Miopiya

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 6894

miopiya nədir?Miopiya (yaxından görmə) – gözün sındırma qüvvəsinin (refraksiya) anomaliyası olub, təsvirin torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya, skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün USM aparılır. Miopiyalı pasiyentlərə səpələyici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya lazer cərrahiyyəsinin (LASIK, SUPER LASIK, LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Miopiyanın əlamətləri
  • Diaqnostika
  • Miopiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Miopiya barədə ümumi məlumat

ÜST-ün məlumatlarına əsasən dünya əhalisinin 25-30%-i miopiyadan əziyyət çəkir. Yaxından görmə adətən uşaqlıq və ya pubertat dövründə (7-15 yaşlarda) inkişaf edir. Patologiya olduğu səviyyədə qala və yaxud proqressivləşə bilər. Yaxından görmə ilk dəfə bizim eradan əvvəl IV əsrdə Aristotel tərəfindən təsvir olunmuşdur. Filosof öz əsərlərində bəzi insanların uzaqda yerləşən əşyaları ayırd etmək üçün gözlərini qıydığını qeyd etmiş və bu fenomeni «miops» (yunan dilindən tərcümədə – «gözləri qıymaq») adlandırmışdır.

Miopiyanın yaranma səbəbləri

Miopiyanın yaranma səbəbləriNormada uzaq əşyalardan gələn paralel şüalar gözün optik mühitlərini keçərək, torlu qişada fokuslanır. Miopik gözdə isə təsvir torlu qişanın önündə formalaşdığından uzaqdakı obyektlərin şəkli bulanıq alınır. Yaxında yerləşən əşyalardan şüalar bir-birlərindən uzaqlaşaraq, gözün optik mühitində sınır, torlu qişada toplanır və aydın təsvir əmələ gətirirlər.

Uzaq obyektlərin normal şəkildə görünməsi üçün paralal şüaların istiqaməti xüsusi səpələyici linzalar (eynək və ya kontakt) vasitəsilə dəyişdirilir. Linzanın sındırma qüvvəsi (miopik gözün refraksiyasını azaltma qabiliyyəti) dioptriya ilə ifadə olunur. Miopiyanın dərəcəsi «-» işarəsi ilə qiymətləndirilir.

Yaxından görmənin əsasında gözün optik sisteminin sındırma qüvvəsi ilə onun oxunun uzunluğu arasındakı uyğunsuzluq dayanır. Bununla əlaqədar miopiya buynuz qişanın və büllurun sındırma qüvvəsinin normal olduğu halda optik oxun izafi uzunluğu fonunda yarana bilər. Miopiyalı xəstələrdə gözün forması ellipsi xatırladır, onun uzunluğu isə 30mm və daha çox olur (yetkin insanlarda gözün normal uzunluğu 23-24mm). Göz 1 mm uzandıqda, miopiyanın dərəcəsi 3 dptr artır.

Bir sıra hallarda miopiya zamanı gözün optik oxunun uzunluğu normal olsa da (24mm), optik sistemin həddindən artıq güclü sındırma qüvvəsi (>60dptr) qeydə alınır. Bəzən isə qarışıq mexanizmə – hər iki defektin müştərək şəkildə formalaşmasına rast gəlinir.

Əksər xəstələrdə yaxından görmə irsi xarakter daşıyır. Valideynləri miopiyadan əziyyət çəkən uşaqlarda bu patologiya 50% hallarda inkişaf edir. Ata və ananın görmə qabiliyyəti normal olduqda isə yalnız 8% uşaqlarda miopiya aşkarlanır. Miopiyanın ən çox rast gəlinən səbəblərinə vizual yüklənmə, iş yerinin qeyri-kafi işıqlandırılması, kompüter və ya televizora alüdəçilik, nəqliyyat vasitələrində kitab oxumağa meyllik aiddir.

Bir çox xəstələrdə həqiqi yaxından görmə siliar (akkomodasion) əzələnin yüklənməsi və akkomodasiya spazmı ilə əlaqəli olan psevdomiopiyadan sonra inkişaf edir. Miopiya digər oftalmopatologiyalarla – astiqmatizm, çəpgözlük, ambliopiya, keratonus, keratoqlobusla müşayiət oluna bilər. Göz qişalarının mikrosirkulyasiyasını pisləşdirən doğuş və ya kəllə-beyin travmaları, keçirilmiş infeksiyalar, hormonal dəyişikliklər, intoksikasiyalar görmə funksiyasına mənfi təsir göstərir. Mn, Zn, Cr, Cu və s. mikroelementlərin çatışmazlığı, miopiyanın düzgün korreksiya olunmaması patologiyanın proqressivləşməsinə gətirib çıxarır.

Miopiyanın təsnifatı

Miopiya anadangəlmə (göz almasının bətndaxili inkişafının pozulması ilə assosiasiyalı) və qazanılmış (əlverişsiz amillərin təsirindən inkişaf edən) olur. İnkişaf mexanizminə əsaslanaraq, yaxından görmənin ox (göz almasının ölçüsü böyüdükdə) və refraksion formaları (optik mühitin sındırma qüvvəsi həddindən artıq güclü olduqda) ayırd edilir.

Yaxından görmənın il ərzində 1 dioptriya və çox yüksəldiyi hallar proqressivləşən miopiya kimi qiymətləndirilir. Miopiyanın dərəcəsi daim artırsa, bu onun bədxassəliliyindən xəbər verir. Belə vəziyyətlər adətən əlilliklə nəticələnir. Stasionar miopiya proqressivləşmir və linzaların (eynək və ya kontakt) köməyilə korreksiya olunur.

1-2 həftə davam edən tranzitor (müvəqqəti) miopiya büllurun ödemləşməsi və onun sındırma qüvvəsinin artması nəticəsində yaranır. Belə hallara hamiləlik, şəkərli diabet fonunda, kataraktanın ilkin mərhələsində, kortikosteroidlərin və ya sulfanilamidlərin qəbulu zamanı rast gəlinir.

Refraktometriyanın nəticələrinə və tələb olunan korreksiyaya əsasən miopiyanın 3 dərəcəsi qeyd olunur:

  • zəif –  < -3 dptr.
  • orta – -3 – -6 dptr.
  • yüksək – > -6

Yaxından görmənin dərəcəsi -30 dioptriyaya qədər yüksələ bilər.

Miopiyanın əlamətləri

Miopiyanın əlamətləriYaxından görmə uzun müddət simptomsuz gedir və əksər hallarda profilaktik oftalmoloji baxış zamanı təsadüfən aşkarlanır. Adətən miopiya məktəb illərində inkişaf edir və ya proqressivləşir. Bu da uşaqların intensiv vizual yüklənmələrlə qarşılaşması ilə əlaqədardır. Uşaqlar lövhədəki yazıları aydın seçə bilmədiyindən ora yaxınlaşırlar və ya gözlərini qıyırlar. Miopiyalı insanlarda həmçinin qaranlıqda görmə pozulduğundan onlar axşam toran düşən vaxtda çətinliklə hərəkət edirlər.

Gözün daim məcburi gərginliyə məruz qalması onun yorulmasına – əzələ astenopiyasına gətirib çıxarır. Belə hallarda göz yuvası, o cümlədən baş nahiyəsində güclü ağrılar meydana çıxır. Miopiya fonunda heteroforiya, monokulyar görmə və xarici müştərək çəpgözlük inkişaf edə bilər.

Proqressivləşən yaxından görmə zamanı bir müddətdən sonra eynək və linzalar miopiyanın dərəcəsinə  uyğun olmadığından pasiyentlər tez-tez onları dəyişmək məcburiyətində qalır. Miopiyanın proqressivləşməsi göz almasının dartılması ilə bağlı olub, adətən pubertat dövründə rast gəlinir. Gözün ön-arxa oxunun uzanması göz yarığının genişlənməsi ilə müşayiət olunur, bu da ekzoftalma (dombagözlük) gətirib çıxarır. Ağlı qişa gərilir və nazilir, asanlıqla sezilən damarlar ona göy çalar verir. Şüşəyəbənzər cismin destruksiyası göz önündə tor və ya qara nöqtələrin olması ilə təzahür edir.

Göz alması uzandıqda damarlar dartılır, torlu qişanın qan təhcizatı pozulur, görmə itiliyi zəifləyir. Qan damarlarının kövrəkliyi torlu qişaya və şüşəyəbənzər cismə qansızmaya səbəb ola bilir. Miopiyanın ən ağır fəsadı torlu qişanın qopması nəticəsində yaranan korluqdur.

Miopiyanın diaqnostikası

Diaqnozun qoyulması üçün göz strukturlarına baxış, oftalmoloji testlər, refraksiyanın müayinəsi, gözün USM aparılır. Vizometriya (görmə itiliyinin təyini) sınaq eynəklərinin köməyilə icra olunur. Bu üsul subyektiv xarakter daşıdığından obyektiv diaqnostika: skiaskopiya, refraktometriya ilə tamamlanılır. Sadalanan müayinələr sikloplegiyadan sonra yerinə yetirilir, onların köməyilə gözün refraksiyasının həqiqi ölçüsü təyin olunur.

Oftalmoskopiya və Qoldman linzası ilə gözün biomikroskopiyası zamanı torlu qişada dəyişikliklər (qansızma, distrofiya, miopik konus, Fuks ləkəsi), ağlı qişanın qabarması (stafiloma), büllurun bulanması və s. aşkarlanır. Gözün ön-arxa oxunun və büllurun ölçüsünü müəyyənləşdirmək, şüşəyəbənzər cismin homogenliyini qiymətləndirmək, torlu qişanın ayrılmasını inkar etmək məqsədilə gözün ultrasəs müayinəsindən istifadə olunur.

Differensial diaqnostika həqiqi və psevdo, eləcə də tranzitor miopiya arasında aparılır.

Miopiyanın müalicəsi

Miopiyanın korreksiya və müalicəsi konservativ (medikamentoz terapiya, eynək və yaxud kontakt korreksiyası), cərrahi və ya lazer üsullarla icra olunur. İldə 1-2 dəfə təkrarlanan medikamentoz kurslar miopiyanın proqressivləşməsinin qarşısını alır. Xəstələrə fiziki yüklənmələri məhdudlaşdırmaq məsləhət görülür. Onlara akkomodasiya spazmını aradan qaldırmaq üçün midriatiklər (fenilefrin), B və C vitaminləri, nootrop vasitələr (pirasetam, qopanten turşusu), toxuma terapiyası (əzələ daxilinə – aloe, şüşəyəbnəzər cisim inyeksiyaları), fizioterapevtik müalicə (lazeroterapiya, maqnitoterapiya, boyun-yaxalıq zonasının masajı, refleksoterapiya) təyin olunur.

Müalicə prosesində ortoptik üsullardan istifadə edilir. Onlara mənfi linzaların köməyilə kirpik əzələsinin məşq etdirilməsi, aparatla müalicə (lazer stimulyasiyası, akkomodasiyanın məşqi) aiddir.

Yaxından görməni korreksiya etmək üçün səpələyici (mənfi) linzalarla eynək və ya kontakt linza seçilir. Akkomodasiya ehtiyatını qorumaq üçün natamam korreksiya aparılır. -3 dioptriyadan yüksək olan miopiya hallarında bifokal linzalı və ya 2 cüt eynək taxılır. Orta dərəcəli yaxından görmənin korreksiyasında ortokeratoloji (gecə) linzalarından istifadə oluna bilər.

Refraksion və lazer cərrahiyyəsi

Hazırda oftalmologiyada miopiyanın müalicəsi üçün refraksion və lazer cərrahiyyəsinin 20-dən artıq üsulları mövcuddur. Eksimer lazer korreksiyası buynuz qişanın formasının dəyişdirilməsi, onun sındırma qüvvəsinin normaya salınması hesabına görmə funksiyasını bərpa edir.  Lazer korreksiyası -12-15 dioptriyaya qədər olan miopiyalarda tətbiq edilir və ambulator şəraitdə aparılır. Lazer cərrahiyyəsində LASIK, SUPER LASIK, EPILASIK, FemtoLASIK, LASEK, fotorefraktiv keratektomiyaya (FRK) üstünlük verilir. Bu metodlar buynuz qişanın səthinin formalaşdırılmasına və təsir dərəcəsinə görə fərqlənsələr də, mahiyyətcə identikdirlər.

Miopiyanın lazerlə müalicəsinin fəsadlarına hipo və ya hiperkorreksiya, keratit, konyunktivit, quru göz sindromunun inkişafı aiddir.

Yüksək dərəcəli (-20 dioptriyaya qədər) miopiya və ya gözün təbii akkomodasiyasının itirilməsi büllurun refraksion əvəzlənməsinə (lensektomiya) göstəriş sayılır. Əməliyyat prosesində büllur xaric edilir və zəruri optik qüvvəyə malik intraokulyar linza (süni büllur) göz daxilinə yerləşdirilir. Fakik linzaların implantasiyası təbii akkomodasiya saxlanıldıqda icra olunur. Bu zaman büllur çıxarılmır, əlavə olaraq, gözün ön və ya arxa kamerasına xüsusi linza qoyulur. Fakik linzalar vasitəsilə çox yüksək (-25 dioptriyaya qədər) miopiyalar korreksiya olunur.

Məhdudiyyətlərin çoxluğu ilə əlaqədar radial keratotomiya üsulundan miopiyanın müalicəsində nadir hallarda istifadə edilir. Bu metod buynuz qişanın periferiyasında radial kəsiklərin aparılmasından ibarətdir. Onlar bitişərək, buynuz qişanın forma və optik qüvvəsinin dəyişməsinə səbəb olurlar.

Miopiya zamanı gözün böyüməsini dayandırmaq məqsədilə skleroplastik əməliyyat aparılır. Skleroplastika prosesində göz almasının fibroz qişasının arxasına gözü əhatə edən və onun uzanmasının qarşısını alan bioloji transplantatlar yeridilir. Kollagenoskleroplastika da gözün böyüməsini ləngitmək üçün icra olunur.

Bir sıra hallarda keratoplastika – donordan alınan buynuz qişasının köçürülməsi məqsədəuyğundur. Miopiyanın optimal müalicə üsulu cərrah-oftalmoloq tərəfindən görmə disfunksiyasının fərdi xüsusiyyətləri əsasında seçilir.

Miopiyanın proqnoz və profilaktikası

Stasionar miopiyanın korreksiyası düzgün şəkildə aparıldıqda əksər hallarda görmə itiliyini qorumaq mümkün olur. Proqressivləşən və ya bədxassəli formalarda proqnoz ağırlaşmalardan (ambliopiya, skleranın stafiloması, torlu qişa və ya şüşəyəbənzər cismə qansızma, torlu qişanın distrofiyası və ya ayrılması) asılıdır. Yaxından görmənin yüksək dərəcələrində və göz dibinin dəyişikliklərində ağır fiziki əmək, ağırlıq qaldırma, uzunmüddətli vizual yüklənmə qadağan olunur.

Uşaqlar və yeniyetmələrdə miopiyanın qarşısını almaq üçün görmə gigiyenasına riayət olunmalı, vaxtaşırı göz üçün idmanlar edilməli, ümummöhkəmləndirici tədbirlər aparılmalıdır. Profilaktik baxış, miopiyalı şəxslərin dispanserizasiyası, rasional korreksiya mühüm əhəmiyyət kəsb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: