrinin və ya ənsə payının qabığının zədələnməsi başlıca rol oynayır. Belə hallar müxtəlif amillərin təsirindən yarana bilər. Lakin onların arasında qazanılmış patologiyalar mühüm yer tutur. Baş beynin bazal şöbələrində lokalizasiya olunan meningit sinir impulsunun beyin qabığına ötürülməsinə cavabdehlik daşıyan anatomik nahiyələrin mexaniki sıxılmasına səbəb olur. Bəd və xoşxassəli kəllədaxili şişlər, baş beynin absesi fonunda hemianopsiyanın inkişafı eyni kompression mexanizmlə gedir.

Tromboemboliya və ya serebral damarların anevrizması ilə əlaqədar beyin qan dövranının pozulması nəinki işemiyaya gətirib çıxarır, həm də kəllədaxili hipertenziya və qanaxma ehtimalını yüksəldir. Qanın həcminin və təzyiqin yüksəlməsi görmə yollarının fəaliyyətinə mənfi təsir göstərir, bir sıra hallarda onların tam atrofiyası ilə nəticələnir. Hemianopsiya ağır kəllə-beyin travmaları və ya baş beyində əməliyyatlar zamanı neyrocərrahların yanlış taktikası səbəbindən yarana bilər.

Arxa beyin arteriyası (ABA) nahiyəsində işemik infarktın inkişafı ilkin görmə qabığını, Qrasiole dəstəsini və lateral dizvari cismi zədələyir – əks tərəfdə homonim hemianopsiya əmələ gəlir. İşemik nekroz gicgah və ənsə nahiyələrinin sərhəddində Qrasiole dəstəsinin aşağı hissəsində inkişaf etdikdə yuxarı-kvadrant, baş beyin qeyd olunan strukturdan yuxarıda təpə payı ilə sərhəddə zədələnərsə aşağı-kvadrant hemianopsiya meydana çıxır. Beynin qan təhcizatının individual xüsusiyyətləri orta beyin arteriyasının (OBA) Qrasiole dəstəsinin regionar qan dövranını təmin etmə ehtimalı istisna olunmur. Bu səbəbdən OBA nahiyəsində infarkt hemianopsiyanın etioloji amillərindən sayılır.

Anadangəlmə hemianopsiya ağır inkişaf qüsurlarının (hidrosefaliya, ensefalosele, mikrosefaliya, kistoz serebral displaziya) təzahürü hesab olunur.

Hemianopsiyanın əlamətləri

Hemianopsiyanın əlamətləriKlinik nöqteyi nəzərdən hemianopsiyanın homonim (simmetrik) və heteronim (binazal, bitemporal) formaları ayırd edilir. Homonim hemianopsiya zamanı pasiyentlər göz sağ və ya sol yarısında görmə qabiliyyətinin itirilməsindən şikayət edirlər. Sol görmə traktı zədələndikdə sağtərəfli, sağ görmə traktının patologiyalarında isə soltərəfli hemianopsiyanın klinik şəkli inkişaf edir. Xəstələyin heteronim formaları üşün medial və ya lateral hissələrin itməsi xarakterikdir. Bitemporal hemianopsiya patoloji proses hipofizdə və ya gicgah paylarında lokalizasiya olunduqda, binazal forma isə «boş turk yəhəri» sindromu və ya xiazmal araxnoidit fonunda yaranır.

Hemianopsiyanın klinik gedişi görmə hallüsinasiyaları və aqnoziya (görmənin hissəvi saxranıldığı halda tanış əşyaların tanınma prosesinin pozulması) ilə müşayiət oluna bilər. Pasiyentlərdə çox vaxt prozopaqnoziya (tanış simaların xatırlanmaması) aşkar edilir. Məkan oriyentasiyasının saxlanılması zamanı hemianopsiyalı şəxslər öz xəstəliklərini inkar etməyə meylli olur. Bu da müsbət Anton-Babinski  simptomunu təsdiq edir.

Xəstənin baxışları yalnız konkret əşya üzərində fiksə olunur. Bu zaman onlar ətrafdakı obyektləri görə bilmirlər. Qeyd olunan pozğunluq «görmənin psixi iflicinin» əsasını təşkil edir. Formalaşmış (tanış simalar) və formalaşmamış (od, həndəsi fiqurlar) vizual hallüsinasiyalar keçirilmiş insultdan sonra, qəflətən yaranır.

Ayrı-ayrı əşyaların görmə sahəsindən itməsi ilə əlaqədar qazanılmış hemianopsiyalı pasiyentlər gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkirlər. Problemlər ilk növbədə məişət səviyyəsində yaranır. Xəstəliyin anadangəlmə forması çox vaxt talamusun, təpə paylarının və ya beyin kötüyünün üzvi patologiyaları ilə müşayiət olunur. Bu səbəbdən görmə simptomlarına paresteziyalar, ağrı və temperatur hissinin pozulması qoşulur.

Hemianopsiyanın diaqnostikası

«Hemianopsiya» diaqnozu topik müayinələrin nəticələri əsasında qoyulur. Bu məqsədlə perimetriya və kompüter kampimetriya aparılır. Zədələnmənin etiologiya və həcmini aydınlaşdırmaq üçün USDQ, KT, MRT və KT-angioqrafiya icra olunur. Pasiyentlərə oftalmoloq və nevroloqun konsultasiyaları məsləhət görülür.

Perimetriya üsulu görmə sahəsinin patoloji dəyişikliklərini aşkar etməyə imkan verir. Homonim zədələnmə zamanı simmetrik olaraq, bir gözdə görmə sahəsinin gicgah, digərində isə nazal yarısı itir. Xəstəliyin bitemporal hissəsində hər iki gözün gicgah yarısı görmə sahəsindən ayrılır. Binazal korluq üçün medial şöbələrin itməsi xarakterikdir. Görmənin total pozğunluqları tam hemianopsiya ilə özünü büruzə verir. Hissəvi (kvadrant) forma nəzərlərin fiksasiya nöqtəsindən başlamaqla defektin vizualizasiyası zamanı müəyyən edilir. Görmə sahəsinin patologiyalarını həmçinin avtomatlaşdırılmış rejimdə kompüter kampimetriyanın köməyilə aşkar etmək mümkündür. Bu üsulla zədələnmənin hansı səviyyədə baş verməsi, eləcə də torlu qişanın müxtəlif sahələrində rəng və işıq duyğusunun pozulması yüksək dəqiqliklə təyin edilir.

Xəstəliyin etiologiyasını və müalicə taktikasını müəyyən etmək məqsədilə baş beynin KT və MRT-dən istifadə olunur. Onların köməyilə həcmli törəmələr (abses, kista, şişlər), işemik və ya hemorragik insult sahələri vizualizasiya edilir. КТ-angioqrafiya vasitəsilə beyin damarları izlənilir, qan dövranının xarakteri qiymətləndirilir. Orta beyin arteriyası ilə müqayisədə ABA nahiyəsində zədələnmələrə daha çox rast gəlinir. Qeyri-invaziv üsullardan hesab olunan ultrasəs doppleroqrafiya ilə serebral və göz arteriyalarında qan cərəyanının sürəti, eləcə də okklüziya sahəsi təyin edilir.

Vizometriya və oftalmoskopiyanın yalnız skrininq qismində aparılması məqsədəuyğundur. Hemianopsiya görmə itiliyinə təsir göstərmir. Oftalmoskopiya vasitəsilə görmə sinirinin diskinin zədələnməsi ancaq xəstəliyin gecikmiş mərhələlərində üzə çıxarılır.

Hemianopsiyanın müalicəsi

Hemianopsiyanın etioloji müalicəsi bu patologiyanın inkişafına səbəb olan xəstəliklərinn aradan qaldırılmasına yönəldilir. Qazanılmış kəllə-beyin travmaları əksər hallarda təxirəsalınmaz neyrocərrahi əməliyyatın aparılmasını tələb edir. İşemik insult zamanı ilk 6 saat ərzində trombolizis, onun ardınca isə qanın özlülüyünü azaldan konservativ terapiya aparılır.

Baş  beynin onkoloji xəstəliklərinin müalicə taktikası şiş prosesinin mərhələsindən asılıdır. Belə vəziyyətlərdə adətən cərrahi əməliyyat, şüa və ya kimyaterapiya yerinə yetirilir. Hemianopsiyaya gətirib çıxaran qazanılmış xəstəlikləri yalnız bir hissəsi müalicəyə tabe olur. Xəstəliyin anadangəlmə inkişaf amillərini uzaqlaşdıran spesifik tədbirlər işlənilib hazırlanmamışdır.

Klinik simptomatikanı aradan qaldırmaq mümkün olmadıqda pasiyentin ətraf mühitlə əlaqəsini yüngülləşdirmək məqsədilə reabilitasiya məsləhət görülür. Reabilitoloq ilk növbədə pasiyentə gözləri görmə sahəsinin daralmış hissəsinə doğru hərəkət etdirməyi öyrədir. Kitabı 90˚ bucaq altında tutmaqla oxuma prosesini asanlaşdırmağın yollarını başa salır.

Xüsusi prizmalar və güzgülərdən ibarət eynəklərlə hemianopsiyanı hissəvi kompensə etmək mümkündür. Onların köməyilə baxışlar zədələnmiş tərəfə yönəldikdə ayrılmış hissələri görmək olur. Görmə funksiyası kompüter üsullarla da yaxşılaşdırıla bilər.

Hemianopsiyanın proqnoz və profilaktikası

Hemianopsiyanın proqnozu xəstəliyin etiologiya və formasından, eləcə də müalicə taktikasından asılıdır. Terapiya vaxtında və düzgün şəkildə aparıldıqda görmənin itirilmiş funksiyası tamamən bərpa olunur. Klinik əlaməti hemianopsiya olan əsas patologiyanın proqressivləşməsi korluqla –əlillklə nəticələnə bilər. Müasir reabilitasiya üsulları xəstəliyin təzahürlərinin tam şəkildə kompensasiya edə bilməsə də, pasiyentin həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır.

Hemianopsiyanın spesifik profilaktikası mövcud deyil. Pasiyentlərə ildə 1 dəfə oftalmoloqun müayinəsindən keçmək məsləhət görülür. Qeyri-spesifik əlamətlər (arıqlama, baş ağrıları, əzginlik) meydana çıxdıqda baş beynin patoloji törəmələrini inkar etmək üçün nevroloq və ya onkoloqun konsultasiyası tələb olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: