Şüşəyəbənzər cismin yırtığı

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1482

Şüşəyəbənzər cismin yırtığı nədir?Şüşəyəbənzər cismin yırtığı – şüşəyəbənzər cismin gözün ön kamerasına patoloji qabarmasıdır. Onun əsas əlamətlərinə görmə itiliyinin azalması, dumanlı görmə və baş ağrıları aiddir. Diaqnoz biomikroskopiya, optik koherent tomoqrafiya, ultrasəs müayinə, qonioskopiya, vizometriyanın nəticələri əsasında qoyulur. Müalicəvi tədbirlər gözdaxili təzyiqin hədəf səviyyəsinə endirilməsinə yönəldilir. Xəstələrə damardaraldıcı vasitələr, diuretiklər və midriatiklər təyin olunur. Ağır formalarda vitrektomiya yerinə yetirilir.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Şüşəyəbənzər cismin yırtığının əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Şüşəyəbənzər cismin yırtığının müalicəsi
  • Proqnoz və profilaktika

Şüşəyəbənzər cismin yırtığı barədə ümumi məlumat

Şüşəyəbənzər cismin yırtığı (vitreal yırtıq) əksər hallarda kataraktanın cərrahi müalicəsinin fəsadı kimi qiymətləndirilir. Lakin bu hər zaman doğru olmur. Oftalmologiyada mikrocərrahi texnikanın geniş tətbiqi ilə əlaqədar ikincili vitreal yırtıqların yayılma tezliyi xeyli azalmışdır. Eyni zamanda bir sıra müasir cərrahi əməliyyatlar xəstəliyin yüksək yaranma riski ilə müşayiət olunur. 20% hallarda  viskoelastikin intraoperasion yuyulması yırtığın formalaşmasına gətirib çıxarır. Kataraktanın kriodestruksiyası zamanı 5-55% hallarda vitreal yırtıq əmələ gəlir.

Şüşəyəbənzər cismin yırtığının yaranma səbəbləri

Şüşəyəbənzər cismin yırtığının səbəbləriXəstəliyin etiologiyası sona qədər öyrənilməmişdir. Alimlərin fikrincə birləşdirici toxuma patolologiyalarından əziyyət çəkən şəxslər vitreal yırtıqlara meylli olur. Yüksək dərəcəli miopiya, uzunmüddətli oftalmohipertenziya xəstəliyin ağırlaşma ehtimalını artırır. Şüşəyəbənzər cismin yırtığının əsas yaranma səbəbləri aşağıdakılardır:

  • Göz almasının nüfuzedici yaralanmalarıTravma ilə əlaqədar hüdud membranının cırıldığı nahiyədə yırtıq yaranır. Gözdaxili təzyiqin (GDT) reaktiv yüksəlməsi şüşəyəbənzər cismin möhtəviyyatının maneəsiz yerdəyişməsinə səbəb olur.
  • Gözün kontuziyasıPatologiyaya hətta gözün yüngül dərəcəli kontuziyası zamanı rast gəlinir. I-II dərəcələrdə ağırlaşmamış yırtıqlar müşahidə edilir. III dərəcə isə demək olar ki, bütün hallarda membranın cırılması ilə xarakterizə edilir. Bu da ikincili yırtığın inkişafına təkan verir. Konyuziyanın IV dərəcəsi göz almasının dağılması ilə nəticələnir.
  • Cərrahi müdaxilələrİkincili kataraktanın cərrahi müalicəsində intraokulyar linzanın (İOL) dislokasiyası mümkündür. Onun göz almasının arxa qütbünə doğru yerdəyişməsi şüşəyəbənzər cismin zədələnməsinə gətirib çıxarır. Bu tip ağırlaşmalara həmçinin kataraktanın intrakapsulyar ekstraksiyası zamanı təsadüf olunur.
  • Gözün inkişaf qüsurları.Göz almasının anadangəlmə anomaliyaları: mikrooftalm və qüzehli qişanın koloboması adətən şüşəyəbənzər cismin yerdəyişməsi ilə müşayiət olunur. Koloboma zamanı yırtıq qüzehli qişanın defekt nahiyəsində aşkarlanır.

Şüşəyəbənzər cismin yırtığının patogenezi

Dəlib-keçən yaralanmalarda şüşəyəbənzər cismin hüdud membranının tamlığı pozulur, bu da yırtığın formalaşmasına səbəb olur. Qabarmanın həcmi yara kanalının və gözdaxili təzyiqin (GDT) ölçüsündən, ətraf toxumaların vəziyyətindən asılıdır. Ağırlaşmış formalarda vitreal kütlələr qan laxtaları ilə birgə ön kameraya miqrasiya edir. Gözün kontuziyası zamanı mexaniki təzyiqlə əlaqədar gözdaxili strukturlar deformasiyaya uğrayır, GDT kəskin dərəcədə yüksəlir. Şüşəyəbənzər cisim gözün ön qütbünə tərəf yerini dəyişir, onun bir hissəsi bəbək dəliyindən xarici çıxır. Yırtığın ön səthinin buynuz qişanın endoteli ilə təması onun ödeminə gətirib çıxarır. Nəticədə görmə disfunksiyası proqressivləşir.

Şüşəyəbənzər cismin yırtığının təsnifatı

Şüşəyəbənzər cismin yırtığı adətən qazanılmış xarakter daşıyır. Anadangəlmə forma çox nadir hallarda müşahidə edilir və hər zaman gözün ağır dərəcəli inkişaf qüsurlarının fonunda baş verir. Patologiya ağırlaşmış və ağırlaşmamış gedişə malik olur. Yaranma müddətinə əsasən postoperasion yırtıq erkən və gecikmiş formalara bölünür. Klinik nöqteyi nəzərdən vitreal yırtıqların aşağıdakı formaları ayırd edilir:

  • BirinciliXəstəliyin ən qənaətbəxş variantıdır. Birincili forma ön hüdud membranının tamlığının pozulması ilə müşayiət olunmur. Patoloji qabarma qüzehli qişanın bəbək kənarına doğru əyilən kiçik ölçülü qovuqcuğu xatırladır. Gözün ön kamerası patoloji prosesə qoşulmur.
  • İkinciliYırtıqların bu forması ön hüdud membranının zədələnməsi ilə ağırlaşır. Şüşəyəbənzər cismin durulaşması membranın sərtliyinin azalmasına səbəb olur. Ən nazik hissədə xətvari cırılma zonası formalaşır. Şüşəyəbənzər cismin elementləri asanlıqla ön kameraya daxil olaraq, orada sərbəst şəkildə yerləşirlər.

Şüşəyəbənzər cismin yırtığının əlamətləri 

Şüşəyəbənzər cismin yırtığının əlamətləri Klinik şəkil xəstəliyin formasından asılıdır. Kiçik ölçülü ağırlaşmamış yırtıq üçün simptomsuz gediş xarakterikdir. İri defektin buynuz qişanın arxa səthi ilə təması dumanlı görmə ilə müşayiət olunur. Xəstələr yaxınlıqda yerləşən obyektlərə baxdıqda  simptomatika daha ifadəli şəkil alır, başağrıları və başgicəllənmə meydana çıxır. Yırtığın ağırlaşmamış formasında görmənin pisləşməsi ilə yanaşı göz önündə uçuşan ləkələr əmələ gəlir.

Şüşəyəbənzər cismin yırtığının ağırlaşmaları

Xəstəlik əksər hallarda hüdud membranının cırılması ilə ağırlaşır. Yırtıq kisəsinə qansızma nəticəsində onun aralanması baş verir. Travmatik mənşəli patologiyalarda gözə daxil olan yad cisim destruktiv dəyişikliklərin artmasına gətirib çıxarır. Qüzehli qişanın yanaşı gedən zədələnmələrində şüşəyəbənzər cisimdə nəinki qan, həmçinin piqment qalıqları aşkarlanır.

Vitreal yırtığın ən ağır fəsadları ikincili qlaukoma və torlu qişanın ayrılmasıdır. Bəbəyin forması çox vaxt təhrif olunur. Gözdaxili hidrodinamikanın pozulması ilə əlaqədar oftalmohipertenziya inkişaf edir. Vitreal yırtığın buynuz qişa ilə təması axırıncının endotelial-epitelial distrofiyasına səbəb olur.

Şüşəyəbənzər cismin yırtığının diaqnostikası

Şüşəyəbənzər cismin yırtığı cərrahi müdaxilə zamanı formalaşdıqda oftalmocərrah tərəfindən aşkarlanır. Xəstəlik travmatik mənşəli olduqda və ya patoloji qabarma postoperasion dövrdə formalaşdıqda diaqnoz aşağıdakı üsulların köməyilə dəqiqləşdirilir:

  • Gözün biomikroskopiyasıBirincili yırtıqda bəbək kənarından sallanan törəmə müəyyən edilir. Ön hüdud membranı zədəsiz, hamar, həmcins səthə malik olur. Optik mühitlərin şəffaflığı pozulmur.
  • QonioskopiyaHüdud membranı cırıldıqda şüşəyəbənzər cismin ayrı-ayrı komponentləri ön kamerada müşahidə edilir. Onlar formasız qatı kütlə şəklində gözdaxili mayedə sərbəst yerləşirlər. Ağır formalarda şüşəyəbənzər cismin fraqmentləri ön kameranı tamamən tuturlar.
  • Gözün USMUltrasəs müayinəsinin köməyilə xəstəliyin birincili və ikincili formalarını yüksək dəqiqliklə differensiasiya etmək mümkündür. Birincili yırtıqda dəqiq sərhədlərə malik həmcins törəmə, ikincili formada isə şüşəyəbənzər cismin durulaşma əlamətləri vizualizasiya edilir.
  • Optik koherent tomoqrafiyaGöz almasının daxili qişasının vəziyyətini qiymətləndirmək üçün OPT-dən istifadə olunur. Bu üsul hətta ağır dərəcəli dəlib-keçən yaralanmalar və güclü endovitreal qanaxmalar zamanı torlu qişanın qopmasının ilkin əlamətlərini izləməyə imkan verir.
  • VizometriyaXəstəliyin ağırlaşmamış gedişində görmə funksiyaları pozulmur. İkincili yırtıq görmə itiliyinin ifadəli zəifləməsinə səbəb olur. Cərrahi müdaxilədən sonra görmə funksiyaları tədricən bərpa olunur.

Differensial diaqnostika ön kamerada fibrinoz eksudatla aparılır. Bu patologiyaya adətən uveal traktın iltihabi xəstəliklərində rast gəlinir. Eksudatın eyni tip jeleyəbənzər kütlələrdən ibarət olmasına baxmayaraq, yüksək eksudasiya zamanı bəbək normal formasını saxlayır. Fibrin ön kameranın dibinə çökərək, sərbəst şəkildə hərəkət edə bilmir. Eksudat bir müddətdən sonra sorulur və ya əksinə formalaşır. Vitreal yırtığın dinamikasında isə müşahidə zamanı heç bir dəyişikliyə rast gəlinmir.

Şüşəyəbnəzər cismin yırtığının müalicəsi

Müalicə taktikası xəstəliyin formasına əsasən seçilir. Yırtığın ön kənarı buynuz qişanın arxa hissələrinə toxunmadıqda tibbi müdaxiləyə ehtiyac yaranmır. İri ölçülü, ağırlaşmamış vitreal yırtıqlarda konservativ terapiya göstəriş sayılır. Müalicənin mahiyyəti oftalmotonusun göstəricilərinin normaya salınmasından ibarətdir. Pasiyentlərə hipotenziv vasitələrin instilyasiyaları təyin edilir. Əlavə olaraq, midriatiklər, vazodilatatorlar və diuretiklər təyin edilir. Terapevtik tədbirləri effektivliyi zəif olduqda ön kamera boşluğuna hava yeritməklə, şüşəyəbənzər cismin dislokasiyasına mexaniki maneə yaradılır.

Ağırlaşmamış formalarda cərrahi müalicə tələb olunur. Ən effektiv üsul subtotal və ya ön vitrektomiya sayılır. Buynuz qişanın endotelinin zədələnməsinə yol verməmək üçün şüşəyəbənzər cismi xaric edərkən aləti bəbək hüdudlarından kənara çəkmək olmaz. Ağırlaşmış vitreal yırtıq əməliyyat prosesində aşkarlandıqda onun vitreotom və ya mikrocərrahi qayçı vasitəsilə çıxarılması məsləhət görülür. Ön kamera reviziya olunaraq, bu zona jeleyəbənzər kütlələrdən təmizlənilir.

Şüşəyəbənzər cismin yırtığının proqnoz və profilaktikası

Proqnoz yırtığın ölçüsündən və formasından asılıdır. Yırtıq kiçik ölçüyə malik olduqda və hüdud membranının tamlığı pozulmadıqda zamanla defekt kiçilir, şüşəyəbənzər cisminn forması öz-özünə bərpa olunur. Ağırlaşmamış iri yırtıqlar müalicəsiz geriyə inkişaf etmir. İkincili forma ağır fəsadlar törətməklə, amavrozun yaranma ehtimalını yüksəldir.

Spesifik preventiv tədbirlə işlənilib hazırlanmamışdır. Qeyri-spesifik profilaktika əməliyyatların texnikasına riayət edilməsindən, istehsalat şəraitində təhlükəsizlik qaydalarına əməl olunmasından (qoruyucu maska, eynəklərin istifadəsi) ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: