Antral qastrit
Antral qastrit – mədənin xroniki iltihabi xəstəliyi olub, onun çıxış hissənin (antrum) selikli qişasının zədələnməsi ilə xarakterizə edilir. Bakteriya mənşəli – B tipli xroniki qastrit sayılır. Xəstəlik epiqastral nahiyədə ağrı (ac halda və ya yeməkdən bir neçə saat sonra), ürəkbulanma, turş gəyirmə, dispeptik əlamətlərlə təzahür edir. Belə insanlarda iştah pozğunluğuna rast gəlinmir. Əsas diaqnostik metodlara fibroqastroduodenoskopiya, helikobakter pilorinin təyini aiddir. Müalicə sxeminə antihelikobakter antibiotiklər, antasidlər, regenerasiyaedici və ağrıkəsici preparatlar daxildir.
- Yaranma səbəbləri
- Patogenez
- Antral qastritin əlamətləri
- Diaqnostika
- Antral qastritin müalicəsi
- Proqnoz və profilaktikası
Antral qastrit barədə ümumi məlumat
Antral qastrit – mədənin pilorik hissəsinin selikli qişasının xroniki iltihabıdır. Mədənin bu şöbəsi qida ximusunun bağırsağa keçməzdən əvvəl qələviləşməsində iştirak edir. Antrumun iltihabı bikarbonatların sintezini blokada edir. Nəticədə mədə şirəsinin turşuluğu artır, onikibarmaq bağırsağa düşən turş möhtəviyyat xoranın formalaşmasına səbəb olur. Antral qastrit adətən xroniki qastritin erkən mərhələsi kimi qiymətləndirilir. Bu növ iltihabi proseslərdə helikobakter pilori külli miqdarda aşkarlanır. İnfeksiya mədənin digər hissələrinə yayıldıqda bakteriyaların sayı azalır. Antral qastritin simptomatikası mədənin xora xəstəliyinin əlamətlərini xatırladır. Mədə xəstəliklərinin 85%-i bu patologiyanın payına düşsə də, xroniki qastritli insanların yalnız 10-15%-i qastroenteroloqa müraciət edir.
Antral qastritin yaranma səbəbləri
Klinik qastroenterologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən xroniki antral qastrit zamanı 95% hallarda mədənin selikli qişasında Helicobacter pylori adlanan bakteriya aşkar olunur. Bu törədici pH 4-6 arasında olduqda mədə seliyində rahat formada yaşayır, hətta daha turş mühitdə də öz aktivliyini qoruyub saxlayır. Hipoxlorhidriya (mədə şirəsinin turşuluğunun aşağı olması) Helicobacter pylori üçün ölümcül sayılır. Əlverişsiz şəraitdə bakteriya dinc formaya keçir, komfortlu mühitə düşdükdə isə yenidən aktivləşir.
Helikobakter invaziyasına duodeno-qastral reflüks (pilorusun zəifliyi ilə əlaqədar bağırsaq möhtəviyyatının mədəyə qayıtması), bəzi preparatların (salisilat, QSİƏP, vərəməleyhinə vasitələr), qida allergiyası, qeyri-düzgün qidalanma, spirtli içki, siqaret istifadəsi səbəb olur. Həmçinin bəzi daxili faktorlar: xroniki infeksiya ocaqları, endokrin patologiyalar, dəmir defisiti, ürək, tənəffüs, xroniki böyrək çatışmazlığı antral qastritin inkişafına təkan verir.
Antral qastritin patogenezi
Helikobakteriyaların əsas xüsusiyyəti ondan ibarətdir ki, bu mikroorqanizmlərin sintez etdikləri fermentlər onların ətrafındakı mühiti dəyişdirə bilir. Belə ki, ureaza mədədə olan sidik cövhərini ammonyaka qədər parçalamaqla, mikroorqanizmin yerləşdiyi mühiti qələviləşdirir. Musinaza mədə seliyinin özlülüyünü azaldır. Belə şəraitdə hərəkətli bakteriyalar müdafiə qatı rolunu oynayan selikdən keçərək, antral hissənin epitelinə daxil olur. Onlar burada aktiv formada çoxalmaqla, selikli qişanı zədələyir, mədə vəzilərinin fəaliyyətini pozurlar. Pilorik şöbə bikarbonat ifrazını dayandırdığından mədə şirəsinin turşuluğu yüksəlir. Bu isə mədənin digər hissələrinin epitel qatını bir daha zədələyir.
Antral qastritin əlamətləri
Mədənin antral hissəsinin iltihabı adətən başlanğıc mərhələlərdə mədə şirəsi sekresiyasının pozulmadığı qeyri-atrofik proses kimi gedir. Bu patologiyanın klinikası xoranı xatırladır: ac olduqda və ya yeməkdən bir neçə saat sonra epiqastral nahiyədə ağrılar, göynəmə, turş və havalı gəyirmə, qəbizliyə meyllik. Xəstələrdə iştah pozulmur. Dilin üzəri təmiz olur. Qarnı palpasiya etdikdə ağrı sağ epiqastral nahiyədə (piloroduodenal hissə) müəyyən edilir. Çəki itkisinə yalnız xəstəliyin ağır gedişində rast gəlinir.
Antral qastritin diaqnostikası
Antal qastritli xəstələrdə aparılan qastroqrafiya prosesində pilorik şöbənin büküşlərinin qalınlaşması, pilorusun spazmı, seqmentar peristaltika, mədə möhtəviyyatının nizamsız evakuasiyası aşkarlanır. FEQDS zamanı antral hissədə selikli qişanın ləkəli hiperemiyası, toxumaların ödemi müşahidə olunur. Bununla yanaşı qansızma və eroziyalar izlənilə bilər. Pilorusun spazmı ilə əlaqədar mədə möhtəviyyatında durğunluq, eləcə də hipereksudasiya müəyyən edilir. Endoskopik müayinədə mütləq toxuma biopsiyası aparılır. Bu, histoloji müayinə və törədicinin aşkarlanması üçün çox vacibdir.
Helikobakteriyanı təyin edən ureaza testi qastroskopiya zamanı xüsusi ekspress-dəstlərin köməyilə icra olunur. Bunun üçün selikli qişanın bioptatı xüsusi mühitə yerləşdirilir. Mikroorqanizmlərin konsentrasiyasından asılı olaraq, 1 saatdan 1 neçə sutkaya qədər mühit moruğu rəng alır. Sutka ərzində rəng dəyişikliyi baş vermədikdə test “mənf” sayılır. Həmçinin C-ureaza tənəffüs testi mövcuddur. Onu yerinə yeritmək məqsədilə mədəyə nişanlanmış C13 sidik cövhəri yeridilir. Xəstənin nəfəslə verdiyi havada C13 konsentrasiyası yoxlanılır. Mədədə helikobakter pilori olduqda, onlar sidik cöhvərini parçaladıqlarından C13 konsentrasiyası 1%-dən yuxarı qalxır (3,5% – yüngül dərəcəli invaziya; 9,5% – çox ağır).
Selikli qişanın bioptatları mütləq qaydada əkilir. Onların inkubasiyası qanlı mühitdə oksigenin çox aşağı konsentrasiyasında (<5%) gedir. Əkilmənin nəticələri, antibiotiklərə həssaslıq 3-5 gündən sonra müəyyən olunur.
Qan, tüpürcək və mədə şirəsində helikobakteriyalara qarşı anticisimləri təyin edən İFA olduqda həssas metoddur. Qanda anticisimlər infeksiyalaşmadan sonra 1 ay ərzində əmələ gəlir. Onlar tam sağalmadan sonra 30 gün müddətində aktiv olurlar. Mədə turşuluğunu yoxlamaq üçün mədədaxili pH-metriyadan, sekresiya stimulyatorları ilə mədə şirəsinin fraksion müayinəsindən istifadə edilir. Xəstəlik funksional pozğunluqlar və mədənin xora xəstəliyi ilə differensiasiya olunur.
Antral qastritin müalicəsi
Bu patologiyanın müalicəsi həkim-qastroenteroloqlar tərəfindən aparılır. Ağırlaşmalar baş verdikdə xəstə qastroenteroloji şöbəyə yerləşdirilir. Antral qastritin müalicəsinə xüsusi müalicəvi pəhrizlə başlanılır: kəskinləşmə dövründə 1б masası tədricən 1 masasına qədər genişləndirilir. Bu, bir neçə həftə və ya ay davam edir.
Mütləq şəkildə helikobakter əleyhinə preparatlar təyin edilir. Helikobakter pilorinin etiotrop terapiyası çox mürəkkəbdir. Çünki bu mikroorqanizm məşhur antibiotiklərə tez uyğunlaşır. Əksər hallarda müalicə ikili və ya üçlü sxem üzrə (metronidazol, klaritromisin, ampisillin və ya tetrasiklin) aparılır. Sxemə proton pompasının inhibitorları da əlavə olunur. Onlar helikobakteriyaları məhv edir, antibakterial preparatları isə həmin mikroorqanizmlərin tam eradikasiyasını təmin edir.
İltihabəleyhinə terapiya həm aptekdə satılan preparatlar, həm də xalq təbabəti üsulları (bitkilər) ilə aparıla bilər. Belə ki, kəskinləşmə dövründə çobanyastığı, nanə, dazıotu dəmləmələri faydalı sayılır. Mədənin antral şöbəsində eroziya yarandıqda, mədə şirəsinin turşuluğu artdıqda antisekretor vasitələr məsləhət görülür. Pilorusun spazmına qarşı miotrop spazmolitiklər: drotaverin, papaverin effektivdir. Peristaltikanın normallaşması və duodenoqastral reflüksün aradan qalxması üçün metoklopramid təyin edilir.
Tam sağalmanın şərtlərindən biri reparativ vasitələrin (karnitin, çaytikanı yağı və ya zülal sintezini stimulə edən inozin, anabolik sterodilər) tətbiqidir. Xəstəliyin müalicəsində fizioterapiya mühüm yer tutur. Bu üsullara dərman vasitələri ilə elektoforez – mədənin qalvanizasiyası (pilorik hissənin spazmında), UYT-terapiya, ultrasəslə (ağrıkəsici məqsədlə), diadinamik Bernar cərəyanı, modulə olunmuş sinusoidal cərəyanlarla (ağrı və dispepsiya əleyhinə) müalicə aiddir. Kəskinləşmə dövrü keçdikdə palçıq və parafin terapiyası, mineral sularla müalicə məsləhət görülür.
Antral qastritin proqnoz və profilaktikası
Müalicəyə vaxtında başlandıqda, həkimin bütün təyinatlarına və qidalanma rejiminə riayət olunduqda proqnoz qənaətbəxş sayılır. Müalicə gecikdirildikdə qastrit diffuz formaya keçir. Bu isə gələcəkdə xoralaşma (selikli qişanın hiperfunksiyası zamanı) və ya mədə şişi (selikli qişanın atrofiyasında) ilə nəticələnə bilər. Mədədə ağır iltihabi proseslərin inkişafına yol verməmək üçün düzgün qidalanmaq, zərərli vərdişlərdən (siqaret, spirtli içkilər) imtina etmək, fiziki və emosional gərginliklərdən uzaq durmaq, əmək və istirahət rejimini balanslaşdırmaq lazımdır.