Keratokonus
Keratokonus – buynuz qişanın distrofik dəyişikliyi nəticəsində onun konusvari deformasiyası və görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunur. Keratokonus zamanı görmə itiliyi proqressiv şəkildə azalır, əşyaların təsviri təhrif olunur, göz önündə qığılcımlar və zolaqlar əmələ gəlir, monokulyar diplopiya yaranır. Bəzən ağrı sindromu və buynuz qişanın bulanması müşahidə olunur. Diaqnostika prosesində skiaskopiya, biomikroskopiya, oftalmometriya, kompüter keratometriya, koherent tomoqrafiyanın nəticələri nəzərə alınır. Keratokonusun müalicəsində mikrocərrahi üsul – kross-linkinqdən, buynuz qişa halqalarının implantasiyasından və ya keratoplastikadan istifadə edilir.
- Yaranma səbəbləri
- Təsnifat
- Keratokonusun əlamətləri
- Diaqnostika
- Keratokonusun müalicəsi
- Proqnoz və profilaktika
Keratokonus barədə ümumi məlumat
Oftalmologiyada keratokonusa 0,01% – 0,6% hallarda rast gəlinir. Xəstəliyin hər iki cinsin nümayənədələri arasında yayılma tezliyi eynidir. Keratokonusun ilkin təzahürləri adətən cinsi yetişkənlik dövründə müşahidə edilir. Bəzən patologiya bir qədər gec – 25-30 yaşlarda inkişaf edir. Keratokonuslu xəstələrdə buynuz qişa öz quruluşunu və formasını itirir: nazilir və konusvari deformasiyaya uğrayır. Bu da yaxından görmənin (miopiya) və qeyri-düzgün astiqmatizmin formalaşmasına gətirib çıxarır. Keratokonus adətən ikitərəfli və asimmetrik olur.
Keratokonusun yaranma səbəbləri
Keratokonusun etiologiyası mübahisəli mövzulardan sayılır. Buynuz qişanın degenerasiyasının səbəblərini izah edən bir sıra hipotezlər (irsi, endokrin, metabolik, immunoloji və s.) irəli sürülmüşdür. Müasir dövrdə irsi-metabolik nəzəriyyənin tərəfdaşları üstünlük təşkil edir. Bu hipotez buynuz qişanın dəyişikliklərini irsi fermentopatiyalarla əlaqələndirir.
Tədqiqatlar zamanı keratokonusla bronxial astma, ekzema, atopik dermatit, kortikosteroidlərin qəbulu, Addison xəstəliyi, buynuz qişanın mikrotravmaları, piqmentli retinopatiya, keratokonyunktivit, travmatik və ya virus mənşəli keratitlər, anadangəlmə Leber amavrozu, Daun sindromu, Marfan sindromu və s. arasında asılılıq aşkarlanmışdır. Ultarbənövşəyi şüaların, havanın çirklənməsinin, radiasion şüalanmanın buynuz qişaya mənfi təsiri müəyyən edilmişdir.
Son illər ərzində gözün eksimer lazer korreksiyasının (LASİK) yayılması ilə əlaqədar yatrogen keratoektaziyaların və onlarla bağlı keratokonusun yaranma tezliyi xeyli artmışdır.
Keratokonus zamanı deformasiyalaşan buynuz qişada çoxsaylı biokimyəvi dəyişikliklər izlənilir; kollagenin miqdarı, keratin-sulfatın konsentrasiyası, zülalın ümumi miqdarı azalır. Fermentlərin və proteinaza inhibitorlarının çatışmazlığı nəticəsində kollagenolitik və jelatinolitik aktivlik yüksəlir. Antioksidant aktivlik zəiflədiyindən buynuz qişada destruktiv aldehidlər və/və ya ieroksinitritlər əmələ gəlir.
Alimlərin fikrincə degenerasiya prosesi buynuz qişanın epitel toxumasının bazal hüceyrələrində və ya onun stromaya keçdiyi nahiyədə başlanır. Epitel qatın və stromanın zəifləməsi buynuz qişanın elastikliyinin azalması, rigidliyinin artması ilə müşayiət olunur. Nəticədə buynuz qişa gərilir, konusvari deformasiyalaşır – keratokonus inkişaf edir.
Keratokonusun təsnifatı
Yaranma mexanizminə görə keratokonusun birincili və ikincili formalara bölünür. İkincili keratokonus əksərən yatrogen səbəblərdən (yatrogen keratektaziya) yaranır. Keratokonus hallarının 95%-i ikitərəfli, 5%-i isə birtərəfli olur.
Xəstəliyin gediş xüsusiyyəti proqressivləşən və ya stasionar ola bilər. Kəskin keratokonus tədqiqatçılar tərəfindən ayrıca forma kimi qeyd edilir.
Amsler təsnifatına əsasən bu oftalmopatologiyanın 4 mərhələsi ayırd edilir:
- I mərhələ silindrik linzalarla korreksiya olunan qeyri-düzgün astiqmatizmlə xarakterizə edilir. Görmə itiliyi 1,0-0,5 təşkil edir.
- II mərhələdə astiqmatizm korreksiyaya tabe olsa da, daha ifadəli şəkil alır. Görmə itiliyi 0,4 – 0,1 hüdudlarında dəyişir.
- III mərhələ buynuz qişanın nazilməsi və qabarması ilə səciyyələnir. Görmə itiliyi 0,12-0,02 səviyyəsinə enir. Korreksiya yalnız sərt kontakt linzalarla mümkündür.
- IV mərhələdə buynuz qişanın konusvari deformasiyası və bulanması müşahidə edilir. Görmə itiliyi 0,02-0,01 təşkil edir və korreksiyaya tabe olmur.
Keratokonusun əlamətləri
Keratokonusun təzahürləri buynuz qişanın deformasiyası nəticəsində meydana çıxır. Əlamətlər yaxındangörmə və qeyri-düzgün astiqmatizmin inkişafı ilə bağlı olur. Xəstəlik proqressivləşdikcə görmə oxları daim dəyişir. Bu isə görmənin tədricən zəifləməsinə və monokulyar diplopiyaya (görmənin ikiləşməsi) gətirib çıxarır. Dəyişikliklər əvvəlcə bir gözdə, sonra isə hər 2 görmə orqanında baş verir.
Keratokonuslu pasiyent eynık seçimi ilə əlaqədar tez-tez oftalmoloqa müraciət edir. Lakin belə hallarda eynək korreksiyası müsbət nəticə vermir. Bu da görmə itiliyinin proqressiv şəkildə azalması ilə bağlıdır. O üzdən yenicə alınmış eynəklə insan artıq seçmə prosesindəki kimi aydın görmür. Yumşaq kontakt linzalar buynuz qişaya söykənmədiyindən zamanla onların istifadəsi mümkün olmur.
Pasiyentlər təsvirin təhrif olunmasından, işıq mənbəyinə baxdıqda rəngli zolaqların yaranmasından şikayət edirlər. Bəzən işığa həssaslıq yüksəlir, gözlər daim qıcıqlanır. Başlanğıcda yalnız qaranlıqda görmənın pozulması ifadəli olsa da, sonralar hətta yaxşı işıqlandırılmış otaqda əşyaları seçmək çətinləşir. Gözlərin tez yorulması, qaşınma və göynəməsi qeydə alınır. Keratokonusun gecikmiş mərhələlərində buynuz qişanın konusvari deformasiyası adi gözlə belə nəzərə çarpır.
Keratokonus ləng proqressivləşir (10-15 il ərzində); pasiyentlərin 50%-də patologiya erkən mərhələlərdə inkişafını dayandıraraq, uzunmüddətli remissiya mərhələsinə keçə bilər. 5-7% hallarda xəstəliyin gedişi kəskin keratokonusla ağırlaşır. Bu zaman dessemet qat qəflətən cırılır, gözdaxili maye buynuz qişanın qatlarına yayılır. Kəskin keratokonus buynuz qişanın ödemi və ağrı sindromu ilə müşayiət olunur. Təxminən 3 həftədən sonra kəskin proses sönür, buynuz qişada çapıq formalaşır. Belə vəziyyətlərdə buynuz qişanın səthinin deformasiyası azala, görmə qabiliyyəti isə bir qədər yaxşılaşa bilər.
Keratokonusun diaqnostikası
Diaqnostika prosesinə görmə itiliyinin yoxlanılması ilə başlanılır. Eynək seçimi təkrarlandıqda refraksiyanın qeyri-simmetrik artması, görmə qabiliyyətini korreksiya etmək üçün sferik linzalardan silindrik formaya keçidin zəruriliyi, silindrik linzaların oxunun dəyişməsi aşkarlanır. Refraktometriya prosesində buynuz qişanın qabarması ilə əlaqədar yaranan qeyri-düzgün astiqmatizm və miopiya təyin edilir.
Gözün diafanoskopiyasında keratokonus buynuz qişada pazvari kölgə şəklində müəyyən edilir. Skiaskopiyada qeyri-düzgün astiqmatizmin səbəb olduğu «laylı» kölgələr vizualizasiya edilir. Oftalmometriyanın köməyilə buynuz qişanın konik deformasiyasının əlamətləri – əsas meridianlar arasındakı bucağın dəyişməsi, horizontal markaların sınması ilə xarakterizə olunan distorsiya aşkar edilir. Gözün optik mühitləri şəffaf olduqda oftalmoskopiya aparılır.
Keratokonus zamanı buynuz qişanın parametrləri barədə daha dəqiq məlumat əldə etmək üçün keratotopoqrafiya və fotokeratometriyadan (kompüter keratometriya) istifadə olunur. Sonuncu metod radius, toriklik, ekssentrisitetlərin assimmetriyasını, eləcə də buynuz qişanın konusvari deformasiyasını hələ subklinik mərhələdə müəyyən etməyə imkan verir.
Gözün biomikroskopiyasında buynuz qişanın qeyri-iltihabi dəyişiklikləri: onun mərkəzi hissəsində sinir uclarının əmələ gəlməsi, endotel hüceyrələrinin dəyişməsi, boumen qişasında bulanıqlıq, dessemet qatıb qalınlaşma və çatları, keratokonus zolaqları və s.təyin edilir.
İxtisaslaşmış oftalmoloji klinikalarda keratokonusun diaqnostikasında optik koherent tomoqrafiyadan, buynuz qişanın endotelial mikroskopiyasından, kompüter topoqrafiyadan istifadə olunur.
Keratokonusun müalicəsi
Keratokonusun gediş xüsusiyyəti (sürətlə proqressivləşməsi, residivləşməyə meyllik) nəzərə alınmaqla müalicə konservativ və ya cərrahı yolla aparıla bilər. Konservativ müalicə yarımsərt linzaların (mərkəzdə – sərt, periferiyada – yumşaq) köməyilə görmənin korreksiyasından ibarətdir. Başlanğıc mərhələlərdə eynək korreksiyası effektiv ola bilər. Xəstələrə vitamin kompleksləri, toxuma terapiyası, immunmodulyatorlar və antioksidantlar; göz damcıları (taurin), ATF və metiletilpiridinolun subkonyunktival və parabulbar inyeksiyaları təyin edilir. Keratokonus zamanı fizioterapiya (maqnitoterapiya, tokoferolla fonoforez və s.) müsbət nəticələr verir.
Kəskin keratotonusda təxirəsalınmaz yardım: gözə midriatiklərin (mezaton, midriasil və s.) damcıdılması, buynuz qişanın perforasiyasının profilaktikası məqsədilə gözə sıxıcı sarğıların qoyulması tələb olunur.
Keratokonusun nisbətən yeni, lakin effektiv konservativ müalicə üsulu kross-linkinqdir. Onun mahiyyəti buynuz qişanın səthi epitelinin kəsilməsi, ora riboflavin məhlulunun damızdırılması və ultrabənövşəyi şüalarla şüalandırmadan ibarətdir. Bu prosedur buynuz qişanı möhkəmləndirir, onun deformasiyaya qarşı müqavimətini artırır, keratokonusun inkişafını dayandırır və ya onun reqresinə səbəb olur. Kross-linkinqdən sonra adi eynək və yumşaq linzalarla korreksiya mümkün olur.
Keratokonusun erkən mərhələlərində buynuz qişanın qalınlığı lazımi səviyyədə olduqda eksimer lazer prosedurları (FRK+FTK) aparılır. Onların köməyilə astiqmatizm korreksiya olunur, görmə itiliyi yüksəlir, buynuz qişanın ön qatları möhkəmlənir, keratektaziyanın proqressivləşməsi ləngiyir.
Bəzən korneal deformasiyanı azaltmaq məqsədilə termokeratoplastika icra edilir. Bu üsulla buynuz qişanın qalınlaşmasına nail olunur.
Keratokonusun cərrahi müalicəsində buynuz qişa halqalarının implantasiyasından istifadə edilir. Stromal halqalar buynuz qişanın səthini dəyişməklə, refraksiyanı normallaşmasına və buynuz qişanın stabilləşməsinə səbəb olurlar.
Keratokonus zamanı yerinə yetirilən klassik əməliyyat – laylar üzrə və ya dəlib-keçən keratoplastika prosesində buynuz qişa xaric edilir, onun yerinə donordan alınan transplantat implantasiya olunur. Keraoplastika 90% hallarda görmə itiliyinin 0,9-1,0 həddinə qədər korreksiyasına imkan verir. Dəlib-keçən keratoplastika hətta keratokonusun terminal mərhələsində də aparıla bilər.
Keratokonusun proqnoz və profilaktikası
Əksər hallarda keratokonus ləng proqressivləşən və nisbətən qeyri-qənaətbəxş gedişə malik olur. Bəzən keratokonusun istənilən mərhələsində proqressivləşmə dayanaraq, stabilləşə bilər. Keratokonus nə qədər gec yaranarsa, onun gedişi bir o qədər ləng, proqnozu isə qənaətbəxş olar.
Patologiya kəskin keratokonus, buynuz qişanın bulanması və perforasiyası ilə ağırlaşa bilər. Postoperasion dövrdə kontakt korreksiyanın aparılmasını tələb edən yüksək dərəcəli astiqmatizm formalaşa bilər.
Keratokonusun qarşısını almaq üçün buynuz qişanın deformasiyasına səbəb ola biləcək patologiyalar (allergik, immun, endokrin, iltihab mənşəli və s.) vaxtında müalicə edilməlidir.