Mədə polipi

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1412

Mədə polipinin əlamətləriMədə polipi – bu orqanın selikli qişasında əmələ gələn xoşxassəli şişəbənzər törəmədir. Onun inkişafı çox zaman gizli gedir. Polip iri ölçülərə çatdıqda isə mədə qanaxması və qarında ağrı ilə müşayiət olunur. Belə hallarda qidanın mədədən bağırsağa keçməsi çətinləşir; həmçinin polipin maliqnizasiyası da mümkündür. Diaqnostikanın əsasını fibroqastroskopiya, endoskopik biopsiya, mədənin rentgenoskopiyası təşkil edir. Polipli xəstələrdə gözləmə taktikası (dinamik müşahidə və nəzarət) və yaxud aktiv cərrahi üsul (endoskopiya və ya laparoskopiya üsulu ilə polipin götürülməsi) tətbiq edilir.

  • Mədə polipinin səbəbləri
  • Əlamətləri
  • Diaqnostika
  • Müalicə
  • Profilaktika
  • Proqnoz

Mədə polipi haqqında ümumi məlumat

Mədə polipinin müalicəsiMədə polipi – mədənin daxili divarında formalaşan epitel toxuma mənşəli, xoşxassəli törəmədir. Bu xəstəlik qastroenterologiyada geniş yayılmışdır. Polip əksərən klinik cəhətdən özünü büruzə vermir, digər patologiya səbəbindən aparılan qastroskopiya zamanı aşkara çıxır. Mədə polipi adətən orta yaşlı (40-50 yaş) pasiyentlərdə müşahidə edilir. Lakin ona cavanlarda və uşaqlarda da rast gəlinə bilər. Qadınlarda müqayisədə kişilərdə polip 2 dəfə çox qeydə alınır. Poliplər əsasən mədənin pilorik şöbəsində, bəzən isə cismində yaranır. Xəstələrin 47%-də tək, 52%-də çoxsaylı poliplər, 1-2%-də isə mədənin diffuz polipozu izlənilir.

Mədə polipinin səbəbləri və təsnifatı

Mədə polipi nədir?Mədə polipinin yaranma amilləri müxtəlifdir: helikobakter infeksiyası (poliplər çox vaxt qastrit fonunda inkişaf edir); 40-dan yuxarı yaş dövrü; irsi meyllik (adenomatoz polip üçün xarakterikdir).

Mədə polipləri morfoloji əlamətlərinə görə adenomatoz və hiperplastik olur.  

Hiperplastik poliplər 16 dəfə çox qeydə alınır. Onlar mədənin epitel hüceyrələrinin çoxalması nəticəsində formalaşır, həqiqi şiş sayılmır. Morfoloji quruluşunun xüsusiyyətləri sayəsində hiperplastik poliplər dmək olar ki, heç vaxt bədxassələşmir.

Adenomatoz poliplər vəzili toxumadan başlanğıc götürür. Onlar mədənin xoşxassəli şişləri sayılır. Adenomatoz polipin mədə xərçənginə çevrilmə ehtimalı yüksəkdir. Bu hal xüsusən 2 sm-dən böyük törəmələrə aiddir.  

Adenomatoz poliplər (mədənin adenoması) histoloji quruluşuna görə tubulyar, papilyar və papillotubulyar formalara bölünür. Morfoloji xüsusiyyətlərindən savayı poliplər həm də say (tək və çoxsaylı) və ölçülərinə görə təsnif edilir.  

Mədə polipinin əlamətləri

Kiçik ölçülü və cavan poliplər gizli inkişaf edir. Polip qastrit fonunda yarandıqda sadəcə bu xəstəliyin əlamətləri müşahidə edilir.  

İri törəmələr mədə qanaxması ilə ağırlaşa bilər. Bu zaman nəcisdə və yaxud qusuntu kütlələrində qan izlənilir. Həmçinin mədə keçiriciliyi çətinləşir. Ayaqcıqlı poliplər onikibarmaq bağırsağa sallanaraq boğula bilər. Belə vəziyyətlərdə döş sümütyü arxasında tutmaşəkilli, kəskin ağrı meydana çıxır. Ağrı qarnın bütün hissələrinə yayılır.  

Mədə polipi bir sıra fəsadlara səbəb ola bilər: xoraların formalaşması, daxili qanaxma, qidanın mədədən onikibarmaq bağırsağa keçməsinin çətinləşməsi (hətta mədə keçməməzliyi), bədxassələşmə (adenomatoz poliplər üçün xarakterikdir).   

Mədə polipinin diaqnostikası

Poliplər əksər hallarda qastrit səbəbindən aparılan endoskopiya və yaxud rentgenoqrafiya prosesində aşkarlanır. Xəstələrdə spesifik simptomatika müşahidə edilmir. Polip adətən mədənin selikli qişasının xronikik iltihabı ilə müşayiət olunduğundan ön plana qastrit əlamətləri çıxır.   

Poliplərin ən informativ diaqnostika üsulu qastroskopiyadır. Endoskopik müayinə mədənin selikli qişasını hərtərəfli izləməyə, törəmələri aşkarlamağa, onların ölçülərini təyin etməyə və histoloji analiz üçün bioptat götürməyə imkan verir. Mədənin kontrast rentgenoqrafiyasında mədə divarlarının relyefi və poliplər müəyyən edilir.  

Laborator üsullar arasında polipi aşkar edən spesifik metodlar yoxdur. Polipin qanamasından şübhələndikdə nəcisin gizli qana görə analizi aparıla bilər. Tez-tez təkrarlanan qanaxmalarda qanın ümumi analizində anemiya əlamətlərinə rast gəlinir. Helikobakter infeksiyası PZR müayinə, anticisimlər isə İFA üsulu ilə təyin edilir.   

Mədə polipinin müalicəsi

Müalicəvi tədbir polipin ölçüsünə, sayına və morfoloji xüsusiyyətinə əsasən seçilir. Hər bir halda polipin götürülməsi optimal müalicə üsulu sayılır. Kiçik poliplər endoskopiya ilə xaric olunur. İri ölçülü polip və geniş əsası olan törəmələr daha ciddi cərrahi müdaxilə tələb edir.  

Bəzən kiçik ölçülü hiperplastik poliplərdə gözləmə taktikası – pəhriz və ildə 1 dəfə qastroskopiya aparmaqla dinamik müşahidə təklif olunur. Qastroenteroloq poliplərin böyümə dinamikasını, onların səthlərinin dəyişmə xarakterini (nahamarlıq, eroziya, qanama), yeni törəmələrin formalaşmasını qeydə alır. Polipin sürətlə böyüməsi və xarici səthinin dəyişməsi bədxassələşmədən xəbər verə bilər.

Ağırlaşmalar baş verdikdə polipin endoskopik və yaxud cərrahi yolla xaric edilməsinə ehtiyac yaranır. Polip kəsilib götürüldükdən sonra da törəmənin yenidən yaranma ehtimalını nəzərə alaraq, xəstələr müntəzəm qaydada müayinədən keçmək tövsiyə olunur. 

Poliplər iri və çoxsaylı olduqda, tez-tez residivləşdikdə, massiv qanaxma, nekroz, mədə keçməməzliyi, maliqnizasiya ilə fəsadlaşdıqda mədə rezeksiyası aparılır.  

Mədə polipinin profilaktikası

Mədə polipinin profilaktikası üçün xüsusi tədbirlər mövcud deyil. Profilaktik metodlar qastritin qarşısının alınmasına və yaxud onun müalicəsinə yönəldilir. Belə ki, xroniki qastrit mədə polipinin əsas yaranma amili sayılır.  

Mədə xəstəliklərinə yol verməmək üçün insanlar rasional qidalanmalı, spirtli içkilərdən imtina etməli, qastrotoksik preparatlardan az istifadə etməlidir.  

Mədə polipinin aşkarlandığı pasiyentlər pəhriz saxlamalı – mədənin selikli qişasını qıcıqlandıran məhsullardan (qızardılmış, yağlı, duzlu, acı ədəvalı), spirtli içkilərdən imtina etməlidir.  Bu tip insanlara qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu qadağandır. 

Mədə polipinin proqnozu

Polip xaric edildikdə proqnoz qənaətbəxş olur. Yenidən yaranma ehtimalı yüksək olsa da, mütəmadi yoxlanışlar residiv hallarını tez aşkarlamağa və yeni törəmələri erkən mərhələdə az invaziv üsullarla aradan qaldırmağa imkan verir. Xəstəliyin uzunmüddətli gedişi mədə xərçənginə gətirib çıxara bilər.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: