İrit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1476

irit nədir?İrit – göz almasının qüzehli qişasının iltihabi xəstəliyidir. Onun klinik əlamətlərinə dumanlı görmə, göz yuvasında ağrı, qüzehli qişanın hiperemiyası, ödemi və şəklinin dəyişməsi aiddir. Diaqnostika məqsədilə vizometriya, qonioskopiya, perimetriya, biomikroskopiya, gözün USM, tonometriya aparılır. Gözdaxili mayenin hüceyrə tərkibi və bəbəklərin işığa reaksiyası yoxlanılır. Konservativ müalicə antibakterial vasitələr, qeyri-steroid iltihab əleyhinə preparatlar, qlükokortikosteroidlər, midriatiklərin tətbiqinə əsaslanır. Əlavə olaraq, fizioterapiya və C, A, P qrup vitaminlərdən istifadə edilir.

  • Yaranma səbəbləri
  • Patogenez
  • İritin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • İritin müalicəsi
  • Proqnoz və profilaktika

İrit barədə ümumi məlumat

İrit – geniş yayılmış oftalmoloji patologiyadır. Patologiya çox zaman ön uveit və ya iridosiklitin tərkib hissəsi kimi qiymətləndirilir. Epidemioloji xüsusiyyətlər bilavasitə xəstəliyin etioloji formasından asılıdır. Sistem zədələnmələri (Bexterev, Reyter xəstəlikləri) fonunda iritə 10% hallarda təsadüf olunur. Xəstələrin 30-60%-də patologiya xroniki gediş alır. İritə istənilən yaş dövründə rast gəlmək mümkündür, lakin bu oftalmopatologiya daha çox 20-40 yaşlı pasiyentlərdə aşkarlanır. Qüzehli qişanın iltihabı hər iki cinsin nümayəndələri arasında eyni tezliklə yayılır.

İritin yaranma səbəbləri

İritin yaranma səbəbləriPatologiya izoləolunmuş şəkildə və ya bəzi sistem xəstəliklərinin təzahürü kimi inkişaf edə bilər. İkincili irit əksər hallarda Bexterev, Reyter xəstəlikləri, psoriaz, Fuks sindromu, qlaukomasiklitik kriz zamanı formalaşır. Birincili formanın əsas yaranma səbəbləri aşağıdakılardır:

  • Gözün ön şöbəsinin travmaları. Uveal traktın iltihabı göz toxumalarının travmatik zədələnmə, yanıq və ya yad cismə qarşı cavab reaksiyasıdır.
  • İnfeksion xəstəliklər. Vərəm, toksoplazmoz, sifilis, leptospiroz və bruselyozun törədiciləri iritin inkişafına təkan verir.
  • Metabolik pozğunluqlar. Şəkərli diabet, hipotireoz, hipokortisizmdən əziyyət çəkən pasiyentlərdə hormonal disbalans patologiyanın formalaşmasına şərait yaradır.
  • Allergik reaksiyalar. Qüzehli qişanın iltihabının simptomatikası çox vaxt instilyasiya və ya retrobulbar yeridilmə üçün nəzərdə tutulan preparatlara qarşı yüksək həssaslıq, sistemli allergik reaksiyalar fonunda meydana çıxır.
  • Yatrogen təsir. Xəstəlik bir çox hallarda qüzehli qişada aparılan cərrahi müdaxilələrdən (lazer iridektomiya, qüzehli qişanın plastikası) sonra inkişaf edir.

İritin patogenezi

İritin patogenezində əsas histouyğunluq kompleksinin HLA-B27 antigenləri mühüm rol oynayır. Xəstəliklə qram-mənfi bakteriyaların endotoksini arasında əlaqənin olması sübuta yetirilmişdir. Qüzehli qişanın infeksion mənşəli iltihabında molekulyar mimikriya fenomeninə əsaslanan autoimmun reaksiyalar mühüm əhəmiyyət kəsb edir. İnfeksion agent xəstənin hüceyrə elementlərinə bənzəyən antigen determinantlarına malik olur. Çarpaz inmmun cavab göz qişalarının zədələnməsinə və patogenlərin daxil olmasına gətirib çıxarır.

Virus etiologiyalı iritlərdə HLA-B27 antigenləri virusun antigen aparatı ilə kompleks əmələ gətirir. Bu birləşmə T-hüceyrələri tərəfindən yad obyekt kimi qəbul edildiyindən onların dağılması ilə nəticələnir. Yerli immunitetin aktivləşməsi qüzehli qişada iltihabi dəyişikliklərə səbəb olur. İltihabönü sitokinlərin (histamin, bradikinin, tromboksan A2, interleykinlər 1, 2, 6, 8) sintezinə cavab olaraq, damarların keçiriciliyi yüksəlir. Bununla əlaqədar plazma ilə yanaşı az miqdarda formalı elementlər interstisial toxumaya keçərək, ödem və hiperemiya əmələ gətirir. Qüzehli qişada limfositlərin toplanması məməciyəbənzər kənarın yaxınlığında Keppe, qüzehli qişanın ön hüdud membranında isə Busakka düyünlərinin formalaşmasına gətirib çıxarır.

İritin əlamətləri

İritin əlamətləriİrit üçün klinik təzahürlərin tədricən güclənməsi xarakterikdir. Başlanğıc mərhələlər adətən simptomsuz gedir. Pasiyentlər əlamətlərin artmasını soyuqlama, stress amilləri, infeksion xəstələrlə təmas və ya fon patologiyasının güclənməsi ilə əlaqələndirirlər. İritin erkən simptomlarına gözlərin yaşarması, orbital zonada diskomfort aiddir. Xəstəlik proqressivləşdikdə gözdə hiperemiya, qüzehli qişada ödem müşahidə edilir. Göz almasının üzərindən basdıqda ağrı sindromu güclənir.

Əksər hallarda irit qansızma sahələri və ya qüzehli qişanın rənginin dəyişməsi ilə özünü büruzə verir. Qişanın rəngi daha açıq olur, sərhədləri isə dəqiqliyini itirir. Bəbək daralır, onun işığa reaksiyası zəifləyir. Xəstələr əsasən dumanlı görmədən şikayət edirlər. Uzunmüddətli vizual yüklənmələr zamanı astenopik əlamətlər: gözlərdə yanğı hissi, baş və qaşüstü qövs nahiyəsində ağrılar, ümumi halsızlıq meydana çıxır.

İritin ağırlaşmaları

İrit üçün büllurun ön səthi ilə bəbək kənarının (arxa sinexiya), eləcə də qüzehli və buynuz qişaların bitişməsi (ön sinexiya) xarakterikdir. Bu patologiyanın ən ağır fəsadı ikincili qlaukomadır. Onun inkişafı gözün trabekulyar şəbəkəsində eksudatın toplanması ilə bağlıdır. İritin residivləşən gedişi kataraktanın yüksək inkişaf riski ilə müşayiət olunur. Damar divarının keçiriciliyi yüksəldiyindən xəstəlik subkonyunktival qansızma, hemoftalm və ya hifema ilə ağırlaşa bilər. Ön kamerada irinli möhtəviyyatın aşkarlanması hipopionun formalaşmasına dəlalət edir.

İritin diaqnostikası

Diaqnozun qoyulması üçün fizikal baxış keçirilir, instrumental və laborator müayinələr təyin edilir. Vizual baxış zamanı perikorneal qızartı, qüzehli qişanın şəklinin dəyişməsi nəzərə çarpır. Diaqnostika məqsədilə aşağıdakı üsullardan istifadə edilir:

  • Qonioskopiya. Onun köməyilə ön kamerada bulanıq maye (əksərən irinli), gözün drenaj sisteminin morfoloji dəyişiklikləri aşkar edilir.
  • Hüceyrə reaksiyasının yoxlanılması. İltihabın aktivliyini müəyyən etmək üçün ön kamerada mayenin hüceyrə reaksiyası təhlil edilir. I dərəcədə qüzehli qişanın şəkli dəqiq olur, II – bəzi strukturlar differensiasiyaya uğrayır, III – baxış xeyli çətinləşir, IV dərəcədə isə qüzehli qişa vizualizasiya olunmur.
  • Gözün biomikroskopiyası. Bu metodla iritin obyektiv əlamətləri: ödem, qranulomatoz ocaqlar, arxa sinexiyalar, qüzehli qişanın distrofik dəyişiklikləri təyin edilir.
  • Bəbəyin işığa reaksiyasının yoxlanılması. İşığahəssaslığın kəskin azalması və ya tamamən itirilməsi müşahidə edilir. Midriatiklərlə sınaq aparıldıqda bəbəyin reaksiyasının yüksəldiyi izlənilir.
  • Vizometriya. İşıq şüalarının sındırılma prosesinin pozulması və akkomodasiya aparatının spazmı ilə əlaqədar görmə itiliyinin zəifləməsi müəyyən edilir.
  • Perimetriya. Görmə sahəsinin konsentrik daralması qeydə alınır.
  • Gözün USM. Patologiyanın inkişafını stimulə edən morfoloji dəyişiklikləri üzə çıxarmaq, eləcə də görmə orqanının ikincili zədələnmələrini (ön və arxa sinexiyalar, büllurun bulanması) vizualizasiya etmək məqsədilə ultrasəs müayinədən istifadə olunur.
  • Tonometriya. İrit hipo- və ya hipertenziya ilə müşayiət edilir. Oftalmotonusun yüksəldiyi hallarda gözdaxili hidrodinamikanı öyrənmək üçün gözün tonoqrafiyası icra olunur.

Laborator üsullardan İFA metodu ilə törədicinin antigenlərinə qarşı anticisimlərin təyini, HLA-tiplənmə, sirkulyasiyaedici immun komplekslərinin, revmatoid artritin və T-limfositlərin aşkarlanması üçün sınaqlar göstəriş sayılır. Bu müayinələrin aparılmasında məqsəd xəstəliyin etiologiyasını müəyyən etməkdir. Ehtiyac yarandıqda əlavə olaraq, patergiya testi, ön kameranın parasentezi və vitreal biopsiya yerinə yetirilir.

İritin müalicəsi

Etiotrop müalicə fon patologiyasının aradan qaldırılmasına yönəldilir. İnfeksion və sistem xəstəliklərində görmə orqanı ilə bağlı zəif simptomatika aşkarlandıqda belə oftalmoloqun konsultasiyası tələb olunur. İritin konservativ terapiyası aşağıdakı vasitələrin tətbiqinə əsaslanır:

  • Antibakterial preparatar. Bakterial infeksiyalarda təyin edilir. Antibiotikoterapiya kursuna başlamazdan əvvəl törədicinin dərman vasitələrinə qarşı həssaslığı yoxlanılır.
  • Virusəleyhinə vasitələr. İritin virus mənşəli formalarında istifadə olunur. Daha yaxşı nəticə əldə etmək üçün sistemli və yerli terapiya (instilyasiyalar, parabulbar inyeksiyalar) aparılır.
  • Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP).  Onların tətbiqində əsas məqsəd aktiv iltihabı aradan qaldırmaqdır. QSİƏP-in təsiri zəif olduqda və ya proses qonşu sahələrə yayıldıqda qlükokortikosteroidlərə üstünlük verilir.
  • Midriatiklər. Bəbəyi genişləndirən preparatlardır. Onlar ön sinexiyaların profilaktikasında mühüm rol oynayır. Midriatiklər yalnız gözdaxili təzyiq norma səviyyəsində və ya aşağı olduqda təyin edilir.
  • Vitaminoterapiya.Bütün müalicə dövründə A, C və P vitaminləri məsləhət görülür.
  • Fizioterapiya.Arxa sinexiyalara rast gəlindikdə elektrofarezin köməyilə fibrinolizin, midriatiklər və papain yeridilir. Kəskin iltihabi prosesin söndürülməsindən sonra aloe ekstraktı və lidaza ilə elektrofarez icra olunur.

İritin proqnoz və profilaktikası

Həyat və əmək qabiliyyəti üçün proqnoz qənaətbəxş sayılır. İritin spesifik profilaktikası işlənilib hazırlanmamışdır. Qeyri-spesifik preventiv tədbirlər sistem və infeksion patologiyalarda göz almasının zədələnmələrinin vaxtında aşkar edilməsinə əsaslanır. İstehsalatda işləyən şəxslərə qoruyucu vasitələrdən (maska, eynək) istifadə etmək tövsiyə olunur. Metabolik pozğunluqlardan (şəkərli diabet, hipotireoz, hipokortisizm) əziyyət çəkən və ya son 2 il ərzində qüzehli qişada əməliyyat keçirən pasiyentlər profilaktik məqsədlə ildə 2 dəfə oftalmoloqun müayinəsindən keçməlidirlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: