Yaz konyunktiviti
Yaz konyunktiviti – fəsil dəyişərkən gözdə yaranan allergik xəstəlikdir. Patologiya konyunktivanın və buynuz qişanın zədələnməsi ilə xarakterizə olunur. Adətən isti ölkələrdə yaşayan 4-10 yaşlı oğlanlarda (əhalinin 1-7%-də) müşahidə edilir. Soyuq və mülayim iqlim şəraitinə malik regionlarda isə yaz konyunktiviti uşaqlar və yeniyetmələrin 0,01-0,2%-də aşkarlanır. Onun klinik əlamətlərinə göz qapağının qaşınması, işıqdan qorxma, gözlərin yaşarması, blefarospazm aiddir. Diaqnoz anamnestik məlumatlar, baxışın nəticələri (məməciklərin hipertrofiyası, konyunktivanın deformasiyası) əsasında qoyulur. Yaz konyunktiviti üçün qanda IgE səviyyəsinin yüksəlməsi və eozinofiliya xarakterikdir. Müalicəvi tədbirlər gözün günəş şüasından qorunmasından, antihistamin vasitələr, tosqun hüceyrələrin stabilizatorları və qlükokortikosteroidlərin qəbulundan ibarətdir.
- Yaranma səbəbləri
- Patogenez
- Yaz konyunktivitinin əlamətləri
- Diaqnostika
- Yaz konyunktivitinin müalicəsi
- Proqnoz və profilaktika
Yaz konyunktiviti barədə ümumi məlumat
Yaz konyunktiviti (yaz keratokonyunktiviti) – allergik konyunktivitin bir forması olub, ilin isti aylarında (xüsusən mart-iyul) yaranır. Onun başlıca səbəbləri izafi günəş insolyasiyası, irsi meyllik və hormonal statusun dəyişməsidir. Xəstəlik cinsi yetişkənlik dövründə tədricən keçib gedir.
Yaz konyunktivitinin yaranma səbəbləri
Yaz konyunktivitinin etiologiyası indiyə qədər öyrənilməmişdir. Patologiyanın inkişafında irsi meylliyin rolu ehtimal edilir. Günəş şüalarının konyunktivaya mənfi təsiri yaz konyunktivitinin isti ölkələrdə geniş yayılması ilə sübut olunur. Bundan əlavə endokrin amillər, orqanizmin hormonal dəyişikliyi xəstəliyin yaranmasına təkan verir.
Yaz konyunktivitinin patogenezi
Yaz konyunktivitinin patogenezinin əsasını izafi insolyasiyaya qarşı orqanizmin ləng tipli allergik reaksiyası təşkil edir. Xroniki iltihabi proses konyunktiva və buynuz qişanı bürüyərək, selikli qişanın birləşdirici toxuma ilə hissəvi əvəzlənməsinə, məməciklərin hipertrofiyasına, konyunktivanın deformasiyasına səbəb olur. Ağırlaşmalar baş verdikdə buynuz qişada xoralar əmələ gəlir.
Yaz konyunktivitinin əlamətləri
Xəstəlik 3-4 yaşlı uşaqlarda yaranaraq, tez bir zamanda yaz-yay aylarında kəskinləşən xroniki formaya keçir. Yaz konyunktivitinin əsas əlamətlərinə göz qapaqlarının qaşınması, göynəmə və yad cisim hissi, günəşli havada küçəyə çıxdıqda gözlərin yaşarması aiddir. Xəstələrdə işıqdan qorxma, blefarospazm, yuxarı göz qapağının ptozu müşahidə olunur.
Klinik oftalmologiyada yaz konyunktivitinin konyunktival (tarzal), limbal və qarışıq formaları ayırd edilir:
- Tarzal (palpebral) formada məməciklərin hipertrofiyası üstünlük təşkil edir. Yuxarı göz qapağında jeleyəbənzər qalınlaşmalar inkişaf edir. Onlar konyunktivanın deformasiyasına gətirib çıxarır. Göz qapağının selikli qişasının üzərində sap və ya spiralşəkilli selik nəzərə çarpır. Yapışqan ifrazatlar konyunktivanı qıcıqlandıraraq, qaşınmanı gücləndirirlər.
- Yaz konyunktivitinin limbal forması prelimbal nahiyədə (buynuz qişanın sklera ilə birləşdiyi yerdə) və limbdə allergik-iltihabi proseslə təzahür edir. Məməciklər böyüyür, selikli qişa deformasiyaya uğrayır. Hipertrofiyalaşmış toxuma boz-sarı və ya çəhrayı-boz rəng alır, limbin üzərindən qabarır. Konyunktivanın səthində ağ nöqtələr və Trantas ləkəsi aşkarlana bilər. Xəstənin vəziyyəti yaxşılaşdıqda limbdə dərinləşmələrə rast gəlinir.
- Qarışıq forma tarzal və limbal konyunktivitlərin klinik əlamətlərini özündə birləşdirir. Xəstəliyin bütün formaları üçün buynuz qişanın zədələnməsi səciyyəvidir. Ağır hallarda nöqtəvi keratit, buynuz qişanın bulanması və xoralaşması qeydə alınır.
Yaz konyunktivitinin diaqnostikası
Diaqnoz həkim oftalmoloq və allerqoloq-immunoloq tərəfindən qoyulur. Diaqnostika prosesində anamnestik məlumatlar (qohumlarda atopiya hallarına rast gəlinməsi, xəstəliyin fəsillə və ultrabənövşəyi şüalarla əlaqəli olması, patologiyanın əsasən cinsi yetişkənlik dövrünə çatmamış oğlanlarda inkişafı), yaz konyunktivitinin xarakterik klinik şəkli nəzərə alınır. Oftalmoloji baxış zamanı yuxarı göz qapaqlarının və gözlərin selikli qişasında hipertrofiyalaşmış tipik papilyar törəmələr, buynuz qişanın zədələnmə əlamətləri – nöqtəvi eroziyalar və xoralar müəyyən edilir.
Diaqnozu dəqiqləşdirmək üçün gözün biomkroskopiyası aparılır, göz yaşı mayesi və konyunktivanın sıyrıntıları müayinə olunur. Çox zaman qan zərdabında immunoqlobulin E səviyyəsinin və periferik qanda eozinofillərin miqdarının yüksəlməsi aşkar edilir.
Yaz konyunktiviti digər oftalmoloji patologiyalarla – infeksion, allergik, medikamentoz konyunktivitlər, keratit, traxoma, klinik şəklində konyunktivanın zədələnmə əlamətlərinin müşahidə edildiyi digər allergik xəstəliklərlə (rinosinusopatiya, bronxial astma və s.) ilə differensiasiya edilir.
Yaz konyunktivitinin müalicəsi
Ultrabənövşəyi şüalanmanın gözə mənfi təsirini aradan qaldırmaq üçün konyunktivitli xəstələrə gün eynəyindən istifadə etmək və günorta vaxtlarında küçədə az vaxt keçirmək məsləhət görülür. Bəzən ağır hallarda yaşayış yerini (ölkəni) dəyişmək lazım gəlir.
Medikamentoz vasitələrdən antihistamin preparatlara və tosqun hüceyrələrin stabilizatorlarına (natrium-kromoqlikat, olopatadin və s. – damcı şəklində) üstünlük verilir. Lakin onların effektivliyi tipik allergik konyunktivitdəki kimi yüksək olmur. Qaşınmanı azaltmaq məqsədilə 3%-li natrium-bikarbonat (damcı forması) və ya bor turşusunun zəif məhlulu ilə islatmalar təyin edilir.
Yaz konyunktivitinin müalicəsinin əsasını qlükokortikoid (deksametazon, hidrokortizon və s.) tərkibli məlhəm və məhlulların uzunmüddətli tətbiqi təşkil edir. Yan təsirlər və ya əks-göstərişlər olduqda qlükokortikosteroidlər yerli istifadə üçün nəzərdə tutulan qeyri-steroid iltihabəleyhinə vasitələrlə – diklofenak, ketorolak əsaslı göz damcıları ilə əvəz edilir.
Yanaşı gedən keratokonyunktivit zamanı metabolik vasitələr (vitaminlər və dekspantenol – göz damcıları) təyin edilir. Buynuz qişanın sağalmayan xoralarında cərrahi müdaxilə – eksimer lazer fototerapevtik keratektomiya icra oluna bilər.
Yaz konyunktivitinin proqnoz və profilaktikası
Yaz konyunktivitinin proqnozu ümumilikdə qənaətbəxşdir. Əksər hallarda xəstəlik yeniyetmə dövründə keçib gedir. Profilaktik məqsədlə yaz-yay aylarında uşaqların günəş şüalarının birbaşa təsiri altında uzun müddət qalmasına icazə verilməməli, gün eynəklərindən istifadə edilməlidir.