Virus mənşəli keratit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2542

virus mənşəli keratit nədir?Virus mənşəli keratit – gözün buynuz qişasının iltihabi xəstəliyidir. Adından bəlli olduğu kimi patologiya viruslar tərəfindən törədilir. Onun əlamətlərinə qovuqcuqlu səpkilər, gözün ödemi və hiperemiyası, görmə itiliyinin zəifləməsi, nevralgik ağrılar aiddir. Diaqnostika məqsədilə biomikroskopiya, konfokal və endotelial mikroskopiya, paximetriya, keratometriya, PZR, İFA aparılır. Görmə itiliyi və buynuz qişanın həssaslığı yoxlanılır. Virus mənşəli keratitin müalicəsində virusəleyhinə, antibakterial vasitələr, immunomodulyatorlar, analgetiklər, QSİƏP, antioksidantlar, vitaminlər, fizioterapevtik prosedurlar təyin olunur; ehtiyac yarandıqda zədələnmiş epitel toxuması xaric edilir və ya keratoplastika icra olunur.

  • Təsnifat
  • Yaranma səbəbləri
  • Virus mənşəli keratitin əlamətləri
  • Diaqnostika
  • Virus mənşəli keratitin müalicəsi
  • Proqnoz və profilaktika

Virus mənşəli keratit barədə ümumi məlumat

Virus mənşəli keratit ümumi virus infeksiyasının təzahürlərindən sayılır. Patologiyaya adətən uşaqlar və gənc nəsildə təsadüf edilir. İltihabi proses səthi (ancaq epitel toxumasını və stromanın üst qatlarında inkişaf edən) və ya dərin (stromanı bütövlükdə bürüyən) olur. Virus mənşəli keratit buynuz qişanın şəffaflığının azalması və görmə itiliyinin zəifləməsi ilə müşayiət edilir. Xəstəlik buynuz qişanın nekrozu, abses və xoralarla ağırlaşa bilər.

Virus mənşəli keratitin təsnifatı

Buynuz qişanın iltihabına adətən sadə və kəmərləyici herpes virusları səbəb olur. Onlar filtrasiyaedici neyrodermotrop viruslara aid edilir.

Herpetik mənşəli virus keratitinin birincili (birincili infeksiyalaşma) və ikincili (latent virusun aktivləşməsi) formalara ayırd edilir. Herpetik infeksiya uzun müddət konyunktivanın epitel toxumasında və üçlü sinirin qanqliyalarında qeyri-aktiv vəziyyətdə qala bilər.

Klinik gedişin xüsusiyyətlərindən asılı olaraq, oftalmologiyada nöqtəvi, vezikulyoz, metaherpetik, ağacabənzər, diskşəkilli virus keratiti və diffuz keratouveit qeydə alınır.

Virus mənşəli keratitin yaranma səbəbləri

Virus mənşəli keratitin səbəbləriVirus keratiti adenovirus, herpetik infeksiyaya, qızılca, suçiçəyi, epidemik parotit viruslarına yoluxma nəticəsində yaranır. Adenovirus konyunktiviti vaxtında müalicə olunmadıqda virus mənşəli keratit  inkişaf edə bilər. Patologiyanın risk amillərinə buynuz qişanın tamlığının və keçiriciliyinin pozulması, ümumi və yerli immunitetin zəifləməsi, emosional stresslər, soyuqdəymə aiddir.

Herpetik keratit immun müdafiənin azalmasına və latent infeksiyanın törədicisinin aktivləşməsinə səbəb olan qrip və digər KRVİ zamanı formalaşa bilər.

Virus mənşəli keratitin əlamətləri

Virus mənşəli keratitin əlamətləriVirus mənşəli keratit üçün tez-tez təkrarlanan residivlərlə müşayiət olunan xroniki gediş; qovuqcuqlu səpkilər, ağacşəkilli və digər formalı infiltratlar; buynuz qişanın həssaslığının azalması; üçlü sinirin nevralgiyası xarakterikdir. Birincili herpesvirus keratiti kəskin gedişli olur. Xəstələrin dodaqları, burun qanadları, göz qapaqları və selikli qişalarında səpkilər əmələ gəlir. Bundan əlavə işıqdan qorxma, gözlərin yaşarması və qızarması, ağrı, buynuz qişanın ödemi, bulanması, ikincili infeksiyanın qoşulması, limfadenopatiya müşahidə olunur. Qovuqcuqlar partladıqda yerində eroziya və xora yaranır.

İkincili herpesvirus keratitinə suçiçəyi keçirmiş uşaqlarda, zəif immunitetə malik böyüklərdə rast gəlinir. Xəstəlik yarımkəskin gedişə malik olub, 2-3 həftə davam edir. Gözdən az miqdarda seroz-selikli ifrazatlar axır. Korneal sindrom (işıqdan qorxma, gözlərin yaşarması) zəif ifadə olunur. Hər bir kəskinləşmə xəstəliyin müddətini uzadır, nəticədə proses daha dərin qatlara yayılır, görmə itiliyi kəskin azalır.

Nöqtəvi keratit üçün zəif simtomatika və buynuz qişanın nöqtəvi bulanması xarakterikdir. Vezikulyoz virus keratitində buynuz qişada kiçik, yarımşəffaf qovuqcuqlar formalaşır. Onlar tez bir zamanda partlayaraq, xoralarla əvəz olunur.

Ağacabənzər virus keratitində stromanın ön qatlarında və epitel toxumasında kiçik infiltratlar əmələ gəlir. Xoralaşan və bir-birilə bitişən herpetik qovuqcuqların yerində buynuz qişanın səthi sinirləri boyunca ağac şaxələrinə bənzəyən boz xətlər nəzərə çarpır. Ağacabənzər keratit lənggedişli olur. Adətən 1-1,5mm ölçüsündə səthi xoralar və nevralgik ağrılarla müşayiət edilir.

Metaherpetik keratit uzunmüddətli gediş, buynuz qişanın stromasının ağır zədələnməsi, ifadəli korneal sindrom, dərin iltihabi infiltratlar və massiv eroziyalarla səciyyələnir. Buynuz qişa şişkinləşərək, bozumtul rəng alır. Kəskin proses söndükdən sonra bulanıqlıq yaranır, bu da görmə qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir. Bəzi xəstələrdə perforasiya baş verir. Metaherpetik virus keratiti ön uveit (iridosiklit), torlu qişanın ödemi ilə birgə inkişaf edir.

Diskşəkilli virus keratitində buynuz qişanın mərkəzi hissəsində disk formasında bozumtul-ağ ocaq formalaşır. Buynuz qişanın ifadəli ödemi və iltihabı, həssaslığının azalması, gözdaxili təzyiqin yüksəlməsi  müşahidə olunur. Patologiya 2-12 ay davam edə bilər. Xəstəlik buynuz qişanın dərin bulanması və görmə itiliyinin kəskin azalması ilə nəticələnir.

Netrogen keratit üçlü sinirin birinci şaxəsi zədələndikdə əmələ gəlir. Herpetik səpkilər və üçlü sinirin şaxələri boyunca güclü nevralgik ağrılarla müşayiət olunur. Bəzən pasiyentlərdə sklerit, görmə sinirinin nevriti, göz əzələlərinin iflici, ikincili qlaukoma qeydə alınır.

Virus mənşəli keratitin diaqnostikası

Diaqnostika prosesində klinik əlamətlər, xəstəliyin gediş xüsusiyyətləri, onun keçirilmiş virus infeksiyaları ilə əlaqəsi təhlil edilir. Diaqnoz xarici  baxış, vizometriya, laborator və instrumental müayinələrin nəticələri əsasında təsdiqlənilir.

Buynuz qişanın vəziyyətini qiymətləndirmək üçün gözün biomikroskopiyası, konfokal və endotelial mikroskopiya, paximetriya və keratometriya aparılır; buynuz qişanın həssaslığı təyin edilir. Eroziya və xoraları müəyyən etmək məqsədilə flüoressein sınağı yerinə yetirilir.

Virus mənşəli keratitin törədicisi kultural müayinə, konyunktiva və buynuz qişadan götürülən yaxmanın PZR-diaqnostikası vasitəsilə aşkar edilir. qan zərdabında virusa qarşı anticisimlərin titri İFA metodu ilə müəyyənləşdirilir. Virus keratiti göbələk mənşəli və bakterial keratitlərlə differensiasiya edilir.

Virus mənşəli keratitin müalicəsi

Müalicə kompleks şəklində aparılır. Terapiya virus infeksiyasının zəiflədilməsinə, umumi və yerli immunitetin stimulyasiyasına, buynuz qişanın regenerasiyasına yönəldilir.

Xəstələrə virusəleyhinə preparatların (interferon, asiklovir, dezoksiribonukleaza) və interferon induktorlarının instillyasiyaları, tebrofen, bonaflüor və oksalin məlhəmləri təyin edilir.  Ağır formalı keratitlərdə müalicə sxeminə yüksək dozalı virusəleyhinə vasitələrin (asiklovir) peroral qəbulu əlavə olunur. İmmun statusu korreksiya etmək üçün levamizol, timus vəzin ekstraktı, qeyri-spesifik qamma-qlobulinin əzələdaxili inyeksiyaları tətbiq olunur.

İkincili infeksiyanın profilaktikası məqsədilə antiseptik məhlullarından (sulfasetamid), antibakterial məlhəmlərdən (tetrasiklin və ya eritromisin əsaslı) istifadə edilir.

Pasiyentlərə ağrıkəsici (novokain, analgin), antihistamin preparatlar (xloropiramin, difenhidramin), QSİƏP (fenilbutazon, indometasin), proteoliz fermentlərinin inhibitorları (aprotinin), midriatiklər (atropin, siklopentolat), antioksidantlar (E vitamini, metiketilpiridinol), vitaminlər (A, C, PP, B qrupu) təyin edilir.

Herpetik xoralarda krioapplikasiya, lazer koaqulyasiyası aparılır. Buynuz qişanın trofikasını  yaxşılaşdırmaq üçün diatermiya, diadinamik cərəyan, medikamentoz elektrofarez, regenerasiyanın helium-neon lazerlə stimulyasiyası icra olunur. Virus mənşəli keratitdə kortikosteroidlər yalnız xəstəliyin reqressiya dövründə buynuz qişanın tam epitelizasiyası zamanı çox kiçik dozalarda damcı şəklində tətbiq oluna bilər.

Medikamentoz terapiya heç bir nəticə vermədikdə və buynuz qişanın xoralaşması proqressivləşdikdə cərrahi əməliyyat həyata keçirilir. Səthi formalarda zədələnmiş epitel toxuması qaşınılır, proses dərin qatlara yayıldıqda laylar üzrə və ya dəlib-keçən keratoplastika, reabilitasion və residivəleyhinə terapiya  aparılır.

Virus mənşəli keratit (oftalmoherpes) tez-tez kəskinləşdikdə herpesəleyhinə peyvənd vurulmalıdır.

Virus mənşəli keratitin proqnoz və profilaktikası

Buynuz qişanın xoralaşması ilə gedən dərin keratitlər buynuz qişanın intensiv bulanmasına, görmə itiliyinin kəskin azalmasına gətirib çıxarır.

Virus mənşəli keratitlərin profilaktikası birincili infeksiyalaşmanın və infeksion xəstəliklərin vaksinlər və «siqnal üzrə terapiyanın» köməyilə qarşısının alınmasından ibarətdir. Stress halları, soyuqlama, «yatmış» infeksiyanın kəskinləşməsinə səbəb olan digər amillər uzaqlaşdırılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: