İkincili qlaukoma

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1355

ikincili qlaukoma nədir?İkincili qlaukoma – görmə orqanının əsas patologiyasının fonunda gözdaxili təzyiqin yüksəlməsi və görmə sinirinin zədələnməsi ilə gedən oftalmoloji patologiyadır. Xəstəlik görmə itiliyinin proqressiv azalması, ağrı sindromu, akkomodasiya spazmı ilə təzahür edir. Diaqnoz qonioskopiya, tonometriya, tonoqrafiya, vizometriya, oftalmoskopiya, biomikroskopiya və perimetriyanın nəticələri əsasında qoyulur. Xəstəliyin etiologiyasından asılı olaraq, hipotenziv terapiya, cərrahi müdaxilə, torlu qişanın lazer koaqulyasiyası aparıla bilər.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • İkincili qlaukomanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • İkincili qlaukomanın müalicəsi
  • Proqnoz və profilaktika

İkincili qlaukoma barədə ümumi məlumat

İkincili qlaukoma təhlükəli xəstəliklərdən hesab olunur. Oftalmoloji patologiyaların 0,8-22%-i qlaukomanın bu formasının payına düşür. 28% hallarda görmə funksiyasının tamamən itirilməsinə gətirib çıxarır. Qlaukomaların 20-45%-də gözdaxili təzyiqin (GDT) uzunmüddətli yüksəlməsi görmə sinirinin ağır zədələnməsinə səbəb olur. Belə vəziyyətlərdə göz almasının enukleasiyası tələb olunur. 50% hallarda xəstəliyin uveal formasına rast gəlinir. Hər iki cinsin nümayəndələri arasında patologiya eyni tezliklə yayılır. Epidemiologiyanın coğrafi xüsusiyyətləri müşahidə olunmur.

İkincili qlaukomanın yaranma səbəbləri

Qlaukoma polietioloji xəstəlikdir. Onun bu formasında gözdaxili təzyiqin yüksəlməsi bir sıra patogenetik faktorlarla bağlıdır. Patologiyanın əsas yaranma səbəbləri aşağıdaklardır:

  • İltihabi proseslər. İkincili qlaukoma adətən residivləşən episklerit, sklerit və uveit nəticəsində inkişaf edir. Bu patoloji proseslərdə gözün drenaj sistemi zədələnir – gözdaxili təzyiq yüksəlir.
  • Xroniki keratitGözdaxili təzyiqin artması buynuz qişanın iltihabı ilə yanaşı onun ağır formalı degenerativ-distrofik dəyişiklikləri, belmo və ön sinexiyaların formalaşması ilə bağlıdır. Üzvi səbəblərdən əlavə selikli qişanın daimi qıcıqlanması reflektor hipertonusa gətirib çıxarır.
  • Büllurun ektopiyasıKlinik əlamətlər büllurun çıxığı zamanı meydana çıxır. Belə hallar gözdaxili hidrodinamikanın pozulması ilə assosiasiyalı olur.
  • KataraktaQlaukomatoz dəyişikliklər yalnız kataraktanın anadangəlmə, travmatik və ya senil (qocalıq) formaları üçün xarakterikdir. Bu zaman GDT büllurun blokadası və ön kameranın daralması nəticəsində yüksəlir.
  • Torlu qişanın mərkəzi venasının trombozu. Tromboz işemiyaya səbəb olduğundan qüzehli qişanın neovaskulyarizasiyası baş verir. Proses tədricən ön kamera nahiyəsinə yayılır.
  • Travmatik zədələnmələrGözün kontuziyası və ya yaralanmalarında görmə kanalı boyunca epitelin daxilə batması müşahidə edilir. Yanıqlar zamanı GDT gözdaxili mayenin hiperproduksiyası ilə əlaqədar yüksəlir.  
  • Degenerativ dəyişikliklərÖn kamera bucağında gedən distrofik dəyişikliklər trigger rolu oynayır. Belə vəziyyətlərdə gözdaxili mayenin axını çətinləşir.
  • Gözdaxili lokalizasiyalı patoloji törəmələrGöz alması boşluğunda həcmli törəmələrinin formalaşması GDT-nin yüksəlməsinə təkan verir. Bədxassəli törəmələrdən gözün melanoması və retinoblastoma daha geniş yayılmışdır.

İkincili qlaukomanın patogenezi

İkincili qlaukomanın yaranma səbəbləriİkincili qlaukomanın patogenezinin əsasını gözdaxili mayenin hidrodinamikasının, xüsusən onun axınının pozulması təşkil edir. Trabekulyar şəbəkənin ödemi ön kamera bucağının mexaniki tutulmasına səbəb olur. 20% hallarda qlaukomanın inkişafı patoloji hipersekresiya – iri həcmli eksudatın toplanması ilə bağlı olur. Venoz divarın keçiriciliyinin yüksəlməsi və arteriolaların spazmı gözdaxili hipertenziyanın yüksəlməsini stimulə edir. Büllurun ektopiyası zamanı buynuz qişanın gözün ön bucağına və trabekulaya kompressiyası baş verir. Şüşəyəbənzər cisim ikincili zədələndikdə bəbək bloku ilə yanaşı onun obturasiyası da mümkündür.

Xəstəlik uzun müddət davam etdikdə gözün drenaj sistemi nahiyəsində funksional dəyişikliklərlə yanaşı gözdaxili mayenin axınının qarşısını alan üzvi maneə formalaşır. Qoniosinexiyaların proqressiv şəkildə çoxalması, trabekula zonasında eksudatın toplanması və angiogenezin sürətlənməsi görmə disfunksiyasının klinik təzahürlərinin güclənməsinə səbəb olur. Patologiya neoplastik mənşəli olduqda klinik əlamətlər orbital boşluqdakı törəmənin böyümə sürətinə müvafiq artır. Şüşəyəbənzər cismin boşluğuna və ya ön kameraya qansızma zamanı GDT-nin yüksəlməsi yığılan qanın həcmindən asılı olur. Qan sorulduqca təzyiq azalmağa başlayır. Lakin qan laxtalarının formalaşması və trabekulyar şəbəkənin obturasiyası nəticəsində təzyiq norma səviyyəsinə endikdən sonra yenidən yüksələ bilər.

İkincili qlaukomanın təsnifatı

Xəstəlik qazanılmış xarakter daşıyır. Klinik nöqteyi nəzərdən bir və ya ikitərəfli formalar ayırd edilir. Etiologiyasına görə ikincili qlaukoma aşağıdakı formalara ayrılır:

  • Postiltihabi uveal. İltihabi proseslərin uzunmüddətli gedişi və ya postiltihabi dəyişikliklər nəticəsində yaranır.
  • Fakogen. Büllurun travmatik zədələnmələri ilə əlaqədar və ya kataraktanın ağırlaşması kimi inkişaf edir.
  • Damar mənşəli. Bu formanın etiologiyası göz almasının episkleral venalarında təzyiqin davamlı yüksəlməsi və ya onların trombozu ilə birbaşa əlaqəlidir.
  • Travmatik. Qlaukomanın formalaşmasının əsasında termiki, kimyəvi və ya ionlaşdırıcı amillərin təsirindən görmə orqanının zədələnməsi dayanır.
  • Degenerativ. Degenerativ-distrofik dəyişikliklər uveopatiyalı, Fuks anomaliyalı və iridokorneal- endotelial sindromlu xəstələrdə qlaukomanın inkişafına gətirib çıxarır.
  • Neoplastik. Patologiyanın bu forması göz almasının xoş və bədxassəli törəmələri fonunda yaranır. Neoplaziyalar oftalmotonusun yüksəlməsinə səbəb olur.

İkincili qlaukomanın əlamətləri

İkincili qlaukomanın əlamətləriKlinik təzahürlər əsas patologiyanın gediş xüsusiyyətlərindən asılıdır. Əksər xəstələrdə yalnız bir göz zədələnir. İkitərəfli qlaukomada dəyişikliklər asimmetrik olur. Patologiyanın travma və ya postoperasion ağırlaşmalarla assosiasiyalı formaları istisna olmaqla, qalan hallarda xəstəlik uzun müddət heç bir əlamətlə özünü büruzə vermir. Uveal formada pasiyentlər axşam vaxtlarında oftalmotonusun yüksəldiyini hiss edirlər. Görmə itiliyi proqressiv şəkildə azalır. Adətən görmə funksiyası 1 il ərzində tamamən itirilir.

İkincili qlaukoma büllurun ektopiyası və ya katarakta fonunda inkişaf etdikdə pasiyentlər göz yuvası nahiyəsində güclü ağrılardan, görmənin zəifləməsindən, göz almasının ön şöbəsinin qızarmasından şikayət edirlər. Patologiya ürəkbulanma, qusma, başgicəllənmə ilə müşayiət oluna bilər. Əsas fərqləndirici əlamət göz almalarının hərəkəti zamanı büllurun titrəməsidir (fakodonez).

Neoplastik qlaukoma klinik təzahürlərin zəif inkişafı ilə səciyyələnir. Bütün formalar üçün işıq mənbəyinə baxarkən göz önündə rəngli dairələrin yaranması, dumanlı görmə, baş ağrıları, ağrının qaşüstü qövslərə irradiasiyası xarakterikdir. Əksər hallarda akkomodasiya qabiliyyəti pozulur. Xəstələrdə akkomodasiya spazmı qeydə alınır. Vuzal yüklənmə zamanı astenopik şikayətlər inkişaf edir.

İkincili qlaukomanın ağırlaşmaları

İkincili qlaukomanın ən ağır fəsadı korluqdur. Pasiyentlərdə görmə sinirinin atrofiya riski yüksək olur. Damar və yara mənşəli formalarda şüşəyəbənzər cismə qansızma və hifema tez-tez baş verir. Qüzehli qişanın rubeozu və buynuz qişanın neovaskulyarizasiyası mümkündür.

Uveal qlaukoma çox vaxt iltihabi və infeksion xəstəliklərlə (keratit, konyunktivit, blefarit) ilə ağırlaşır. Gözün kontuziyası zamanı oftalmotonusun sürətlə yüksəlməsi ilə əlaqədar subkonyunktival qanaxmalara (hiposfaqma) sıx rast gəlinir. Fakolitik formalı pasiyentlərdə büllurun kapsulu cırıldıqda plastik iridisiklit yaranır.

İkincili qlaukomanın diaqnostikası

Gözdaxili təzyiqin səbəbini aşkar etmək üçün anamnez toplanılır. Xarici baxış qeyri-informativdir.  Oftalmoloji müayinələr kompleksinə aşağıdakılar daxildir:

  • Qonioskopiya. Bu üsulla göz almasının ön kamerasının vəziyyəti öyrənilir, gözdaxili mayenin axınına mane olan morfoloji səbəblər – kameranın həcminin azalması, ön kamera bucağının tutulması, buynuz qişa-skleral trabekulalarının quruluş patologiyaları aşkar edilir.
  • Gözün təmassız tonometriyası. Göz daxili təzyiqin yüksəlməsi (20-22 mm.cv.süt-dan artıq) müəyyən olunur. Gün ərzində gözdaxili təzyiq barədə daha geniş məlumat əldə etmək üçün sutkalıq tonometriyadan istifadə edilir.
  • Gözün USM. Ultrasəs müayinəsi oftalmotonusun artmasına gətirib çıxaran üzvi dəyişiklikləri təyin edir. Onun vasitəsilə bədxassəli törəmələr, büllurun ektopiya əlamətləri üzə çıxarılır.
  • Oftalmoskopiya. Göz dibinə baxış zamanı görmə sinirinin diskində baş verən atrofik pozğunluqlar, daxili qişanın ikincili zədələnməsi vizualizasiya olunur.
  • Gözün biomikroskopiyası. Buynuz qişada belmo və xoraları aşkar etmək üçün göz almasının ön səthinə ətraflı baxış keçirilir.
  • Gözün elektron tonoqrafiyası. İkincili qlaukoma üçün invers tipli əyrilik xarakterikdir. Bu metod gözdaxili mayenin həcmini ölçməyə və onun axın əmsalını hesablamağa imkan verir.
  • Vizometriya. Pasiyentlərdə proqressivləşən görmə disfunksiyası qeydə alınır. Əlavə olaraq refraktometriya aparıldıqda klinik refraksiyanın miopik tipi müəyyən olunur.
  • Perimetriya. Görmə sahəsinin konsentrik daralması müşahidə olunur.

İkincili qlaukomanın müalicəsi

Etiotrop terapiyanın məqsədi əsas xəstəliyinin aradan qaldırılmasından ibarətdir. Gözün kontuziyası ilə assosiasiyalı qlaukomanın müalicəsində analgetiklər, sedativ və desensibilizəedici vasitələrdən istifadə olunur.

Patologiyanın kompleks müalicəsinə aşağıdakılar daxildir:

  • Hipotenziv terapiya. GDT gözdaxili mayenin hipersekresiyası səbəbindən yüksəldikdə bu üsul tətbiq edilir. GDT-nin tolerant göstəricilərinə nail olmaq üçün M-xolinomimetiklər, adrenoblokatorlar, karboanhidrazanın inhibitorları, alfa-2-aqonistlər və proqstaqlandinlər təyin edilir.
  • Cərrahi müdaxilə. Patologiya buynuz qişanın şişkinliyi və ön kameranın həcminin azalması ilə əlaqədar inkişaf etdikdə buynuz qişanın trepanasiyası göstəriş sayılır. Ektopiya səbəbindən bəbək bloku baş verdikdə büllurun ekstraksiyası tələb olunur. Xəstəlik bəbəyin davamlı genişlənməsi ilə müşayiət olunduqda buynuz qişaya kiset tikiş qoyulur. Buynuz-skleral bucaq daraldıqda iridektomiya aparılır.
  • Torlu qişanın lazer koaqulyasiyasıBu üsuldan yalnız episkleranın damarlarında təzyiq davamlı yüksək olduqda aparılır. Ön siliar arteriyalar və vortikoz venalarda durğunluğun ilkin əlamətləri müşahidə edildikdə torlu qişanın total lazer koaqulyasiyasının effektivliyi sübut edilmişdir.

İkincili qlaukomanın proqnoz və profilaktikası

Xəstəlik vaxtında aşkarlandıqda və düzgün müalicə olunduqda proqnoz qənaətbəxş olur. İkincili qlaukomanın özəlliyi ondan ibarətdir ki, adekvat terapiya zamanı görmə funksiyasını bərpa etmək mümkündür.

Spesifik profilaktika üsulları mövcud deyil. Qeyri-spesifik preventiv tədbirlər gözdaxili təzyiqin nəzarətdə saxlanılmasından ibarətdir. Travmatik zədələnmələrə və ya ağırlaşmış oftalmoloji anamnezə (göz miqreni, katarakta, ön kameraya qansızma) malik olan və bir ildən az müddətdə göz almasında əməliyyat keçirilən pasiyentlərə GDT-ni vaxtaşırı ölçmək məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: